Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında dövlətlərarası münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Fərmanın 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.

Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qurumun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi də daxil edilib.

Bundan başqa, Xüsusi Dövlət Mühafizə Xidməti isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvəz edilib.

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatını qınayıb.

Bu barədə icmadan məlumat verilib.

Bəyanatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.
Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, icma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 27 iyul tarixində mətbuata müsahibə zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalar ilə çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən 27 iyul tarixində mətbuata müsahibə zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində deyilir.

Bildirilir ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir.

Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə dəstək vermək əvəzinə, bu istiqamətdə öz təhrikçi və heç bir məntiqə sığmayan arzularının siyahısını təqdim edən Ermənistanın xarici işlər nazirinin aqressiv ritorikasına beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymət verilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri və mahiyyətini təhrif edən, azərbaycanlıları Ermənistan ərazisində hədəf almaqla, onları qətlə yetirməklə, Azərbaycan ərazilərini işğal etməklə, kütləvi qırğınlar törətməklə başlatdığı münaqişənin səbəbinin “Dağlıq-Qarabağın əhalisinin hüquq və təhlükəsizliyi” məsələsi olduğunu iddia edən, “Dağlıq-Qarabağ əhalisi və ərazisi” kimi qondarma məvhumları təkrarlayan Ermənistan xarici işlər nazirinin tarixi səhvlərdən dərs çıxarmaması ciddi təhdid və təhlükə mənbəyidir.

Xarici işlər naziri A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən, sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.

Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.

Ermənistan xarici işlər naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Ermənistanın öz mümkün təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır. Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır.

Əvvəllər Ermənistanda yaşamış azərbaycanlılar Ermənistana qayıdacaq və Türkiyə-Azərbaycan zəmanəti altında yaşayacaqlar.

Bunu "Vahid Ermənistan" Partiyasının qurucu-sədri Yervand Tarverdyan deyib.

“Ararat (Sədərək rayonu - red.), Tavuş (Tovuzqala rayonu - red.) və digər rayonların Nikol Paşinyanın lehinə səs verən sakinlərini təbrik edirəm. Nikol Paşinyanın qələminin bir zərbəsi ilə onlar evlərini itirəcək, azərbaycanlılar ora qayıdacaq, dövlətimizi azərbaycanlılara təslim edəcəyik. Sənin seçdiyi baş nazir hər an bir imza ilə sənə sürpriz edəcək”, – deyə Tarverdyan qəzəbləni ifadə edib.

Bütün hoqqabazlıqlar yeni Minsk Qrupunun başındadır... - Görünəni odur ki...ATƏT-in Minsk Qrupu faktiki olaraq yoxdur. İkinci Qarabağ müharibəsindən sonra bu bədnam missiya da tarixin arxivinə göndərilib. Müharibə bitəndən az sonra Minsk Qrupu özünü dövriyyəyə soxmaq istədi, ancaq Azərbaycan qətiyyətlə yox dedi, imkan vermədi və tam haqlı olaraq bunu etdi. Xeyli vaxt idi ki, bu qrupun adı tutulmurdu.

Azərbaycan-Ermənistan danışıqlarının indiki kövrək mərhələsində, sülhdən, delimitasiyadan danışıldığı vaxtda Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdləri sezilməkdədir. Qərb, o cümlədən ABŞ tərəfindən Minsk Qrupunun fəaliyyətinin bərpası üçün çalışmalara start verilib. Məqsəd sirr deyil, danışıqları ləngitmək, prosesi pozmaqdır. Politoloqlar hesab edir ki, bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Onlar özləri də bilir ki, Minsk Qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Məkrli plan olduğu bir məqamla da sübut olunur: Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks-mövqe bildirsə də, onu düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Minsk Qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. 30 illik işğal dövründə onlar özlərinin simasını ortaya qoyublar. 44 günlük müharibədən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. İndiki mərhələdə Minsk Qrupuna qətiyyən ehtiyac yoxdur. Bəs Qərb dairələri onu niyə dirçəltmək istəyir? Bunun arxasında hansı məkrli planlar dayana bilər?

Deputat Azər Badamov Minsk Qrupunun tarixə qovuşduğunu bildirdi: “Minsk Qrupu öz missiyasını yerinə yetirməyən və ermənilərin maraqlarını müdafiə edən riyakarlar qrupu olduğunu sübut edib. Qurum 28 il BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdirmək əvəzinə münaqişəni dondurmağa çalışıb. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT qətnamələrini öz gücü ilə bərpa edərək Minsk Qrupunu tarixin arxivinə göndərib. Bu gün Minsk Qrupunda iştirak edən dövlətlər arasında münaqişə yaşanır və Rusiya ilə bir təşkilatda mövcud ola bilməyəcəklərini bildiriblər.

