Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov ölkəmizdə səfərdə olan Moskva merinin nəqliyyat və yol-nəqliyyat infrastrukturu məsələləri üzrə müavini Maksim Liksutovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, həmçinin bu sahədə gələcək inkişaf perspektivləri müzakirə olunub.

 
 



Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

 

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

 

Prezident İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdü.

 

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

 

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

 

Düz bir il bundan öncə Azərbaycan xalqı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

 
 



Noyabrın 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət edən gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçıları olub.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.




Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

 

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin

bəyanatı

 

-Hörmətli cənab Prezident, Əziz qardaşım.

 

Hörmətli qonaqlar, xanımlar və cənablar.

 

İlk növbədə, Əziz qardaşım, Sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük önəmi var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.

 

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur.

 

Eyni zamanda, bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

 

Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

 

Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.

 

İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz.

 

Mən bilirəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

 

Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

 

Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə Əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

 

Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

 

Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.

 

Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.

 

Əziz qardaşım, Sizə bir daha “Azərbaycana xoş gəlmisiniz!” deyirəm, bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Sizə və qardaş Türkiyə xalqına daim tərəqqi, firavanlıq, xoşbəxtlik diləyirəm. Sağ olun.

 

x x x

 

Sonra Türkiyə dövlətinin başçısı bəyanatla çıxış etdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın

bəyanatı

 

- Hörmətli Prezident, Əziz qardaşım.

 

Hörmətli nazirlər.

 

Hörmətli mətbuat nümayəndələri.

 

Əvvəlcə sizləri ən səmimi hisslərimlə salamlayıram.

 

İşğaldan azad edilən bu gözəl bölgəyə - Füzuliyə səfərimdən dörd ay yarımdan sonra bu dəfə Zəngilanda olmaqdan böyük məmnunluq duyuram.

 

Əziz qardaşım Prezident Əliyevə lütfkar dəvətə görə öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür edirəm.

 

Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir.

 

Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, İnşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.

 

Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, - bir az əvvəl cənab Prezidentin də dediyi kimi, - istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik.

 

Hörmətli mətbuat nümayəndələri, bu gün İlham qardaşımla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi və regional prosesləri ətraflı müzakirə etdik. İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.

 

Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

 

Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram.

 

Səfərim çərçivəsində mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Prezident, qardaşım Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərimi bildirirəm.

 

Fürsətdən istifadə edərək öz adımdan və heyətim adından xüsusilə Qardaşım Əliyev və bütün nazirlərə də təşəkkürlərimizi bildiririk. Təşəkkür edirəm. Sağ olun, var olun.

 
 



Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

 

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.

 
 



Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

 

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verdi.

 

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur.

 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 7 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.

 

Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir.

 

Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

 

Dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoydu.

 

 
 


Yol-xeber.az-ın məlumatına görə, 20-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan dəmir yolu layihələri barədə məlumat da yer alıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. 

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir. 
     
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir.

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu  birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.



Yol-xeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-də Macarıstanın ölkəmizdəki  səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan  Cəmiyyət sədri dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin  Macarıstan dəmir yolları ilə “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası (TDƏŞ) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib. O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Macarıstanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasında əlaqələrin inkişafından,  beynəlxalq və regional layihələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəaliyyətindən məmnunluğunu bildirib. Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. 


b
b



Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti