![]() |
|
Avropa Komissiyası (AK) Çindən Avropa İttifaqına elektriklə işləyən avtomobillərin idxalına 5 il müddətinə 35,3 faizə qədər rüsumun tətbiqini rəsmən təsdiqləyib.
Komissiya yekun qərarla bağlı açıqlamasında tərəflərin kompromis həll yolunu axtarmağa davam edəcəyi də vurğulanır. Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, rüsumun Avropa Komissiyası tərəfindən təsdiqlənməsinə baxmayaraq, tərəflərin texniki qrupları kompromis həll yolu tapmaq üçün danışıqları davam etdirir.
Diplomatın sözlərinə görə, Avropa Komissiyasının qərarı bu gün Aİ-nin Rəsmi Jurnalında dərc edilməklə oktyabrın 31-də qüvvəyə minəcək.
Xatırladaq ki, iyulun 4-də Aİ Çindən gələn elektrik avtomobillərinə 17,4 faizdən 37,6 faizə qədər rüsum tətbiq edib. Avropa Komissiyasının məlumatına görə, bu tariflər “qeyri-qanuni subsidiyalarla” mübarizə üzrə 9 ay davam edən araşdırmanın nəticələrinə əsasən tətbiq edilib. Avropa İttifaqının ən yüksək icra orqanı Çinlə bu mövzuda məsləhətləşmələrin “son aylarda intensivləşdiyini” və Avropa tərəfinin məsələni Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmaya nail olacağını açıqlayıb.
Öz növbəsində, Çin Ticarət Nazirliyi Çinin elektromobilləri üçün Avropa rüsumları ilə bağlı araşdırmaya başlayıb.(musavat.com)
Krasnoyarskda İstintaq Komitəsinin və Hərbi Komissarlığın əməkdaşları növbəti reyd zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 əmək miqrantını saxlayıblar.
Musavat.com xəbər verir ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını, istehsal və logistika kompleksini yoxlayıb.
Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiya Federasiyasında yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.
Gürcüstanın seçki narahatlığı bitdi və ardınca seçki problemləri başladı. Mərkəzi Seçki Komissiyasının hakim “Gürcü Arzusu”nun qələbəsini elan etməsinin ardınca müxalifət rəsmi nəticələri tanımaqdan imtina etdi. Tiflis küçələri yenə güc göstərişi meydanına çevrilib. Hakim komanda qələbəsindən əmindir. İndi gözlər müxalifətdədir.
Nə edə bilərlər?
Sınaqdan çıxmış, amma daha işə yaramayan birinci yol: kütləvi etirazlar
MSK-nın açıqladığı rəqəmlər müxalifəti o qədər çaşdırmışdı ki, yalnız bir neçə saat sonra bəzi müxalifət liderləri qısa açıqlamalar verdilər. Bu açıqlamalar seçki nəticələrinin təhlilindən və konkret faktlardan daha çox siyasi ittiham xarakteri daşıyırdı: “gürcü xalqının qələbəsinin oğurlanması”, “konstitusiya çevrilişi” və s.
Onlar bütün hüquqi və demokratik yollarla mübarizə aparacaqlarını bildirsələr də, bu üsulların tam olaraq nədən ibarət olduğunun heç biri göstərilmədi. Bir gün sonra müxalifət bir qədər özünü toparlaya bildi və prezident Salome Zurabişvili ilə görüşdən sonra xanım lider seçkinin nəticələrini tanımaqdan imtina edib, xalqı etiraza çağırdı.
Gürcüstanın müasir tarixində artıq kütləvi etirazların ölkədə hakimiyyət dəyişikliyinə səbəb olduğu hallar olub. 2003-cü ildə parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən “Qızılgül inqilabı”ndan sonra o zamankı dövlət başçısı Eduard Şevardnadze istefa verdi və Mixail Saakaşvili prezident oldu.
Amma o vaxtlar nümayişçilərin xarizmatik lideri var idi, xarici müşahidəçilər səslərin sayılması zamanı pozuntularla bağlı daha sərt bəyanatlar verir, ölkə boyu kütləvi etirazlar keçirilirdi. Hazırda oxşar ilkin şərtlər Gürcüstanda hələ görünmür. Oktyabrın 28-də keçirilən etiraz aksiyası hansısa şəkildə güc balansına təsir etməyəcəyini ortaya qoydu.