Son vaxtlar Qarabağda yaşayan ermənilərlə münasibətdə Qərblə Rusiyanın yenidən həmrəylik göstərəcəyi və Minsk Qrupunun fəaliyyətini bərpa etdirəcəkləri ilə bağlı məlumatlar yazılır. Minsk Qrupu işsiz dayanmaq istəmirsə, Rusiya-Ukrayna münaqişəsini tənzimləsin və ya Mayot adalarının və katalonların problemləri ilə məşğul olsun. Azərbaycana Minsk Qrupunun fəaliyyəti lazım deyil və istəyimiz olmadan heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bir sözlə, Minsk Qrupu pensiyaya çıxıb və öz təqaüdləri ilə yaşamaqda davam etsinlər. Azərbaycan daxili işlərini heç kimlə müzakirə etmir və daxili məsələlərini ölkə qanunlarına uyğun idarə edir. Qarabağda yaşayan ermənilər isə boş xəyallar arxasınca getmək əvəzinə Azərbaycan qanunlarına uyğun vətəndaşlığı qəbul edib yaşamağa hazır olduqlarını bildirsələr, normal həyata qovuşa bilərlər. Əks halda, antiterror əməliyyatı keçirməklə Qarabağın ermənilər yaşadığı ərazilərində dövlət quruluşu bərpa etməyə məcbur olacağıq".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, hazırda regionda Qərblə Rusiya arasında ciddi rəqabət gedir: “Ermənistanın Avropadakı havadarları Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmaması üçün bütün variantları işə salıblar. İrəvan Rusiyanı bölgədən sıxışdırmaq, Avropadakı tərəfdaşlarını regiona gətirmək və ümumilikdə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq üçün Qərbdəki müttəfiqlərinin bütün təşəbbüslərini böyük məmnuniyyətlə qəbul etməkdədir. Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsinə razılıq verən İrəvan indi də ATƏT-in Minsk Qrupunu dirçəltməklə məşğuldur. Həm Qərb, həm Rusiya, Azərbaycan-Ermənistan məsələsinə sadəcə, özünün nəzarətində olan problem kimi baxır. 2020-ci ilin sentyabr ayına, yəni 44 günlük Vətən müharibəsinin başlanmasına kimi münaqişə birbaşa Rusiyanın təsir dairəsində olub. Ancaq İkinci Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi vəziyyəti dəyişdi. İlk növbədə regiona Türkiyə gəldi. Müəyyən zaman sonra Qərb dairələri, ABŞ və Avropa İttifaqı dövriyyəyə girdi. Təbii ki, Qərbin fəallığı Rusiyanın qısqanclığına səbəb oldu. ATƏT-in Minsk Qrupunun məsələsinə gəldikdə isə, Azərbaycan torpaqları işğal altında olarkən bu beynəlxalq təşkilatla məsələnin həllində daha səmərəli fəaliyyət göstərməsi yönündə dəfələrlə müraciətlər etmişdi. Bu yöndə rəsmi Bakının çoxsaylı müraciətlərinin hamısı qulaqardına vurulmuşdu. Həmsədrlərin işi-gücü işğal olunmuş torpaqlarımızda çaxır içib, kabab yemək idi. Müharibədən sonra Prezident İlham Əliyev həmsədrləri qəbul edəndə onlara əhəmiyyətsiz olduqlarını və həmsədrliklərinin bitdiyini bildirdi. Ermənilərin anladığı yeganə dil yenə dəmir yumruğumuz olacaq. Ermənistan normal danışıqlardan, masa arxasında aparılan müzakirələrdən qaçır. Sülhə yaxınlaşmayan Ermənistan öz günahları və səhvləri ucbatından yarana biləcək təhlükəni neytrallaşdırmaq düşüncəsi ilə beynəlxalq missiyanı yenidən bölgəyə gətirməyə çalışır, amma əbəs yerədir. Çünki Bakı üçün həm status, həm də Minsk Qrupu anlayışı artıq 2020-ci ilin 9 noyabrında bitib”.
 //musavat.com//
"Rusiya Ermənistanla Azərbaycan arasında effektiv sülh sazişinin müzakirəsindən yayınır" - ABŞ institutundan NET MÖVQE

“İyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya Ermənistanla Azərbaycan arasında tərəflərin müxtəlif mövqelərini dəstəklədiyini bildirsə də, uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa davam edib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir: “Canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. Bəzilərinin fikrincə, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir”.

