İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

"Beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş dövlətlər hələ də mübarizə aparmaqda davam edirlər: "Təəssüf doğuran odur ki, beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır. Bu cür ikili standartlarla üzləşən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın 30 ilə yaxın dövr ərzində işğal altında saxlanmış ərazilərində aşkar edilmiş məzarlıqlar, tarixi, dini, mədəni abidələrin dağıdılması bunu bir daha sübut edir. Bundan başqa, itkin düşmüş 4 000 soydaşımızın taleyi qaranlıq qalmaqdadır. Ermənistan torpaqlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həmin əraziləri həm də minalayıb. Bu baxımdan mina xəritələrinin verilməməsi, bərpa işlərini ləngidir, insanların yurdlarına qayıdışına mane olur".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Paytaxtda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun konfransı keçirilir

Bu gün paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilir.

Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.

Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

“Xankəndidə Azərbaycan bayrağının sancılmasının elə bir böyük tarixi əhəmiyyəti var ki, onu insan sözlə ifadə etməkdə çox çətinlik çəkir. İlk olaraq onu qeyd edim ki, Xankəndidə ucalan Azərbaycan bayrağı dünya düzəninə təsir edən bir hadisədir”.

Bunu açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi yüz il idi ki, Azərbaycanın başı üzərində asılmış domokl qılıncı idi.

“Dağlı Qarabağ nəinki sovetlər dönəmində və ya ondan sonrakı dövrdə, hətta 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda da böyük rol oynadı. Bir sözlə, Dağlıq Qarabağ bu ötən yüz ildə Azərbaycan üçün bir faciə mənbəyi oldu. 1920-ci ilin mart-aprel aylarında ermənilər Qarabağda Azərbaycana qarşı üsyan qaldırdılar və o zaman Cümhuriyyətin 40 mindən bir az artıq ordusunun 33 mini Qarabağa göndərildi. Yerdə qalan azsaylı qoşun isə Bakıda dövlət idarələrini və dövlətin təhlükəsizliyini qoruyurdu. Dövlətin diqqəti bu istiqamətə yönəldiyi zaman rus qoşunları aprel ayında Azərbaycana daxil oldu. Burada artıq şərhə ehtiyac qalmır. Bu azsaylı ordu ilə nə etmək olardı? Bax, o zaman da ermənilərin Qarabağda üsyan qaldırması, AXC-nin süqutuna gətirib çıxardı”, - deputat qeyd edib.

Vitse-spiker əlavə edib ki, 70 illik sovet hakimiyyəti dövründə də sakit durmurdular, ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə onlar heç nə edə bilmədilər: “Heydər Əliyev Moskvada Siyasi Büronun üzvlüyündən uzaqlaşdırıldıqdan sonra ermənilər yenidən fəallaşdılar və Dağlıq Qarabağ məsələsi gündəmə gəldi. O dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ilə Aqanbekyan Fransa mediasında çıxış etdi. 1988-ci ildən keçən 35 il müddətində Cənubi Qafqazda marağı olan bütün dünya gücləri bu erməni layihəsindən özü üçün faydalanmağa çalışdı. Avropa, ABŞ, Rusiya, İran erməni layihəsi üzərində Qafqaz siyasətini qurdular. Cənab Prezident Xankəndidə Azərbaycan bayrağını dalğalandırmaqla 35 illik erməni layihəsini yerlə yeksan etdi. Bölgədə marağı olan güclərin əlindən bu kartı alıb atdı. O baxımdan Xankəndidə ucalan bayrağın Azərbaycanın həm keçmişi, həm də gələcəyi baxımdan çox mühüm əhəmiyyəti var.

Birincisi, bayrağın sancılması ilə Azərbaycan yenidən Cənubi Qafqazda geosiyasi yol xəritəsini müəyyən etdi.

İkincisi, rəsmi Bakı “artsax” planını Cənubi Qafqazın geosiyasi gündəliyindən çıxartı. Bu, qalsa-qalsa ancaq ermənilərin sərsəm düşüncəsində qala bilər, vəssalam.

Üçüncüsü, regionda mövqelərini təmin etmək istəyən güclərin əlindən Qarabağ kartı alındı.
Bütün bunların nəticəsidir ki, Fransanın artıq sancısı tutub. Özünü sağa-sola vurur, özünü gah yolun altına, gah da üstünə atır. Vurnuxur, amma heç nə edə bilmir.