Dinc mübarizə məhkəmələrdir: o da işə yaramayacaq
Qanunla müxalifətin seçkilərin nəticələrindən şikayət etmək imkanı var. Partiyalar seçkinin nəticələrinə etiraz etmək üçün əsasları olduqda ilk növbədə məhkəmələrə müraciət edə bilərlər. Müstəqil müşahidəçilər seçkilər zamanı 200-dən çox pozuntu qeydə alıblar, lakin Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu hallar heç bir şəkildə nəticəyə təsir göstərməyib.
Ən ciddi hadisə Marneuli bələdiyyəsində seçki məntəqələrindən birində bülletenlərin içəriyə doldurulması olub və Mərkəzi Seçki Komissiyası dərhal bu məntəqədə səsvermənin nəticələrini ləğv edib. Bu, hazırda kütləvi doldurulmanın yeganə video sübutudur. Belə halların məhkəmədə tapılıb sübuta yetirilməsi problemli olacaq.
Üstəlik, seçkinin rəsmi nəticələri müxalifət telekanallarının sifariş etdiyi “exit-poll”dan 12-14% fərqlənir. Müxalifət deyir ki, hazırda qanun pozuntularına dair sübutlar toplayır və bunu ictimailəşdirmək niyyətindədir. Müxalifət Konstitusiya Məhkəməsində seçkilərin konstitusiyaya uyğunluğuna etiraz etməyə cəhd edə bilər, lakin belə strategiyanın real uğur şansı yoxdur. Ən başlıcası məhkəmələrin tamamilə hakim komandaya tabe olduğunu nəzərə alsaq, müxalifətin hüquqi prosedurlarla mübarizə aparmaq imkanı yoxdur.
Boykot siyasi intihara bərabər uğursuz yoldur
Gürcüstan qanunlarına görə, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini rəsmən təsdiqlədikdən sonra on gün ərzində ölkə prezidenti yeni parlamentin ilk iclasının tarixini təyin etməyə borcludur. Seçkilərin nəticələrini tanımayan president Zurabişvilinin bundan imtina etmək hüququ yoxdur, əks halda o, konstitusiyanı pozmuş olacaq. Salome Zurabişvili özünü “ölkədə qalan yeganə müstəqil qurum” və konstitusiyanın qarantı adlandırır, ona görə də onun parlament iclasını təyin etməkdən imtina etməsi gözlənilməz görünür.
Zurabişvili bunu etmək qərarına gəlsə də, parlamentin onsuz iclas keçirməsinə heç nə mane olmur. Bu halda parlamenti hazırkı baş nazir toplayacaq.
Artıq müxalifətçi deputatlar mandatlarından imtina etməkdən danışırlar. Amma parlamenti boykot etmək heç bir hüquqi nəticə verməyəcək, çünki parlamentin səlahiyyətlərini tanımaq üçün 76 deputat lazımdır.
“Gürcü Arzusu” seçkilərin rəsmi nəticələrinə görə, 89 yer qazanıb. Həmçinin Gürcüstan qanunvericiliyində yalnız bir partiyanın təmsil olunduğu parlamentin fəaliyyətinə qadağalar yoxdur.
Parlamenti deputatsız saxlamaq da yol deyil
Müxalifətin tələblərinə çatmasının yeganə yolu siyasi təzyiqdən istifadə etməkdir. Burda söhbət ictimai-siyasi təzyiq yaradan kütləvi etirazlardan və Gürcüstanda artıq istifadə olunan alətdən gedir: hakim partiyadan seçilmiş deputatların parlamentin ilk iclasından fiziki kənarda saxlanmaq.
Ötən illərin təcrübəsi göstərir ki, iclas günü etirazçılar insan zəncirləri düzəldir və parlamentin girişini fiziki olaraq bağlamağa çalışırlar. Amma burada da vəziyyət müxalifətin tərəfində deyil. Parlament binasının bir neçə girişi var. Onlardan ən azı ikisi Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası və xüsusi təyinatlı dəstənin kazarmalarının yerləşdiyi dar yan küçəyə baxır. Vəziyyət gərginləşərsə, təhlükəsizlik qüvvələri bu küçəni etirazçılardan asanlıqla təmizləyə və hakim partiyanın deputatlarının parlamentə daxil olacağı təhlükəsiz dəhliz yarada biləcək.
Bir sözlə, mənəvi lideri – Saakaşvilini həbsdən çıxara bilməyən müxalifət özü dalana dirənib. Mümkün yollardan heç biri ilə getmək olmur: işıqforun qırmızı işığı hərəkəti qadağan edir və bu rəngin Rusiyaya heç bir dəxli yoxdur!
Nəsimi Şərəfxanlı,
İran və İsrail arasındakı qarşılıqlı atəşin növbəti raundu yenidən ciddi təhlükə siqnalları göndərir. İsrail, təxminən 4 həftə gözlədikdən sonra İrana qarşı hərbi cavab zərbəsi endirdi. Əməliyyat zamanı təxminən 100 döyüş təyyarəsi və dronlardan istifadə edildi və nəticədə İranın hava hücumundan müdafiə sistemləri, silah istehsalı müəssisələri və ballistik raket buraxılış nöqtələri də daxil olmaqla 20-dən çox strateji hədəf vuruldu.
İranın hərbi obyektlərinə zərbələr
Əsasən Tehran, Xuzistan və İlam bölgələrində yerləşən Sepaha məxsus hərbi obyektlər bu hücumun əsas hədəfi oldu. İran hökumət mənbələrinin bildirdiyinə görə, əməliyyat nəticəsində iki İran hərbçisi həlak olub. Əldə edilən məlumatlara əsasən, İsrail aviasiyası İranın hava məkanına daxil olmayıb, əksinə, İraq ərazisindən İranla həmsərhəd Xuzistan və İlam vilayətlərindəki obyektlərə zərbə endirib. Tehrandakı hədəflərin isə, böyük ehtimalla, dronlar vasitəsilə vurulduğu bildirilir. Bu əməliyyat zamanı İsrail aviasiyası Suriya və İordaniya üzərindən keçərək İraq ərazisinə daxil olub və həmin marşrutla geri qayıdıb. İsrail təyyarələrinin İranın daxilinə, xüsusilə Tehranadək gedə bilməməsinin səbəbi, aviasiya üçün böyük risklərin mövcud olması idi. Buna görə də İsrail, İranın hava hücumundan müdafiə sistemləri ilə daha dərin təmas yaratmamaq və risk almamaq üçün İraq ərazisindən atəş açmaqla kifayətləndi.
Əməliyyatın məhdud miqyası və ABŞ-la əlaqələr
İsrailin bu hərbi əməliyyatının məhdud miqyasda olması diqqət çəkir. Məlumata görə, əməliyyat həyata keçirilməzdən əvvəl Vaşinqton İsrail tərəfindən məlumatlandırılıb. ABŞ prezidenti Co Baydenin tövsiyəsi nəzərə alınaraq, İranın nüvə və neft obyektlərinə zərbələr endirilməyib. İsrail tərəfinin yaydığı açıqlamalar da bu məlumatı təsdiqləyir. Bu məqam İsrailin əməliyyatı Vaşinqtonun maraqlarını nəzərə alaraq icra etməyə çalışdığını göstərir.
İrana öncədən "səni vuracam", xəbərdarlığı
Əməliyyatın diqqət çəkən bir digər detalı, İranın öncədən xəbərdar edilməsi oldu. İranın xarici işlər naziri Abbas Əraqçi bildirdi ki, İsrail, üçüncü ölkələr vasitəsilə hücum barədə onları məlumatlandırıb. Bu, tərəflər arasında müəyyən dərəcədə bir ehtiyatlı yanaşmanın olduğunu göstərir.
