![]() |
|
Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.
Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən deyib.
“İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır. Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir”, - deyə dövlət başçısı bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
“Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.
Report xəbər verir ki, Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.
Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir.
İclasda “Ordubad” və “Marazad” su elektrik stansiyaları, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə olunur.
Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.
Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.
Prezident İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib.
O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, mayor Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.
Postsovet respublikalarının müstəqilliyi ilə barışa bilməyən Rusiya rəsmiləri “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını “Laçın dəhlizinin blokadaya alınması” hesab edir və buna görə Azərbaycanı “Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun cavab verəcəyi” ilə hədələyirlər.
Reyting.az məlumatına görə, bunu politoloq Xəqani Cəfərli Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın atəşkəs rejiminin pozulması hallarının artmasından və Laçın dəhlizinin “blokadaya” alınması haqqında fikirlərini şərh edərkən deyib.
X. Cəfərli əlavə edib ki, Ukraynada ağır itkilər verən Rusiyanın Azərbaycanı hədələməsi Ukraynada qalib olacağı təqdirdə Azərbaycana qarşı sərt davranacağı haqqında aylar öncə söylədiklərini təsdiqləyir. Onun sözlərinə görə, bu gerçəkliklər ortada olduğu halda Rusiyanın qələbəsini arzulayanların kimə və nəyə xidmət etdiyi aydın olur.
Politoloq qeyd edib ki, quru qoşunlarının 94 faizi Ukraynaya qarşı müharibəyə cəlb olumuş Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyat keçirmək imkanı yoxdur: “Əksinə, belə bir avantüra Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad olunmasının və Rusiyanın Xəzərdəki donamasının məhv edilməsinin yolunu açacaq. Ona görə də Azərbaycan dövləti və cəmiyyəti Rusiyanın təhdidlərinə sərt cavab verməlidir”.
X. Cəfərli bildirib ki, ölkəmizi təhdid edən Rusiyanın Azərbaycan cəmiyyətində təbliğatının qarşısı alınmalıdır.
X. Cəfərli açıqlamasını bu fikirlərlə yekunlaşdırıb:
“Şuşa azad olduğu kimi, Dərbənd də mütləq azad ediləcək. Kimsə buna şübhə etməsin!”.
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Sənədə əsasən, “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunu ləğv edilib.
Bundan başqa, dövlət başçısı “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021-ci il mayın 28-də Minsk şəhərində imzalanmış “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar (qurumlar) qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.