ABŞ bundan istifadə edib Rusiyanı bölgədən çıxarıb öz siyasi nüfuzunu təmin etmək istəyir. Bunlara baxmayaraq Xankəndidə Azərbaycan bayrağı dalğalanır”.

Fransanın, bəzi Qərb ölkələrinin, Avropa təşkilatlaırnın son günlərdəki can-fəşanlığına, Azərbaycana qarşı qərəzli mövqe sərgilməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu hərəkətlər erməni lobbisinin xidməti qarşısında bir borc qaytarmağa bənzəyir: “Çünki seçkilər zamanı həmin ölkələrin siyasətçiləri erməni lobbisi qarşısında müəyyən öhdəlikləri var və bu yolla həmin borcu geri qaytarmaq istəyirlər. Vurnuxub nəsə etməyə can atırlar, amma alınmır. Nəticədə də özləri daha pis vəziyyətə düşümüş olurlar.

Ona görə də belə bir mürəkkəb siyasi şəraitdə Prezidentin Xankəndidə bayraq sancması yuxuya bənzəyir. Belə hadisələr nağıllarda olur. Dastanlarda və yaxud filmlərdə olur ki, qəhrəman sonda qalib gəlir. Amma Azərbaycanda bu reallıqdır. Dövlət başçısı, qalib sərkərdə Xankəndidə bayrağı sancmaqla dünyaya mesaj verdi ki, bu yerlər əzəli Azərbaycan torpaqlarıdır və buranın öz sahibləri var. Bundan sonra onlar əbədi olaraq bu torpaqlarda yaşayacaqlar”.

Millət vəkili məsələ ilə bağlı daha vacib bir məqəma toxunaraq bildirdi ki, tarixin dərinliyinə varsaq, o zaman bayrağın sancılması ilə Pyotrun vəsiyyətinin və düşüncələrinin üzərindən xətt çəkildiyini görərik:

“Hələ 1723-cü ilin noyabrında Birinci Pyotr üç erməni katalikosu ilə görüşündən sonra bölgədəki gələcək planlarını reallaşdırmaq üçün ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə - Bakıya, Qarabağa, Dərbənd, Mazandarana və sair ərazilərə ermənilərin köçürülməsi ilə bağlı göstəriş verir. Bu plan ancaq Birinci Pyotrun ölümündən yüz il sonra Gülüstan və Türkmənçay müqaviləsindən sonra icra olundu. Bu məqsədlə İran və Osmanlı ərazilərindən yüz mindən artıq erməni bu ərazilərə köçürüldü. Bununla da ermənilərin bu ərazilərdə yerləşdirilməsinə başlandı.

Prezident Xankəndidə bayrağımızı dalğalandırmaqla Azərbaycan tarixinin qaranlıq və qara ləkələrini silmiş oldu. Bununla da dəfn etməkdə olduğumuz “Böyük Ermənistan” ideologiyasının tabutuna son mismarı vurmuş olduq”.

Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayan Fəzail İbrahimli deyib ki, siyasətdə zamanlama xüsusi əhəmiyyət kəsb edir: “Odur ki, cənab Prezident nəyi nə vaxt edəcəyini çox gözəl bilir. Zamanı gələndə o məsələ də həllini tapacaq”.

Avropa strukturlarının və ölkələrinin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib sənədlər qəbul etməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu ölkələr Azərbaycanın qələbəsindən şoka düşüb başlarını itiriblər və nə edəcəklərini özləri də bilmir: “Qəbul edilən kağız parçalarının Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur. Buna eyni zamanda ermənilərin başını aldatmaq, ovundurmaq üçün əllərinə verilən yaxmaca bənzəyir.

Ağlı başında olan, ciddi ölkələr isə Qafqaz siyasətində uğur qazanmaq üçün Azərbaycanla münasibətlərini qurmağa çalışır. Azərbaycan Qarabağ məsələsinə nöqtə qoymaqla bölgədə yeni bir mərhələ başlanğıcına start verdi. Bu mərhələdə də bizi ciddi qələbələr gözlənilir”.

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb.

Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib.

Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.

Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.

Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 oktyabr – Zəngilan şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.

Azərbaycan Zəngəzuru bu cür alacaq - Ermənistan KİV

Azərbaycanın növbəti hədəfi Zəngəzurdur.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

“Zəngəzurun (Sünik rayonu) anşlüsü (birləşdirmə - Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti – red.) müxtəlif cür ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir”, - o bildirib.

