İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.

Bu barədə Report-a komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumata əsasən mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

“Bizim üçün ən çətin məsələ sərhəddə qoyulan nəzarət buraxılış məntəqəsi idi ki, bunu da həll etdik və indi ermənilər oradan gedib-gəlirlər. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi olub. Bölgədə nə qədər QHT-lər mitinqlər təşkil edib müəyyən şüarlar səsləndirdilər. Həmçinin, bu nəticəyə nail olmağın özü böyük bir müvəffəqiyyətdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, Azərbaycan dövlətinin Laçın sərhədindən sonra yaxın perspektivdə Qarabağın dağlıq hissəsində də inteqrasiya proseslərinə start verməsi amilindən söz açıb:

“Sərhəddən sonra inteqrasiyasının Qarabağın dağlıq hissəsinə də sirayət etməsinə gəldikdə isə, fikrimcə, artıq yavaş-yavaş bu məqamlar yetişir. Yəni Xankəndi və ətraf ərazilərdə faktiki olaraq, Azərbaycanın dövlət qurumları fəaliyyət göstərməyə başlasın. Doğrudur, hazırda Qarabağa xüsusi nümayəndə təyin olunub və o, fəaliyyət göstərir, lakin bölgədə qondarma qurumun da mövcudluğu var. Mənə elə gəlir ki, onlar da artıq başa düşürlər ki, öz missiyaları bitib”.

Müsahibimiz hesab edir ki, bu məsələlər o zaman həll olunacaq ki, sərhəd və delimitasiya ilə demarkasiya məsələlərini yekunlaşdıraq:

“Cənab Prezident Laçında olarkən də qeyd etmişdi ki, biz onlara amnistiya verməyə hazırıq. Bu da həm ABŞ, həm də Avropa tərəfindən yüksək səviyyədə qarşılandı. İndi Qarabağ erməniləri də başa düşürlər ki, onların yaratdığı “qurum” müvəqqətidir”.

Millət vəkili düşünür ki, nə qədər tez separatçı qurumlar orada ləğv olunsa və Azərbaycanın dövlət idarələri bölgədə yerləşdirilsə, bu, yekun nəticədə bizim üçün müsbət olacaq:

“Onsuz da bu proses çox da uzun çəkməyəcək. Bu gün bölgədə əsas ciddi problem yaradan Qarabağda Rusiya sülhməramlılarının olmasıdır. Onlar müəyyən problemlər yaratmaqla məşğuldurlar. Ermənistana gəldikdə isə, Ermənistan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmasa, vəziyyəti gərgin olacaq. Düşünürəm ki, bu ilin axırına bölgədə inteqrasiya prosesinin başlanmasına nail olacağıq”.

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Apa xəbər verir ki, ABŞ dövlət katibi Blinken Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna Taxıl sazişini müzakirə ediblər.

Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.

Paşinyan Rusiyadan qırıla biləcəkmi? - Görünəni odur ki...

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı günlərdir ölkəsində müzakirə olunur. Ermənilər bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. Siz Paşinyanın bu gözlənilməz addımı ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəla, bu bir dəvət səfəri idi. Paşinyan bir qonşu ölkənin hökumət başçısı kimi Türkiyəyə dəvət olunmuşdu, o da bunu qəbul edərək Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etdi. Bu həm Türkiyənin yeni seçilən prezidentinə legitim münasibət, həm də gələcək münasibətlərin bərpası yönündə atılmış ciddi bir təməldir. Paşinyan Ermənistan hökumətinin başçısı kimi dolayı yolla nümayiş etdirdi ki, bütün düşmənçiliyi unudaraq normal qonşuluq münasibətləri qurmağa hazırdır. Məncə, verilən mesajlardan biri də bu idi.

Qənaətimə görə, Paşinyan Ermənistanın bütün siyasi çevrələrindəki şəxslərdən fərqli olaraq düşünür ki, Ermənistanın gələcəyi nə İran, nə Rusiya, nə digər ölkələrlə münasibətlərdən keçir. Buna görə də Qərbə inteqrasiya xəttini götürən Nikol Paşinyan bu yolun Türkiyədən keçdiyini anlayır. Bu səbəbdən də regionun əsas strateji ölkəsi olan iki türk dövləti – Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Əlbəttə, buna mane olmağa çalışan daxili və xarici amillər var. Birincisi, daxili ictimai rəydir, ikincisi də Rusiyanın Ermənistandakı “5-ci kolon”u və “Qarabağ klanı”dır. Artıq görürük ki, Paşinyan ictimai rəyi buna hazırlamaq üçünü ciddi təbliğat sistemi qurub.

