14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət yenidən dayandırılacaq.
Adıçəkilən şəhərlərdə iki günlük sərt karantin rejimi tədbiq ediləcək.

Operativ Qərargahdan “BakuPost”a verilən məlumata görə, müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
 
Xatırladaq ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

2019-cu ildə Azərbaycanda 55916 nəfər dünyasını dəyişib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər.

Rəsmi məlumata görə, ötən il ölənlər arasında ən çox 60-65 yaşlılar olub:

“Ölənlərin 2509 nəfəri 0-17 yaş arası, 1204 nəfəri 18-29 yaş arası, 744 nəfəri 30-34 yaş arası, 918 nəfəri 35-39 yaş arası, 1246 nəfəri 40-44 yaş arası, 1916 nəfəri 45-49 yaş arası, 3025 nəfəri 50-54 yaş arası, 5135 nəfəri 55-59 yaş arası, 6214 nəfəri 60-64 yaş arası, 6046 nəfəri 65-69 yaş arasıdır. Ötən il vəfat edənlərin 26 959 nəfəri 70 yaş və üzəri olanlardır”.

Sorğuya verilən cavabda ötən il Azərbaycan vətəndaşlarının ölüm səbəbi olan xəstəliklər də açıqlanıb.

Belə ki, hesabat dövründə ölkədə bəzi infeksion və parazitar xəstəliklərdən 662 nəfər dünyasını dəyişibYenitörəmələrdən (şiş xəstəliklərindən) ölənlər isə 8819 nəfər olub.

Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan ölənlər 75 nəfər təşkil edib.

Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləs pozuntularından vəfat edənlər 1497 nəfər olub ki, onlardan 1346-sının ölüm səbəbi şəkərli diabetdir.

2019-cu ildə 848 nəfər sinir sistemi xəstəliklərindən, 32471 nəfər qan dövranı sisteminin (ürək-damar) xəstəliklərindən ölüb ki, onlardan da 7605 nəfərinin ölüm səbəbi insultdur.

Ötən il ərzində tənəffüs orqanlarının xəstəliklərindən ölənlərin sayı 1854 nəfər təşkil edib ki, onlardan 3-nün ölüm səbəbi qrip olub.

Həzm sisteminin xəstəliklərindən ölənlər 2687 nəfər, dəri və dərialtı toxumanın xəstəliklərindən ölənlər 10 nəfər, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən ölənlər 26 nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1265 nəfər təşkil edib.

Rəsmi məlumata görə, 21 nəfər hamiləlik, doğuş və zahıllıq dövründə (ana ölümü), 1002 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan, 203 nəfər anadangəlmə anomaliyalardan, deformasiayalar və xromosom pozuntularından, 1687 nəfər digər rublikalarda təsnif olunmayan, klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənara çıxmalardan, 2789 nəfər travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən və siar səbəblərdən ölüb.

“Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı FHN-də də 5 nəfərin koronavirusa yoluxduğunu deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.   /Avropa.info/

Türkiyədə işdən çıxarma qadağası 3 ay uzadılıb. Qadağaya əsasən, məzuniyyətdə olan işçilərə pul dəstəyi daha 3 ay, qısa iş icazəsi müraciəti isə model dəyişikliyi ilə davam etdiriləcək. 

İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, dövlətlə işəgötürənlər arasında anlaşmalar olsa da, yenə də işdən çıxarılmalar mövcuddur:

“Türkiyədə dövlətlə işəgötürənlər arasındakı anlaşmaya görə, işçilərin maaşının bir qisminin dövlət tərəfindən ödənilməsi qərara alınıb. İş adamlarına böyük həcmdə yardım ayrıldı. Maaşların ödənilməsi üçün 0 faizlik kreditlər verildi. Amma bütün bunlara baxmayaraq, işdən çıxarılmalar təbii ki, orda da var. Çünki, Türkiyədə də kifayət qədər gizli, qeyri-rəsmi iş yerləri fəaliyyət göstərir. O iş yerləri bağlandı və bunun heç bir məsuliyyəti olmadı. Digər tərəfdən, obyektiv səbəblərdən işin həcmi azaldığından, bəzi işçilərin ixtisara düşməsi də baş verdi. Bunun üçün xüsusi bir cəza tədbiri yoxdur. Şirkətlər dövlətin təklif etdiyi modeldən istifadə etdi. Bu, onlar üçün işçilərin çıxarılmasını qəliz prosesə çevirdi. Bəzi şirkətlər isə ümumiyyətlə bu yardımdan imtina etdilər. Yardımı almayan şirkətlərin sərbəst şəkildə müqaviləni bitirmək imkanları var. Amma orda həm işəgötürənlər, həm dövlət, həm də işçilər ümumi prinsiplərə sadiq qalaraq, öz işlərini qurdular. Bu da daha az iş yerinin bağlanmasına səbəb oldu”.

Eyni təcrübənin Azərbaycanda tətbiq olunmasına gəldikdə isə, iqtisadçı ekspret qeyd edib ki, Azərbaycanda 308 min işçiyə dövlət tərəfindən yardım verilib. Bu işçilər dövlətdən dəstək aldıqları üçün sahibkarlar həmin işçiləri saxlayıblar. Bütün bunlara baxmayaraq, işsizlərin sayı kəskin şəkildə artır:

“Pandemiyadan daha çox zərər çəkən işəgötürənlərə əsasən, turizm, ictimai iaşə, qeyri-ərzaq ticarəti daxildir. Burada rəsmi rəqəmlərə görə 308 min işçi çalışır. Həmin 308 min insanın maaşının bir hisssəsinin dövlət tərəfindən verilməsi qəbul olundu və bu, aprel və may ayları üçün nəzərdə tutuldu. İyun ayı üçün bu barədə hər hansı qərar yoxdur.

Azərbaycanda qeyri-rəsmi və rəsmi işçilərin sayı ümumilikdə 4 milyona yaxındır. 1.6 milyonu rəsmi, yerdə qalanı isə qeyri-rəsmi işçilər və yaxud aqrar sahədə çalışanlardır. Bunlarla bağlı qərar yoxdur deyə, dövlətin müdaxilə etmək imkanları da yoxdur. Əgər dövlət hər hansı bir qadağa qoyursa, bu qadağanın qarşılığını ödəyir. Yəni, hər hansı qadağanı qoyursa, onun əvəzində nəsə təklif edir. Təkliflər paketi olmadığından, Azərbaycanda işsizlərin sayında kəskin artım müşahidə olunur. Heç də təsadüfi deyil ki, hökümətin təklif etdiyi birinci paketdə 200 min işsizə 190 manatın ödənilməsi nəzərdə tutulmuşdu. Sonra isə məlum oldu ki, 600 min işsizə bu müavinat ödəndi. İndi artıq faktiki olaraq, 600 min insanın işsiz olduğu bilinir. Amma işsizlərin sayı bundan da çoxdur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə
Bakının ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməyən uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir. Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir.

Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.

Azərbaycanda yas yerində 12 qadın koronavirusa yoluxub
“Siyəzən rayonunda 12 qadın koronavirusa yoluxub”.

Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:

“Bu şəxslərin hamısı yas mərasimində koronavirusa yoluxub. Yas mərasimlərində kütləvi toplaşma, məsafənin gözlənilməməsi və maskadan istifadə edilməməsi koronavirusa yoluxma hallarının sayının artmasına səbəb olub”.

“Qəbələnin Zarağan, İsmayıllının Tircan kəndlərində, eləcə də Siyəzən rayonunda koronavirusa yoluxma sayında artım müşahidə edilib”, - deyə R.Bayramlı əlavə edib.

Tibbi qərargahın müraciəti ilə Operativ Qərargahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunub.

Hazırda əhalidə bu həftəsonu da sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.

Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirir ki, müxtəlif KİV-də bu barədə xəbərlər yer almaqdadır.

“Nə gəldi, yazırlar. Məndən də soruşurlar. Yazı göndərirlər ki, filan günlər karantindir. Nazirlər Kabinetinin saytında rəsmi məlumat yoxdursa, yaxud ciddi saytlar Nazirlər Kabinetinə istinadən rəsmi məlumat verməyibsə, deməli belə bir şey yoxdur. Olacağı təqdirdə də, keçən həftə olduğu kimi brifinq edərək orada açıqlayacağıq”, – deyə Rəvanə Əliyeva qeyd edib.



Rəvanə Əliyeva – TƏBİB-in Mətbuat Katibi

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.

Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.

Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonu 11,3 faizdir.

Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü vəfat edib, 3406-sının xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.    /Yeniavaz.com/

İyun ayının 8-i DSMF-in Qobustan şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır:

“Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək. Qeydə alınan yeganə fakt bundan ibarətdir, nazirliyin digər əməkdaşları arasında bənzər hal müşahidə edilməyib”, – deyə F.Talıbov vurğulayıb. (qazet.az)

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qərar verib.

Ölkədə yoluxanların 105 mini keçməsi və dünya miqyasında pandemiyanın davam etməsi səbəbilə bu il Həcc ziyarətləri iyul ayında məhdud zəvvar sayı ilə simvolik səviyyədə saxlanacaq.

“Röyters”ə danışan bir səudiyyəli rəsmi COVİD-19 səbəbilə əlavə səhiyyə nəzarəti sistemi qurulacağını, ikinci dəfə Həcc ziyarətinə gəlmək istəyənlərin ölkəyə buraxılmayacağını bildirib.

“Yevronyus”un xəbərinə görə, bu il Həcc ziyarətinin ləğvi Səudiyyə Ərəbistanı hökumətinin gündəmindədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər il Həcc turizmindən 12 milyard dollar gəlir əldə edir. (publika.az)

Xəbər lenti