Kolerovin sözlərinə görə, məhz depopulyasiya anşlüsün metodu ola bilər.

Bakının Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmaq bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur:

“Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq”.

Onun fikrincə, əhəmiyyətinə baxmayaraq, anklavlar hələ də kiçik, prinsipsiz, texniki məsələdir və heç kim onlarla bazarlıq etməyəcək:

“Ermənistan indi onunla sövdələşmə etmək vəziyyətində deyil. İrəvanla heç kim bazarlıq etməyəcək”.

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

“İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq və Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək”, - deyə o yekunlaşdırıb.

Ruslar Qarabağdan ÇIXIR, YOXSA... - AKTUAL

"Sülhməramlılar, çox güman ki, 2025-ci ilin noyabrına qədər - müqavilədə təsbit olunduğu müddətdə Qarabağda qalacaqlar. Sülhməramlıların nəzarətində olan ərazinin də xeyli azaldığını nəzərə alsaq, onların sayı 1960 nəfərdən, ən azı, yarıya qədər azaldılacaq”.

Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Rusiyanın Kaspi Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev söyləyib.

Bununla yanaşı, şərhçi qeyd edib ki, Qarabağdakı erməni hərbi birləşmələrindən qalan 66 milyona yaxın silah-sursatın saxlanması və utilizasiyası ilə bağlı problem var.

"Həmin silah-sursatı Azərbaycandakı anbar yerlərinə bölüşdürmək lazımdır. Bunu birdən-birə etmək olmaz. Tədricən sülhməramlılar yolların və yaşayış məntəqələrinin mühafizəsindən silah-sursat anbarlarının mühafizəsinə keçəcəklər. Erməni əhalinin az qalan hissəsi üçün məhdud formada polis funksiyalarını yerinə yetirmək zərurəti də qalır. Ola bilsin ki, yeni hökumət qurumları və azərbaycanlıların Qarabağa qayıtması ilə bağlı problem yaranmasa, daha hansısa sayda erməni Qarabağa qayıdacaq. İllah da, ona görə ki, Azərbaycan hökuməti 1991-ci ilə qədər Qarabağ ev, mənzil, torpaq sahələri ilə bağlı hüquqlara malik olmuş ermənilərə qarşı heç bir sanksiya tətbiq etmir”, - deyə Karavayev vurğulayıb.

Rusiyalı ekspet hesab edir ki, Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli ola bilər.

"Bu, RSK-nın səlahiyyət müddəti başa çatdıqdan sonra edilə bilər. Monitorinq qrupunun yaradılması danışıqların nəticəsi ola bilər ki, bu da funksiyaların hərbidən polisə keçməsi ilə Rusiyanın regionda mövcudluğunun uzanmasına gətirib çıxaracaq” ,– deyə şərhçi bildirib.

Onun sözlərinə görə, Rusiya üçün mövcudluğunu saxlamaq faydalıdır, lakin Rusiya “sülhməramlı” kontingentinin statusu dəyişərsə, Azərbaycan da bunda maraqlı ola bilər.

P.S. Yəqin ki, Azərbaycanın tanınmış hərbi ekspertləri rusiyalı şərhçinin Qarabağdakı "sülhməramlı"ların gələcək taleyi ilə bağlı bu şərhinə münasibət bildirəcəklər...

Sülhməramlılar Qarabağdan bu əraziyə göndərilir.... - 102-ci baza isə...

Rus sülhməramlılarının çıxarılması məsələsi gündəmdədir. Üçtərəfli razılaşmaya görə, tərəflərdən biri onun qalıb-getməsi ilə bağlı mövqe bildirsə, məsələ bitir. Həmin razılaşmaya imza atmış Ermənistan ona sülhməramlıların lazım olmadığını deyir. 2025-ci ilə qədər sülhməramlıların bölgədə qalması ehtimalları var. Sonrakı mərhələdə Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyacaq.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bölgədə silah-sursatın təhvil verilməsi ilə bağlı proses başa çatmalıdır:

“Amma bəzi məlumatlar var ki, terrorçuların bəziləri əllərindəki silahlarla harasa çəkiliblər. Sözsüz ki, Azərbaycanın müvafiq qurumları buna qarşı iş aparır. Eyni zamanda burada zəruri işləri bir qədər sürətləndirmək lazımdır”.

