Yol-xeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb. İclasda ADY Müşahidə Şurasının sədri və üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərbaycan Dəmir Yolları” QSC və “McKinsey&Company” şirkətinin nümayəndələri  iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir  və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Yol-xeber.az-ın məlumatına görə, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı ölkəmizin ərazisinə çatıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarının operatorları “RJD Logistika” AC, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-dur. Qatar Astara (Azərbaycan) - Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. 

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmir yolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. 



İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

DİN Mətbuat xidmətindən “Yol-xeber.az”a verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Vilayət Eyvazov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk dövrdən Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim diqqət mərkəzində saxlayıb: “Məhz bu ali münasibətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərənlər arasında Ali Hərbi Məktəbin 33 məzunu da var”.

O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib.

Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş üç məzuna fərqlənmə diplomlarını və “baş leytenant” hərbi rütbələrinin paqonlarını təqdim edib.

Sonda gənc zabitlər tənətənəli marşla tribunanın qarşısından keçib.

 


 


"Yol-xeber.az"ın məlumatına görə, Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.

Bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır.

Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs 5 iyul 2021-ci il tarixinədək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.

Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12,16,20 iyun və 3 iyul tarixlərində keçiriləcək.




 "Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları və iki ölkənin dəmir yolu qurumları arasında əlaqələrin əhəmiyyəti barədə danışıb. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindəki fəal rolunu qeyd edən Cəmiyyət sədri bildirib ki, həmin marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına təkan verir. Görüş zamanı yüklərin daşınması sahəsində birgə fəaliyyətin nəticələri, həmçinin tərəfdaşlığın uzunmüddətli perspektivləri istiqamətində atılacaq addımlar müzakirə edilib. Tərəflər Qazaxıstan və Azərbaycan dəmir yollarındakı tranzit yük daşınması seqmentində həcmlərin müsbət dinamikasını vurğulayıblar.

           Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə yükdaşımalar əsasən Çin və Qazaxıstandan, Gürcüstan, Türkiyə, Avropa və əks istiqamətdə həyata keçirilir. 2021-ci ilin ilk 4 ayı ərzində Azəabaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49 faiz artıb. Artım əsasən Çinin idxal və ixrac əməliyatlarının payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.

        2019-cu ildə istifadəyə verilmiş Aktau limanı - Bakı (Ələt) limanı - Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

        Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal yükdaşımaların həcminin artırılması məqsədi ilə sənəd dövriyəsinin elektronlaşdırılması (rəqəmsallaşdırılması) məsələlərinə də toxunulub. 

          “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev rəhbərlik etdiyi qurumun beynəlxalq nəqliyyat layihələri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığını yüksək qiymətləndirib. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna olan tələbatı, eləcə də bu marşrut üzrə daşımaların səmərəliliyini diqqətə çatdırıb.

          Birgə fəaliyyət perspektivlərindən danışan görüş iştirakçıları Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından tam istifadə olunması məqsədi ilə layihənin 2025-ci ilədək İnkişaf Strategiyasının qəbul edilməsinin vacibliyini bildiriblər. Görüşdə yükdaşımaların həcminin artırılması üçün marşrut üzrə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması barədə razılığa gəlinib.

          Tərəflər Azərbaycan, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.  


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb. Qeyd olunub ki, nəqliyyat sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər zaman dövlət tərəfindən diqqətdə saxlanılır və bu məqsədlə Azərbaycan bütün əhəmiyyətli beynəlxalq layihələrin reallaşdırılmasında fəal iştirak edir. Cografi üstünlüklər logistika, tranzit imkanlarını daha da genişləndirir və Azərbaycan önəmli beynəlxalq nəqliyyat qovşağına çevrilib. Cəmiyyət sədri dəmir yolu sahəsində həyata keçirilən islahatlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “Şimal-Cənub” və "Cənub-Qərb"  dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin  gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.