Moskva görüşü öncəsi səsləndirilən sərt bəyanatların mahiyyəti bu idi ki, Azərbaycanla sülhün yeganə alternativi müharibədir. Yəni demək istəyir ki, əgər sülh istəmirlərsə, hər bir erməni ailəsi öz övladını növbəti müharibəyə hazırlamalıdır. Paşinyan da anlayır ki, erməni xalqı yeni müharibəyə hazır deyil. Buna görə də çox seçim qoymur - ya sülh, ya müharibə. Ermənistanın ictimai rəyi buna uzunmüddətli dirəniş göstərə bilməz. Müxalifət bunu “düşmənçilik” kimi qəbul edir, Paşinyanı xalqa “satqın” kimi göstərməyə çalışır və insanları müqavimətə çağırır. Bu qondarma prosesin içində din xadimləri, erməni kilsəsi də iştirak edir. Amma biz Paşinyan hökumətinə qarşı kütləvi etiraz görmürük. Bu da onu göstərir ki, Paşinyan təbliğat baxımından istəyinə nail ola biləcək.

Artıq ictimai rəyi hazırlayan bəyanatlar və sərt anti-Rusiya açıqlamaları verilir, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və sülh müqaviləsinin imzalanacağı mesajları bəyan edilir. Yəni Ermənistanda ictimai rəy sülhə hazırlanır. Digər yandan da Türkiyə ilə münasibətlərin bərpasına yönəlik ciddi bir jest edilir. Hədəf də əhatəli sülhə nail olmaqdır.

- Ermənistandan Rusiyaya yönəlik sərt və açıq mesajlara diqqət çəkdiniz. Necə düşünürsünüz: Ermənistanın Rusiyadan aralanması üçün münbit zəmin varmı?

- Ermənistanın Rusiyadan uzaqlaşması üçün ciddi cəhdləri var. İrəvan Kremlin Azərbaycanla sülh prosesində yer almasını da istəmir. Digər yandan, KTMT-dən uzaqlaşır, artıq Ermənistanın KTMT-nin heç bir toplantısında birinci şəxs səviyyəsində iştirak etmir, bu qurumun qəbul etdiyi sənədləri imzalamaqdan imtina edir. KTMT-nin hərbi təlimlərindən də yayınırlar. Artıq KTMT-dən çıxmaq məsələsi açıq formada qoyulub.

Ermənistan 10 noyabr anlaşmasının 9-cu bəndindən imtina etdi. 9-cu bənddə deyilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan bu ifadədən imtina etdiyini açıqladı. Ermənistan bütün sərhədlərinin öz sərhəd qoşunları tərəfindən qorunmasının vacibliyini bildirir. Yəni Rusiyanı prosesdən uzaqlaşdırmağa çalışır. Bu da o deməkdir ki, tədricən Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhəd qoşunları çıxarılacaq. Buna hazırlıq gedir. Bu da mərkəzdənqaçma prosesinin ən açıq nümunələrindən biridir.

Nəhayət, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı kontingetindən narazıdır və açıq şəkildə onları tənqid edir. Bu o deməkdir ki, Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşır. Paşinyan son Moskva görüşündə də göstərdi ki, Rusiya platformasında hansısa anlaşmanın əldə edilməsini istəmir. Liderlərin üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsi də bunu göstərdi. Rusiyadan sürətlə uzaqlaşan bir Ermənistan görürük. İstəyir Paşinyanın öz təşəbbüsü, istəyir Qərbin təhriki ilə olsun, əsas budur ki, bu proses gedir.

