"O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik".

 

Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

 
 


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb. 

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonda xatirə hədiyyələrinin təqdimatı olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə təbrik edib.
Təbrikdə deyilir:

"Hörmətli həmkarlar!

Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilmişdir. Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqlənmişlər.

Eyni zamanda, Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzla birgə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və cəsurluq nümunələri göstərmiş, orden və medallara layiq görülmüşlər.

Bütün bu möhtəşəm uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçısı tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin, dinamik iqtisadi inkişafın, məqsədyönlü ordu quruculuğunun, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatların məntiqi nəticəsidir.

Əminəm ki, bundan sonra da vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!"



Qarşıdan cənab Prezident İlham Əliyevin ad günü gəlir. 1961-ci il dekabrın 24-də dünyanın nəhəng siyasətçilərindən birinin – Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ailəsində dünyaya göz açmış Prezident İlham Əliyevin həyat yolu hər birimizə yaxşı məlumdur. Prezident seçildiyi 17 il ərzində demək olar ki, bütün ad günlərini xalqı arasında, xüsusilə qaçqın və məcburi köçkünlər arasında keçirən möhtərəm Prezidentimiz bu dəfə tam fərqli formada yeni yaşına qədəm qoyur. Son 200 ildə torpaqları əlindən alınan, parçalanan Azərbaycan dövlət olaraq İlham Əliyevin rəhbərliyi altında 2 əsrdən bəri ilk dəfədir ki, torpaqlarını işğaldan azad etdi. Bu dəfə əvvəlkilərdən fərqli olaraq qalib müzəffər ordunun Müzəffər Ali Baş Komandanı kimi təbrik ediləcək cənab Prezident.

Tarixi çıxışlara nəzər salanda, 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı demişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.

Hər bir övladın arzusudur ki, atasının yarıda qalmış əməllərini yerinə yetirsin, atasının yarımçıq qalmış arzularını reallığa çevirsin. Cənab İlham Əliyev həm də atasının vəsiyyətini yerinə yetirmiş xoşbəxt, qibtəediləcək bir övlad kimi yeni yaşına qədəm qoyur.

Artıq ölkəmizin həyatında yeni dövr başlayır. İşğaldan azad olunmuş torpaqalrımızda görüləcək işlərlə bağlı imzalanan sənədlər, sərəncamlar da deyilənlərin təsdiqidir. Verilən sərəncamlar bir daha Prezident-Xalq-Ordu birliyinin, dövlətimizin başçısının hər zaman vətəndaşın yanında olub onların qayğıları ilə maraqlanmasının bariz nümunəsidir. Hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi şəksizdir. Biz bunun 44 günlük Vətən Müharibəsi dövründə bir daha şahidi olduq. Dövlətimizin Başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan, bugünkü gün də ardı-arası kəsilməyən saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır.
Son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu fikri böyük inam və fəxrlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan milyonların sevgisini qazanan, etimad göstərdiyi alternativsiz Liderdir.

Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, zaman, dövr dəyişir. Qarşıya yeni vəzifələr qoyulur. Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bir qayda olaraq mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi yerini möhkəmləndirməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsidir. Son 17 il bu məqama da işıq saldı ki, reallaşdırılan siyasətin mərkəzində vətəndaş amili dayanır. Məhz bu siyasətə sadiqliyin nəticəsidir ki, neft kapitalının insan kapitalına çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır.

Ölkəyə rəhbərlik etdiyi 17 ildə qazanılan uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında bütün qüvvə və bacarığını səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir. Belə ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz?” sualına cavabını bir daha yada salım. Prezident İlham Əliyev həmin cavabında dedi ki, mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.

