Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.

Report-un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılması barədə məlumatlar yayılıb.

Bununla bağlı sorğunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.

Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

"Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb. Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik", - deyə dövlət başçısı qeyd edib.

İslahatlar davam etdiriləcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.

"Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir: "Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq. İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, - əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq".

"Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik", - deyə dövlət başçısı vurğulayıb.

Son dövrlər bir sıra hallarda radikal müxalifət aksiyaya müdaxilə edilməsi ilə bağlı əsassız iddia səsləndirir. Onların məqsədi nə Rəsulzadə, nə də 20 Yanvar şəhidlərini anmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Hüseynli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, radikal müxalifətin əsas məqsədi icazəli mitinq keçirmək deyil, ictimai-siyasi sabitliyi pozmaqdır:

“Azərbaycanda “Sərbəst toplaşmaq haqqında” Qanun bu halların qarşısını almaq üçün hüquqi baza yaradır. Amma hesab edirəm ki, internet resurslarında millət vəkilləri, hökumət nümayəndələrinin şərəf və ləyaqətinin təhqir edilməsi müşahidə edilir. İnternetdə saxta profillərdən istifadə etməklə böhtran atmaya görə cərimə sanksiyası nəzərdə tutulub, lakin bu qanunun tətbiqində boşluqlar mövcuddur. Bu da pozuntulara səbəb olur. Ölkə Prezidentinin, birinci xanımın şəhid ailələri ilə davranışı cəmiyyətdə müsbət qarşılanır. Lakin bu gerizəkalı fikir daşıyıcıları şəhid ailələrini Prezidentlə görüşdüyünə görə təhqir edirlər. Onlar hakimiyyətə deyil, xalqa, dövlətə nifrətlə yanaşırlar. Bilməlidirlər ki, Azərbaycanın bu qədər şəhidinin olmasının səbəbi 1992-ci ildə hakimiyyətdə olanlardır. Onlar öz doğulduqları kəndi, rayonu qorusaydılar, bu qədər şəhid olmazdı. Bu insanlar heç öz rayonlarını qoruya bilməyib. Minlərlə insan ordudan fərari oldu. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra əfv edildi, həmin şəxslərin hamısı orduya getdi”.

Spiker Oqtay Əsədov internetdə təhqirə yol verənlərlə bağlı qanunvericilik bazasına yenidən baxılması ilə bağlı tapşırıq verdiyini deyib:

“Həqiqətən də biz qanunları müfəssəl işləyirik, lakin onun işləkliyində problem yaranır. “Tütün haqqında” Qanun layihəsində də biz bu halı müşahidə etdik. İnternetdə təhqirlər səsləndirənlərə gəldikdə, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə tapşırmışam ki, bu məsələyə yenidən baxılsın. Hələ xaricdə yaşayanları demirəm, onların parlament, dövlət haqqında səsləndirdiyi fikirləri oxuyanda adam xəcalət çəkir. Daxildəkilərlə bağlı tədbir görülməsi üçün qanunvericilik bazasına yenidən baxılmalıdır”.

Milli Məclisin iki komissiyasının sədr müavini seçilib.

Ardını oxu...

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Bakı metrosunda əlil və sağlamlığı məhdud insanlar üçün layihəyə başlanılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibliyindən Axar.az-a bildirilib ki, ötən ilin sentyabr ayında elan edilən və QSC-nin sosial əhəmiyyəti mühüm layihəsinin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb. Bu layihəyə görə, əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq bu nəqliyyat vasitəsində onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq. Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.

Hazırda Bakı metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətindir. Bu səbəbdən xüsusi işçi qrup yaradılaraq vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin aparılaraq beynəlxalq təcrübə, müasir texnologiyaların tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən olunub.

Ötən müddət ərzində layihənin həyata keçirilməsi üçün bir sıra texniki məsələlər, tətbiq ediləcək qaydalar öyrənilib və Bakı metropoliteni üçün ən uyğun variant seçilib. Əlil arabası ilə metropolitendən istifadə etmək istəyən şəxs əvvəlcədən sifarişini verəcək və metropolitendə bu iş üçün ayrılmış işçi onu girişdə qarşılayaraq stansiyaya endirəcək, sərnişinin qatarla mənzil başına çataraq stansiyanı tərk etməsi təmin olunacaq.

Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşkil edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinasına yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq.

Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə olunacaq. Bu məqsədlə xüsusi proqram işlənib və metropolitenin saytında yerləşdirilib. Əlil arabasında metropolitendən istifadə etmək istəyən sərnişinlər üçün xüsusi mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları da genişlənəcək.

Əlillərin metrodan istifadə rahatlığını təmin etmək məqsədilə texniki cəhətdən Bakı metropoliteninin mövcud infrastruktur tələblərinə cavab verən əlil arabası seçilərək gətirilib və ilkin sınaqları aparılıb. Bu məqsədlə ayrılmış işçilərin nəzəri və praktiki təlimləri, məşqləri keçirilib. Artıq ilkin əyani sınaq da keçirilib. Əlil arabasının qarşılanması, stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi, işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb.

Bütün bunlar Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinin həyata keçirilməsində real addımların atıldığını əyani nümayiş etdirir. Yaxın vaxtlarda layihənin istifadəyə verilməsi ilə bağlı həlledici tədbirlərə başlanılacaq. Texniki məsələlərin əsas qismi həllini tapdıqdan sonra layihə ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.

Metrodan əlillərin və fiziki imkanları məhdud şəxslərin istifadə etməsi məqsədilə silsilə addımlar atılır. Buna qədər görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülüb və ardıcıl olaraq genişləndirilir. Bu xüsusda Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılması qeyd oluna bilər. 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.


