Kürün səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib
Kür artıq həmin Kür deyil. Nə coşur-daşır, nə də insanları vahiməyə salır. Günbəgün çayın suyu azalmaqda davam edir.

Təkcə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi son 10-15 gün ərzində bir metrdən çox azalıb. Çayın səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib.

Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Yəni məhsuldarlıq aşağı düşüb.

Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb.

Quyular quruduğundan artıq rayon sakinləri quyu suyundan istifadə edə bilmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq.

Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, guya polis zibil atanların hamısından üzr istəyib. Amma bu, kökündən yanlış qənaətdir.

Bunu Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, yalnız polis əməkdaşı tərəfindən “dovşansınız” deyilən qadından həmin ifadəyə görə üzr istənilib və o ifadəni işlədən əməkdaş da Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib:

“Başqa heç kimdən üzr istənilməyib. Çünki orada karantin rejiminə nəzarəti həyata keçirən polis sırf qanuni tədbirini görüb və qanundan kənara çıxma halları olmayıb. Barəsində tədbir görülən vətəndaşlar da karantin rejimini pozduqlarına və polisə müqavimət göstərdiklərinə görə haqlı olaraq cəzalanıblar”, – deyə E.Zahidov bildirib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

“Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar”, – məlumatda bildirilib.

Saxlanılan şəxslərin barəsində məhkəmə tərəfindən inzibati həbs cəzası verilib. (report)

Yoluxma daha çox ictimai nəqliyyatda və ictimai-iaşə müəssisələrində olub. İctimai nəqliyyat hələ də təhlükə mənbəyidir.

Bu fikirlərlə həkim Vaqif Qarayev çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan təcrübəsindən istifadə edilməli, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalı idi:

“Fikrimcə, hökumət kafe, restoranları da açmamalıydı. Restoranlarda, kafelərdə çalışanlara sosial kompensasiya ödəmək olardı. Ancaq artıq gecdir. Ən yaxşısı indi kafe, restoranlara getməməkdir”.   /Axar.az/

“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi  payız sessiyası ilə bağlı qanunvericilik iş planına təkliflər  hazırlayıb. Həmin təkliflər  komitənin sentyabrın sonlarında keçiriləcək iclaslarında təsdiq olunacaq. Həmçinin,  komitənin üzvləri tərəfindən digər yeni təkliflər də hazırlanaraq, Milli Məclis Aparatına  təqdim olunub”.
Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Komitə sədri təklif olunan məsələləri də qeyd edib:

““Ailə Məcəlləsi haqqında” qanunumuz var və çox da mükəmməldir. Ancaq ailə anlayışı orada yoxdur. Zamanın tələbinə uyğun olaraq hər bir qanunvericilikdə dəyişikliklər və uyğunlaşdırma olur.Təklif edirik ki, ailə anlayışı Məcəllədə öz əksini tapsın.

Eyni zamanda, təklif olunan digər məsələ  nikah yaşının aşağı salınmasının Ailə Məcəlləsində göstərilməsi ilə bağlıdır. Ayrı-ayrı qanunvericilik aktlarında nikahın aşağı salınma səbəbləri göstərilir və müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunur. Ancaq Ailə Məcəlləsində nikah yaşının aşağı salınması göstərilməyib. Bu da bəzən nöqsanlara, qeyri-şəffaflığa gətirib çıxarır. Tutalım ki, şəxs 16 yaşında evlənir. Niyə görə?! Anası xəstədir, yoxsa ailə qurandan sonra xaricə gedəcək?! Hesab edirəm ki, nikaha daxil olarkən bu səbəblər Ailə Məcəlləsində göstərilsə, yaxşı olar”.

Hicran Hüseynova alimentin verilməməsi ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olduğunu da bildirib:

“Məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar çıxarır. Ancaq icra məsələlərində müəyyən nöqsanlar və probolemlər ortaya çıxır, müəyyən süründürməçilik halları baş verir.  Yaxşı olar ki, bununla bağlı edilən şikayətləri nəzərə alıb aliment ödənişi ilə bağlı müəyyən sərtləşdirmə olsun və qanunda öz əksini tapsın. Belə deyək də, aliment ödəyən şəxsin hansısa cəza tətbiqləri artırılsın. Bu məsələ ilə bağlı konkret təkliflər verilib. Yaxşı olardı ki,  problemlər elektron hökumət, elektron portallar vasitəsilə həll olunsun. Tutaq ki, vətəndaş aliment ödəyir və ona kəsilən cəza, cərimə  mail adresinə göndərilsin. Əgər vətəndaş cəriməni bir ay müddətində ödəməyəcəksə, onun üzərinə gələn cərimə pulu hesablanaraq, sürücülük hüququndan məhrum edilsin”.

Deputat ailə institutunun yaradılması məsələsinin aktuallığını da vurğulayıb. Əlavə olaraq qeyd edib ki, məsələnin qanunvericilikdə hansı formada öz əksini tapmasını Milli Məclisin qanunvericilik şöbəsi müəyyənləşdirəcək.

Komitə sədri  “Məişət zorakılığı haqqında” qanuna təkliflər edildiyini və  İş planında əksini tapmaq üçün Milli Məclisin Aparatına  təqdim olunduğunu da deyib. (modern.az)

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyevin Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyatla bağlı Axar.az-a müsahibəsi:

– Hadisələri yəqin ki, izləmisiniz. Necə fikirləşirsiniz, bu, əvvəlcədən xüsusi planlaşdırılmış hadisədir?

– Bu qənaətdəyəm ki, polisə qarşı bu hərəkəti binada yaşayan şəxslər özbaşına edib, bunu kimlərinsə təşkil etdiyini düşünmürəm. Polisin başına zibil atanlar vətəndaşlar idi. Polis üzərinə düşən işi icra edib. Hamı başa düşməlidir ki, epidemiya ölkəmizdə yayıldığı gündən fasiləsiz olaraq işləyən və ən çox əziyyət çəkən qurumlardan biri polis orqanıdır. Polis pandemiya dövründə gecə-gündüz gücləndirilmiş iş rejimində işləyir. Polis həmin gün də öz işini yerinə yetirirdi, Nazirlər Kabinetinin qərarlarını icra edirdi. Vəzifə başında olan insanın başına biri zibil atır, biri qaynar su tökür, biri başqa əşyalar atır… Bu düzgündürmü? Belə olmaz axı. Polis evə getməyini xahiş və tələb edirsə, bunu sənin üçün, bütövlükdə xalq üçün edir də; sən xəstələnməyəsən, sağlam olasan deyə edir. Polis səni qanuna riayət etməyə çağırır. Ancaq vətəndaş buna cavab olaraq polisin başına zibil atır. Bu, inzibati xətadır. Vətəndaş inzibati xəta törədəndə polis nə etməli idi ki?! O insanlara qarşı tədbir görülməli idi və polis də bunu etdi.

– Vətəndaşın aqressiyasının səbəbi nədir? Axı Azərbaycanda polislə vətəndaş arasında münasibət xüsusilə son aylar yüksək səviyyədədir…

– Tamamilə doğrudur, polisin hərəkətlərində, davranışında, fəaliyyətində son aylar müsbət yöndə həddindən artıq irəliləyiş var. İndi bunun qarşılığında polisi təhqir etmək, onun başına zibil atmaq görünməmiş hərəkətdir. Hələ buna etiraz edənlər də var ki, polis onları niyə tutdu, niyə apardı? Nə etməli idi polis? Bu hərəkətə adekvat reaksiya olmalı idi. Adekvat reaksiya olmasaydı, digər məhəllələr də, binalar da polisə qarşı bu hərəkəti edəcəkdi. Polis tərəfindən verilən reaksiya tamamilə düzgündür. Bu insanlara bir nümunə olmalıdır ki, vəzifə başındakı insanı təhqir etmək, aşağılamaq yolverilməzdir.

– Sizcə, Yasamal hadisəsinin timsalında polis hansı məqamda səhvə yol verdi?

– Polisin adekvat tədbiri tam qanunauyğundur. Oradan 11 nəfər aparılıb polis bölməsinə və hesab edirəm ki, tamamilə düzgün yanaşmadır. Burada polis heç bir səhvə yol verməyib.

– Saxlanılan şəxslərə 10-30 sutka həbs cəzası verildi. Bu qərara münasibətiniz…

– Əslində, onların hərəkətində cinayət tərkibi var. Yarım kiloqram ağırlığında olan əşyanı 7-ci mərtəbədən atanda, o, birinci mərtəbəyə 7 kiloqram əşya kimi düşür. Bu, fizika qanunudur. Binadan atılan əşyalardan hansısa biri polisin başına düşsəydi, nə olacaqdı? Bu, o deməkdir ki, sən bilərəkdən polis işçisinə xəsarət yetirirsən. Bu artıq cinayət işidir. O, vəzifə başındadır, o işini görür. Qanunsuz bir hərəkət etmir. Vətəndaşa “evə get” deyir, vətəndaş isə buna məhəl qoymur. Polisin səhvi odur ki, iş yaxşı araşdırılmadı və yalnız inzibati cəza verildi. Halbuki həmin şəxslərin bir neçəsi haqqında cinayət işi qaldırılmalıdır. Onların əməlində cinayət tərkibi var.

