“Bakı Metropoliteni” QSC-nin bu gün istifadəyə verilmiş, Bənövşəyi xəttin üzərində yerləşən “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər buradan “Memar Əcəmi” və Avtovazğal” stansiyalarına gedə, eləcə də “Memar Əcəmi” staniyasından Yaşıl Xəttə keçməklə digər stansiyalara hərəkət edə biləcəklər.

"Yol-xeber.az" report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalarası keçiddə əlavə ödəniş tələb edilməyəcək”, - o deyib.

“Bakı Metropoliteni” QSC-nin “8 noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib.

"Yol-xeber.az" xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”, - deyə o, qeyd edib.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb.

"Yol-xeber.az"a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli 395 №-li Qərarı ilə 2020-ci il oktyabrın 19-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qurumun 2020-ci il 28 oktyabr (№ 427), 19 noyabr (№ 450) və 8 dekabr (№ 488), 2021-ci il 16 yanvar (№ 9) və 19 mart (№72) qərarları ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasının müddəti uzadılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, 31 may 2021-ci il saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.

Qeyd edilənləri əsas götürərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

Sərnişindaşımanın təşkili və hərəkət qrafiki ilə əlaqədar

1. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq;
2. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək:
5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək;

3. Sərnişindaşıma fəaliyyəti dövründə Bakı metropoliteni normal iş rejimində fəaliyyət göstərəcək;
4. Qatarların hərəkəti, texniki-istismar və normativ tələblərə uyğun olaraq, mümkün optimal hərəkət qrafiki ilə təmin olunacaq;
5. Əlil arabası istifadəçisi olan sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

Sərnişinlərə tələblərə dair

1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar;
2. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar;
3. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq;
4. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq;
5. Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.

Sanitar-profilaktik tədbirlərlə bağlı

1. Dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacaq;
2. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil ediləcək. Bu zaman Bakı metropoliteninin və “COVID-19” virusunun xüsusiyyətləri nəzərə alınmaqla seçilmiş geniş spektrli maddədən istifadə olunacaq;
3. Cari dezinfeksiya işləri gündəlik qaydada aparılacaq. Bu işlər stansiyalarda əllə təmas olunan bütün səthlərdə gün ərzində 6 dəfədən az olmamaq şərtilə yerinə yetiriləcək.
4. Qatarlar xətdən depoya texniki baxış, qulluq və xidmət üçün göndərilərkən,depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlər görüləcək;
5. Bütün sanitar-gigiyenik tədbirlərə, o cümlədən dezinfeksiya işlərinə ən yüksək səviyyədə yoxlama-nəzarət mexanizmləri tətbiq ediləcək.

Ölkəmizdə xüsusi karantin rejimi müddətinin və koronavirus təhlükəsinin davam etdiyi dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa olunsa da, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərinə müraciət edərək, metropolitendən istifadə qaydalarına, metodiki göstəriş və sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə, diqqətli olmağa çağırır.

Unutmayaq, koronavirus təhlükəsinə yalnız birlikdə güclü olub qalib gələ bilərik".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.

"Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".

Mayın 31-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən sürət qatarlarının sayı artırılacaq.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumatda deyilir ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat xidmətindən "Yol-xeber.az"a daxil olan müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Xəbər verildiyi kimi, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib.

Bununla belə, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır. Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir.

İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

Xatırladırıq ki, qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Bütün qabaqlayıcı tədbirlər sağlamlığınızın qorunmasına xidmət edir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik".

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

“Yol-xeber.az” xəbər verir ki, 15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.

Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib.

Yol-xeber.az xəbər verir ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels - İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Uels - İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə - İsveçrə oyununun keçiriləcəy 20 iyun bazar günlərinə təsadüf edir. Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən isə 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər.

Xatırladaq ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilib.

“Mayın 28-də Dövlət Yol Polisi əməkdaşları adi iş rejimində xidmət aparacaq”.

"Bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

O deyib ki, 28 May - Respublika günü Bakıda və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

“Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. İş adi günlərdəki kimi davam edəcək”.

N.Piriyevin sözlərinə görə, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti