![]() |
|
1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.
Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.
Məlumat üçün bildirək ki, biletlər “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58/59 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənəddə deyilir:
“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.
Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş vermiş güllələnmənin daha bir videosu yayılıb.
Qeyd edək ki, cinayət rayonun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməklə törədilib.
Hadisə nəticəsində dörd nəfər ölüb, dörd nəfər yaralanıb.
E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Zabrat - Maştağa şossesində qəzalı vəziyyətdə olan dəmir konstruksiya vətəndaşların narazılığına səbəb olub.
“Qafqazinfo”ya müraciət edən sakinlər “Ayxan” Ticarət Mərkəzinin qarşısında yerləşən konstruksiyanın piyadalar, həmçinin də işıqforda gözləyən avtomobillər üçün təhlükəli olduğunu bildirib.
Həmin dəmirin hansı məqsədlə əraziyə yerləşdirildiyi dəqiq məlum olmasa da, gələcəkdə piyada keçidi kimi istifadə olunacağı ehtimal edilir.
Həmin görüntünü təqdim edirik:
Rusiyanın “Ural hava yolları” aviaşirkətinin rəsmi jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzr istəyib. Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, həmçinin jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.
Qeyd edək ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, həmçinin işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan yerləşdirilmişdi.
Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.
Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Prezidentin sərəncamına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
İlham Əliyevin digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Prezidentin daha bir sərəncamı ilə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”un məlumatına görə, sərəncamla DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Dövlət başçısının digər sərəncamı ilə DİN-in Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə növbəti sosial paketi təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının imzaladığı paket bu istiqamətdə həyatda keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb.
Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Bundan başqa imzalanmış sərəncamlarda hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması nəzərdə tutulub.
Eyni zamanda, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, İlham Əliyevin imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minəcək.
İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə ölkəmizdə səfərdə olan BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov arasında görüş olub.
"Qafqazinfo"nun məlumatına görə, görüşdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məsələləri, bununla əlaqədar yerli və regional səviyyədə görülən işlər və irəli sürülən təşəbbüslər, xüsusən də Xəzər dənizinin bioloji resurslarının mühafizəsinə yönəlmiş səylər müzakirə edilib.
Leyla Əliyeva IDEA-nın son illər əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Tərəflər, həmçinin ətraf mühit və davamlı inkişaf məsələləri üzrə BMT-nin xoşməramlı səfirləri qismində həyata keçirdikləri fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.