|
Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.
“Qafqazinfo”nun Trend-iə istinadən verdiyi məlumata görə, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.
Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.
***
“TASS” agentliyi xəbər verir ki, Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb.
Hadisə nəticəsində biri azyaşlı olmaqla xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, daha 10 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yaralananların Bakı sakinləri olduğu bildirilir.
Gürcüstanda yayılan А(H1N1) - “Donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.
“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə ölkəyə daxil olan nəqliyyat vasitələrini, xüsusilə onların təkərlərini müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.
Daha sonra avtomobillər "yaşıl xətt"ə buraxılırlar.
İstər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də, bütün sərhəd-keçid məntəqələri lazımi termoqurğularla təchiz olunub.
Yoxlama və müşahidə tədbirləri vətəndaşların xəbəri olmadan aparılır. Yüksəklikdə quraşdırılan termal kamera hər kəsi asanlıqla müşahidə edir və hərarəti müəyyən edir.
DGK bu işdə mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.
Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.
“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun "Qum" küçəsində kirayədə qaldıqları evdə baş verib.
Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.