"Yol-xeber.az"un xəbərinə görə, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.       

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.



"Yol-xeber.az"un xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub.  Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov Azərbaycan Dəmir Yollarında görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.





Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.

Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına start verilib. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 kilometr uzunluğunda daxili yolları idi.

Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.

Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.

Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışında iştirak ediblər.

294626

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

Yol-xeber.az xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

- Salam, möhtərəm cənab Prezident, AZƏRTAC-a müsahibə üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün 330 kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq elektrik stansiyası istifadəyə verilir. Bir neçə gün bundan əvvəl yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak etdiniz. Ölkəmizdə enerji potensialının gücləndirilməsi baxımından bu stansiyaların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sismtemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.

- Cənab Prezident, məlumdur ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda, ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?

-Bəli, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq.

- Cənab Prezident siz bərpaolunan enerji növləri ilə bağlı məsələyə toxundunuz, növbəti sualımız da bununla bağlıdır. Son illər Azərbaycanda bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidr. Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik qeyd etdiyim kimi “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır. Mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik.

- Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınıza görə Sizə minnətdarıq. Sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun.

- Sağ olun.

****
Fevralın 11-də Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

Açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.




Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir 

"Yol-xeber.az"un xəbərinə görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. 

Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi icra olunub.

Hazırda işlər digər hissələr üzrə sürətlə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında davam etdirilir. Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir. 

23.5 km-lik 2-ci hissə üzrə yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılaraq yol yatağı inşa edilib. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yeni magistral yolun sözügedən hissəsində nəzərdə tutulan 8 körpü və yol öütürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 39 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. Sözügedən hissədə tərəqqi 58 faiz təşkil edir. 

20 km-lik 3-cü hissə üzrə hazırda qazma-dolğutorpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur. Nəzərdə tutulan 4 körpü və yol ötürücüsü8 yolatı keçid və 55 suötürücü borunun inşası davam etdirilir. Hissə üzrə fiziki tərəqqi 50 faiz təşkil edir.

18.6 km-lik 4-cü hissə üzrə hazırda yol yatağının inşası, 45 suötürücü borunun quraşdırılması, həmçinin nəzərdə tutulan 7 körpü və 4 yolaltı keçidin tikintisi işləri icra olunur. Sözügedən hissə üzrə tərəqqi 48 faiz təşkil edir. 

Tikinti işləri yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə sonuncu mərhələdə davam etdirilir. Sözügedən hissədə yol yatağı və yol əsasının tikintisi, 32 körpü və yol ötürücüsü22 yolaltı keçid və 320 suötürücü borunun inşası artıq yekunlaşıb. Hazırda sözügedən hissədə son tamamlanma işləri icra olunur. Fiziki tərəqqi 98 faiz təşkil edir.

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi işləri də aparılır. 

Ümumilikdə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq. 

Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun  yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az"ın xəbərinə görə, Azərbaycan Həndbol Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.

Saleh Məmmədov növbəti dəfə prezident seçilib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Agentliyinin İdarə Heyətinin sədri olan Saleh Məmmədov bu federasiyaya 2016-cı ildən rəhbərlik edir.



Yol-xeber.az xəbər verir ki, Yanvarın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. 2021-ci ilin noyabrında açılışı olan Biləcəri lokomotiv deposu ilə bərabər, Gəncə deposu Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib.

Dövlətimizin başçısı deponu işə saldı.

Bildirildi ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir.

Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.

"Yol-xeber.az"ın xəbərinə görə, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gəlcək fəaliyyətlərində uğurlar arzulayıb.

V.Eyvazov görüşdə hər iki şəxsə zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin işgüzar nüfuzunun qorunub saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.

 

 

 



Əziz və dəyərli yurddaşlarım,
Ata itkisinin kədərini yaşadığımız bu günlərdə mənə və ailəmə verdiyiniz təsəlliyə, göstərdiyiniz diqqət və ehtirama görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Atam – Dədə Şəmşirin yadigarı Qənbər müəllim gəncliyindən ömrünün ahıl çağlarına qədər yüksək vəzifələrdə çalışıb.
O, müxtəlif dövlət və rəhbər vəzifələrdə çalışsada, hansı vəzifədə olmağından asılı olmayaraq, insanların yaddaşında, ürəyində bir müəllim, maarifçi, pedaqoq, xeyirxah və müdrik el adamı kimi qaldı.
Bu illər ərzində onun qəlbi həmişə xalqı, eli-obası ilə birgə döyünüb. Heç zaman el-obadan ayrılmayıb, övladlarına da hər zaman bu mənəvi keyfiyyətləri aşılayıb. Atam dövlət işlərində çalışmaqla bərabər ailəmizdən gələn ənənəyə sadiq qalaraq bədii yaradıcılıqla da məşğul olurdu. Xalqımıza çoxlu əsərləri yadigar qaldı. Onun əsərləri xalqa bağlılığı ifadə edir. Atam bir şeirində deyirdi:
Elin köməyilə çörəklənmişəm,
Dirçəlib, dirçəlib zirəklənmişəm.
Bu misralar atamın elinə-obasına bağlılığının poetik inikasıdır.
Şükürlər olsun ki, atam ömrünün sonlarında Qarabağımızın, doğulduğu Kəlbəcərin azadlığını gördü. Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin şahidi oldu. Ona görə əminəm ki, atamın ruhu şaddır.
Bir daha bu günlərdə kədərimizə şərik olan hər kəsə öz adımdan və ailəmiz adından hörmət və ehtiramımı bildirir, Sizin də dünyadan köçən doğmalarınıza Uca Allahdan rəhmət, qalanlarınıza isə can sağlığı diləyirəm.
Hörmətlə,
Cavid Qənbər oğlu Qurbanov



Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub. 

2003-2021-cı illər ərzində Bakı şəhərində:
-    83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib.
-    99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 
-    2010.5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib. 

Kəndlərarası avtomobil yolları:
         2003-2021-ci illər ərzində 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5.1 min km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub və təmir olunub.  

2003-2021-ci illər ərzində respublika ərazisində:
-    19.2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib. 
-    460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli  tikilib,  95-i isə təmir edilib.

1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935.5 km olub.  

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti