|
"Yol-xeber.az"un xəbərinə görə, Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşü olub.Görüşdə “Özbəkistan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini də nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.
Tədbir çərçivəsində daşıma həcminin artırılması, eləcə də ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin başçılıq etdiyi İşçi qrup yaradılıb.Tərəflər İşçi qrupun növbəti iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa gəliblər.
"Yol-xeber.az"un xəbərinə görə, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 29 mart tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərinə baxış keçirib.
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Saleh Məmmədov layihədə çalışan işçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq göstərişlər verib.
Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən I texniki dərəcəli və 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Yol boyu 7 tunelin tikintisi aparılır. Tunellər şərti olaraq T1A(3 340m), T1(314.9 m), T2(556.9m), T3(680.3 m), T4(540.6m), T5(454.8m) və T6(446.3 m) adlandırılır.
Qazma işləri bir-neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az"un xəbərinə görə, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Gəncə şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Gəncə şəhəri “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçirilən qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, orden və medalların təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər yol infrastrukturu yeni inkişaf dövrünə qədəm qoyub.
S.Məmmədov qeyd edib ki, ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət dayanır:
“Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının yol təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edərək, onlara göstərilən etimadı doğruldacaqlar”.
Daha sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş şəxslərə orden və medalları təqdim olunub.
Bundan başqa yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət olan “Azvirt MMC”-nin baş mühəndisi Cəfərağa Şiriyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Mərasimdə həmçinin Agentliyin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları Alim Azadəliyev, Emil Bayramlı və Həşim Mədətov da təltif olunublar.
Xatıqladaq ki, Prezident İlham Əliyevin 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə Agentliyinin 2 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 19 əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif olunublar.
Təltif olunmuş əməkdaşların siyahısı:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Əliyev Tahir İdris oğlu
Musayev Məhəmməd Nurəddin oğlu
“Tərəqqi” medalı ilə
Alıyev Dilqəm Alı oğlu
Əhmədov Qiyafət Telman oğlu
Əhmədov Samir Sabir oğlu
Əhmədov Vaqif Məhəmməd oğlu
Əzizov Nəbi Əzizağa oğlu
Hünbətov Əli Hüseyn oğlu
Hüseynov İntiqam Nəsib oğlu
Hüseynov Kazım Mirəziz oğlu
Kazımov Əlirahim Qəmbər oğlu
Məmmədrzayev Kərəm Əmirxan oğlu
Mikayılov Əli Zülfiqar oğlu
Pənahov Tariyel Həsən oğlu
Rüstəmxanlı Cəmil Sabir oğlu
Yusifli Vaqif Əli oğlu.
Bu gün - martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir.
Bu münasibətlə həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini - Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov deyib ki, ulu öndər Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü kimi təsis olunub. Ötən müddətdə Daxili Qoşunlar ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın müdafiəsi uğrunda aparılan 1-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında Qoşunların 680 hərbi qulluqçusu həlak olub, 1178 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb. Hərbi qulluqçulardan 9-u “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Daxili Qoşunların hərbi qulluqçularının böyük zəfərlə başa çatan Vətən müharibəsində də iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini bildirən general-leytenant Ş.Məmmədov düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisinin şəhid olduğunu, 346 nəfərin isə yaralandığını, cənab Prezident tərəfindən Qoşunların Vətən Müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisinin yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfərin “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüldüyünü bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.
Sonra çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.
Nazir vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi. İki ildən artıq müddətdə dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, xüsusi karantin rejimində yaşadığımızı vurğulayan general-polkovnik Vilayət Eyvazov bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək etdiyini vurğulayıb. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.
Diqqətə çatdırılıb ki, Daxili Qoşunlar 25 ildir ki, Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir V.Eyvazov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.
Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib.
Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra “Azərenerji”nin Füzulidə elektrik stansiyasına baxış olub.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.
Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.
Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.
Daha sonra Zəngilan rayonunda İqtisadiyyat naziri Mikayıl Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.
Nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.
Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.
Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.
Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.
Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.
Bununla da səfər başa çatıb.
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə maraqlanıb.
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Daha sonra, Saleh Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.
Yol boyu işlərin fiziki tərəqqisi 80% təşkil edir. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.
Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına da müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2021-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.
İdarə Heyətinin sədri Saleh Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.
Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafı məqsədi ilə ötən il 728.3 km, son 5 il ərzində isə 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
İdarə Heyyətinin sədri Saleh Məmmədov Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinin davam etdirildiyini bildirib.
Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.
Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilib.
Tədbir zamanı 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əalqədar olaraq avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşlarına fəxri diplom və mükafatlar təqdim olunub.