Vasif Talıbov dindarlara maşın hədiyyə etdi

Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.

Maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub.

Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. “Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”.

 

Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib. 

Sonda V. Talıbov Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.

 



 
Qanunsuz balıq tutanlara qarşı reyd

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.  

Reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının  sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və  Gəncə şəhər sakini Nüsrət  Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.

 

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində  ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Onlara yeni mənzillər veriləcək

160 gəmiçi yeni mənzillə təmin olunacaq.

Bu fikri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev “Gəmiçilik-160” adlı təsviri incəsənət sərgisinin açılış mərasimində səsləndirib. 

 

Onun sözlərinə görə, Azərbaycan gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində bir sıra layihələr və tədbirlər həyata keçirilir ki, bunlardan biri də 160 gəmiçinin yeni mənzillə təmin olunmasıdır.

 

İsveçrənin təhsil naziri Azərbaycana gəlir

 

İsveçrənin təhsil, araşdırma və innovasiyalar naziri Mauro Dell’Ambrogio bu ölkənin təhsil sisteminin nümayəndə heyəti ilə birlikdə 29-30 oktyabrda Azərbaycana səfər edəcək.

Azərbaycanın İsveçrədəki səfirliyindən , bu barədə razılıq, səfir Xanım İbrahimova ilə Mauro Dell’Ambrogio arasında keçirilmiş görüş zamanı əldə olunub.

 

Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqların aparılması nəzərdə tutulur. Bundan başqa, İsveçrənin peşə təhsili sistemi sahəsində təcrübəsinin araşdırılması imkanları da müzakirə olunacaq.

Xocavəndin işğalından 26 il ötür

Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

 sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.

Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.

Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.

 

 

Veteran adının verilməsi qaydası dəyişdi

 

Baş nazir Novruz Məmmədov “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edib.

 Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilib. 

 

İnam Kərimovdan yeni təyinat

 

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyinatı olub.

Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə İkram Abdul oğlu Əliyev Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. 

 

 İ.Əliyev bundan əvvəl Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.
 
Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq həmin mərkəzin Bitkiçilik və heyvandarlıq sektorunun aparıcı məsləhətçisi Teymur Quluyevə həvalə edilib.

 

Yağış yağacaq, şimşək çaxacaq...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında oktyabrın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 02-03-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şamaxı rayonunda ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilib.

O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, onu bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.

Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.

Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. 8 il məhkumluq həyatı yaşayan Rəhim Bağırov qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilmişdi.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Prezident QMİ-yə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzalayıb.

sərəncama əsasən, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Sərəncamda qeyd olunub ki, Multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir:

“Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Onuncu ildönümünü qeyd edəcəyimiz və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib.

Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür”.

Xəbər lenti