Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on ikinci mövsümü başa çatdı. Bilik yarışlarında ölkənin müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edib. Respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparıb.

Axar.az xəbər verir ki,“Breyn Rinq” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Kapital Bank” komandası olub. Xatırladaq ki, ilin ilk yarısının qalibi və “Nar” Kubokunun sahibi isə “Full Göyçay” komandası idi.

“Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Tvitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırdılar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması səbəbindən Azərbaycan Dəmir Yolları QSC-nin səhiyyə müəssisələri tərəfindən müvafiq tədbirlər görülür.

QSC-dən Trend-ə bildirilib ki, Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar.

Eləcə də hər reysqabağı vaqonlarda dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.

Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.

Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Azercell Telekom MMC-nin rəsmi İnstaqram səhifəsi www.instagram.com/azercelltəsdiqlənmiş (verified) statusuna layiq görülüb.

Axar.az xəbər verir ki, Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell” İnstaqramın bütün verifikasiya meyarlarına cavab verdiyi, Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına əməl etdiyi üçün səhifənin təsdiq nişanını alıb. “Azercell”in İnstagram səhifəsinin hazırda 70 mindən çox izləyicisi var. Sosial media sahəsində daima yeniliklərə imza atan şirkət olaraq “Azercell”in ümumilikdə Feysbuk, Tvitter və İnstagram rəsmi səhifələri də daxil olmaqla sosial şəbəkələrdə 600 000-ə yaxın istifadəçisi var. Onlar sosial şəbəkənin imkanlarından istifadə edərək, 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilirlər. “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı, sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom MMC ilk dəfə 2008-ci ildə Feysbuk platformasında, bir ildən sonra, 2009-cü ildə Tvitter sosial şəbəkəsində və 2012-ci ildə isə İnstagram-da rəsmi səhifəsini yaradıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Yeni il və qış tətili artıq başa çatsa da, hələ də istirahətini davam etdirənlər var. Bundan başqa, həftə sonunu istirahət mərkəzinə getməklə dəyərləndirənlər də var ki, onlar üçün bölgələrdə və xarici ölkələrdə dincəlməyin neçəyə başa gəldiyi maraqlıdır.

Axar.az xəbər verir ki, əvvəllər xarici ölkəyə getmək, orada qalmaq və üstəlik bayram qeyd etmək yol, otel və restoran xərcləri də nəzərə alınaraq, çox baha başa gəlirdi. Bu səbəbdən uzun illər hər kəs xüsusilə bayram tətillərini evində, ən yaxşı halda isə bölgələrdə keçirməyə üstünlük verirdi. İndi isə xarici ölkələrlə bölgələrdə dincəlmək arasında elə də qiymət fərqinin olmaması, bir çox hallarda isə xaricə getməyin daha ucuz başa gəlməsi istirahətini xarici ölkələrdə keçirməyə üstünlük verənlərin sayını artırıb.

Xaricdə qış tətili

Məsələn, 4 gecə 5 günlük qış tətilində İstanbulda tətil 329 dollara başa gəlir. Bu qiymət 3 ulduzlu “Hali Otel”də 2 nəfərlik otaqda bir nəfərin qalması üçün keçərlidir. Qiymət fərqi ancaq otelin ulduz sayına və mərkəzə yaxınlığına görə dəyişə bilər. Tərtib edilən qiymətlərə aviabilet, oteldə qonaqlama, səhər yeməyi, transfer və sığorta da daxildir.

Avropanın ən maraqlı ölkələrindən olan Vyanada qış tətili (4 gecə, 5 gün) 499 avrodan başlayır. Amma bu turu seçənlər əvvəlcə İstanbula getməlidirlər. Bunun qiyməti tura aid deyil. Tura isə İstanbuldan birbaşa uçuşlar, hava limanı vergiləri və xidmətləri, əvvəlcədən müəyyən olunan 4 ulduzlu otellərdə səhər yeməyi və gecələmə daxildir. Turun qiymətinə aeroport - otel - aeroport və şəhərlərarası rahat avtobuslarla gəzmək, panoramik Vyana şəhər turu, otel vergiləri və turist şəhər vergiləri də aiddir.