Həm savaşırlar, həm də böyük müharibədən qaçırlar
İsrailin bu əməliyyatı məhdud miqyasda və ölçülü şəkildə həyata keçirməsi, Təl-Əvivin Vaşinqtonun tələblərini nəzərə alaraq İranla genişmiqyaslı qarşıdurmaya girmək istəməməsinin bir göstəricisidir. Bu zərbənin, əslində, İsrailin daha çox öz imicini qorumağa yönəldiyi açıq-aşkar görünür. Tehran isə təmkinli reaksiya verməklə öz cavab haqqını saxladığını, lakin hələlik bu haqqı dərhal istifadə etməyəcəyini bəyan etdi. Bu, hər iki tərəfin indiki şəraitdə böyük miqyaslı müharibəyə girmək istəmədiyini göstərir.
ABŞ və Fransa ilə münasibətlərin təsiri
İsrailin hazırkı hökumətinin və baş nazir Benyamin Netanyahunun əsas məqsədi İrana qarşı yekun savaşa girməkdir. Lakin son proseslər göstərir ki, ABŞ prezidenti Baydenin siyasəti və İsrailə göstərilən təzyiqlər bu niyyətin reallaşmasını çətinləşdirir. ABŞ administrasiyası, İranın nüvə və neft obyektlərinə hücum endirilməməsi ilə bağlı tələbini və Netanyahunun gecikmiş telefon danışığını nəzərə alsaq, Vaşinqtonun İsrailə istədiyi dəstəyi verməyəcəyini göstərir.
Bundan əlavə, Livan məsələsinə görə İsrailin Fransa ilə münasibətləri də gərginləşib. Fransa, öz keçmiş müstəmləkəsi olan Livanı İran və İsrail arasındakı qarşıdurmaya qurban vermək istəmir və buna görə də İsrailə təzyiqlərini artırıb. İsrailin isə, İrana qarşı müharibə aparmaq üçün kollektiv Qərbin qeyd-şərtsiz dəstəyinə ehtiyacı var.
Nəticə
Bütün bu şərtlər altında Benyamin Netanyahu, xüsusilə də seçkilər öncəsi daha ehtiyatlı davranmağa və ABŞ-la münasibətləri gərginləşdirməyə risk etməməyə üstünlük verdi. Hazırda İsrail hökuməti, ən azı ABŞ-dakı seçkilərə qədər səbirlə gözləməyə məcburdur. Ancaq İranın növbəti dəfə İsrailə cavab vermək fikrinə düşəcəyi təqdirdə, qarşılıqlı zərbələrin daha da şiddətli və təhlükəli nəticələrə səbəb olacağı ehtimalı güclüdür.
Xüsusi olaraq Musavat.com üçün
Rusiya qoşunları bu gecə Xarkova uzaq məsafədən idarə olunan ağır bombalarla növbəti hava hücumu həyata keçirib.
“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, partlayışlar zamanı dörd nəfər ölüb.
Xarkov meri İqor Terexov bildirib ki, Osnovyanski rayonunda yaşayış evlərinin üzərinə mərmilər düşüb, iki ev dağılıb, 20-yə yaxınına müxtəlif ziyan dəyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri hücum zamanı “Qrom-E1” raketindən istifadə ediblər.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, xilasedicilər dağıntıları təmizləməyə davam edir, onların altında hələ də insanlar, o cümlədən uşaqlar ola bilər.
Dünən axşam saatlarında isə Rusiya hərbçilərinin Xarkov şəhərinin mərkəzinə idarə olunan hava bombaları ilə zərbə endirməsi nəticəsində 6 nəfər yaralanıb. İlkin məlumata görə, tibb müəssisəsinə və inzibati binalara ziyan dəyib. Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak bildirib ki, UNESCO-nun himayəsində olan konstruktivizm abidəsi olan Qosprom binası zərbələr nəticəsində zədələnib.
Kiyevdə isə havada vurulan Rusiya pilotsuz təyyarələrinin qırıntılarının yaşayış binasının üzərinə düşməsi yanğına səbəb olub. Kiyevin meri Vitali Kliçko bildirib ki, bir neçə avtomobil də yanıb, qaz xətti zədələnib. Son məlumatlara görə, altı nəfər yaralanıb.