Sülh müqaviləsinin imzalanmasından, Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşmələrin çıxarılmasından və separatçı rejimin ləğv edilməsindən sonra növbə Rusiyanın Ermənistandakı hərbi bazalarına çatacaq. Bu gəlişmə Rusiyanın bu ölkədəki bazalarının çıxarılmasını tətikləyəcək. Əslində, Rusiyanı narahat edən ən ciddi məsələlərdən biri budur. Çünki rus qoşunlarının Azərbaycanla (Qarabağ) yanaşı, Ermənistandan çıxarılması da Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması anlamına gəlir.

- Xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən, ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Düşünürəm ki, ABŞ-ın öz əlini daşın altına qoyması və təşəbbüsü ələ alması Fransanın dağıdıcı fəaliyyətinin qarşısını almağa hesablanıb. Çünki Kişinyovdakı görüşdə Makronun öz dağıdıcı missiyasını davam etdirdiyini gördük. Diqqətçəkən bir məqam da Almaniyanın prosesə qoşulmasıdır. Yanlış olaraq düşünürlər ki, Almaniya Fransaya qarşı bir balans üçün bura daxil edilib. Bu belə deyil. Zənnimcə, bir “xristian klubu”nun müsəlman Azərbaycanına qarşı danışıqlar aparması sülh prosesinə töhfə vermir. Əlbəttə, Azərbaycan bununla razı ola bilməz. Kişinyovda elementar bir bəyanatın imzalanmaması da bunu ortaya qoydu. Buna görə də ABŞ Vaşinqton və Brüsseldə əldə edilmiş anlaşmalar, mövqelərin yaxınlaşması çərçivəsində geridönməz proses yaratmaq istəyir. Ən azı ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağ məsələsinin birdəfəlik həllinin formulunun tapılmasına cəhd edir.

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin Moskva görüşündən öncə separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyi ilə bağlı bəyanatını təqdir etdiyini açıqladı. Bu da o deməkdir ki, ABŞ həllin bu formulunu dəstəkləyir. Bu da Azərbaycanın mövqeyini gücləndirən amildir. Əslində, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən məsələ Qarabağla əlaqəlidir. Bu məsələ tam həll olunmalı və Ermənistan öz mövqeyini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqləməlidir ki, sülh müqaviləsi sürətlə imzalansın.

Sərhədlərin delimitasiyasına gəlincə, bu, uzunmüddətli məsələdir. Bunu illərlə danışıb, ayırıcı xətləri müəyyən etmək mümkündür. Məsələn, bu gün də Azərbaycan və Gürcüstan sərhəd məsələsini müzakirə edir. Ermənistanla da edə bilərik. Ona görə də sülh müqaviləsi ilə bağlı açar məsələ Qarabağla bağlıdır. Ermənistan ərazimizə əsassız iddiaya son qoyduğunu rəsmən təsdiqləməlidir ki, bu sazişi imzalamaq mümkün olsun. Bunun üçün də Ermənistanın Qarabağın dağlıq hissəsində qalan qoşunları çıxarılmalıdır. Ermənistan bu addımı atsa, məsələləri çözmək daha asan olacaq. Bunun alternativini isə Ermənistanla yanaşı, onun havadarları, Rusiya və Qərb də bilir. Azərbaycan bu prosesin uzun çəkməsinə uzun müddət dözməyəcək. Necə ki Laçın yolunda sərhəd-buraxılış məntəqəsini özümüz qoyduq, qalan məsələləri də birtərəfli qaydada beynəlxalq hüquq normaları çərçivəsində özümüz həll edə bilərik. Əvvəl antiterror əməliyyatları, sonra separatçı rejimin ləğvi və sair.

Azərbaycan bu addımları özü atsa, ABŞ-ın, ümumən Qərbin bu prosesdəki mövqeləri zəifləyəcək. Əlbəttə, ABŞ da, Avropa Birliyi də bunu istəməz. İndi ABŞ-ın imkanı var, bu imkanı fürsətə çevirə bilsə, prosesi finişə çatdırmaq mümkün olacaq.

Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ?Moskvadakı “Russia Today” beynəlxalq media mərkəzində “Kişinyovda böyük görüş: Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilməsi barədə xəbər vermişdik. Avropa İttifaqının himayəsi altında keçirilən “beştərəfli görüş”lə bağlı müzakirələrdə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov, Rusiya Federasiyası Hökuməti yanında Beynəlxalq Araşdırmalar İnstitutunun məlumatların tədqiqi laboratoriyasının direktoru Nikolay Silayev iştirak ediblər. Aleksey Muxin deyib ki, Avropa vasitəçiləri əslində heç bir məsuliyyət daşımırlar, onların siyasəti problemi həll etməyə yönəlməyib, daha çox təbliğat xarakteri daşıyır: “Bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur. Amma tərəflərin süni şəkildə bir araya gətirilməsi cəhdi var ki, mütləq nəyəsə imza atsınlar”.

Muxin onu da deyib ki, danışıqların nəticəsi olaraq, tərəflər nəyə imza atsalar da, bu, problemlərin həllinə gətirib çıxarmayacaq, yeni münaqişələr silsiləsinin əsasına çevriləcək: ""Minsk-2" kimi müqavilə imzalansa və riayət edilməsə - çox güman ki, bu baş verəcək - o zaman sazişin imzalanmasının təminatçıları üçün problemlər yaranacaq. Ona görə də Avropa İttifaqının məmurlarının yerinə olsaydım, belə tez sevinməzdim, gələcək haqqında düşünərdim”.

Nikolay Silayev “Qərbin sülhməramlı səylərini” Aİ və ABŞ-ın Rusiyanın regionda təsirlərini azaltmağa yönəldiyini deyib: “Onların mövqeyi bundan ibarətdir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi adlandırıla biləcək sənədi imzalayır, Rusiyanın vasitəçi və sülhməramlı kimi nüfuzuna zərbə vursunlar. Rusiyanın tarixən məntiqi belə olub ki, hər iki cəmiyyətin sülhə hazır olmasını təmin etsin, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlər öz həllini tapsın”.

Aleksey Martınov isə sayıqlayaraq deyib ki, “uzun illərdir ki, rəsmi İrəvanın niyə ikinci erməni dövlətini - "artsax"ı tanımağa cəhd etmədiyini başa düşmür". “Amma İrəvan daim Moskvaya başını yelləyərək deyir ki, Rusiya bunu etməlidir. Belə çıxır ki, erməni elitası Avropa üçün ağ və tüklü olmağa çalışır, eyni zamanda Kremlə də deyir ki, siz niyə bunu etmirsiniz?”, - deyə o bildirib.

Göründüyü kimi, bu müzakirələrdə iştirak edənlər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu həm də bir daha göstərir ki, Moskva Qərbin sülh səylərini bloklamaq istəyir və hətta sülh sazişi imzalanarsa, onun icra olunacağına imkan verilməyəcəyinə açıq işarə edir...

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanı narahat edir. Çünki rəsmi Kreml sülh sazişinin imzalanmasına və münasibətlərin normallaşmasına bir tərəfdən tərəflərə təzyiq imkanlarını itirmək kimi baxır, digər tərəfdən isə bunu özü üçün təhdid olaraq görür: “Rusiya bilir ki, sülh sazişinin imzalanması nəticə etibarı ilə sülhməramlı kontingentin tez bir zamanda ərazilərimizi tərk etməsi ilə nəticələnəcək. Çünki sülh varsa, hər hansı sülhməramlı qüvvələrə də ehtiyac qalmır. İkinci bir tərəfdən, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması deməkdir və belə olan halda, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının saxlanılmasına da ehtiyac yoxdur. O cümlədən də Paşinyan hakimiyyətinin Qərbə üz tutması yaxın perspektivdə həmin hərbi bazanın çıxarılması ilə bağlı məsələnin gündəmə gətiriləcəyi ehtimalını artırır. Bu isə Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılması deməkdir və rəsmi Kreml də məhz bunları nəzərə alaraq sülh sazişinin imzalanması ilə bağlı perspektivlərə bu cür reaksiya verir.

Əgər biz 44 günlük Vətən savaşından sonra Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların mövzusuna baxsaq görərik ki, bütün bu danışıqlarda gündəlikdə olan əsas məsələ nəqliyyat-kommunikasiya xətlərinin açılmasından, sərhədlərin delimitasiya və demarkasiyasından ibarət olub və bu günə qədər bir dəfə də olsun sülh sazişinin mətni ilə bağlı müzakirələr aparılmayıb. Sərhədlərin delimitasiyasına isə Rusiya öz əlində olan xəritələrlə manipulyasiya etmək və tərəflərə təzyiq etmək imkanı kimi baxır. Moskvadakı müzakirələrdə iştirak edənlər Rusiya hakimiyyətinə yaxın şəxslərdir və faktiki olaraq rəsmi Kremlin mövqeyini ifadə edirlər. Mövqe isə göründüyü kimi, ondan ibarətdir ki, “bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur”. Yəni başqa sözlə, Rusiyanın hakim dairələri adıçəkilən şəxslərin vasitəsilə həm Azərbaycan, həm də Ermənistana sülhə imkan verməyəcəkləri mesajını verirlər. Amma onların nə deməsindən asılı olmayaraq sülh sazişinin imzalanacağı halda Rusiyanın əlində elə bir imkanlar qalmayacaq. Uzaqbaşı separatçı rejimin tör-töküntülərini qızışdırmaqla onları silahlandırmaqla nəsə etmək istəyə bilər".

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, bu, Rusiyanın ənənəvi imperialist siyasətinin təzahürü, Ermənistan-Azərbaycan sülh prosesinə dair siyasi xəttinin necə nahamar olmasının işarəsidir: “Rusiya ənənəvi olaraq, "parçala və hökm et" fəlsəfəsinin ruhuna uyğun şəkildə Ermənistan və Azərbaycan arasında münaqişə ocağının qalmasına çalışıb. 2020-ci ildə Azərbaycanın Zəfər qazanması müəyyən mənada Rusiyanın Ermənistana münasibətdə ənənəvi tərəfkeşliyindən tərəfsiz mövqeyə keçid etməsi ilə əlaqələndirilə bilər. Bu, oradakı hakimiyyətin 2018-ci il “məxməri inqilabı”ndan sonra qərbyönümlü olmasına cavab hesab edilə bilər. Lakin ümumilikdə Rusiyanın ənənəvi siyasəti dəyişməyib, imperialist siyasət davam edir. Qafqazda sülh prosesinə dair mövqeyi də əslində onun burada öz varlığını qorumaq, prosesdən Qərbi uzaqlaşdırmaq cəhdidir. Qərb təsisatlarının vasitəçiliyi ilə Brüsseldə, Vaşinqtonda keçirilən görüşlər təbii ki, müsbət nəticələrlə sona çatır. Lakin Rusiyanın bölgəyə təsir mexanizmini nəzərə alaraq, proses daima Moskva ilə razılaşdırılmağa məcburdur. Ermənistan-Azərbaycan sülh sazişi artıq çox yaxında görünür, çünki Paşinyan və onun timsalında Ermənistan siyasiləri Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını ifadə edib. Azərbaycan-Ermənistan sazişi təbii ki, “Minsk-2" olmayacaqdır, çünki Azərbaycan Ukrayna deyil. Bu fikri səsləndirənlər ya şovinist ruslar, ya da qatı ermənipərəst revanşistlər olmalıdır. Hazırda Ermənistanın ukraynalılaşması daha böyük ehtimaldır, nəinki əksinə”.
“Yeni Müsavat”

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şöbə rəisini işdən çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emin Xanəhməd oğlu Bəybalayev Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Onun xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı bildirilir. 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 6-cı bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-cü maddəsinin 6-cı bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

1.3. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-1-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 15.3-1-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 15.3-1-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

1.6. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 11.2-ci və 11.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinə münasibətdə) nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 621; 2002, № 12, maddə 719; 2008, № 10, maddə 893, № 11, maddə 966; 2014, № 11, maddə 1383; 2018, № 7 (I kitab), maddə 1470) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “idarədaxili nəzarəti” sözlərindən sonra” sözləri “(birinci halda)” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü abzasda “idarədənkənar nəzarəti isə” sözlərindən sonra” sözləri “(ikinci halda), 14-cü maddəsinin 6-cı bəndində” sözləri ilə əvəz edilsin;

3.3. yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“həmin Qanunun 14-cü maddəsinin 6-cı bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

4. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672, № 12 (I kitab), maddə 2553; 2019, № 8, maddə 1386; 2020, № 4, maddə 405, № 5, maddə 562; 2022, № 8, maddə 867; 2023, № 2, maddə 246; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli 2100 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “16.2-ci” sözlərindən əvvəl “15.3-1-ci (hər iki halda),” sözləri əlavə edilsin;

4.2. 2.7-1-ci bənddə “16.2-ci maddəsində” sözləri “15.3-1-ci (birinci halda), 16.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.3. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:

“2.11. həmin Qanunun 15.3-1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.”.

5. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 462; 2010, № 5, maddə 402; 2017, № 1, maddə 34; 2021, № 12, maddə 1427) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

5.2. 2.1-1-ci bənddə “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;

5.3. 2.2-ci bənddən “, 11.2-ci, 11.3-cü” sözləri çıxarılsın;

5.4. aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. həmin Qanunun 11.2-ci və 11.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinə münasibətdə) nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 480; 2014, № 9, maddə 1045; 2023, № 1, maddə 75) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamənin 11.1-ci və 12.1-ci bəndlərinə “Nazirliyinə” sözündən sonra “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri əlavə edilsin.

2. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 556) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. üçüncü abzasdan “35-ci maddəsinin 1-ci və” sözləri çıxarılsın və həmin abzasda “hissələrində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

2.2. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin onuncu abzasında və 35-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər.”.

3. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 342; 2014, № 12, maddə 1554) 2.4-cü bəndinə “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405, № 9, maddə 1152, № 12 (I kitab), maddə 1460; 2022, № 8, maddə 856, № 10, maddə 1140) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.0.11-1-ci yarımbənddə “məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək” sözləri “karantin və ya məhdudiyyət tədbirləri tətbiq etmək” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 3.0.33-23 – 3.0.33-26-cı yarımbəndlər əlavə edilsin:

“3.0.33-23. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;

3.0.33-24. heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;

3.0.33-25. heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;

3.0.33-26. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək;”.

5. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 672) 1.5-ci bəndi ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ermənistanı yanına çəkən İranın SÜLHÜ POZMA PLANI - Bunun BAŞQA ADI YOXDUR...İran İslam Respublikası tarixi mövqeyinə sadiq qalaraq, Ermənistana dəstəyini davam etdirir.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həlledici mərhələyə girdiyi bir vaxtda İranın bu erməni təəssübkeşliyi təsadüfi deyil. Hazırda Azərbaycan və Türkiyə, bəzi məqamlarda hətta Rusiya (öz maraqları naminə) Ermənistanın bölgədə kommunikasiyalardan kənarda qalmasından arqument kimi istifadə edərək, sülh prosesini tezləşdirməyin onun öz faydasına olacağını vurğulayırlar. Belə bir məqamda Ermənistana “nəfəs vermək”, onu alternativ kommunikasiya layihələrinə qoşmaq təşəbbüsü sülh prosesinin əngəllənməsinə xidmət edir. Rəsmi Tehran məhz bu cür təşəbbüslərə əl atmağa başlayıb.

İyunun 6-dan Ermənistanın “FlyOne Armenia” aviaşirkəti İrəvandan Tehrana və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. Bu gün İrəvandan İranın paytaxtına ilk uçuş həyata keçirilib. Uçuşlar həftədə dörd dəfə yerinə yetiriləcək. Bu, işğalçı dövlətə əlavə nəfəslik açmaq, onun danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyini stimullaşdırmaqdır.

Cənub qonşumuzun daha bir dəstəyi Ermənistanın Sünik bölgəsi ilə bağlıdır. İranın Sünik bölgəsində konsulluğunun açılmasından sonra Ermənistan iranlı həmkarları ilə iqtisadi və sosial proqramlar ətrafında müzakirələrə başlayıb. Bunu Sünik vilayətinin qubernatoru Robert Qukasyan deyib.

“İnvestisiya, mədəni və sosial proqramlar var. Biz hələ proqramların icrasına başlamamışıq, lakin tezliklə start verilməlidir”, – Qukasyan bildirib.

O, iki ölkə arasında münasibətlərin hər zaman isti olduğunu, Sünikdə Baş Konsulluğun açılışının daha əvvəl baş verməli olduğunu, lakin bir çox texniki problemlərə, əsasən də ünsiyyətə görə təxirə salındığını vurğulayıb.