Amerikalı analitiklərin fikrincə, Ermənistan Azərbaycanla son hərbi gərginliklər zamanı İranın “Shahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib: “Ola bilsin, Moskvada keçirilən üçtərəfli görüşdə bu məsələ də müzakirə edilib. İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”.

Qeyd edək ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Danışıqlar S.Lavrovun vasitəçiliyi ilə baş tutub.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.

Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.

Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Paşinyan Qarabağ ermənilərinə nəyi çatdırmaq istəyir? - ekspert danışır

“Ermənilər, “bütün dünya yatıb yuxusunda Dağlıq Qarabağ məsələsini necə həll etməli olduğunu görür” məntiqindən uzaqlaşmalıdırlar”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında deyib.

“Biz deyə bilərik ki, Rusiya, ABŞ, Avropa İttifaqı, Ermənistan, Azərbaycan onu və ya bunu etməlidir. Biz həm də hazırkı böhrandan çıxmaq üçün Dağlıq Qarabağın nə etməli olduğunu formalaşdırmalıyıq. Dağlıq Qarabağ hakimiyyətinin üzərində işləməli olduğu şeylər var və biz bu istiqamətdə onlara dəstək verməyə hazırıq. Biz bütün dünya yatıb yuxusunda Dağlıq Qarabağ məsələsini necə həll etməli olduğunu görür məntiqdən uzaqlaşmalıyıq. Bu, bizim problemimizdir və biz problemin həlli yollarını tapmalıyıq”, – Paşinyan çıxışında etiraf edib.

O, həmçinin qeyd edib ki, Azərbaycanla qarşıdurma ümumiyyətlə Ermənistan dövlətinin mövcudluğunu şübhə altına alır.

“Arzulara deyil, reallığa əsaslanaraq, əvvəlki 30 ildə olduğu kimi, yaxın 10-15-30 ildə də Ermənistanın qarşıdurma rejimində yaşayacağı ilə razılaşırıqmı? Əgər kimsə deyirsə ki, Ermənistan bundan sonra da qarşıdurma rejimində yaşamalıdır, deməli, o, faktiki olaraq Ermənistan Respublikasının dövlətçiliyini, dövlətin mövcudluğunu, suverenliyini və müstəqilliyini sual altına qoyur. Dağlıq Qarabağdan Azərbaycanla danışıqları istisna edən bəyanatlar o qədər də aydın deyil”, – Paşinyan bildirib.

Bu sözlərdən aydın olur ki, Paşinyanın özü Qarabağ ətrafında qalan problemlərin həllini necə təsəvvür edir? Mümkündür ki, bəli. Xüsusilə, onun Qarabağdan Bakı ilə hər hansı dialoqdan ümumiyyətlə imtina edib əvvəlki kimi yaşamağa davam etməyin mümkünlüyü ilə bağlı qeyri-real bəyanatların səslənməsindən narazılıq etməsi bəyənilə bilər. Aydındır ki, əvvəlki kimi alınmayacaq. Yalnız bir faktoru – Qarabağla Ermənistanı birləşdirən yeganə nəqliyyat əlaqəsi olan Laçın yolunun girişindəki Azərbaycan sərhəd-keçid məntəqəsini xatırlatmaq kifayətdir.

Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində gələcəyini necə görür? Ermənistanın baş nazirinin bu mənada həqiqətən konstruktiv olduğunu deyə bilərikmi? Və onun Bakı ilə sülh müqaviləsi imzalamağa həqiqətən hazır olduğuna dair hər hansı əlamətlər varmı? Əgər belədirsə, hansı məqamlar ona bunu etməyə mane olur?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.

Onun sözlərinə görə, təkcə dünən deyil, ümumiyyətlə son zamanlar Paşinyanın dediklərindən prinsipcə bir şey aydındır – o, başa düşür ki, qarşıdurmanın davam etməsi Ermənistanın maraqlarına uyğun deyil. “Əlbəttə, bu, Azərbaycanın da marağında deyil. Amma ilk növbədə Ermənistanın maraqlarına cavab vermir. Çünki 44 günlük müharibədən sonra həm hərbi-siyasi, həm də geosiyasi vəziyyət kökündən dəyişib. Üstəlik, müasir dünyada böyük geosiyasi məsələlər öz həllini tapır. Və təbii ki, Paşinyan bilir ki, Ermənistanın və Azərbaycanın yeni geosiyasi reallıqlarda əhəmiyyəti sadəcə olaraq müqayisə oluna bilməz. Mən onun çox səmimi olduğunu və həqiqətən Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkərək bütün bu məsələləri həll etmək lazım olduğunu düşündüyünü iddia etməzdim. Paşinyan siyasətçidir, Ermənistanın lideridir, təbii ki, o, təkcə Ermənistan dövlətinin deyil, bütün erməni xalqının maraqlarını təmsil edir. Amma konkret reallıqlar var və onlar ondan ibarətdir ki, Ermənistanın qarşıdurmanı davam etdirmək üçün heç bir resursu yoxdur”, – ekspert deyir.

