Prezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Sabah 40 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah havanın günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.

12 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bakı metrosu fəaliyyətini dayandıracaq
Metropolitendə sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, qərarda qeyd olunduğu tarixlərdə metro fəaliyyətini məhdudlaşdıracaq.

“Hər gün saat 00:00-da metrolara sərnişin daxil olması dayandırılır. Həmin vaxta qədər daxil olan sərnişinlər mənzil başına çatdırılacaq və fəaliyyətimizə 16 iyun 06:00-da yenidən başlayacağıq”, – deyə Bəxtiyar Məmmədov bildirir.

Qeyd edək ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Bu rəqəm Bakı üzrə 50% təşkil edib.

Sonrakı yerlərdə 12,5%-lə Gəncə-Qazax, 11,6%-lə Abşeron, 9,3%-lə Aran, 7,3%-lə Lənkəran, 3,4%-lə ölkə xarici, 1,7%-lə Şəki-Zaqatala, 1,4%-lə Quba-Xaçmaz, 1,1%-lə Yuxarı Qarabağ, 1,6%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Sabunçu (12,4%), Yasamal və Binəqədidə (12,3%) qeydə alınıb.  Xətaidə bu rəqəm 11,6%, Nəsimidə 11%, Suraxanıda 9,4%, Nərimanov 9,1%, Nizamidə 7,2%, Qaradağda 7%, Xəzərdə 4,4%, Səbaildə 3%, Pirallahıda 0,3% olub.

Yoluxanların yaş qrupunda isə 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16 %, 70-79 yaş arası 4%, 80 yaşdan çox olanlar isə 2 faizdir.

Qeyd edək ki, bu gün Azərbaycanda ümumilikdə 8 530 nəfər virusa yoluxub. Onlardan 4 720 nəfəri sağalıb, 102-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 3 708 nəfər təşkil edir. Ümumilikdə isə 356 032 müayinə aparılıb.  

Avtobuslardan istifadə edənlərə
Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib. Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

"Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq.

Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır", - qurum bəyan edib. 

Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. 

Bu barədə “Report”a hökumətdəki mənbə bildirib.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub.    /Modern.az/

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu həftə sonunda 2 günlük sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin siyahısı genişlənib. Yevlax, İsmayıllı, Salyan Və Kürdəmirdə də koronavirusa yoluxma sayı artdığından sərt karantin rejimi tətbiq olunacaq.

Bu rayonlardan ikisində aparılan hazırlıqların təfərrüatlarını təqdim edirik:

Son günlər Salyanda xəstəliyə yoluxma hallarının artması ilə bağlı olaraq rayon ərazisində həftəsonu gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.

Bunun üçün rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları karantin rejminin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. Polislər rayonun əsas giriş-çıxışları, eləcə də kənd ərazilərində postlar quraraq rejimin tələblərinə nəzarət edəcəklər. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyası və poliklinika şöbəsində həkimlər növbə əsasında xidmət aparacaqlar..

Rayon ərazisində xəstəliyə yoluxma sayının artması sakinlərin də məsuliyyətini artırır.

Sərt karantin rejiminin tətbiq olunacağı rayonlardan biri də Kürdəmirdir. Rayonda həftəsonu tətbiq ediləcək ciddi karantin rejimi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür.

Kürdəmir rayon icra hakimiyyətinin başçısının müavini Ağəli Kərimli bildirdi ki, yoluxmanın ən çox qeydə alındığı Sığırlı kəndində vəziyyət hazırda qənaətbəxşdir.

Qeyd olunan tarixlərdə vətəndaşlar evdə qalacaqlarına görə ərzaq və dərman tədarüklərini vaxtında görməlidirlər.

/yeniavaz.com/

Bu gün Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanacaq.

Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 bina, 3 284 zal ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 17 021 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

Xəbər lenti