Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb. 

Liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:

– Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun

– Maska taxın

– Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin

– Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın.   /Yeniavaz.com/

Övladlığa götürülmə ilə bağlı qaydalarda
“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilib.

Report xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara edilən əlavəyə əsasən, “Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndinə müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminə ötürüləcək.

Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürüləcək.

“Həftənin son iki günündə karantin qaydalarının tətbiqi…”
Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:

"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq”.

R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər”. (trend.az)

DİN-dən “cəzalanacaqlar” açıqlaması
"İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.  

- Sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar yayımlanmışdır.\

- Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib.

- Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videogörüntülər yer alıb. Bununla əlaqədar hansısa tədbir görülürmü?

- Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir. Sfera.az 

Azərbaycanda kişilərə ŞAD XƏBƏR

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır. 

Qurumdan verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. 

Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur.

Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.

Bu həftəsonu 3 gün küçəyə çıxmaq qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA ...

İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib, bu, cəfəngiyyatdır. Bəziləri bu barədə yalan məlumatlar yayıblar".

İ.Məmmədov bildirib ki, Baş nazirin bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərarı yoxdur:

"Bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. Amma bu günə bu barədə belə bir qərar yoxdur".

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək

Sumqayıtdan şok görüntülər gəldi
Sumqayıtda dəfn mərasimi zamanı karantin qaydaları pozulub. Belə ki, sosial mediada yayılan görüntülər zamanı məlum olub ki, mərasimdə 100-dən çox insan iştirak edib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır. Baş verənlərəhüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Polisin araşdırması nəticəsində məlum olub ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. Bu zaman Namiz Rəhimov üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımovun kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhrabın isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab isə öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. 

İddialara görə, karantin qaydalarının pozulduğu dəfn mərasimi bu hadisə zamanı həyatını itirən şəxslərdən biri üçün təşkil olunub.

Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə! - Dəyişikliklər var

Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, dəyişikliklə bağlı olaraq, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya 44 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

Mərkəzdən bildirilib ki, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının 70 saylı proqrama aid ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, 8 iyun saat 23:59-dək Dövlət İmtahan mərkəzinin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin “Hesab”ından çıxılır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2020-ci il 8 iyun saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 2020-ci il iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı DİM-in saytından əldə etmək mümkündür.

BAKIDA TIXAC

Paytaxtin əksər yollarinda dəhşətli tıxac müşahidə olunur.

Axar.az xəbər verir ki, Qələbə dairəsi, Salamzadə küçəsində şəhər istiqamətində hərəkət dayanıb. Həmçinin Hava Limanından "Əzizbəyov" stansiyasına, şəhər istiqamətində də sıxlıq var. Ziya Bünyadov prospekti boyunca da avtomobil sıxlığı yaşanır.

Sıxlıq müşahidə edilə yollarda yol polisi hərəkəti tənzimləməyə çalışır.

Xəbər lenti