Ötən gecə Krivoy Roq şəhərinə Rusiyanın raket hücumu nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Ukrayna Dövlət Fövqəladə Xidmətinin məlumatına görə, zərbənin təsirindən üçmərtəbəli yaşayış binası, yardımçı tikililər, tibb məntəqəsi və avtomobillər zədələnib, 12-yə yaxın qaraj dağılıb. Bundan əvvəl Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul şəhərin ballistik raketlərlə hücuma məruz qaldığını bildirmişdi.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
“Ankara Azərbaycan-Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı işi davam etdirəcək”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasında deyib.
“Biz qardaş Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görürük və Ankara prosesi izləməyə davam edəcək. İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.
O bildirib ki, oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı keçirilib. Ərdoğanın sözlərinə görə, platforma məhsuldardır və Ankara onu institusional platformaya çevirmək istəyir.
Xatırladaq ki, platforma görüşündə Rəcəb Tayyib Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.
Bu gün Gürcüstanda ölkə üzrə bir sıra seçki məntəqələrində oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri yenidən yoxlanılacaq.
Bu barədə məlumatı Gürcüstanın Mərkəzi Seçki Komissiyası yayıb.
Bildirilib ki, dairə seçki komissiyaları hər bir dairə üzrə beş seçki məntəqəsində bülletenləri yenidən hesablayacaq. Sözügedən məntəqələr isə püşkatma yolu ilə təyin edilib.
Dairə seçki komissiyaları regionlarda səslərin yenidən sayılmasına yerli vaxtla 12:00-da, paytaxt Tbilisidə isə 17:00-da başlayacaq.
Qeyd olunub ki, şəffaflığın təmin edilməsi məqsədilə müvafiq orqanlar prosesə nəzarət edə bilərlər.
Xatırladaq ki, oktyabrın 26-sı baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib.
Oktyabrın 28-də isə Tbilisidə parlament binası önündə Zurabişvilinin iştirakı ilə seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib.
2024-cü ilin yanvar-sentyabr aylarında Çinin iri sənaye şirkətlərinin ümumi mənfəəti illik müqayisədə 3,5 faiz azalaraq 5,228 trilyon yuana (732 milyard dollar) düşüb.
Musavat.com xəbər verir ki, məlumatı Çin Dövlət Statistika İdarəsi(SSA) yayıb.
İri sənaye şirkətlərinə illik gəliri 20 milyon yuandan çox olan sənaye müəssisələri aiddir.
Yanvar-avqust aylarında belə müəssisələrin mənfəəti 0,5 faiz artım göstərmişdi.
Məlumata görə, sentyabrda Çinin iri sənaye müəssisələrinin ümumi mənfəəti illik müqayisədə 27,1 faiz azalıb. Avqustda isə bu göstərici 17,8 faiz azalıb.
“Trading Economics” qeyd edir ki, iri sənaye müəssisələrinin mənfəətinin azalması göstərir ki, davamlı olaraq zəif istehlak tələbi, deflyasiya riski və daşınmaz əmlak bazarında tənəzzül şəraitində Çin iqtisadiyyatının artım perspektivi qeyri-müəyyən olaraq qalır.
Doqquz ayda dövlət şirkətlərinin mənfəəti 6,5 faiz, özəl şirkətlərin mənfəəti 9,6 faiz azalıb.
Yanvar-sentyabr aylarında mənfəətin azalması mineral mədənçıxarma sənayesində (-51 faiz), kömür sənayesində (-21,9 faiz), maşınqayırma məhsullarının istehsalında (-7,2 faiz), kimya sənayesində (- 4 faiz, avtomobildə (-1,2 faiz) olub.
Mənfəətdə artım əlvan metalların istehsalında (+52,5 faiz), toxuculuq sənayesində (+11,5 faiz), kompüter, rabitə və digər elektron avadanlıqların istehsalı seqmentində (+7,1 faiz), kənd təsərrüfatı və qida istehsalı (+6,6 faiz), neft-qaz sektorunda (+0,9 faiz) qeydə alınıb.
Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.
Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub.
1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi.
Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib.
Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.
Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.