Qış tətilində ən çox səfər edilən yerlərdən biri olan Dubayda iki nəfərlik bir otaq 460 dollardır. Qiymətlərə ənənəvi olaraq otellərin ulduz sayı və yerləşdiyi ərazi təsir edir. Qiymətə isə aviabilet (baqaj daxil), otel, səhər yeməyi, sığorta və viza daxildir.

Ölkədəkindən daha ucuz Tiflis tətili

Orta statistik azərbaycanlının ən çox üz tutduğu yerlərdən olan Tiflisdə isə bir nəfər üçün 150-200, iki nəfər üçün qış tətili 300-400 manata başa gəlir. Oteldən asılı olaraq qiymət nisbətən dəyişə bilər. Ancaq bu məbləğ 500 manatdan yüksək olmur. Tiflisə təyin edilən turların əksəriyyətində qiymətə qarşılanma, oteldə yerləşdirilmə, Tiflisdə ekskursiya, sığorta, səhər yeməyi və yeni il gecəsi şam yeməyi də daxildir. Ancaq siz Tiflisə öz avtomobilinizlə də gedə bilərsiniz ki, bu da səfərinizin daha ucuz başa gəlməsinə səbəb olar.

Moskva iki nəfərlik bir otaqda qış tətilində dincəlmək 781 manatdan çox tutmur. Qiymətə aviabilet, qidalanma, transfer, sığorta daxildir. Bayram stolunu isə müştərilər öz zövq və ciblərinə uyğun seçə bilərlər.

Bir daha vurğulayaq ki, bu qiymətlər bayram tətilini (4 gün) əhatə edir.

Yerli istirahət mərkəzlərinin qiyməti “ceyran belində”

Ancaq xaricə getmədən, ölkə daxilində, bölgələrdə Yeni ili qeyd etmək daha baha başa gəlir. Məsələn, Qubada “Rixos” otelin qış tətili keçirmək istəyirsinizsə, bu sizə ən azı 1999 manata başa gələcək. Həm də bu qiymət 4 gecə, 5 gün üçün deyil, 3 gün 2 nəfər üçün nəzərdə tutulub. Qeyd edək ki, bu qiymətlərə qidalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildir. 2

“Şahdağ Quba Hotel & SPA”da isə tutduğunuz otağın qiyməti pəncərə mənzərəsinin dağa və ya parka baxmasından asılı olaraq 898 və 1098 manat arasında dəyişir. Qiymətə yalnızca oteldə gecələmə (3 gecə, 4 gün), 3 dəfə səhər yeməyi, internetdən pulsuz istifadə, Fitness və SPA xidmətləri daxildir. Əgər siz Yeni il ərəfəsində ora getmisinizsə, ödədiyiniz puldan əlavə oteldə keçirilən Yeni il konsertinə girmək üçün bir nəfər üçün 200 manat ödəməlisiniz.

Qusar “Olimpik hoteli”nin meşə içindəki kotteclərində qış tətili bir nəfər üçün 3 günlük istirahətin bir gecəsi 299 manat nəzərdə tutulub. Bura qidalanma (səhər və axşam yeməyi), otelin təklif etdiyi xidmətlər daxildir.

Uşağın yaşına görə qiymət oxuyan otellər

Şamaxıdakı beşulduzlu otellərdən birində bir gecənin qiyməti 272 manatdır. Azı 3 gün qalmaq 816 manat edir. Şamaxıdakı digər beşulduzlu dağ mənzərəli otelin iki nəfərlik standart otağının qiyməti 1410 manatdır. Göl mənzərəli otağın qiyməti isə 1560 manatdır. Dörd nəfərlik ikimərtəbəli kottecdə birinci cərgədə göl yanında 2 min 720 manat, ikinci cərgədə 2 min 500 manatdır. Qiymətə 6 gün qalmaq, səhər yeməyi daxildir.

Qusarda Şahdağın ətəyində yerləşən otellərdən olan “Park Challet”də Yeni il ərəfəsində bir nəfərlik otaq 2300 manat, iki nəfərlik otaq isə 2700 manata olub.

“Marxal Resort & Spa” otelində iki nəfər üçün qış tətili 1290 manata başa gəlir.

“Qafqaz Karvansaray Hotel”də iki nəfər üçün qış tətili 709 manatdan başlayır. Bu pula səhər yeməyi daxildir. 3 yaşa qədər uşaqlar üçün pul tələb olunmur. 6 yaşa qədər uşaqlar üçün 54 manat ödəmək lazımdır. 6 yaşdan yuxarı uşaqlara 90 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 201 manat ödəmək lazımdır.

Göründüyü kimi, bizdə otellər bahalığı ilə fərqlənir.

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Komitədən Axar.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində "Hennesy X.O." yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində "Moet&Chandon" yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində "Godet Antarctica" yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsü ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün jurnalist Azər Həsrəti və Azərbaycan bayrağını təhqir etməsi ilə bağlı deyib.

Agentlik rəsmisi bildirib ki, araşdırmalardan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, jurnalist Azər Həsrət 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün sərnişinlərlə kobud rəftar etdiyini yazıb. A.Həsrət vurğulayıb ki, sürücüyə Azərbaycan bayrağını tərsinə asdığı üçün irad tutub və buna görə sürücü onun özünü təhqir etməklə yanaşı, bayrağı da çıxararaq, kənara tullayıb.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ceyhun Bayramovun əmrinə əsasən, İsrafil İsgəndərov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor olan İsrafil İsgəndərov bu təyinata qədər Azərbaycan Turizm və Menecment Universitetində dekan işləyib.


Respublika ərazisində yol qəzalarının başvermə səbəbləri müxtəlifdir. Onların arasında nəqliyyat vasitəsinin mal-qara ilə toqquşması halları da az deyil.

Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a bildiriblər ki, son illər mal-qaranın nəzarətsiz buraxılması nəticəsində baş verən yol qəzalarının sayı azalsa da, bu qəbildən hallara yenə də baş verir. Lakin əvvəllər mal-qara sahibləri məsuliyyətdən kənarda qalsalar da, indi buna imkan verilmir. Belə ki, əvvəllər mal-qara sahibləri hətta sürücüdən dəymiş ziyanın ödənilməsini tələb edir, bəzən buna nail olurdular. Son illər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) Alayının regionlarda yerli əhali ilə keçirdiyi görüşlər müsbət nəticələr verir və mal-qaranı nəzarətsiz qoyanların sayı xeyli azalıb. Ancaq bəzən xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kor-təbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

Artıq DYP belə hadisələrin geniş şəkildə araşdırır və nəticədə bu cür qəzaların baş verməsinə görə məsuliyyətə cəlb olunan onlarla mal-qara sahibi var. Son vaxtlar mal-qara sahibləri qəza baş verəndən sonra gizlənməyə üstünlük verirlər. Çünki məsuliyyətə cəlb ediləcəyini bilir və bu səbəbdən heyvanın ona məxsus olduğunu gizlədirlər. Lakin YPX Alayının əməkdaşları, eləcə də nümunəvi kənd sakinləri hadisələrin üstünün açılmasında yaxından iştirak edirlər. Son illər yol polisi bu sahəyə nəzarəti gücləndirib və onlarla mal-qara sahibi ilə bağlı material məhkəmələrə göndərilib. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılmasına görə qəzaya düşən sürücülər də heyvan sahiblərinə qarşı məhkəmələrdə iddia qaldırıb zərərin ödənilməsini tələb edirlər. Bu, sürücülərin hüququdur.

Bəzi hallarda məhkəmələr tərəfindən avtomobillərə dəymiş 5 min manatadək maddi zərərin sürücüyə ödənilməsi ilə bağlı mal-qara sahibləri haqqında qərarlar çıxarılıb. Bu cür qərarlardan sonra artıq mal-qaranı nəzarətsiz buraxanların sayı xeyli azalıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə və mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, Mərkəz tərəfindən 4 yanvar 2019-cu il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri, Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə, və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 04 yanvar 2019-cu il tarixindən 04 fevral 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Xəbər lenti