![]() |
|
İranın ali dini liderinin açıqlaması nəyin xəbərçisidir?
“İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq”. Bunu İranın ali dini rəhbəri Əli Xamenei deyib.
“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim: vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışsınlar. İrana uranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək böyük səhvdir. Bizə heç kimin icazəsi lazım deyil. Növbəti dəfə mən İran xalqına izah edəcəyəm ki, onlar niyə uranın zənginləşdirilməsinə bu qədər diqqət yetirirlər, niyə Qərb, ABŞ və başqaları İranda zənginləşdirmə prosesinin dayandırılmasında israrlıdırlar”, - ölkənin dini rəhbəri bildirib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etdiyini açıqlayıb. Həmçinin ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini söyləmişdi.
İranın ali dini liderinin bu açıqlaması Omanda keçirilən danışıqların üstündən xətt çəkmiş oldu. Bura qədər ABŞ-İran dialoqu gedirdi. Lakin Xameneinin son açıqlaması vəziyyəti xeyli dərəcədə tündləşdirdi. Tramp dəfələrlə bəyan edib ki, İran nüvə silahına sahiblənmək istəsə, onu pis aqibət gözləyəcək.
“Onlara məktub göndərdim və bildirdim ki, ya bir qərar qəbul etməli, ya da bu məsələni müzakirə etməliyik. Əks halda, İranın başına çox pis bir şey gələcək. Mən bunu istəmirəm”, - ABŞ Prezidenti martın 28-də vurğulayıb.
Bu arada, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib. Məlumatı CNN Amerika rəsmilərinə istinadən yayıb. Mənbələr bildiriblər ki, İsrailin İranın nüvə obyektinə zərbə endirməsi ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb: “Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranını əlindən çıxarmayan ABŞ-İran sazişinin perspektivi zərbə ehtimalını artırır”.
Telekanalın qeyd etdiyinə görə, ələ keçirilən İsrail rabitə məlumatları və İsrail hərbi hərəkətlərinin müşahidələri zərbənin hazırlandığını göstərir.
Bu arada rəsmilər bildiriblər ki, İsrail liderlərinin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın deyil.
Eyni zamanda telekanalın Amerika mənbələrindən biri xəbər verib ki, İsrail liderləri zərbə endirmək qərarına gələrsə, ABŞ yardım göstərməyə hazır olmaq üçün kəşfiyyat məlumatlarının toplanması işini gücləndirir.
Öz növbəsində, digər həmsöhbət qeyd edib ki, Tehran hansısa böyük təxribata əl atmasa, ABŞ çətin ki, İsrailə İranın nüvə obyektlərinə zərbə endirməkdə kömək etsin. Onun sözlərinə görə, İsrail Amerikanın köməyi olmadan İranın nüvə proqramını məhv edə bilməz.
İsrailli mənbə CNN-ə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul etmədiyi “pis razılaşma”ya gedərsə, İsrail təkbaşına hərbi əməliyyatlar keçirməyə hazır olacaq.
Bəs belə bir vəziyyətdə İranın ali lideri Xameneinin bu açıqlaması nəyin mesajıdır?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin “Yeni Müsavat”a müsahibəsində dediyinə görə, İran dünya siyasətinin nəbzini dəqiqliklə tutur və bəyanatlarını da buna uyğun verir: “Ötən 20 il müddətində biz İranın siyasətində geri çəkilmələri, neytrallığı və hətta ötkəmliyi müşahidə etmişik. Bununla belə, İran heç vaxt teokratik hakimiyyətindən əl çəkməyib, ABŞ isə bəyan edir ki, İranın apardığı siyasət region və dünya üçün təhlükə yaradıb. İran taktiki siyasətində hər zaman dəyişiklik etsə də, strateji məqsədlərini dəyişmir. Xameneinin açıqlaması ABŞ-ın zəif damarını tutduğuna görə hökm kimi səslənir. Özünün dünyanın super gücü olan ABŞ-dan çəkinmədiyini bütün dünyaya bəyan edir. Bu, ABŞ-dan daha çox müttəfiqlərinə, İrana qarşı köklənmək istəyənlərə bir mesajdır. Xamenei İranın hökmranlığını nümayis etdirmək istəyindədir. Suriyadan vurulub çıxarılan İrana bu indi olduqca vacibdir. İran ABŞ-la gərgin və anlaşılmaz münasibətlərindən istifadə edərək özünün siyasi kombinasiyalarını həyata keçirir. Bir növ ABŞ-la münasibətlərindən öz maraqları üçün ustalıqla istifadə edir. İran uranın zənginləşdirilməsini davam etdirir və bunu nüvə silahına yararlı olacaq qədər etmədiyini bildirir. Lakin buna heç bir qarantiya yoxdur. Gorünən budur ki, İran nüvə silahı əldə etməkdə qərarlıdir. Bu niyyətini də çox ustalıqla, gizli və siyasi güclər arasında zamanı-zaman meydana çıxan gərginliklərdən bəhrələnərək həyata keçirir”.