Son zamanlar bütün xalq şahidi olur ki, cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz tezliklə yenidən qurulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ cənab Prezidentin dediyi kimi, əsl cənnət məkanına çevriləcək.
Milli Məclisdə iqtisadi komitədə təmsil olunduğum üçün əminliklə qeyd edə bilərəm ki, Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Eyni zamanda son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyətinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Sevindirici haldır ki, Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Dövlətimizin başçısının bu il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin Tibbi Maska Fabrikinin və Tikiş Fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimindəki çıxışından bir parçanı yada salaq:
“Bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Fəxrlə qeyd edim ki, Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə dünyanı cənginə alan bu bəla ilə mübarizə aparırıq. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

Cənab Prezidentlə bağlı, onun 17 ildə ölkəmizdə gördüyü quruculuq işlərilə bağlı, iqtisadiyyatın inkişafı ilə bağlı, xalqın rifahı ilə bağlı, Ordu quruculuğu ilə bağlı uzun-uzadı yazmaq, dayanmadan danışmaq olar. Bütün fikirləri ümumiləşdirərək tam əminlə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, ordumuzun alternativsiz Müzəffər Ali Baş Komandanıdır. Xalq öz Lideri ilə, ordu da öz Ali Baş Komandanı ilə fəxr edir. İllərdi yaşadığımız utanc hissindən bizi xilas etdiyiniz üçün var olun, cənab Prezident! Qədirbilən xalqımız hər zaman Sizin arxanızdadır. Sizin rəhbərliyiniz altında cənnətə çevriləcək işğaldan azad olunmuş torpaqlara dönəcəyimiz günü səbirsizliklə gözləyirik.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əmək haqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən fondun hesabına köçürülüb.

Şəhid ailələrinin və yaralanan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platforma rolunu oynayan “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb.  

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə,  polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, o, 1992-ci ildən 2020-ci il tarixinədək DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.



“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”

 

Bu sözləri noyabr ayının 16-da işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı səsləndirən prezident İlham Əliyev daha sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olaraq, Şuşa şəhərinə çəkilən Əhmədbəyli-Füzuli-Şuşa tarixi yol ilə bağlı göstərişlərini vermişdir.

 

Təbii ki, sözügedən yolun xüsusi əhəmiyyəti var. Çünki bu yol bizi uzun illərdir ayrı düşdüyümüz Qarabağımıza, Qarabağımızın tacı olan Şuşamıza aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci infrastruktur layihəsidir. Özü də Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra reallaşmasına başlanılan bir layihə.

 

Məlum olduğu kimi 27 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmiş, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur.

 

2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına, bizim həsrətimizə son qoyularaq, yeni tarix yazıldı.

 

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayan ölkə başçısı, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla yolun geniş və rahat olması ilə bağlı xüsusi olaraq tapşırıq vermişdir.

 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir. Füzuli–Şuşa avtomobil yolu layihəsindən başlayaraq.

 

Belə ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb. Layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101.5 kilometr,  eni isə 37.7 m təşkil edəcək.  Yolun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə  əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.  

 

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. 

 

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.

 

Ulu öndərin  Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü Şuşamıza aparır. Şanlı bayrağımızın qürurla dalğalandığı Şuşaya!

 

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda aparılan islahatlar və səmərəliliyin artırılması istiqamətində nəzərdə tutulan işlər barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

 Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb.

 “Gürcüstan Dəmir Yolları” SC-nin sədri David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu marşrutun imkanlarından istifadə edilməklə, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətdə daşınır.

Sonra hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi olub, yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması ilə bağlı müzakirələr aparılıb.



Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iki əsrə yaxın həsrətə, sindroma son qoymaqdadır. Bu, əlbəttə ki, kitablara, dastanlara düşəcək bir tarixdir.

Tale boyu torpaq itirmiş Azərbaycan indi ərazilərini işğaldan azad edir. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilanın 27 il sonra düşmən girovluğundan azad olunması, Ordumuzun getdikcə irəliləməsi həm Prezident İlham Əliyevin Azərbaycan tarixində hansı ad qoyacağı, hansı heykəli ucaldacağına əsas verir, həm də xalqın 200 illik sınmış qüruru, məğlubiyyətlər seriyasına son qoyulur.

Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin erməniliyə ağır zərbəsidir, xalqın qürurunu özünə qaytarmaqdır, üzərindəki işğal ləkəsini təmizləməkdir.

Gözümüzün qarşısında İlham Əliyev ermənilərin böyük planını puç etməkdədir. Təsəvvür edin, Ali Baş Komandan 200 illik təşkilatlanmanı, 200 illik planı məhv edir.