Ermənistanın bölgədəki kommunikasiya layihələrindən kənarda qalması onu sülh danışıqlarında konstruktiv mövqeyə yaxınlaşdıran əsas amillərdəndir. Baş nazir Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan özünü saldığı blokada vəziyyətindən çıxmalı, regional layihələrə qoşulmalı, münaqişədə olduğu qonşularla münasibətləri normallaşdırmalıdır. İndi Tehran rejiminin Ermənistana investisiya vədləri verməkdə və nəqliyyat-logistika dəstəyi göstərməkdə bir məqsədi var: İrəvan sülh danışıqlarında mümkün qədər rahat davransın, alternativ variantları olduğunu əsas gətirərək, inadkar mövqeyini qoruyub saxlasın.

Press Klub
Sonuncu "Qisas" əməliyyatı olacaq? - AKTUAL

Ermənistanı qızışdıran Rusiya, İran, Fransa kimi ölkələr də başa düşməlidir ki, Azərbaycanın məramı çox ciddidir
İyunun 4-də Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ağdam rayonu istiqamətində yerləşən ordu mövqelərimiz üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb. Bundan başqa, həmin gün Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunda yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutublar.
erməni tərəfinin növbəti təxribatı ilə bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, ermənilər istənilən önəmli hadisədən əvvəl, ya sonra təxribatlara əl atırlar. Professor vurğulayıb ki, son günlər müşahidə olunan ardıcıl görüşlərdə müəyyən dərəcədə irəliləyiş var: "Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, proses belə davam edərsə, ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Baş nazir Nikol Paşinyan da birmənalı bunu istəyir. ABŞ və Avropa Birliyi də Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasında maraqlıdır. İndiki məqamda bölgədə sülhün əleyhinə olan yeganə güc Rusiyadır. Rusiyada hərbi elitaya daxil olan qüvvələr və erməni kilsəsi iki ölkə arasında sülh sazişinin imzalanmasını əngəlləməyə çalışır. Buna mane olmağın yolu da təmas xəttində qarşıdurma, atəşkəsin pozulması və Qarabağda təxribatlar törətməkdir. Məqsəd milli hisslərimizlə oynamaqla Azərbaycan Ordusunu təhrik etməkdir".
C.Nuriyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanla sərhəddə öz istəyinə nail ola bilmir: "KTMT-nin 4-cü maddəsini işə salmağa cəhd göstərsələr də, Azərbaycan Ordusu təxribata getmir. Eyni zamanda Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə də qarışıqlıq yaratmaq cəhdləri boşa çıxır. Əlbəttə, Azərbaycan Ordusu tələsmir. Antiterror əməliyyatının başlama qərarını ölkə rəhbərliyi ən uyğun vaxtda verəcək və bu, sonuncu "Qisas" əməliyyatı olacaq. Ermənilərin başqa çıxış yolu yoxdur. Postmüharibə dövrünün reallıqları sülh sazişinin tezliklə imzalanmasını tələb edir. 6 ay ərzində sülh müqaviləsini imzalamağa məcburdurlar. Ermənistanı qızışdıran Rusiya, İran, Fransa kimi ölkələr də başa düşməlidir ki, Azərbaycanın məramı çox ciddidir".

İrəvanın “ötür-ötür oyunu”: Sülh müqaviləsi dalana dirənir - Görünəni odur ki...

Yaxın zamanda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı ehtimal özünü doğrultmaya bilər.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan yerli mətbuata açıqlamasında bildirib ki, bu ilin sonuna qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər. Bu yaxınlarda Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə hər iki tərəfin bəzi mühüm məsələlər üzrə ortaq məxrəcə gəlməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımasını bəyan etməsi göstərir ki, yay aylarında ABŞ və ya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında ən azı ilkin sülh sazişinin imzalanması mümkündür. Ancaq Qriqonyanın bəyanatından görünür ki, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə sülh prosesini uzatmağa çalışır.

Ümumiyyətlə, İrəvan hansı güc mərkəzlərinin təhriki ilə prosesdən yayınır?