Siyasətçi qeyd etdi ki, ABŞ-ın İrana hərbi zərbələr endirəcəyini iddia etmək çətindir: “İsrailin təkidlərinə baxmayaraq, ABŞ-ın İrana hava zərbələri endirmədiyini, əksinə, danışıqlara başladığını da unutmamalıyıq. Üstəlik, bu günlərdə Qırmızı dənizdə ABŞ-ın zədə almış təyyarədaşıyan gəmisinin İranın zəmanəti ilə oranı tərk etdiyini də yaddan çıxarmamalıyıq. Bütün bunlar ABŞ-İran münasibətlərinin gorünməyən tərəfləridir”.
Rusiya ordusu dörd kamikadzenin Suriyadakı hərbi bazaya hücumunu dəf edib və onlardan üçünü öldürüb.
“Mash” Telegram kanalını xəbər verir ki, hadisə mayın 21-də səhər saatlarında Xmeymim aviabazasından uzaqda olmayan Latakiya şəhərində baş verib. Radikallar mühafizə postlarını yarmağa çalışsalar da, onlar dəf edilib. Atışma nəticəsində hücum edənlərdən 3-ü öldürülüb.
Artıq hücum edənlərin kimliyi müəyyən edilib. İlkin olaraq onların hamısının Özbəkistandan olduğu və Suriyanın yeni hökumətini tanımayan silahlı qruplaşmanın üzvləridir.
Azərbaycan və Ermənistan arasında real münaqişə riski var və bunun qarşısını almağa çalışırıq.
Bunu ABŞ dövlət katibi Marko Rubio Konqresinin Nümayəndələr Palatasında ABŞ Konqresində Tom Lantos Komissiyasının həmsədri, konqresmen Kristofer Smitin sualını cavablandırarkən deyib.
"Azərbaycana gəlincə, bizim əsas məqsədimiz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasıdır. Biz qarşısını almağa çalışdığımız real münaqişə riski var. Komandalarımız bu istiqamətdə fəal işləyir, biz nəsə etməyə və silahlı müdaxilənin qarşısını almağa çalışırıq", - Marko Rubio qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı İsrailə başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Qorxu və parçalama yaratmaq məqsədi daşıyan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib.
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, həmin şəxs 30 yaşlı Elias Rodrigesdir.
İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb.
Vaşinqtonun polis rəisi Pamela Smitin sözlərinə görə, güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Hadisə onlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Smit qeyd edib ki, E.Rodriges saxlanılarkən Fələstin lehinə şüarlar səsləndirib.
“CNN”, həmçinin qeyd edib ki, o, saxlanılan zaman hadisəni törətdiyini etiraf edib və silahı hara atdığını bildirib.
Hadisə şahidləri isə qeyd edib ki, Rodriges israilli diplomatlara atəş açdıqdan sonra muzeyə daxil olmaq istəyib, lakin mühafizə tərəfindən içəri buraxılmayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində küçələrdən birində uca səslə nalayiq ifadələr səsləndirən şəxs saxlanılıb.
“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Petroqrad Rayon Məhkəməsi sözügedən şəxsin iki sutka müddətinə həbs edilməsinə qərar verib.
Məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs Bolşaya Zelenina küçəsində uca səslə nalayiq ifadələr səsləndirib.
Qeyd olunub ki, həmin vaxt ərazidə olan Azərbaycanın konsulu Rəhim Rəhimzadə o şəxsə iradını bildirsə də, vətəndaş buna məhəl qoymayıb.
Nəticədə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Adı açıqlanmayan şəxs əməlini etiraf edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının güllələnərək öldürülməsinə münasibət bildirib.
O bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Açıq-aşkar antisemitizmə əsaslanan dəhşətli qətllər dərhal dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdu. Həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə şeylərin baş verməsi çox təəssüf doğurur!”, - deyə Amerika lideri bildirib.
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
“Qafqazifo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
İran İsrail üçün hələ də ciddi təhlükə mənbəyidir.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrail bu məsələdə ABŞ-la davamlı koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Netanyahu ümid etdiyini bildirib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin və uranı zənginləşdirməsinin qarşısını alacaq bir razılaşmaya nail ola biləcək.
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda “Rusiya böhranı” yaşanmağa başlayıb. Kremlin Ukraynada “savaş bataqlığı”na düşdüyü gündən üzü bəri Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmləri öz əhəmiyyətini itirməkdə davam edir. Hətta hazırda elə vəziyyət yaranıb ki, Rusiyanın bu regiondan tamamilə sıxışdırılıb, çıxarıla biləcəyi də qətiyyən istisna deyil. Və Kreml son vaxtlar bu prosesin Rusiya üçün neqativ nəticələrinin geriyədönməz xarakter ala biləcəyindən ciddi şəkildə narahatdır.
Onu da qeyd etmək lazımdır ki, bir müddət öncəyə qədər Cənubi Qafqaza münasibətdə aqressiv bolşevik zehniyyətini qoruyan bəzi Rusiya siyasi dairələri Ukrayna savaşı sona çatdıqdan sonra Kremlə arxa çevirən region dövlətləri ilə haqq-hesab çəkiləcəyini bildirirdilər. Əslində, Rusiyanın belə radikal davranışlara yaxın siyasi-ideoloji prioritetlərə malik olduğu qətiyyən şübhə doğurmur. Halbuki, zaman keçdikcə, Rusiya Cənubi Qafqazda sahib olduğu ənənəvi təməl təsir faktorlarından məhrum qalmaq təhlükəsini daha sərt şəkildə hiss edir. Və bu baxımdan, Rusiya siyasi dairələrində olduqca ciddi “Qafqaz təlaşı”nın yaşanması qətiyyən təəccüblü deyil.
Məsələ ondadır ki, Ukrayna savaşının dayandırılması prosesində Tramp-Putin sövdələşməsinin baş tutduğu ilk mərhələdə Rusiya Cənubi Qafqaza açıq təhdidkar mesajlar göndərməyə başlamışdı. Kremldə belə qənaətlər yaranmışdı ki, Rusiya artıq bu regionda itirilmiş mövqelərini daha sərt addımlarla bərpa etmək hüququ qazanmağa başlayıb. Halbuki, Kremlin bu qənaətin doğurduğu əminliyi praktikada reallığa çevirməyə imkan tapmamış Tramp-Putin sövdələşməsi pozuldu. Və ABŞ-ın vasitəçilik missiyasından rəsmən geri çəkilməsiylə, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanma ehtimalı ön plana keçmiş oldu.
Təbii ki, əgər, belə davam edərsə, Cənubi Qafqazın Rusiya üçün olduqca əlçatmaz regiona çevrilə biləcəyini artıq Kremldə də anlamağa başlayıblar. Çünki Gürcüstanın Qərb siyasi dairələri ilə ciddi problemləri olsa da, əslində, rəsmi Tiflis Rusiya ilə də geopolitik proseslərdə tərəfdaşlığa qətiyyən həvəsli deyil. Eyni zamanda, Rusiya ilə strateji müttəfiqlik barədə bəyannamə imzalamış Azərbaycan da Kremlin məmnun qalmayacağı səviyyədə müstəqil xarici siyasət yürüdür və tamamilə sərbəst davranır. Və son vaxtlar Rusiya ilə müəyyən ziddiyyətlərin fonunda, üstəlik, NATO üzvü Türkiyə ilə strateji müttəfiq olan Azərbaycan ümumiyyətlə, Kremlin təsir dairəsindən kənarda fəaliyyət göstərir.
Ona görə də, Kreml bundan sonra da Ukrayna savaşının sona çatmasını gözləyəcəyi təqdirdə, Cənubi Qafqazın “qapılar”ının Rusiyanın üzünə tamamilə qapana biləcəyindən ciddi şəkildə narahatdır. Belə ki, Rusiya siyasi dairələri Cənubi Qafqaz uğrunda həlledici savaşa başlamaq qərarı vermiş kimi görünürlər. Eyni zamanda, Kreml əsas hədəf kimi məhz Ermənistanı seçdiyini də demək olar ki, gizlətmir. Və Rusiyanın bu geostrateji seçiminin kifayət qədər ciddi səbəbləri də olmamış deyil.
