Milli Məclisin plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbulu zamanı yetərsay olmayıb.

Axar.az xəbər verir ki, qanun layihəsinə cəmi 79 nəfər səs verib. Spiker Oqtay Əsədov yetərsayın olmamasına etiraz edib:

“Yetərsay yoxdur. Deyəsən, qəhvə, çay yerini bağlamalı olacağıq. Çoxlarının paxıllığı tutur, belə getsə bağlanacaq. Məsələni bir də səsə qoyaq. İclas başlayanda dedim axı diqqətli olmaq lazımdır”.

Spikerin iradından sonra qanun layihəsi təkrar səsə qoyularaq qəbul edilib.

Deputatlar Komissiya üzvlərinin sayının azaldılmasını qəbul etmir

 

Milli Məclisin bu gün iclasında “Lotoreyalar haqqında” qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar: “Belə ki, yeni dəyişiklikdə qeyd olunur ki, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Spiker şəhid ailələri ilə bağlı komissiya yaratmağı təklif etdi

“Mən şəhid ailələrinə verilən birdəfəlik ödəmədə maddiyatın şişirdilməsinin əleyhinəyəm. Biz məsələnin  mənəvi tərəfindən danışmalıyıq. Əgər insanı itirmisənsə, ona qiymət qoymalısan?”.

Bunu deputat Siyavuş Novruzov parlamentin oktyabrın 16-da keçirilən iclasında səsləndirib. O, əlavə edib ki, şəhid torpaq uğrunda şəhid olub: “Yoxsa, söhbət 5 manat az oldu, çox oldu məsələsindən getməməlidir”.

O, həmçinin veteran statusunu almaq üçün hazırda yaranan problemlərdən də danışıb: “Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı 60 mini keçib. Mən xatırladıram ki, o dövrdə Azərbaycanda polk, diviziya olmayıb. Azərbaycanda batalyon olub. Onun tərkibində 200 nəfər olardı. Vaxtilə kimlərsə bundan istifadə edərək haqqı olmayanlar gedib özünü veteran kimi adını yazdırıb. Haqqı olanlar isə kənarda qalıb. Bununla bağlı Nazirlər Kabinetinin qaydaları açıqlanıb. Həmin sənəd əsasında bu məsələ müəyyənləşməlidir”.

Deputat Çingiz Qənizadə də qeyd edib ki, 50 nəfərin parlamentin qarşısına toplaşmağı düzgün deyil: “Prezident humanist addım atıb. Amma bu cür urvatlı işi urvatsız hala çeviriblər. Mən çox istərdim ki, bu insanlar küçələrdən yığışsın. Əgər qanunlarımızda boşluq varsa bu məsələni həll edək”.

Müzakirələrə fikir bildirən spiker Oqtay Əsədov komissiya  yaradılmasını təklif edib. O bu işi İnsan Hüquqları Komitəsinə həvalə edib: “İnsan Hüquqları Komitəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta” nın nümayəndələrini həmin komissiyaya cəlb etsin və məsələ araşdırılsın”.

 

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22,  Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.  

Tibbi meteoroloji proqnoz

Oktyabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

MSK üzvlərinə diplomatik pasport veriləcək

“Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportların verilməsi təklifi araşdırılır”.

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “Pasportlar haqqında” qanun   layihəsinə dəyişiklik məsələsinin müzakirəsində deyib. O qeyd edib ki, bu barədə qanunvericilik subyekti ilə danışıqlar aparılır: “Hazırda bu məsələyə baxılır. Əgər təkliflər qəbul edilərsə, biz MSK üzvlərinə də diplomatik pasportlar verilməsi məsələsinə baxarıq”.

 

Bu ölkədə küçədə yatan həbs ediləcək

Macarıstanda bundan sonra küçədə qalanlar cinayət törətmiş hesab ediləcək və cinayət məsuliyyətinə cəlb ediləcək.

Qanun Baş nazir Viktor Orbanın göstərişi ilə qüvvəyə minib.

Macarıstan sosial işlər naziri Atilla Fulop yeni qanunun bütün cəmiyyətin faydasına xidmət etdiyini bildirib.

Macarıstan müxalifəti isə bu addımı “zalımca” adlandırıb.

Qeyd edək ki, bu ölkədə 20 minə yaxın evsin insanın olduğu bildirilir. Hökumətin təşkil etdiyi sığınacaqlarda isə 11 minə yaxsız evsiz qalır.

 

 

“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…”

“Azərbaycanın beynəlxalq nüfuzu, gücü artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir”.

Bunu “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edən prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.

Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır”.

Prezident vurğulayıb ki, Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar: “Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq. Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.

Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb”.

Dövlət başçısı bildirib ki, kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir: “Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik. Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcəkdir".

Azərbaycan Prezidenti deyib ki, bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir: “Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq. Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq”.

 

 

İnam Kərimovdan növbəti kadr dəyişikliyi

 

Kənd Təsərrüfatı naziri İnam Kərimov sabiq nazir Heydər Əsədovun daha bir kadrını vəzifəsindən azad edib.

İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin İnvestisiya Şöbəsinin müdiri Rzayev Ramiz İlyas oğlunu işdən çıxarıb.

İ.Kərimovun müvafiq əmri ilə həmin vəzifəyə Pərviz Məmmədov təyin edilib.

Qeyd edək ki, sözügedən xəbəri Kənd Təsərrüfatı Nazirliyindən təsdiqləyiblər.

 

 

 

Prezident Astarada bulvarı gəzdi

 

Prezident İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Dövlət başçısı elektromobillə kompleksin ərazisini gəzib.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza görə, oktyabrın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti