- error
-
- JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
|
Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişi İrəvan bunu balanslaşdırılmış xarici siyasətin təzahürü kimi qələmə verməyə cəhd etsə də, əslində, bu, Ermənistanın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşaraq Qərbin qucağına sığınması deməkdir. Lakin Ermənistanın Rusiyanın liderliyi altında KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB kimi hərbi, iqtisadi və siyasi birliklərində yer alması, onun Qərb ölkələri və strukturlarına sıx inteqrasiya cəhdi daban-dabana ziddiyyət təşkil edir. Bu, İrəvanın "iki stul" siyasətidir və bu siyasət uzun müddət davam edə bilməz. Çünki Ermənistanın yerləşdiyi coğrafi məkan "iki stul" taktikasını balanslaşdırılmış siyasət kimi həyata keçirməsinə imkan vermir. İrəvan iki tərəfdən birini seçməlidir. Hazırda beynəlxalq aləmdə ciddi geosiyasi əhəmiyyət kəsb etməyən İrəvanın belə bir seçimi, təkcə Ermənistan deyil, bütövlükdə bölgənin sabitliyinə, təhlükəsizliyinə ciddi təhdid və gərginlik, böhran vəd edir.
Artıq bu gərginlik ilk növbədə Moskva-İrəvan münasibətlərində özünü büruzə verir və gərginlik kəskinləşən xətt üzrə davam edir.
Moskvanın diqqəti Ukrayna cəbhəsinə yönəldiyindən nə qədər zəifləsə də, Ermənistanı öz təsir dairəsindən uzaqlaşmasına imkan verməyəcək yetərincə təsir mexanizmlərinə malikdir. Bu gün Ermənistan siyasi baxımdan deyil, eyni zamanda iqtisadi və hərbi cəhətdən Rusiyadan asılı ölkədir.
Birincisi, İrəvan təkcə Aİİ üzvü deyil, eyni zamanda Ermənistanın strateji əhəmiyyət kəsb edən iqtisadi, enerji, mədən, dəmiryolu sektoru kimi sahələri hüquqi cəhətdən birbaşa Moskvanın tabeçiliyindədir.
Bu gün Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiyadır və ixracatının da əsasını Aİİ ölkələri təşkil edir. Qərb bazarına rəqabətəqabiliyyətli və Avropa standartlarına uyğun məhsul istehsal edə bilməyən Ermənistanın Aİİ-dən uzaqlaşması iqtisadi cəhətdən ciddi fəsadlara yol açacaq.
Burada digər ciddi məqam isə ondan ibarətdir ki, Rusiya Ermənistan üçün əmək bazarıdır. Ermənistan əhalisinin mütləq əksəriyyətinin yaşamı Rusiya bazarından asılıdır. Bu və ya digər amillər Moskvaya İrəvana təzyiq etmək üçün əlavə imkanlar yaradır.
İkincisi, Ermənistan hərbi-siyasi blok olan KTMT-də təmsil olunmaqla yanaşı, təhlükəsizlik cəhətdən də Rusiyanın ciddi nəzarətindədir. Bu gün Ermənistan ərazisində rus hərbi bazası mövcuddur, İran və Türkiyə ilə sərhədini rus sərhədçiləri qoruyur. Ermənistanın hava məkanının təhlükəsizliyinə Rusiya nəzarət edir.
Belə olan halda İrəvanın Moskvadan uzaqlaşması, Ermənistan üçün siyasi-iqtisadi-hərbi cəhətdən ciddi böhranlar vəd edir. Hansı ki, Moskva artıq İrəvana bununla bağlı ciddi xəbərdalıqlar edir.
İrəvanın "iki stul" siyasəti, əslində, Cənubi Qafqazda geosiyasi maraqları olan güclərin toqquşmasının daha da dərinləşməsinə və bölgədə əlavə siyasi-hərbi cəhətdən gərginliyin yaranmasına yol açır. Bu da ilk növbədə siyasi, iqtisadi və hərbi cəhətdən zəif olan, ciddi geosiyasi əhəmiyyət kəsb etməyən Ermənistanın maraqlarına cavab vermir.