Bu mənim Sumqayıta ilk səfərimdir. Sumqayıt Azərbaycanın böyük sənaye şəhəridir. Burada sənaye kompleksləri, böyük şirkətlər var. Sumqayıt Kimya Sənaye Parkı çox müasirdir.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərtac-a açıqlamasında deyib.

“Sumqayıt çox xoşuma gəldi. Burada gənclər çoxdur. Bu da Azərbaycanın gələcəyinə böyük imkanlar açır. Azərbaycan daha da inkişaf edəcək. Ölkə iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə inkişaf edir. Azərbaycan Mərkəzi Asiyada və Qafqazda ən inkişaf etmiş ölkədir”, - deyə səfir əlavə edib.

Diplomat, həmçinin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasına da toxunaraq deyib: “Azərbaycan xoşbəxt ölkədir ki, onun Nəsimi kimi mütəfəkkiri olub. Nəsimi biliyin, fəlsəfənin atasıdır. Mən Prezident İlham Əliyevə 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etdiyinə görə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, yanvarın 30-da Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib. Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib. Səfər çərçivəsində diplomatlar Sumqayıt Kimya Sənaye Parkında, Sumqayıt Texnologiyalar Parkında, Sumqayıt Dövlət Dram Teatrında, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.


Bakıda Azərbaycan - Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilir.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, sonuncu iclasdan sonrakı dövrdə görülmüş işlər, qarşıdakı dövrdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb:

“Ölkələrimiz arasında ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Ötən il avqust ayında Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri iqtisadi inkişaf üçün impuls rolunu oynadı. Bu səfərdən sonra Azərbaycan məhsullarının Almaniyaya ixrac edilməsi ilə bağlı danışıqlar aparılıb. 2018-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 61 faiz artıb. Həm Azərbaycandan Almaniyaya ixrac, həmçinin Almaniyadan Azərbaycana idxal olunan malların faizində artım müşahidə edilir. Almaniyanın Cənubi Qafqazla ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür”.

Qeyd edək ki, İşçi Qrupun iclasları növbəlilik prinsipi ilə - bir il Almaniya, bir il isə Bakıda keçirilir. Sonuncu iclas 2017-ci noyabr ayında Berlində baş tutub.

Xeyriyyə yönümlü addımları ilə daim gündəmə gələn Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Holdinq”in rəhbəri Mübariz Mənsimovun fevral ayından Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini bildirməsinə təhsil ekspertləri reaksiya verib.

Mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Etibar Əliyev də hesab edir ki, xaricdə təhsil alan tələbələrə təqaüd verən iş adamları DİM-lə birgə işləsə, daha səmərəli olar:

“Bu, çox yüksək və təqdir olunası addımdır və o iş adamları bilməlidirlər ki, biz onların bu addımını yüksək qiymətləndiririk. Çox istərdik ki, onlar bu xoşniyyətli planlarını DİM-lə əlaqələndirsinlər.

“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” dayandırılıb. Yəni dövlət artıq bakalavr səviyyəsində xaricdə təhsil alan tələbələrin təhsilini maliyyələşdirmir. Buna görə də öz hesabına gedən tələbələrimiz var. Onların təhsil haqları və yaşayış xərclərinin ödənilməsini azərbaycanlı milyonçuların öz üzərlərinə götürməsi çox yaxşı təşəbbüsdür. Bundan başqa, bu təşəbbüs xarici qrant və fondların maliyyə vasitəsilə oxuyan tələbələrimizdən fərqli olaraq, onlarda Azərbaycana qarşı məsuliyyət hislərini gücləndirəcək və azərbaycançılıq ideyası çərçivəsində gənclərə verilən dəstək əsasında daha məsuliyyətli olacaqlar.

Xarici qrant və fondlar bizim hansı tələbələrimizi maliyyələşdirirsə, onların məqsədləri var, kadrlar artıq onların kadrları hesab olunur. Bunun mənfi nəticələrini də biz görmüşük. Başqa ölkələrin qrant layihələri hesabına təhsil alanlar haqqında məlumatımız var. Düşünürəm ki, öz iş adamlarımız tərəfindən atılan bu cür addımlar gələcəyə qoyulan kapital olmaqla yanaşı, həm də vətənpərvərlik hissinin geniş mənada təbliğidir”.

Digər təhsil eskperti Kamran Əsədov isə bildirib ki, iş adamları tərəfindən xaricdə oxuyan tələbələrə təqaüd verilməsi konsulluqlarımız vasitəsi ilə mərkəzləşdirilmiş qaydada aparılsa, daha səhih nəticələri olar:

“Xarici ölkələrdə təhsil almağa gedən şəxslərin əksəriyyəti ya DİM-in imtahanlarında iştirak etmirlər, ya da DİM-in imtahanlarında keçərli bal toplaya bilmirlər. Ona görə də ölkədə ali məktəblərə qəbul ola bilmədikləri üçün xarici ölkələrə üz tuturlar. Xarici ölkələrə gedənlərin sayı isə hədsiz dərəcədə çoxdur. Ona görə də xarici ölkələrin hər birində onlara iş adamları tərəfindən təqaüd verilmə prosesini oradakı səfirlik və konsulluqlar tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirmək daha yaxşıdır.

Dünyada məşhur olan təqaüdlərin bir növü də hansısa iri şirkətlər və ya imkanlı şəxslər tərəfindən verilənlərdir. Əlbəttə ki, maddi imkanı aşağı olan tələbələrə özəl qrup və şəxslər tərəfindən təqaüdün verilməsi təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi baxımından çox müsbət haldır”.

Xəbər lenti