|
Koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) əks-epidemik profilaktik tədbirləri davam etdirir. Yol-xeber.az xəbər verir ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq bugün ASCO-ya məxsus Azərbaycan Dövlət Dəniz Akademiyasında, Akademiyanın tələbə yataqxanasında və Azərbaycan Dənizçilər Kollecində dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
ASCO rəhbərliyinin qərarına əsasən, şirkətdə mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetirilir. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Dezinfeksiya işləri ilə paralel ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. “Dənizçilər poliklinikası” MMC-nin həkimləri mütəmadi olaraq virusun əlamətləri və virusdan qorunma yolları barədə əməkdaşlara məlumat verirlər.
Koronavirus ilə bağlı ASCO-da vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.