İki günlük sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə sərbəst şərait yaradılacaq.

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, itlərin gəzdirilməsi üçün konkret müddət nəzərdə tutulmayıb:

“Həftə sonu nəzərdə tutulan sərt karantin rejimi dövründə vətəndaşlar yalnız itlərini çölə çıxardıb gəzdirə bilər. Ancaq bu vəziyyətdən sui-istifadə etmək olmaz. Vaxt və saya gəldikdə isə bu hər bir insanın vətəndaşlıq məsuliyyətidir. Onlar adi vaxtlarda itlərini ehtiyaclarını ödəmək üçün necə çölə çıxarırdılarsa, həmin vaxt dövründə də bu cür etməlidirlər. Bir daha vurğulayıram və xahiş edirəm ki, insanlar sui-istifadəyə yol verməsinlər”.

İ.Məmmədov əlavə edib ki, sərt karantin rejiminin tələblərinə riayət olunmasına polis nəzarət edəcək.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri görüb və görəcək”.

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq. (trend)

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixədək uzadılıb.   /İstiPress/

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.

İnsanlar arasında tarixlərlər bağlı müxtəlif suallar yaranıb. Belə ki, bir çox vətəndaş şənbə günü də daxil olmaqla sərt karantin rejiminin tətbiq ediləcəyini düşünürlər.

Qeyd edək ki, 15 iyun Milli Qurtuluş günü olduğundan ölkədə qeyri iş günüdür. Elə bu səbəbdən həftənin bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiq edilir.

Nəzərinizə çatdırırıq ki, şənbə günü qeyd edilən şəhər və rayonlarda adi günlər kimi market, iş yerləri fəaliyyətini davam etdirəcək. (qazet.az)

“Yeni Sabah” Milli Məclisin keçmiş sədri, bir zamanlar Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovun Reyting.az-a müsahibəsini təqdim edir:

– Yaqub müəllim, dünya koronavirusla mübarizəyə davam edir. Mövcud durumu necə qiymətləndirirsiniz?

– Bir tərəfdən baxırsan ki, virusla bağlı ümumi say çoxaldılır, digər tərəfdən də görürsən ki, say azaldılır. Sanki bu, idarə edilən prosesdir. Hər halda buna daha çox bənzəyir.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də gündə bir bəyanat verir, çıxış edir. Görünən odur ki, bu məsələ hələ uzanacaq.

O vaxt deyirdilər ki, may ayının ortasında ikinci dalğa başlayacaq, indi də deyirlər ki, ikinci dalğa iyunda başlayıb. Bir sözlə, koronavirusla əlaqədar dünyada bir qarmaqarışıqlıq hökm sürür.

– Sizcə, bu, sadəcə xəstəlikdir, yoxsa bununla paralel geosiyasi oyunlar da aparılır?

– Sözsüz ki, xəstəliyin həm də siyasi, iqtisadi tərəfləri var. Son 3-4 ayda gedən proseslər göstərdi ki, burada geosiyasi məsələ də mövcuddur. Yəni böyük güclərin siyasi, iqtisadi məqsədləri var və bu, aydın görünür.

Belarus Prezidenti Aleksandr Lukaşenko da bəzi məsələləri açıb danışır. Aydın görünür ki, bu, böyük oyun, masştablı prosesdir.

– Konkret nəyi nəzərdə tutursunuz?

– Yeni dünya düzənin formalaşmasını. Məncə, payızda çox şeylər aydın olacaq.

– Sizcə, pandemiya dünya siyasətinə necə təsir edə bilər?

– Yüz faiz təsiri olacaq. Söhbət böyük təsirlərdən gedir. Təsadüfən demirlər ki, pandemiya dünyanı dəyişəcək. Hər şey dəyişir. Hətta insanların psixologiyası da.

Neçə aydır ki, dünya əhalisi evində oturub bayıra çıxmır. Əvvəlki münasibətlər sistemi tamamilə dəyişəcək. Bunlar aydın görünür.

Elə dövlətlərin də münasibətləri dəyişir. Bir-birilə gərgin münasibətdə olan dövlətlər indi bir-birinə yardım təklif edirlər.

– Pandemiya siyasi maraqlar çərçivəsində müharibəyə gətirib çıxara bilərmi?

– Pandemiyanın özü elə müharibədir də. İndi əldə olunan silahlarla müharibə aparmaq çox risklidir. Ona görə, virusu salıblar ortaya və müharibə bu şəkildə aparılır. Sözsüz ki, söhbət böyük güclər və maraqlar arasında toqquşmadan gedir. Məncə, bunlar tədricən görünür.

– Azərbaycanda koronavirusla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Bizdə yoluxmanın əvvəli yaxşı getdi, yoluxanların sayı çox az idi. Ciddi tədbirlər də həyata keçirildi. Son vaxtlar isə yoluxma sayında kəskin artım müşahidə edilir. Dinamika gərgindir və vəziyyət ürəkaçan deyil. Hətta bəzi yoldaşlar bəyan edirlər ki, ikinci dalğa bizdə indi başlayır. Hesab edirəm ki, müəyyən dövrdən sonra səngimə müşahidə olunacaq. Amma indi artan xətt üzrə davam edir.

Xəstələrin sayı çoxdur. Dövlət səviyyəsində, səhiyyə strukturu xətti ilə müəyyən tədbirlər də həyata keçirilir. Zənnimcə, iki həftə ərzində hər şey məlum olacaq. Yəni xəstəliyin artma, yoxsa azalma tempi üzrə gedəcəyi bəlli olacaq.

– Siz həkim kimi əhaliyə nəyi tövsiyə edirsiniz?

– Əvvəla, mən dövlətin koronavirusa qarşı apardığı mübarizəsini müdafiə edirəm. Hesab edirəm ki, tətbiq olunan karantin rejiminə əməl etmək vacibdir. Onu hər bir halda pozmaq lazım deyil. Nəzərə almalıdırlar ki, karantinin tətbiqi elə-belə məsələ deyil.

Xəstəliklə bağlı ciddi mübarizə aparılır. Odur ki, tətbiq olunan tədbirlərə əməl etmək lazımdır. Amma çox təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çoxu buna əməl etmirlər.

Həm də düşünürəm ki, bizdə böyük ticarət mərkəzlərini, kafeləri çox tez açdılar. Camaat ticarət mərkəzlərinə gedir, üstəlik sosial məsafə saxlamırlar, qoruyucu maskalardan istifadə etmirlər. Bu isə qapalı yerdə yoluxma sayını kəskin artıra bilər.

– Sizə elə gəlmirmi ki, bizim əhali ilkin dövrdə belə bir xəstəliyin olmasına şübhə ilə yanaşdı?

– Əslində bu inamsızlıq dünyanın hər bir yerində var. Amma çox nahaq. Açıq şəkildə görünür ki, bu xəstəlik ciddi məsələdir və onunla mübarizə də ciddi aparılmalıdır. Hamı deyilənə əməl etməlidir.

İşin pis tərəfi odur ki, bu xəstəliyin müalicəsi, vaksini yoxdur. Dünya tibb elmi bunu etiraf edir. Həmçinin buna qarşı simptomatik müalicə də yoxdur. Əgər müalicə yoxdursa, deməli, tətbiq edilən rejimə əməl olunmalıdır. Mən insanlarımıza karantin rejiminə əməl etməyi, mümkün qədər sosial izolyasiyaya qapanmağı tövsiyə edirəm. Bayıra çıxdıqda isə qoruyucu maskalardan istifadə vacibdir. Əgər xəstəlik varsa və müalicəsi yoxdursa, deməli, hər bir insan həm də özünün həkimi olmalı və mütəxəssislərin məsləhətlərinə qulaq asmalıdır.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), AĞ Partiya və digərləri olmaqla 10 müxalifət partiyasının ötən həftəyə planlaşdırılan toplantısı baş tutmayıb.

Bu barədə Modern.az-a AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu məlumat verib. O qeyd edib ki, karantin rejimi sərtləşdirildiyinə görə, görüş ertələnib:

“Hələlik bilmirik ki, konkret nə vaxta planlaşdıra bilərik. Bu həftənin sonunda da evdən çıxmamaqla bağlı qərar verilib. Görək növbəti həftələrdə karantin rejimi yenidən sərtləşdiriləcək, ya yox. Buna uyğun təbii ki, addım atılacaq”.

Ə.Oruclu onu da qeyd edib ki, bu tədbir müxalifət partiyalarının Xalq Partiyasının qərargahında keçirilən görüşünün davamı olaraq nəzərdə tutulub:

“Burada 10 siyasi partiyanın iştirakı gözlənilir. Müzakirə ediləcək mövzu isə həm gündəmi müzakirə etmək, fikir mübadiləsi aparmaq, həm də hökumətin pandemiya dövründə gördüyü işlərin dəyərləndirilməsi olacaq. Bundan sonra atılacaq addımlarla bağlı təkliflərin irəli sürülməsidir. 10 partiya bir müddət əvvəldən əməkdaşlıq edirlər, müəyyən təkliflər hazırlayıblar”.

Xəbər lenti