Polkovnik hesab edir ki, rus sülhməramlılarının burada qalıb-qalmaması müzakirə edildiyi ərəfədə Rusiya XİN rəsmisinin onların sayının artırılması ilə bağlı məsələni gündəmə gətirməsi təsadüfi deyildi:

“Bu sözsüz ki, Rusiyanın bölgədən getmək niyyətinin olmaması ilə izah oluna bilər. Rusiyanın əsgər və zabitə ehtiyacı olduğu şəraitdə müəyyən sayda hərbi birləşmənin Qarabağda saxlanması onlar üçün arzuolunan deyil”.

Üzeyir Cəfərov bildirib ki, sülhməramlıların bölgədən çıxması fonunda onların Ermənistandakı 102-ci hərbi bazada komplektləşdirilməsi də ehtimal edilir:

“Nikol Paşinyan bununla bağlı etirazını dilə gətirib. Görünən odur ki, sülhməramlılar Rusiyaya daimi dislokasiya yerinə qayıdası olacaq. Faktiki olaraq indi onlar burada çörək və aş bişirməklə məşğuldur. 102-ci hərbi bazanın Ermənistandan çıxması ilə bağlı tələblər səslənir. Amma bu çox çətin olacaq. 2044-cü ilə qədər rus ordusu Ermənistanda qalmalıdır. Gedişat göstərir ki, bu mümkün olmayacaq”.

Qarabağ münaqişəsi həll olundu: Qaldı TƏK MƏSƏLƏ - AKTUAL

Oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Həmin gün Azərbaycanın suverenliyinin bütün ərazilərdə bərpa olunduğu gün kimi tarixə düşdü. Beləliklə, Azərbaycan əzəli və əbədi torpağı olan Qarabağda 35 il əvvəl baş qaldıran və davam edən erməni separatizminin kökünü kəsmiş oldu. Ümumilikdə isə 200 ildən artıq müddətdə başlayan problem, son 35 ildə daha da kəskinləşən münaqişə həll olundu.

Münaqişənin həlli ilə bağlı fikirlərini AYNA ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əvvəlcə xalqımızı bu qələbə münasibətilə təbrik edib. Onunla söhbəti təqdim edirik:

- Tarixi günlərə şahidlik edirik. Nəhayət ki, ən ağrılı və ağır problemimiz olan Qarabağ münaqişəsi həllini tapdı. Uzun illər Azərbaycanla Ermənistan arasında müxtəlif formatlarda görüşlər keçirildi, sülh danışıqları aparıldı. Amma son illər hər kəsə bəlli idi ki, problemin güc yolundan başqa həlli yoxdur. Belə də oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı və 44 gün davam etdi. Vətən müharibəsində həm Birinci Qarabağ müharibəsindəki uğursuzluqlarımızın, məğlubiyyətimizin əvəzini çıxdıq, həm də torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Tanrı şəfa versin.

10 noyabr 2020-ci imzalanan Üçtərəfli Birgə Bəyanatla atəşkəs oldu, amma biz problemin həllini tam başa çatdırmamışdıq. Çünki Xocalı, Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi, Şuşanın bir qism kəndləri, Sərsəng su anbarı hələ də işğalda idi, separatçıların tapdağında idi. Allaha şükürlər olsun ki, artıq o ərazilərimiz də azaddır. Bu gün Xankəndinin mərkəzi meydanında Azərbaycan Dövlət Bayrağı dalğalanır. Vaxt var idi ki, bəziləri Xankəndidə Azərbaycan bayrağının ucaldılacağına inanmırdı. Amma bu arzumuz da gerçək oldu. Azərbaycan 200 illik problemi həll etdi. Ermənilərin “Miatsum” adlı ideyası iflasa uğradı. Böyük uğurdur, böyük qələbədir. Hesab edirəm ki, önə, bundan sonrakı mərhələyə baxmaq lazımdır. İndi sadəcə bir məsələ qalıb ki, onu həll etmək vacibdir.

- Hansı məsələni nəzərdə tutursunuz?