Oruclu hesab edir ki, Rusiya regionu tərk edir, onun bunu istəməsinin və ya istəməməsinin artıq heç bir əhəmiyyəti yoxdur. “Müvafiq olaraq, Paşinyan başa düşür ki, Moskva öz geosiyasi vəzifələrini həyata keçirmək üçün ermənilərin xidmətlərindən imtina etmək niyyətində deyil. Bu isə əvvəlki 200 illik tarixdə həmişə erməni xalqına bəlalar gətirib. Buna görə də, o, belə bir roldan qurtulmağa çalışır. Digər tərəfdən, Paşinyan başa düşür ki, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməklə, o, heç nəyə nail olmayacaq, çünki bunu nə güclə, nə də iqtisadi yolla etmək mümkün deyil. Xüsusən də artıq Rusiyanın Qarabağın dağlıq hissəsində mövcud olduğu bir zamanda. Beləliklə, Paşinyan Qarabağla bağlı vəziyyətə görə eyni vaxtda məsuliyyəti öz üzərindən və dövlətinin üzərindən ataraq, problemin həllini Azərbaycanın və Rusiyanın öhdəsinə buraxır. Yəni bir növ, biz buna iddia etmirik, Rusiya oradadır, biz bu yaxınlarda Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdik və ərazi iddialarından əl çəkərək Moskvanın əsəbi reaksiyasına səbəb olduq. Burada mən Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatını nəzərdə tuturam. Kreml orada demək olar ki, açıq mətnlə Ermənistanın mövqeyini pisləyir və Rusiyanın Qarabağ ermənilərinin taleyinə neytral qala bilməyəcəyini qeyd edirdi.

Yəni, Paşinyan bəyanatları ilə problemi öz üzərindən götürərək, Azərbaycanın çiyninə atır. Və düşünürəm ki, o, uğur qazanacaq. Çünki erməni xalqının da seçimi yoxdur. Təbii ki, Ermənistanda hələ də millətçi hisslər var və onlar kifayət qədər güclüdür. Lakin onlar Paşinyan hakimiyyətə gələnə qədər və 44 günlük müharibənin sonuna qədər olduğu qədər güclü deyil”, – politoloq hesab edir.

Bütün bu reallıqları nəzərə alaraq, tezliklə sülh müqaviləsini imzalamaq mümkündürmü? “Düşünürəm ki, mümkündür. Bir şərtlə ki, Rusiya kobud şəkildə müdaxilə etməsin. Moskva sülh müqaviləsinin imzalanmasında maraqlı deyil, çünki bundan sonra Bakının növbəti addımı Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması səyləri olacaq. Yəni, Paşinyan Azərbaycan ermənilərinə demək istəyir ki, Bakı ilə danışın və heç olmasa minimuma nail olmağa çalışın. Yoxsa sabah Qarabağdan sadəcə deportasiya olunacağınız reallıqları yarana bilər. Və qlobal siyasət üçün əhəmiyyətinizi şişirtməyin. Paşinyan bütün bunları nə təmiz ürəkdən, nə də Azərbaycana böyük sevgidən deyir. Bunu reallığa əsaslanaraq edir.

Biz bu şərtlər daxilində sülh müqaviləsinin imzalanması imkanını maksimum dərəcədə yaxınlaşdırmalı və hər vasitə ilə Qarabağ erməniləri ilə birbaşa əlaqə yaratmağa çalışmalıyıq. Düşünmürəm ki, orada bunu istəyən qüvvələr yoxdur. Orada müxtəlif maraqları olan çox müxtəlif siyasi qruplar var. Sadəcə düzgün insanları seçmək və onlarla danışıqlar aparmaq lazımdır. Təbii ki, Rusiya buna israrla müdaxilə edəcək. Amma yenə də, Rusiya bu gün Qarabağdadır, amma bir-iki ildən sonra orada olub-olmayacağını heç kim bilmir. Qarabağ probleminin ən azı 100 illik tarixi var, lakin yaxın 5-10 il ərzində biz bu problemi tamamilə, əbədi olaraq həll edə bilərik”, – deyə politoloq əmindir.

Xəbər lenti