Maraqlıdır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın ənənəvi for-postu praktikasına malikdir. Ancaq Paşinyan hakimiyyəti son illərdə Ermənistanı israrla Rusiyadan uzaqlaşdırıb, məhz Qərbə qaçırtmağa çalışır. Yəni, Ermənistan Rusiyaya qarşı “strateji xəyanət” edən yeganə region ölkəsidir. Bu baxımdan, Kremlin Ermənistana qarşı bütün istiqamətlər üzrə hüquqi təzyiq bəhanəsi tapması o qədər də çətin deyil. Və Rusiya siyasi dairələri Ermənistana qarşı təzyiq mexanizmlərinin hələ də güclü təsir potensialını qorumasından yararlanmaq niyyətini biruzə verir.
Məsələ ondadır ki, Rusiya və Ermənistan arasında hərbi müttəfiqlik barədə saziş hələ də hüquqi qüvvəsini qoruyur. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Rəsmi İrəvan son illərdə Qərbə inteqrasiya siyasətində israrlı olsa da, Ermənistanı KTMT-dan çıxartmağa imkan tapmayıb. Eyni zamanda, Ermənistan Rusiya patronajlığı altında olan digər qurumun – Avrasiya İstisadi İttifaqının güzəştli ticarət paketinə möhtacdır. Və bütün bunlara paralel olaraq, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya şirkətlərinin nəzarətindədir, rəsmi İrəvan iqtisadi-ticari asılılığı da mütləq nəzərə almaq məcburiyyətindədir.
Bütün bunlar onu göstərir ki, Kreml Ermənistan üzərindən Cənubi Qafqazda mövqelərinin bərpası üçün manevrlər etmək baxımından, daha geniş imkanlara malikdir. Eyni zamanda, Ermənistanın radikal-revanşist müxalifət düşərgəsinin tamamilə Rusiya xüsusi xidmət servislərinin nəzarətində olması da, Kremlin rəsmi İrəvana daha radikal təzyiqlər üçün əlavə provakativ resurslar yaradır. Və üstəlik, Paşinyan hakimiyyətinin Qərbdən umduğu hərbi təhlükəsizlik, eləcə də siyasi-iqtisadi dəstəyi ala bilməməsi də rəsmi İrəvanı Kreml qarşısında aciz duruma salır.
Ona görə də, son vaxtlar Paşinyan hakimiyyəti tədricən Rusiya-Ermənistan münasibətlərini mümkün qədər normallaşdırmağa can atır. Artıq Paşinyan hakimiyyətinin yüksək rütbəli təmsilçiləri Rusiyaya səfərlərdən əvvəlki kimi imtina etməyə cəsarət göstərə bilmirlər. Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın Rusiyaya son məcburi səfəri çərçivəsində Ermənistanla bağlı bəzi problemlərin Kremlin maraqlarına uyğun həlli mümkün olub. Və Kremldə erməni baş nazirə müəyyən təhdidlər üzərindən Rusiya ilə qarşıdurmanın Ermənistana hansı faciəvi nəticələr vəd etdiyini növbəti dəfə anlatmağa çalışıblar.
Böyük ehtimalla Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana tez-tələsik cavab səfərinin nəticələri erməni baş nazirin Kremldə verilən “dərsi” necə qavradığını ortaya çıxaracaq. Rus nazir bu səfər çərçivəsində ikibaşlı açıqlamalarla diqqəti çəkib. Belə ki, o, bir tərəfdən, Paşinyan hakimiyyətinin siyasi mövqelərinə dolayısı zərbələr endirib. Digər tərəfdənsə, rəsmi İrəvana Ermənistanın Rusiyanın orbitinə dinc yolla dönüşü üçün hələ də “açıq qapı” saxlanıldığına eyham vurub. Eyni zamanda, rus diplomat Kremlin rəsmi İrəvandan Ermənistanın “kupça”sını dərhal istədiyini də sezdirib. Və əks halda, Ermənistanın ümumiyyətlə, müstəqilliyinə yenidən baxıla biləcəyi ilə bağlı xəbərdarlığı dolayısı yolla ultimatuma çevirib.