İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın tarixi ərazisinin bölünməsi böyük dövlətlərin türk dünyasını parçalamaq planlarının tərkib hissəsi olub.

Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ən optimal yol Ermənistandan keçdiyinə görə, beynəlxalq hüquq təcrübəsinə əsasən, bu ölkənin Zəngəzur dəhlizinin qurulmasına qarşı çıxmağa ixtiyarı yoxdur.

Odur ki, Zəngəzur dəhlizi qaçılmaz tarixi reallıqdır.

Daha ətraflı “Caliber”in videomaterialında:

Qarabağdakı `3 məchul`: Xankəndi, Xocalı, Xocavənd... - son nöqtəni ORDU QOYUR

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edir:

- Azərbaycan ordusunun Xankəndi və ətrafında mümkün “Qisas-3” əməliyyatı bir neçə gündür Ermənistanın gündəmindədir. Siz hər iki ölkənin mediasında aktiv müzakirə olunan bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Növbəti əməliyyatın Xankəndidə olacağı ehtimalı çox yüksəkdir. Ermənilər, daha doğrusu, separatçılar Azərbaycanı bu əməliyyatları keçirməyə vadar edir. Sanki tələsirlər ki, canlarını Qarabağ bəlasından tez qurtarsınlar. Özləri də anlayırlar ki, qatar gedib. İndi qızışdırıcı mövqedə dururlar ki, Azərbaycan buna reaksiya versin. Üç il əvvəl Paşinyanın Şuşada etdiyi hərəkətləri təkrarlamağa çalışırlar ki, Azərbaycanı buna sövq eləsinlər. Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisində də çözməyə hazırdır. Ümumilikdə isə görünən odur ki, istənilən vaxt əməliyyatlar başlaya bilər. Hansısa ölkə buna görə bizə nə bir söz deyə, nə də öz iddiasını irəli sürə bilər. Bu, Azərbaycanın daxili işidir.

Bəli, buna hazırıq. Əslində, Azərbaycan üç ildir – müharibədən sonra buna hazırlıq görürdü. Artıq yetişib.

- Hazırda Rusiya sülhməramlılarının bölgədə olduğunu nəzərə alsaq, mümkün əməliyyata rusların yanaşması necə ola bilər?

- Əlbəttə, ruslar mənfi yanaşacaqlar, bunun əksini gözləməyə də dəyməz. Çünki bu separatçı oyunların hamısının arxasında Rusiya durur. Rejissorları da, baş rol ifaçıları da ermənilərlə birlikdə özləridir. Əməliyyat başlamamışdan əvvəl Azərbaycan mediasında bu məsələni ciddi qaldırmaq lazımdır. Azərbaycan təcili parlament səviyyəsində Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması məsələsini müzakirəyə qoymalıdır. Bunun başqa yolu yoxdur.

Beynəlxalq hüquqa görə də, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə BMT-nin mandatı ilə gəlməyiblər. Biz bunu tələb etsək, burada beynəlxalq hüququn hansısa qaydası pozulmur. Görünən budur ki, Azərbaycan bu məsələlərə hazırdır. Amma biz o məsələni qaldırmalıyıq ki, biz rus sülhməramlılarının Qarabağdan çıxmasını istəyirik. İndidən bu məsələ qoyulmalıdır ki, rus sülhməramlıları ilin axırına qədər Azərbaycanı tərk etsinlər.

- Baş separatçı Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə məktub yazdığı deyilir. Rusiya liderinin separatçıya cavabı olacaqmı?

- Bu dəqiqə Putin elə bir vəziyyətdə deyil ki, Arutyunyanı dəstəkləsin. Əslində, bu, Ermənistan mediasının Azərbaycanın nəbzini yoxlamaq üçün gündəmə gətirdiyi bir məsələdir. Bəlkə də o məktub yoxdur, xəyali bir məktubdur. Olsa da belə, bunun hüquqi gücü yoxdur. Çünki “Dağlıq Qarabağ” adlı bir anlayış mövcud deyil. Olmayan bir şeyin “başçı”sı necə olsun?

- Separatçılar onu da iddia edirlər ki, Ermənistan rəsmiləri, həmçinin Baş nazir Nikol Paşinyan artıq onların telefon zənglərinə cavab vermirlər. Bəs bu iddia nə qədər doğru ola bilər?

- Bu ehtimal düzdür. Çünki Paşinyan nə Xankəndidəki separatçıları eşitmək, nə də onların zənglərinə cavab vermək istəyir. Paşinyanın özü də gözəl bilir ki, belə məsələlər onun özünə də ziyandır.

