![]() |
|
Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.
Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.
Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.
Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
Məktubu təqdim edirik:
"Hörmətli Hikmət Hacıyev.
Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.
Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.
Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.
Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır".
Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.
"APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.
Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.
Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.
Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!
Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"31 Mart Azərbaycanın Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə günahsız azərbaycanlının xatirəsini yad edirik.
Ermənistan tərəfindən günahsız azərbaycanlılara qarşı kütləvi deportasiya, etnik təmizləmə və soyqırımdan tutmuş hərbi cinayətlərə qədər bu cür dəhşətli əməllərin təkrarlanması, bu vəhşiliklərə görə məsuliyyət daşıyanların cəzasız qalmasına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq".
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən xəbərə görə, bəyanatda deyilir:
"Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.
Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.
Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla baş verənlərə siyasi qiymət verilib.
XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib.
Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.
Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!".
Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında foto paylaşıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, sabah Xalq artistinin 80 yaşı tamam olur.
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bayram münasibəti ilə xalqa ünvanlanan müraciətdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.
Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".