Bu, o xülyaya zərbədir ki, 200 il bundan əvvəl dünya erməniliyi təşkilatlanıb “dənizdən-dənizə” dövlət ideologiyasını düşünüb illərlə həyata keçirirdi.

İlham Əliyev Ağambekyanın, “Ocaq” kimi şovinist kitab yazan Zori Balayanın, hər azərbaycanlının ölümündən həzz aldığını deyən, dırnaqarası erməni anası Silva Kaputikyanın ideologiyasını məhv etməkdədir.

Və Azərbaycana 1918-ci ildən bəri üzünü görmədiyi, həmişə arzusunda olduğu, gələcəkdə başını dik tutacaq, milli ideologiyasını zənginləşdirəcək, yeni nağıllara, dastanlara çevriləcək qalibiyyət bəxş edir. O, dünyanın bu regionundakı siyasi düzəninə dəyişiklik gətirəcək böyük işə imza atır. Bu necə ağır və həm də qürurverici işdir.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan 19-cu əsrdən torpaqlarını itirməyə başlayıb.

Onun sözlərinə görə, ərazilərimiz işğal edilib və həmişə itirilmiş torpaqlarımız haqda danışmışıq: “Son 200 ildə biz torpaq itirmişik. İlk dəfə 1918-ci ildə torpaqları işğaldan azad edə bilmişik. İkinci belə tarix bu günlərdir. Azərbaycan işğal tarixinə son qoyur və qalibiyyət tarixini qızıl hərflərlə yazır.

1918-ci ildə Nuru Paşanın köməyi ilə ərazilərimiz işğaldan azad olunub, buna Bakının “Qurtuluş Günü” deyirik. İkinci belə salnamə hazırda gedən hərbi əməliyyatlardır.

Biz öyrəşmişdik ki, hər il Ağdamın, Şuşanın, Cəbrayılın və digər rayonlarımızın işğal günlərini qeyd edək. Artıq bunlara son qoyulur.

Biz Zəngilanın, Cəbrayılın, Füzulinin qələbə günlərini qeyd edəcəyik. Çünki tarix dəyişir və onu yenidən yazırıq. Bu yazılan tarixlə insanların qüruru özünə qayıdır".

Tarixçi alim qeyd etdi ki, insanların çöhrəsində bir pozitivlik əmələ gəlib: “Mən insanların üzünə baxıram, bir-birinə mehribanlıqla, sevgi ilə yanaşırlar. Məğlubiyyət dövrünün insanı ilə qalibiyyət dövrünün insanı arasında ciddi fərq olur.

Biz indi qalib xalqın nümayəndəsinə çevrilmişik və 30 illik acılara son qoyuruq. Bu zəfər əhvalını gələcək nəsillərə də ötürəcəyik".

N.Yaqublu bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad edən kim olacaqdısa, o, tarixdə əbədi yaşayacaqdı:

“Bu tarixi qələbələr İlham Əliyevin tarixdə əbədi yaşaması üçün geniş imkanlar yaradır və əminəm ki, tezliklə bütün torpaqlarımız erməni işğalından azad ediləcək”.

Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbər teleqraf.com-a geniş müsahibəsində bildirib ki, düşmən təslim olduqdan sonra danışıqlar masasında Azərbaycan qalib tərəf kimi öz şərtlərini diktə etməlidir: “Artıq erməni dostluq qrupunun ortaya qoyduğu şərtlər bir kənara atılmalıdır. Bir daha qeyd edim ki, Minsk Qrupu əslində erməni dostluq qrupudur, biz ondan nə gözləyə bilərik?

Azərbaycan cəmiyyətində artıq birmənalı fikir formalaşıb və ümid edirəm ki, Azərbaycan xalqının siyasi iradəsini ifadə edən ölkə rəhbərliyi bunu nəzərə alacaq. Bizi 30 il müddətinə aşağılayıblar, dözmüşük. İndi də 30 il qarşı tərəf dözər".
“Yeni Müsavat”



Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 104 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb.

V.Eyvazov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

Xəbər lenti