- ABŞ-ın Ermənistandakı səfiri Kristina Quindən maraqlı açıqlama gəldi. O bildirdi ki, ABŞ ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır. Amerikalı diplomatın açıqlaması Ermənistanda və separatçılar arasında "rezonans" doğurub. Sizcə, indiyədək Qarabağ məsələsi ilə bağlı ziddiyyətli mövqe tutan ABŞ indi niyə birdən-birə Azərbaycanın haqlı mövqeyini dəstəkləmək qərarına gəlib?

- Əslində, bu, birdən-birə olmadı. ABŞ son zamanlarda həm Azərbaycan, həm də Ermənistan tərəfini araşdırırdı. Gördü ki, Azərbaycan bu məsələdə haqlıdır. İkincisi, ABŞ-ın burada Qafqaz marağı var. Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışır. Ona görə də, ABŞ-ın verdiyi qərar düzgündür və ən ağıllı qərardır.

- Bəs Rusiyanı bölgədən çıxarmaq üçün münbit zəmin yaranıbmı?

- Ən azı Rusiyanı Qarabağdan çıxarmaq üçün Azərbaycanın bütün hüquqları var. Rusiya sülhməramlıları üçtərəfli bəyanatın (10 noyabr) bəndlərini icra etməyiblər. I, IV və IX bəndlər indiyədək yerinə yetirilməyib. Ruslar üzərlərinə götürdükləri öhdəliklərinə yerinə yetirmədiklərinə görə, Azərbaycan beynəlxalq hüquq müstəvisində bu missiyadan imtina edə bilər. Buna görə “yeni Amerika” kəşf etməyə ehtiyac yoxdur.

- Xarici işlər nazirlərinin son iki ayda ABŞ-da iki görüşü keçirildi. Hər görüşdən sonra dövlət katibi Entoni Blinken irəliləyişin olduğunu dedi. Sizcə, söhbət hansı istiqamətlər üzrə irəliləyişdən gedir?

- ABŞ Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beş prinsipi qəbul edib. Bu, BMT-nin prinsipləridir. Buna görə də Ermənistanın hüquqi cəhətdən Azərbaycana təzyiq etmək imkanları yoxdur. ABŞ da bunu gördü. Bu baxımdan, Vaşinqtondakı son müzakirələr Azərbaycanın siyasi qələbəsi hesab olunmalıdır.

- Bəs liderlərin qarşıdakı Brüssel görüşündən gözləntiniz necədir? Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını bəyan edən Nikol Paşinyan həmin görüşdə bu sözünün altından imzasını ata bilərmi?

- Paşinyanın ayrı çıxış yolu yoxdur. Onu hakimiyyətə gətirən Qərbdir. Amerikanın tapşırıqlarını icra elməsə, Qərbin özü Paşinyanı yıxacaq. Hakimiyyət də şirin bir şeydir, Paşinyan da onu itirmək istəmir.

Paşinyan baş nazir olmadığı dönəmdə Azərbaycanın mövqeyindən çıxış edirdi, Sərkisyanı tənqid edirdi, Qarabağla bağlı da tamam ayrı mövqedə idi. İndi hakimiyyət və imkanlar əlindədir, demək, hər şeyi dəyişməlidir.

Okeanın o tayından İMTİNA gəldi... - Ümidləri BU TAYADIR...

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının Azərbaycan tərəfindən müdafiəsi məsələsi ilə bağlı danışıb.

O bildirib ki, bu mümkündür:

“Biz inanırıq və ümid edirik ki, bu, mümkündür. Fikrimizcə, bütün tərəflər bunun üçün birgə səy göstərməlidirlər. Birləşmiş Ştatlar bunun düzgün yanaşma olduğuna əmindir və tərəfləri hüquq və təhlükəsizliyin qorunmasını təmin etməyə çağırır. Artıq sözügedən tərəflər bunu bəyan ediblər. İndi məsələnin düzgün yolunu tapmaq qalır”.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında vurğulayıb ki, separatçılar və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağdan getdikdən sonra Azərbaycan orada qalan dinc erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə tam təminat verəcək. Artıq ABŞ-ın da Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi görülür.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, ABŞ birmənalı şəkildə postmüharibə dövründə Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam olaraq dəstəkləyir:

“Ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı uğurların artmasını, Azərbaycanın ərazilərində separatçılıq meyillərinin Rusiya tərəfindən dəstəkləndiyini və rəsmi Moskvanın öz geopolitik çıxarları naminə burada vəziyyəti gərginləşdirdiyini yaxşı başa düşən ABŞ Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda beynəlxalq hüquq tərəfindən tanınan suveren ərazilərini qorumaqla bağlı mövqeyini ifadə edir.

