![]() |
|
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Report-a açıqlamasında bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır:
“Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.
Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb. Lakin Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi VAZ-2107 markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.
O.Mansurzadə həmçinin qeyd edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub:
“Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib.
Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.
Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.
Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, başsağlığında deyilir:
“Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus yük təyyarəsinin Kərəc şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin ağrınız bizim də ağrımızdır.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.
Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bu gün Güney Azərbaycan qar sevinci yaşayıb.
Axar.az xəbər verir ki, Ərdəbil, Xalxal və Zəncan da daxil olmaqla, bəzi bölgələrə qar yağıb.
Qar gözəlliyi, görkəmi ilə sevinc gətirsə də, problemsiz də ötüşməyib. Qar avtomobillərin hərəkətinə çətinliklər yaradıb.
Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib.
Report-un əldə etdiyi məlumata görə, şura sədri Nuşirəvan Məhərrəmli Asəf Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.
MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.
Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.
1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Tarix fakültəsinin "Dünya azərbaycanlıları" bölməsinə elmi işçi vəzifəsinə götürülüb. Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib.
1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə Xəzər TV-nin, 2008-ci ildə isə "Xəzər” radiosunun təsisçisi və prezidenti olub.
2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib.
Bakının bu ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə Azərişıq ASC istehlakçılardan üzr istəyir.
Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.
Axar.az-a daxil olan məlumata görə, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.
Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.
N.Ağayevanın saxlanılmadığı, hazırda evində səhhəti ilə bağlı müalicə aldığı da bildirilib.
Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda 3 günlük qız uşağı tapılıb və polislər tərəfindən 1 saylı Körpələr Evinə təhvil verilib. Reportun məlumatına görə, uşağın anası 37 yaşlı Nailə Ağayeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.