Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.

Görüntüləri təqdim edirik:

"Yoluxma sayı cüzi qalxırsa karantin rejimini sərtləşdirmək lazım deyil. Lakin əgər yoluxma pik həddə çatarsa, o zaman sərt karantin rejimi mütləqdir. Hazırkı situasiyada buna gərək duymuram".

Bu sözləri “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitə görə karantin rejiminin sərtləşdirilməsini uyğun deyil:

"İndi Avropada koronavirusun Britaniya ştammı geniş şəkildə yayılır. Buna görə də bəzi ölkələrdə karantin rejimi sərtləşdirilir. Azərbaycanda isə hələ ki bu ştammın yayılması müşahidə edilmir. Əgər yayılarsa, mövcud vəziyyət təhlil edilib, qərar qəbul oluna bilər".

Professor hesab edir ki, iyun ayına qədər biz pandemiyadan yaxa qurtara bilərik:

"Hesab edirəm ki, iyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik. ÜST də bu yöndə müsbət açıqlamalar verir. Ona görə də düşünmürəm ki, bu ili də ötən il olduğu kimi sərt karantin rejimində, qapalı vəziyyətdə keçirək".

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə xəbərdarlıq edib.
BDYPİ-dən verilən məlumata görə, son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir:

"Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq.

Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar".

“Azərişıq” ASC-nin Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik. Kommunal sferada ilk dəfə xüsusi təyinatlı uçuş aparatları “Azərişıq” ASC tərəfindən tətbiq edilir.

Bu barədə “Azərişıq” ASC Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir. 

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib.

Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir.

Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir. Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada, əlavə işçi heyətin, maşın-mexanizmlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır.

Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub. 

Şəhid və qazi ailəsi üzvlərinin məşğulluğunun təmin edilməsi məqsədilə Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb.

Nazirlikdən bildirilib ki, həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.

Belə ki, fevral ayında Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 183 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 87 müraciət müsbət həllini tapıb.

Fevral ayında 2371 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, onların 50,4 %-ni kişilər, 49,6%-ni isə qadınlar təşkil edir. 

Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.

"Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.

Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq", - nazirlik bildirib.

Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.
Oxu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

O bildirib ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı.

Millət vəkili əlavə edib ki, toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sahədə hələ də yumşalmalara gedilmir:

“Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sahələrdə yumşalmalar məşğulluq baxımdan da vacib hesab olunur”.

Vüqar Bayramov sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir:

“Buna görə də, iqtisadiyyatın digər sektorlarının faəliyyətinin bərpası kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

Bu barədə “Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.

Bu il Həcc ziyarəti üçün müqəddəs Məkkə və Mədinə şəhərlərinə getmək 2021-ci il iyulun ikinci yarısında mümkün olacaq.

Baku.ws xəbər verir ki, bu barədə ictimaiyyəti Səudiyyə Ərəbistanının səhiyyə naziri Təvfiq əl-Rabia məlumatlandırıb.

Onun sözlərinə görə, 2021-ci ildə Həcc ziyarəti üçün tətbiq olunan qaydalara COVID-19-a qarşı məcburi peyvənd olunmaq da əlavə olunub.

"Həcc ziyarətinə qatılmaq üçün əsas şərtlərdən biri də koronavirusa qarşı peyvənd olunmaqdır", - deyə səudiyyəli nazir əlavə edib.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən Həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub.

Digər ölkələrdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmayıb. Xüsusi icazələr xroniki xəstəlikləri olmayan, koronavirusa yoluxmayan, əvvəllər Həcc ziyarətində olmayan və karantin müddətinə tab gətirməyə hazır olan 20-50 yaş arası insanlara verilib.

Xəbər lenti