O baxımdan, Vaşinqtonun həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı davam edən uğurlu moderatorluq prinsipləri, həm də Qarabağ üzərində Azərbaycanın yuristikasının tam olaraq tanınması və Ermənistanı buna hazırlamaqla bağlı ortaya qoyduğu mövqe kifayət qədər təqdirediləndir.

Nəhayət ki, 30 il ərzində ATƏT-in Minsk qrupunda Rusiya və Fransa ilə birlikdə ədalətsizliyə xidmət edən ABŞ artıq bölgənin, dünyanın, özəlliklə Cənubi Qafqazın rifahı və inkişafı üçün Rusiyanın imperiyalist ambisiyalarının yekunlaşması üçün Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməli olduğunu birmənalı şəkildə dərk edir”.

Amerikanın gözlənilən bəyanatı və Araik üçün “dar ağacı” - NƏ BAŞ VERİR?Xankəndinin gündəliyi Bakı ilə danışıqlardır. Bir müddət əvvəl “heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını” bəyan edən qondarma qurum “rəhbərləri” indi başqa əhvaldadırlar. Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyasının qaçılmaz olduğunu anlayan separatçılar artıq ritorikanı dəyişib, Bakı ilə təmaslar üçün şərtləri müzakirə edirlər. Xankəndinin mövqeyindəki bu dəyişiklik bir yandan, əlbəttə, Azərbaycanın haqlı və güclü mövqeyinin nəticəsidirsə, digər tərəfdən Azərbaycan və Ermənistan liderlərinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bəyanatları ilə şərtlənir.
Separatçıların lideri Arayik Arutyunyan dünən qondarma parlamentin iclasında çıxışı zamanı bildirib ki, danışıqlara başlamaq üçün Bakı “müdafiə ordusu”nun buraxılmasını tələb edir. “Onlar bizə qaz və işıq verməyə hazırdırlar, lakin bunun üçün biz Bakıya getməliyik. Sual yaranır: Bakıya niyə getməməliyik? Çünki Bakı bu gün bizimlə yalnız bir mövzunu – inteqrasiyanı müzakirə edir. Müxalifət deyir gedək, danışaq, inandıraq… Mən iki il çalışdım. Kimsə düşünə bilər ki, pis danışıqçıyam, amma son vaxtlar danışıqları mən aparmıram, yenə də nəticə yoxdur.

Azərbaycan bizə deyir: danışıqlara başlamaq üçün ilk şərt müdafiə ordusunun buraxılmasıdır. Yaxşı, ordunu dağıdaq, danışıqlara gedək. Ardıcıllıq isə belə olacaq: ordu buraxılsın, dövlət idarə sistemi ləğv edilsin, yerli seçkilər mexanizmi yaradılsın, bundan sonra qaz, işıq verilsin və insanlarımıza Azərbaycan vətəndaşı kimi yol ilə gediş-gəlişə icazə verilsin”.

Arutyunyanın dedikləri prosesin hansı mərhələdə olduğunu aydın şəkildə göstərir. Separatçı qurumun “rəhbərliyi” perspektivin onlar üçün arzuolunan olmadığını artıq anlayıb və məsuliyyət məsələsini müəyyənləşdirmək üçün daxili təlatümlər başlayıb.

Araikin dediyi həmin “müxalifət” də bəllidir. Keçmiş “Qarabağ ordusunun komandanı” və “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan Bakı ilə Xankəndi arasında birbaşa dialoqun başlanmasının zəruriliyini bəyan edib. Bu həmin Babayandır ki, 44 günlük müharibədən dərhal sonra, 9 noyabr bəyanatına etiraz əlaməti olaraq, tutduğu “Təhlükəsizlik Şurasının katibi” postundan istefa vermiş və “Arsax qəhrəmanı” adından imtina etmişdi. Dərhal sonra isə İrəvanda Paşinyanın devrilməsi üçün revanşistlər tərəfindən başladılan etiraz aksiyalarına qoşulmuşdu. Babayanın revanşistlərə qoşulmasında qeyri-adi heç nə yoxdur, çünki onun özü həmin qüvvələrin ən fəal üzvlərindən biridir. Birinci Qarabağ müharibəsində xüsusilə Laçın yolunun tutulması və Şuşann işğalında ciddi iştirakı olub. 1993-cü ildə Serj Sarkisyan Ermənistanın müdafiə naziri təyin olunduqdan dərhal sonra Babayan “Arsax müdafiə ordusunun komandanı” oldu. Yəni, Azərbaycan torpaqlarının isalında bunca ciddi rol oynamış və 30 il ərzində həmin mövqeyini qoruyub saxlamış birinin bu gün Bakı ilə birbaşa danışıqlara çağırması düşündürücüdür. Səbəb, yuxarıda qeyd etdiyimiz “məsuliyyət məsələsi” ola bilər. Vəziyyətin çıxılmaz olduğunu anlayan və inteqrasiya perspektivinin real olduğunu görən revanşist qüvvələr Araiki, onların təbirincə, “dar ağacı”na itələyirlər. Araik Arutyunyan isə “mən danışıqların tərəfdarı deyiləm, amma baxın, vəziyyət bu cürdür və bundan da ağır olacaq” ritorikası ilə əhalini qarşıdakı hadisələrə hazırlayır. Onun son çıxışı və Rusiya prezidentinə yazdığı, hələlik mətni gizli qalan məktubu də bu “müqavimət görüntüsü”nü yaratmaq üçündür – yəni, “mən əlimdən gələn hər şeyi etdim”. Yeri gəlmişkən, sosial şəbəkələrin erməni seqmentində bəziləri Araikin bu addımını “onsuz da qaçacaq, qalan ömrünü Rusiyada, yaxud Fransada qəhrəman kimi yaşamaq istəyir” sözləri ilə şərh edirlər.