Odur ki, belə bir vəziyyətdə İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinin imzalaması, Ermənistanı üzləşdiyi bu problemlərdən xilas olmağa yox, əksinə, yeni böhranlara sürükləyir.
Yaranmış vəziyyət İrəvan-Moskva, İrəvan-Tehran münasibətlərini kəskinləşdirəcək. Çünki bu iki ölkə Qərbin bölgədə möhkəmlənməsini istəmir. Qərb istəsə də, lazımi həlledici məqamda Ermənistanın üzləşdiyi böhrandan çıxmasına praktik dəstək verə bilməyəcək.
Nəticə etibarilə İrəvanın "iki stul" adı altında "balans" siyasəti bumeranq effekti verəcək. Sonucda Ermənistanın qeyri-rasional siyasəti bölgədə geosiyasi cəhətdən əhəmiyyətsiz bir coğrafi məkana çevrilməklə yanaşı, erməni dövlətçiliyinin mövcudluğunu sual altında qoymuş olacaq.
Bu isə Bakıya hədəflərinə nail olmaq üçün yeni unikal şanslar yaratmaqla bərabər, Azərbaycanın geosiyasi cəhətdən daha cəlbedici ölkə mövqeyini önə çıxmasına, regional və qlobal səviyyədə ciddi oyunçu kimi rolunun artmasına səbəb olacaq.
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.
Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.
Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla yasaqlığın sanitariya-mühafizə zonası 289,5 hektarlıq sahədə təsdiq edilib.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır” deməsi Rusiya mediasında da ciddi müzakirə mövzusu olub. Rusiya mediasında bu barədə yazılarda Ermənistanı Azərbaycanla qorxutmaq cəhdləri daha qabarıq nəzərə çarpır.
Xüsusilə Ermənistanın Avropa Birliyinə üzvlük qərarından sonra İrəvanı qorxutmaq cəhdləri artıb. Şərqşünas, publisist, “Şərq qapısı” Telegram kanalının müəllifi Andrey Ontikov isə “İzvestiya”ya diqqəti Tehranın Zəngəzurla bağlı mövqeyinə yönəldib. Ekspert bu kontekstdə Prezident İlham Əliyevin məlum müsahibəsində əminliklə Zəngəzur dəhlizinin açılacağı fikrinə diqqət çəkib. “İrəvan Tehranın əsas tərəfdaşıdır, Qafqazda mühüm dayağıdır. Əgər Azərbaycan İrəvana qarşı yeni hərbi əməliyyata başlasa, Zəngəzur dəhlizini bağlasa və bununla da Ermənistanı İranla birbaşa quru əlaqəsindən məhrum etsə, bu, bütövlükdə İslam Respublikasının və indiki halda onun regiondakı mövqelərinə növbəti güclü zərbə olar”, - deyə ekspert bildirib.
Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edən və bu dəhlizin açılmasına qarşı çıxan İranın Suriya devrimində yaşadığı şok Tehranın mövqeyində hər hansı ciddi dəyişiklik etməyib.
“Hadisələrin gedişatını nəzərə alsaq, 90 faizlik ehtimalla Azərbaycanın Ermənistana qarşı müharibə aparacağını gözləmək lazımdır. Bu, zaman məsələsidir”. Bu iddia ilə isə İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan çıxış edib. O deyib ki, hazırda dünya ictimaiyyəti Ermənistanın taleyi ilə o qədər də maraqlanmır. Onun sözlərinə görə, İran və Ermənistan bir-birinə qarşı siyasətlərini aydınlaşdırmalıdırlar. “İrəvanın ciddi narahatlığını başa düşmək olar. O cümlədən İrana qarşı sanksiyalar, Yaxın Şərqdə İrana vurulan zərbə, əlavə fəsadlar yaradacaq. Lakin sakit oturub vəziyyətin öz-özünə həll olunacağına ümid etmək olmaz”. Beqlaryan onu da bildirib ki, Zəngəzur dəhlizi məsələsində çoxlu oyunçu və benefisiarları var. “İran da bu danışıqlarda tərəf olmaq istəyir. Amma kənarlaşdırma o deməkdir ki, bundan sonra Tehran faktla üzləşməli olacaq”.
Göründüyü ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə sərbəst əlaqəsini təmin etməsinə maneə yaradan qüvvələr yenidən fəallaşıb. 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu bəndinin icrası artıq beşinci ildir ki, Ermənistanın günahı ucbatından reallaşmır. Belə olduğu halda cürbəcür təxribatçı informasiyalar dövriyyəyə buraxılır. “Vzqlyad” nəşri “Bakının öz kiçik Kanadası var (yaranıb)” başlıqlı təhlil yazısında iddia edib ki, Azərbaycan regionda və dünyada “ümumi çaşqınlıq şəraitində” Zəngəzuru əldə edə bilər. “Azərbaycanın son illərdə əldə etdiyi hərbi uğurları və Ermənistanın milli müdafiə sahəsində aşkar uğursuzluğu fonunda bu cür yanaşma olduqca təsiredici görünür”, - deyə məqalədə bildirilir. Beləliklə, bəzi güclər Zəngəzur dəhlizindən regional münaqişə yaratmaq üçün cəhdlər edirlər. Azərbaycan isə Zəngəzur dəhlizinin hərbi deyil, siyasi-diplomatik həllində maraqlıdır. Ölkəmizdəki ekspertlərin isə məsələyə fərqli yanaşmaları var.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında iddiaların əssassızlığını konkret arqumentlərlə əsaslandırdı: “Prezident İlham Əliyev ilk dəfə deyil ki, bu fikirləri səsləndirir. Yəni o, Zəngəzur dəhlizinin açılacağı barədə əvvəllər də dəfələrlə fikir bildirib. Bu baxımdan Rusiya mediasının yazdığının ciddi əsası yoxdur. Azərbaycan bu məsələdə milli maraqlarından çıxış edir. Beynəlxalq praktikada bir dövlət öz anklav ərazisinə, yaxud bir neçə hissədən olan ərazilərinə nəqliyyat keçidini təmin etmək üçün başqa dövlətin ərazisindən istifadə edir. Bu halda dövlətin yükləri, sərnişinlər və nəqliyyat vasitələri yoxlanılmadan keçir və yolun sahibinə, yaxud istismar edən operatora yol haqqı ödəyir. Əvvəl-axır bu dəhliz mütləq açılmalıdır. Əlbəttə, sülh danışıqlarının nəticəsi olarsa və silah müqaviləsi bağlanarsa, o zaman bu nəqliyyat dəhlizinin açılmasından Ermənistan kifayət qədər bəhrələnəcək. Əgər Ermənistanın "başı öz əlində olsaydı", o zaman bəlkə də məsələ artıq həllini tapmışdı". O ki qaldı Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, S.Məmmədov qeyd etdi ki, şəxsən o, bu məsələnin perspektivinə inanmır: “Yəni Ermənistanın yaxın illərdə Avropa İttifaqına üzv olması mümkün olmayacaq. Hansısa viza asanlaşdırması və ya vizasız gediş-gəliş mümkün ola bilər. Daha hansısa inteqrasiya prosesləri baş verə bilər. Amma bu prosesin dərinləşməsinə mane olan çoxsaylı amillər var. Avropa İttifaqında vahid sərhəd, o cümlədən vahid gömrük sərhədi mövcuddur və bu üzvlük üçün vacib olan şərtdir. Ermənistanın isə heç yunan Kipri kimi su sərhədi bağlantısı da mövcud deyil. Gürcüstanın Avropa İttifaqına üzv olması bir qədər də dumanlı göründüyü üçün gələcəkdə vahid sərhədin olması mümkünsüz görünür. Məncə, bunu Avropa İttifaqında da, elə Ermənistanın özündə də yaxşı bilirlər. Sadəcə, indi bir-birindən bəhrələnirlər”.