Məsələ ilə bağlı politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Soros Fondunun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan və onun komandası məhz Qərbin göstərişləri əsasında hərəkət edir:

“Ermənistan hakimiyyətinin xarici siyasətini, yəni Avroatlantik meyilli siyasət yürütməsini nəzərdən keçirsək, şübhəsiz ki, İrəvanın regionda, eləcə də ölkə daxilində Rusiyanın təsir imkanlarının azalması istiqamətində addımlar atdığını görərik. Regionda geosiyasi reallıqlar onu göstərir ki, Ermənistan Qərbə doğru inteqrasiya etməyə çalışır. Ermənistanın Rusiyanın layihələri – Avrasiya İqtisadi İttifaqı və KTMT-də hazırki fəaliyyətinin passiv olması məhz bununla bağlıdır.

Ermənistanın KTMT-nin son təlimlərində iştirak etməkdən boyun qaçırması və NATO-nun təlimlərinə üstünlük verməsi birmənalı şəkildə Qərb dairələrinin tapşırıqlarının yerinə yetirilməsindən irəli gəlir. İstər Rusiya, istərsə də Azərbaycanla bağlı siyasətdə Paşinyan hakimiyyəti ABŞ-ın göstərişlərinə əsasən manevrlər edir. Nə ABŞ, nə də Avropa İttifaqı Paşinyana sərbəst və azad hərəkət etməsinə imkan verməzlər”.

Politoloqun sözlərinə görə, ABŞ və Aİ-nın Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsləri hər ikisinin Cənubi Qafqazla bağlı geosiyasi hədəflərindən irəli gəlir:

“ABŞ və Aİ-nın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmalarının səbəbləri birbaşa regionda geosiyasi maraqları ilə bağlıdır. Məsələn, Azərbaycan, Türkiyə və Rusiya üçün önəmli olan regional kommunikasiyaların açılması məsələsində Vaşinqton və Brüssel fərqli mövqe sərgiləyir.

2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət etməlidir. Lakin ABŞ və Avropa İttifaqı bunun əlehinədir. Bayden administrasiyası bəyan edir ki, Ermənistan müstəqil dövlət olduğu üçün ərazisindən keçən yola özü nəzarət etməlidir. Əlbəttə, beynəlxalq hüquq normalarına görə, Ermənistanın buna haqqı çatır.

Amma burada ciddi problemlər yarana bilər. Həmin yola, yəni Zəngəzur dəhlizinə Ermənistan sərhədçilərinin nəzarət etməsi Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına nə dərəcədə cavab verəcək? Bu suala indindən cavab vermək qeyri-mümkündür. Ona görə də sülh müqaviləsinin imzalanmasından əvvəl hər iki dövlət arasında ilk növbədə nəqliyyat kommunikasiyaların açılmasına nail olmaq lazımdır, ondan sonra isə iki dövlətin sərhəd ərazilərinin delimitasiyası istiqamətində danışıqlar aparılmalıdır. Bu iki məsələdə uğur əldə etdikdən sonra sülh müqaviləsindən danışmaq olar”.

E.Manafov vurğulayıb ki, Ermənistan hakimiyyətinin sülh müqaviləsi ilə bağlı bəyanatları yalnız manipulyasiya xarakteri daşıyır:

“Erməni tərəfi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, guya İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bununla yanaşı, Ermənistan tələb edir ki, Azərbaycan Qarabağın erməni ictimaiyyətinin təhlükəsizliyinin təminatına beynəlxalq mexanizm çərçivəsində zəmanət versin. Halbuki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağ onun daxili işidir və heç bir güc mərkəzi bu məsələyə müdaxilə edə bilməz.

Ölkəmizin rəhbərliyi onu da bildirib ki, Qarabağda məskunlaşan ermənilərin hüquqları və təhlükəsizliyini öz konstitusiyası, o cümlədən beynəlxalq hüququn normaları çərçivəsində təmin edəcək. Paşinyanın sülh müqaviləsi ilə bağlı bəyanatları Ermənistanın daxili auditoriyasında narahatlıqların aradan qaldırılmasına hesablanıb. Eyni zamanda, Ermənistan bu kimi addımlarla beynəlxalq ictimaiyyətin gözü qarşısında özünü “sülh göyərçini” kimi göstərməyə çalışır”.

Xəbər lenti