Və ən maraqlı fakt. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn maraqlı bir açıqlama verib. Səfir bildirib ki, ABŞ Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan daxilində təmin ediləcəyinə inanır: “Biz bunun mümkün olacağına inanırıq və ümid edirik. Hesab edirik ki, bunun üçün bütün tərəflər birgə səy göstərməlidir. ABŞ hesab edir ki, bu, düzgün yanaşmadır və bütün tərəfləri (Qarabağda yaşayanların) hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etməyə çağırır. Bunu bütün tərəflər deyib, indi bunun düzgün yolunu tapmaq qalır”, – o, Ermənistanın İctimai telekanalına müsahibəsində bildirib.

İlk dəfədir ki, ABŞ rəsmisi açıq şəkildə Qarabağın Azərbaycanın tərkibində qalacağını, indi müzakirənin yalnız oranın erməni əhalisinin necə yaşayacağı barədə getdiyini deyir. Özü də bunu söyləyən Amerikada, yaxud Azərbaycanda işləyən bir diplomat deyil, İrəvanda səfir olan bir şəxsdir. Bu, həm Ermənistanın, həm də qondarma və separatçı qurumun liderləri üçün kifayət qədər ciddi mesajdır. Əslində prosesin bu istiqamətdə getdiyini son iki ildə ABŞ da, Ermənistan da, Azərbaycan də bilirdi, lakin rəhbərlər və diplomatlar səviyyəsində. İctimaiyyətin və medianın diqqətinə rəsmi mənbədən ilk dəfədir səslənir.

Beləliklə, haqlı və güclü Azərbaycan üçün şərtlərin ən optimalını diktə etmək və sülhün ən sərfəlisinə nail olmaq məqamıdır. Dövlət, diplomatiyamız bu məqamdan necə yararlanacaq – inanaq ki, ən yaxşı şəkildə. Və gözləyək…

Qabil Abbasoğlu - Pressklub.az

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Hörmətli nazirlər.

Xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə salamlayıram.

Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.

2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz, həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük.

Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.

Yuxarıda qeyd etdiyim mart sammitində mən, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdim. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.

Xanımlar və cənablar, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.

Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir.

Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik.

Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.

Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.

Əziz dostlar, iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlər bizim daimi diqqətimizi tələb edir. İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır və ekzistensial təhlükə ilə üzləşirlər. Miqrant qayıqlarının Aralıq dənizində qəzaya uğramasının dəhşətli fotoları xüsusilə narahatedicidir.

Fikrimizcə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir.
Xanımlar və cənablar, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.

Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdi. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı yalnız etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdi.

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.

İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir.

Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir.

Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.

Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.

Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər.

Ermənistan, həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsində tam şəffaflığı təmin etməli və əməkdaşlıq etməlidir.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadrat kilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.

Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.

Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.

Xanımlar və cənablar, fürsətdən istifadə edərək, işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edirəm.

Mən, həmçinin Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə həmrəyliklərinə və Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı nazirlər görüşünə uğurlar arzu edirəm. Əminəm ki, bu görüş səmərəli və nəticəyönümlü müzakirələrlə yadda qalacaqdır.

Təşəkkür edirəm”.

Nazirlər görüşü işini müzakirələrlə davam etdirib.

***
Prezident İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında çıxış edib.


***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxış edir.

Bu barədə “Report”un toplantıda iştirak edən əməkdaşı xəbər verir.

***
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında çıxış edəcək.

İclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən xarici işlər nazirləri, nazir müavinləri iştirak edirlər.  

İclas iyulun 6-da yekunlaşacaq.

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib.

Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib:

“Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib.

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlət başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

“Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir”.

Bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

Xəbər lenti