- Qarabağda olan Rusiya sülhməramlı hərbi kontingentinin ərazidən yola salınması məsələsidir. Düşünürəm ki, ona da nail olacağıq. Belə böyük uğurlara nail olduqsa, Xankəndidə bayrağımız ucaldıldısa, rus hərbçilərini də Qarabağdan yola salacağıq. Mən rusların ərazilərimizdə olmasından narahatlıq keçirən vətəndaşları anlayıram. Təbii ki, rus hərbçilərinin Qarabağda olması mənfidir. Amma səbirli olmaq lazımdır və proseslərin gedişini gözləmək vacibdir. Azərbaycan Rusiya ilə qarşıdurmada maraqlı deyil. Ona görə də məsələni sakit şəkildə yoluna qoymaq lazımdır. İndi biz müşahidə edirik ki, rusların özləri Qarabağdakı məntəqələrini ləğv edirlər. Ruslar da anlayırlar ki, bundan sonra bölgədə qalmaqlarının heç bir mənası yoxdur.

Düzdür, məntiqsiz arqument ortaya atırlar ki, guya erməni sakinlər Qarabağa qayıda bilərlər, ona görə də ruslara orada ehtiyac var. Yaxşı, tutaq ki, müəyyən sayda erməni bölgəyə döndü. Əlbəttə, onlar elə-belə qayıtmayacaqlar ki, Azərbaycanın şərtlərini qəbul etdikdən, reinteqrasiya şərtlərinə razılaşıb Qarabağda yaşaya biləcəklər. Əgər qayıdan ermənilər bu şərtləri qəbul edirlərsə, o zaman rusların onları qorumasına nə ehtiyac var?! Azərbaycan niyə öz vətəndaşının taleyini başqa bir ölkənin hərbçilərinin ümidinə buraxmalıdır?! Yəni ki, ortaya “sülhməramlıların qalmasının vacibliyi” haqqında atılan iddialar məntiqsizdir. Ona görə də güman ki, Azərbaycanla Rusiya arasında sülhməramlıların Qarabağdan yola salınması məsələsi müzakirə olunacaq və məsələ sakit şəkildə həllini tapacaq.

- Bundan sonrakı mərhələdə nələr gözlənilir?

- Azərbaycan ərazilərində suverenliyini bərpa etdi. Bundan sonra tikinti-quruculuq, abadlıq işləri, şəhərlərimizdə dövlət strukturlarının bərpası, dövlət orqanlarının fəaliyyətə başlaması, köçkünlərin öz evlərinə qayıtması mərhələsi başlayacaq. Azərbaycan dövlətinin bu barədə planı var və o plan ardıcıllıqla icra olunacaq. Əsas suverenliyimizin bərpası idi, separatizmin kökünün qazınması idi ki, buna da nail olduq.

- İndiki məqamda Ermənistanın siyasətində nələri müşahidə edirsiniz?

- Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər etdi, danışıqlar apardı. Rəsmi Paris çalışır ki, Azərbaycana hansısa yolla təzyiqlər etsin. Amma bu, alınmayacaq. Bu gün Fransa meydanda tək qalıb, çünki ABŞ da, Rusiya da Bakıya təzyiq etmirlər. Yəni keçmiş Minsk Qrupunun üç həmsədrindən ikisi bakıya təzyiq niyyətində deyillər. Ona görə də Parisin cəhdləri boşa çıxır.

Rəsmi İrəvana gəlincə, bu gün Paşinyan sevinir ki, “Qarabağ yükü”ndən canını qurtardı. Nikol istəyir ki, Ermənistanın bundan sonrakı inkişafı ilə məşğul olsun. Düzdür, publik çıxışlarında Azərbaycanın əleyhinə müəyyən fikirlər söyləyir, yəqin ki, bundan sonra da nələrsə deyəcək. Ümumilikdə isə rəsmi İrəvanın problemi indi Azərbaycanla yox, Rusiya ilədir. Bu problem daha da dərinləşməkdədir. Qərb yolunu tutan Ermənistan rəhbərliyi indi, Moskva ilə məsələsini necə yoluna qoymaq haqqında düşünməlidir.

Ermənistanın daxili siyasətinə gəlincə, artıq radikal müxalifət qüvvələri də reallığı qəbul edib. Sentyabrın 19-da, Azərbaycan lokal antiterror əməliyyatı keçirdiyi gündə İrəvanda Paşinyan əleyhinə etirazlar başlamışdı, radikal şüarlar səsləndirilirdi. Amma bu, effekt vermədi və indi erməni cəmiyyəti də sakitləşib. Demək istədiyim odur ki, Ermənistan hakimiyyəti də, müxalifət də, cəmiyyət də reallıqla barışıb. Bundan sonra İrəvanın bir yolu var – Bakının şərtlərini qəbul etmək, sülh sazişini imzalamaq.

Xəbər lenti