Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında böyük təqdirlə qarşılanıb.

“TRT Haber” bildirir ki, FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb.

“Anadolu” agentliyi isə yanğınsöndürənlərimizin bəzilərindən müsahibə alıb.

FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir.

“Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, - deyə Kamil qeyd edib.

Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb.

“Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, -  deyə əlavə edib.

Toy edənlərə “toy” tutan şadlıq evləri

İyulun 1-dən qaydalara riayət etməklə, kütləvi şənliklərə rəsmi şəkildə icazə verilib. Məhz həmin gündən şadlıq sarayları, restoranlarda yer tapmaq mümkün deyil. Hər kəs bir ildən çoxdur ki, gözlədiyi toy həsrətinə qovuşmağa can atır. Hətta pandemiya dövründə evlənənlər, övlad sahibi olanlar belə yenidən toy edirlər. Lakin qiymətlər nə toy sahibini sevindirir, nə də qonaqları...Toy sahibləri şadlıq saraylarında bahalıqdan şikayətlənir, dəvətlilər isə toy çoxluğundan. Çünki toy etməyə çalışanlar restoran sahiblərinin oxuduğu qiymət qarşısında şok keçirir və toya çağırılan şəxslər də indidən yüksək qiymətli stola görə nə qədər nəmər yazdıracağını düşünür. Hətta bir ayda yeddi toya çağırılıb deyə, toyların qadağan olunmasını tələb edənlər də var. Bəs bahalaşmanı şərtləndirən amillər nələrdir?

"Mövzuyla bağlı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik: 

“Restoranlarda yer yoxdur”

Qiymətlərlə maraqlanmaq üçün şəhərin məşhur məkanları ilə əlaqə saxladıq. Demək olar ki, əksəriyyətində ayın bütün günləri üçün yerlər tutulub. Qarşıdan Məhərrəmlik ayı gəldiyi üçün insanlar xeyir işlərini gözlətmək istəmirlər. Növbəti sərt karantinin olacağından və toyların yenidən qadağan olunmasından da çəkinirlər.

Qurban gedən vətəndaş...

Şadlıq saraylarında qiymətlər 60 manatdan 250 manata qədər dəyişir. Məsələn, pandemiyadan öncə Günelin toyuna Rəhman 50 manat nəmər atmışdısa, pandemiya dövründə toy edən Rəhmana Günel 50 manat nəmər verərsə, toy sahibi ziyana gedir. Günel məcburdur ki, Rəhmanın toyuna artıq pul atsın. Axı tək restoranlar deyil, Günel kimi sadə xalq da pandemiyadan zərər çəkib. Günelin cibinə girməklə, məsələni həll etmək ədalətli deyil. Çünki onun da vəziyyəti buna imkan vermir. Rəhmanın dəvətnaməsi kimi beş dəvətnamə hələ də onu gözləyir. Adlar şərti olsa da, Günel və Rəhmanın timsalında hazırda əksəriyyətimiz eyni vəziyyətdədir. Əvvəllər stollar 20-25 manatdan başlayırdı. 30-40 manatlıq stolla qonaqları normal səviyyədə yola salmaq mümkün idi. İndi bu, mümkün deyil. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub. İl yarımdır ki, pandemiyadan zərər çəkən restoranlar bunun acısını vətəndaşdan çıxarırlar. Vətəndaş da övladının arzusunu yerinə yetirmək üçün bu qiymətlərlə razılaşır.

“Kiçik zalla böyük zalın qiyməti eynidir”

Əksər rayonlarda şadlıq sarayı qiymətləri stul sayına görə hesablamır. Toy keçirilən məkan icarəyə verilir, toy edən şəxs ərzağını özü tənzimləyir. Məkanların ölçüsünə, tutumuna, məşhurluğuna görə qiymətləri dəyişir. Məsələn, 600-700 nəfərlik zallar minimum 800-1000 manata icarəyə verilir. Nişan, xına üçün nəzərdə tutulan nisbətən kiçik zallar isə 200-400 manat arasında dəyişir. Lakin pandemiyadan sonra rayonlarda da toylar “od qiyməti”nədir. Restoran icarəyə götürənlər də qiymət artımından şikayətlənir. Qonaq sayı maksimum 150 nəfər olduğu üçün toy edən kiçik zalı icarəyə götürmək istəyir. Lakin kiçik zalın qiyməti böyük zalla eynidir.

Bu problem yalnız toylarla bağlı deyil. Ümumiyyətlə, bütün ictimai iaşə obyektlərində “cib yandıran” qiymətlər mövcuddur.

“Qida məhsulları bahalaşıb”
 
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, hazırda ictimai iaşə obyektlərində qiymət artımının əsas səbəblərindən biri qida məhsullarının bahalaşmasıdır: 

“İlin əvvəlindən başlayaraq kommunal və yanacaq qiymətlərinin artımının şahidi olduq. Bu zaman ərzaq, xidmət sahələrinin və digər qiymətlərin artacağını söyləyirdik. Bunun ardından marketlərdə, bazarlarda qiymət artımlarını müşahidə etməyə başladıq. Bəzən bunu işbazların adına yazsalar da, əslində bu, təbii prosesdir. Belə vəziyyətlərdən sonra qiymətlərin artması gözlənilən idi. Ən bəsit bir nümunə deyim ki, kənd təsərrüfatı məhsulunun maya dəyərinin formalaşmasında yanacaq qiymətlərinin xüsusi çəkisi çox böyükdür. Hazırda ictimai iaşə obyektlərində, şadlıq saraylarında “cib yandıran” qiymətlərin əsas səbəblərindən biri qida məhsullarının bahalaşması, ümumi isə adi inflyasiya meyllərinin artmasıdır. Digər səbəb isə restoran xidmətlərində müəyyən peşəkar işçilərin maaşlarında da artımın olmasıdır. Peşəkar əməkdaşlar əvvəlki maaşla çalışmağa razılaşmırlar”.

İştirakçı məhdudiyyəti və xərclər

Ekspert vurğulayır ki, hazırda şadlıq evlərindəki vəziyyət çox acınacaqlıdır: "Toylarda qoyulmuş iştirakçı məhdudiyyəti adambaşına düşən xərci artırmış olur. Belə ki, şadlıq saraylarının dəyişməyən xərcləri var ki, bunlar toya dəvət edilənlərin sayından asılı olmayaraq mütləq sərf edilən xərcdir. Bu, adi qaydadır ki, dəyişməyən xərclər də, digər xərclər kimi iştirakçılar arasında, yəni hər masa üzrə bölünür və üzərinə dəyişən xərclər gələrək bir masanın qiyməti formalaşır. Odur ki, iştirakçı məhdudiyyətləri olduğuna görə, şadlıq evlərində qiymət artımları qaçılmazdır”.

Restoranların qiymət diktəsi...

Ekspert hesab edir ki, hazırda restoranların qiymət diktəsi üçün əla fürsət yaranıb: “Bu amil isə tələbatın kəskin artması deməkdir. Yəni müştəri bolluğunun inanılmaz dərəcədə yüksəlməsi restoranlarda böyük sıxlıq yaratmış oldu. Hansı restorana baxsaq, bunu müşahidə edə bilərik. Hətta şəhərkənarı restoranlarda, dənizkənarı ictimai iaşə obyektlərində maşın saxlamağa yer yoxdur. Belə olan halda, yəni tələbatın kəskin artması fonunda qiymətlər restoranlar tərəfindən daha da artırıldı. Sual oluna bilər ki, niyə müştəri sayı birdən-birə bu qədər artdı? Cavab çox sadədir. Bir il yarımdan çoxdur ki, insanlar restoranların arzusu ilə yaşayırdılar, toy edə bilmirdilər, dostlarla, qohumlarla normal vaxt keçirə, ailəvi istirahət məkanlarına üz tuta bilmirdilər. Hazırda bu cür fürsət yaranıb, üstəlik, bu, məhz insanların məzuniyyət götürdüyü, istirahət mövsümünün aktivləşdiyi bir məqama təsadüf edir. Ona görə də restoranlarda bu qədər müştəri sıxlığı və toylarda qiymət artımı müşahidə edilir”.

“İqtisadiyyatın ruhuna ziddir”

Bunun qarşısını almaq məsələsinə gəldikdə, ekspert vurğulayır ki, qarşısını sərt qadağalar, qiymət diktəsi, birbaşa müdaxilələrlə almaq olar: “Amma bu, iqtisadiyyatın ruhuna ziddir. Həmin addımların atılacağı təqdirdə qısamüddətli nəyəsə nail olmaq mümkün olsa da, qərarlar uzunmüddətli dövr üçün faydasız olacaq. Hazırda ictimai iaşə obyektləri – kafelər, restoranlar bir-iki nəfərin əlində deyil ki, bunu inhisarçı yanaşma və ya sui-istifadə ilə əlaqələndirək. Saysız-hesabsız təsərrüfat subyektləri var və onlar rəqabət şəraitində fəaliyyət göstərirlər, müştərilərin minlərlə restoran seçimi var. Belə olan halda restoranlara müdaxilə yanlış addım olardı. Hər müştəri öz büdcəsinə uyğun restoranlar sinfini seçməlidir. Biz hər zaman azad rəqabətli bazar deyirik. Hazırkı ictimai iaşə obyektlərində isə bu mühit var. Onu pozmaq iqtisadi səhv olardı”.

 

 

 

 
 
 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən Yol-xeber.az-a daxil olan müraciətdə deyilir:

“Müşahidələrimiz göstərir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi tələblərinə riayət edilmir.

«Yol hərəkəti haqqında» Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu məsələdə nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir və nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin tormoz məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi də çoxalmalıdır.

Yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini isə heç bir halda aşmaq olmaz, çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəni vaxtında dəf edə bilmir və qəza qaçılmaz olur.

Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır, xüsusilə də texniki imkanları zəif olan, asta gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.

Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan toqquşması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır. Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır və isti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik.

Unutmayaq ki, xırda hesab etdiyiniz qayda pozuntusu belə sonda faciəvi qəza ilə nəticələnə bilər. Bu səbəbdən, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən sükan arxasında intizamlı olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edir”.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

Qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyev barəsində protokol tərtib olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə şəhər ərazisində yerləşən "Balakən" şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID-19 pasportu olmadığı aşkarlanıb. Həmin qonaqlara mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.

İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən "Yol-xeber.az"a verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bildiyiniz kimi, “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

“Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə FHN-dən məlumat verilib.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Türk Hava Yolları Türkiyənin yanğın bölgələrinə gediş və gəliş bileti olanlara güzəştlər edəcək.

Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat müşaviri Yahya Üstün açıqlama verib.

Onun sözlərinə görə, Türk Hava Yolları yanğın bölgələrinə səfər edən sərnişinlərə biletlərini hər hansı haqq tutulmadan pulsuz dəyişmək və qaytarmaq şansı verir.

Qeyd edək ki, sərnişinlər 15-30 iyul tarixlərinə olan uçuş biletlərini 15 avqusta qədər olan müddətə dəyişdirilə bilərlər.

Ötən gün Nabranda polis əməkdaşının deputat Eldəniz Səlimov tərəfindən döyülməsi təsdiqlənib.

Daxili İşlər Nazirliyi deputatın hərəkətləri ilə bağlı toplanmış materialları Baş Prokurorluğa da təqdim edib.

Qeyd edək ki, Eldəniz Adil oğlu Səlimov dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin V və VI çağırış üzvüdür.

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Onun atası Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov 1993-cü ildə həmin məktəbi bitirib.

1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov rus dilini bilir.

Deputat ailəlidir, bir oğlu və bir qızı var.

Eldəniz Səlimov 2000-2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov 2011-2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini işləyib. 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov 2014-2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərinə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov səsvermədə qalib gələrək Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olub. O həm də Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüкsemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının da üzvü olub.

Xəbər lenti