S.Məmmədov qeyd etdi ki, Azərbaycan məsələləri diplomatik və danışıqlar yolu ilə həll etmək istəyir: "Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan səylərini davam etdirir. Ermənistan isə hər vəchlə prosesi uzadır və paralel olaraq silahlanır, Azərbaycana qarşı informasiya və beynəlxalq hüquq müstəvisində davanı davam etdirir”.
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılması perspektivini anlayır: “Geosiyasi proseslər məhz bu dəhlizin açılmasını ehtiva edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvana çox ciddi mesajlar verdi. Bundan sonra Ermənistan tərəfi Zəngəzur dəhlizinə yalnız Ermənistanın nəzarət edəcəyi bəyanatını verdi. Göründüyü kimi, rəsmi İrəvan da dəhlizin açılmasını qəbul etmək məcburiyyətindədir. Rusiya tərəfi dəhlizə nəzarət etməyə çalışır. Bunun üçün 10 noyabr birgə bəyannaməsini gündəmə gətirir. Rusiya da görür ki, Ermənistan prinsipcə, dəhlizin açılmasına razıdır. Amma dəhlizə nəzarəti Rusiyaya vermək istəmir. Rusiya Ermənistanı Azərbaycanla təhdid etməyinə gəldikdə, ümumiyyətlə, rəsmi Bakının dəhlizlə bağlı mövqeyi aydındır və bu, yalnız danışıqlarla açılacaq”.
M.Əsədullazadə də əminliklə bildirdi ki, Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur: “Rusiya və İran bu tezisləri ortaya atmaqla regionda etimadsızlıq yaratmaq və sülhə mane olmaq istəyirlər. Həmçinin niyyət dəhlizin açılmasının qarşısını almaqdır. Amma bu, mümkün olmayacaq. Regional şərtlər dəyişib və Türkiyə də prosesdə aktivdir. Məhz Ankara dəhlizin açılması ilə bağlı Ermənistana ciddi mesajlar verib. Bundan sonra iki ölkə arasında sərhədlər açıla bilər. İran tərəfi dəhlizlə bağlı Türkiyə ilə danışıqlar aparır. Tehranın Yaxın Şərq siyasəti iflas olduğu üçün Cənubi Qafqaz siyasəti də eyni aqibətlə üzləşib. Tehran bilir ki, prosesdə Türkiyə varsa, dəhliz açılacaq”.
Ekspert qeyd etdi ki, İran prezidentinin Moskvaya səfərində Vladimir Putinlə Zəngəzur dəhlizinin açılması perspektivləri əsas müzakirə predmeti ola bilər: “Tehran və Moskva Cənubi Qafqazda dəhlizlə bağlı ortaq mövqedən çıxış edəcək. Əgər Ermənistan nəzarəti Moskvaya vermirsə, Moskva onun açılmasına qarşı olacaq. Bu istiqamətdə Tehran Moskvadan dəstək almağa çalışacaq. Ermənistan da məhz Rusiya və İranla münasibətləri gərgin olduqdan sonra Zəngəzur dəhlizini açmaqla tam şəkildə blokadadan çıxmağa çalışacaq”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.
Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.
Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.
Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radio kanalında Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu verilişi ilə bağlı bəyanat yayıb.
İcmadan verilən məlumata görə, bəyanat mətnində deyilir ki, Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb.
"Materialın əsas süjeti bədnam azərbaycanafob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilib. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, eyni şəkildə, 1987-91-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir:
"Kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir”, - bənayatda vurğulanıb.
Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınadığını və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırıb".
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yanvarın 14-də Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.
Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.
Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.
***
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
***
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.
BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.
Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir.