Bakıda daha bir yolda yenilik

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə svetofor obyektləri quraşdırılıb.

Bu barədə BNA-dan “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir.

Svetofor obyektlərinin quraşdırılması nəticəsində, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

 

 

 
Daha 15 nəfərin əlilliyi ləğv olundu

Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilib, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.

Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Bu dəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.

 

 

 

 
Bayram günlərində sərt karantin gözlənilmir

"Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır".

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkə daxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var:

“Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə alovun nisbətən sabitləşməsi, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir.

Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, iki ölkə arasında əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görünür. Ona görə də mən deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdığımız zaman biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik.

Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, vəziyyət bu şəkildə davam etdiyi müddətdə xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.

Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Hadisədən sonra BAKU.WS-in qaynar xəttinə oxucularımız müraciət edib. Oxucular bildiriblər ki, qəza işlər görülərkən təhlükəsizlik tədbirlərinin pozulması səbəbindən baş verib.

Bir neçə sürücü bildirib ki, həmin vaxt onlar da az qala qəza törədəcəklərmiş.

Ekspertlər də hesab edirlər ki, bir çox hallarda yollarda təmir işləri aparılarkən təhlükəsizlik tədbirləri pozulur.

Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, yolda istənilən işlər görüləndə Yol Hərəkəti Haqqında qanunun 71-ci maddəsində göstərilən bütün tələblərə ciddi əməl olunmalıdır.

“Həmin tələblərdə göstərilir ki, iş görülərkən qabaqcadan xəbərdarlıq nişanları qoyulmalıdır. Həmin nişanlar təmir gedən yol barədə xüsusi lövhələr qoyulur.

Panduslar və işıqqaytaran sistemlər qoyulmalıdır, işıqlandırma təmin edilməlidir. Nişanlar iş görülən ərazidən 100 metr qabaqda qoyulmalıdır”, - deyə Ərşad Hüseynov bildirib.

Ekspert vurğulayıb ki, belə hallarda sürücülər son dərəcə diqqətli olmalıdır:

“Əgər yolda zolaqlardan biri görülən işlərə görə zəbt olunubsa, qabaqcadan işarə qoyulmalıdır ki, həmin zolaq ləğv olunur və hərəkət digər xəttə keçir.

Yolun daraldığını xəbər verən işarələr olmalıdır. İş görənlər qurum tərəfindən yaxşı təlimatlandırılmalıdır. Onlar hərəkət təmin olunan yola çıxmamalıdırlar. Üzərlərində işıqqaytaran getimlər olmalıdır. Yolda avtomobil varsa, onun üzərində sarı yanıb-sönən işıqlar olmalıdır.

Təmir və digər işləri təhlükəsizlik baxımından günün uyğun saatına salınmalıdır. Hərəkət intensivliyi nisbətən aşağı vaxta salınmalıdır.

Təmir və yaxud digər işi görən qurum əvvəlcədən digər dövlət qurumları ilə razılaşdırmalar aparmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polis İdarəsi ilə razılaşdırılmalar aparılmalıdır. Bu 3 qurumun razılığı olmadan işlər aparılmamalıdır”.

Şəhid Xudayar Yusifzadə ilə bağlı etdiyi paylaşıma görə döyülən sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadə ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Şəhid Xudayar Yusifzadənin dostları onu öz üsulu ilə cəzalandırsalar da, F.Rəsulzadənin paylaşımı ilə bağlı hüquqi bir addım atılmayıb.

Mövzu ilə bağlı “Ölkə.az”a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki şəhidin ailəsin gəncin dediyi sözlərlə bağlı iddia qaldıra və F.Rəsulzadədən mənəvi təzminat tələb edə bilər:

“Çünki “Xudayar çoxdandır təzə mahnı buraxmır” sözlərinin istehza məqsədilə deyildiyi ortadadır. Düşünürəm ki, bu da onlara müəyən qədər mənəvi əzab verər”.

Məsələ ilə bağlı “Ölkə.az”a danışan şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib ki, F.Rəsulzadənin döyülməsindən xəbərdardır. O bildirib ki, bu barədə efirlərdə də çıxıb danışmağa hazırdır:

“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm. Mən gəlib o sözü efirlərdə də deyəcəyəm.

Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?

Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi buradadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.

Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəiqə  çıxıram, Bakıya, düz DTX-ya gəlirəm.

Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”. 

R.Yusifzadə söyləyib ki, nəinki o, hətta bütün şəhid anaları öz əlləri ilə onun cəzasını verməyə  hazırdırlar:

“3 min şəhidimizin hansının anası sağdırsa, mənim yanımda gəlib onu cəzalandırmaq istəyir. İndi bu dəqiqə gedirəm onu məhkəməyə verəm”. 

Onu yumruqla təpiklə döyüblər, işgəncə etməyiblər, stola bağlamayıblar. Onu kameranın altında camaatın içərisində tutublar. Ona yalvarıblar ki, bunu götür, belə eləmə, şəhidimizdir və s. Ona bu sözləri deyəndən sonra başladı şəhidlərlə lağlağı etməyə. Ona göstərdilər necə lağlağı etmək olar. 

R.Yusifzadənin sözlərinə görə, bu gün Xudayarla zarafat edən sabah başqa şəhidlə zarafat edər:

“O qırmızı koftasını, qırmızı idman ayaqqabısını geyinib kafedə oturub, çay içib məzələnib mənim uşağım haqqında danışırsa, o, bu gün şəhid olan 3000 oğulun hesabına orada salamat oturub. O gedib yenidən vətən qoruyacaq biri deyil, amma mənim yerdə qalan iki oğlum necə Xudayar etmişdisə, canını vətən üçün vermişdisə, onlar da gedəcək. Onun cəzasını verən oğlanlar yenə gedib vətəni qoruya bilər. Onun kimisi isə ancaq sosial şəbəkədə şəhidi təhqir etməklə reytinq qıra bilər.

Məhkəməyə verib ondan təzminat tələb edəcəyəm. Mən Xudayarı sevənlərin yazdıqlarını oxuyurdum. Amma görmədim ki, bir nəfər hüquqi şəxs çıxa, bunu susdura. 

Mən Bakıya müraciət eləmişəm. Dedilər ki, gəlib ərizə yazmalısız baxdım ki, mənasız yerədir. Onu çağıracaqlar deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”.

Yol polisi Mingəçevirdə piyadalara qarşı reyd keçirib - FOTO

Mingəçevirdə yol polisi əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən vətəndaşlar barəsində qanuna müvafiq tədbir görülüb.

Həmçinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, mövcud qaydalara riayət etmələri tapşırılıb.

 

 
Yol polisi məşhurlarla birgə piyadalara səsləndi - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Piyadalar, diqqətli olun!” şərti adı altında keçirdiyi hərəkətin təhlükəsizliyi həftəliyində tanınmış simalarla birgə piyadalara növbəti çağırışı edib. İctimaiyyət arasında tanınan simaların dili ilə piydaların yolda qaydalara riayət etmələri, piyada keçidlərindən keçmələri, o cümlədən hüquq və vəzifələri izah olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, piyadaların təhlükəsizliyinin qorunması üçün mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
"Bura həm reydlər, həm müxtəlif görüşlər, həm də sosial çarxlar daxildir. Dəfələrlə müraciətlər olunur, piyadaların hüquq və vəzifələri izah edilir. Təqdim olunan videoçarxda da piyadaların yolun hansı hissələrindən keçməsi, eyni zamanda keçidlərdən istifadə qaydaları izah edilir. Bundan əlavə tanınmış insanlar da müraciət edərək piyadaları maarifləndirir. Bütün bunlar yol hərəkətində piyadavurmaların sayının azaldılmasına hesablanıb."

 

 
Paytaxtda və bölgələrdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, bu qəbildən olan növbəti tədbir atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə həsr olunub.

Gəncə, Qax, Qazax, Qəbələ, Qusar, İsmayıllı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Xocalı, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları və tədbirə cəlb olunan mütəxəssislər tərəfindən sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

Kütləvi informasiya vasitələrinin də cəlb olunduğu tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, "Təmiz hava" şüarı altında keçirilən tədbirlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Bakının Suraxanı raypnunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.

Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.

Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim edilib.

Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.

Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.

Mənbə: AzərTAc

Xəbər lenti