 “Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradze əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlardan söhbət açıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını  bildirən qonaq bu layihənin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfə olduğunu diqqətə çatdırıb.

Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.




Aprelin 22-də Daxili İşlər Nazirliyində (DİN) videokonfrans formatında mülkiyyət əleyhinə cinayətlər, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işlərinin istintaqı və təhqiqat sahəsində fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

DİN-dən "Yol-xeber.az"a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov kriminogen duruma təsiri, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından bu istiqamətlərdə ətraflı müzakirələrin aparılmasının və qarşıda duran vəzifələrin müəyyən edilməsinin zəruriliyini bildirib.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Emil Usubov məruzə edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən danışıblar. Məruzəətrafı çıxışlarda aidiyyəti ərazi orqanlarının rəisləri görülmüş işlər və mövcud olan çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran V.Eyvazov cari ilin birinci rübündə asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub saxlanıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb. Həmçinin xidməti fəaliyyətdə səmərəliliyin artırılması, xüsusən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin tranzit daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.

Eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladan nazir bütün müraciətlərə həssaslıqla yanaşılmasının, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdırıb.

V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir

 

“Əziz hərbçilər, bu gün sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir. Mükafatların adlarını da özüm vermişəm – “Vətən müharibəsi qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenləri yeni təsis edilmiş yüksək hərbi mükafatlardır”.
Report xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən deyib.

“Xahiş edirəm ki, təntənəli mərasimimizin əvvəlində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin. Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”, - Prezident bildirib.



Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların mənzil başına vaxt itirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib.

 

Martın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün inşa edilmiş yeni yol qovşağının açılış mərasimində iştirak ediblər.

 

Yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

 

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.

 

Layihə çərçivəsində yeni qovşağın yaxınlığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzərində yerləşən mövcud körpünün də genişləndirilməsi məqsədi ilə 2 aşırımlı 75 metr uzunluğa və 9 metr enə malik yeni yol ötürücüsü də inşa edilib.

 

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

 
 


Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

 

Prezident İlham Əliyev dedi:

 

- Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.

 

Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.

 

Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.

 

Əvvəlcə Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu.

 

Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

 

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənd rayonuna yola düşdülər.

 

Prezidenti İlham Əliyev: Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən Xocavənd rayonuna gedirik. İşğaldan azad edilmiş Xocavənd rayonuna gedirik. Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Müharibə dövründə - birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdır, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. 

 

Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb. Ermənilər dağıdıblar. İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Bunlar, Füzuli şəhərinin qalıqlarıdır. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!  

 

Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb. Görün, yollar nə gündədir. Otuz il ərzində bu yollar asfalt görməyib. Onların bütün təbliğatı yalandır, bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” – cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır. 

 

Bura işğaldan azad edilmiş Xocavənd rayonudur.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı və çıxış etdi.

 

                                                 Prezident İlham Əliyevin çıxışı

 

- Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.

 

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

 

Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.

 

Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.

 

Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

 

Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır. 

 

Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!

 

 

Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoydu.

 

Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yolboyunca avtomobil körpüləri tikiləcək.

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında oldular.

 

Dövlətimizin başçısı dedi: Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

 

Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir.

 

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki Alban məbədi ilə tanış olublar.

 

Prezident İlham Əliyev dedi:

 

-Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin – alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.

 

İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Ermənilərin vəhşiliyini dünya bilməlidir, görməlidir bizim məscidlərimiz nə gündədir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar. Bəlkə burada da heyvan saxlayıblar, burada da dəmir-dümür saxlayıblar, orada o dəmir-dümürlərin bir hissəsi qalıb. Ona görə hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.

 

Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar.

 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində oldular. 

 

Prezident İlham Əliyev: Tuğ kəndinə kəndinə gəlmişik. Tuğ kəndi qədim Azərbaycan kəndidir.

 

Birinci xanım Mehriban Əliyeva: Budur məktəbin binası?

 

Prezident İlham Əliyev: Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq.

 

Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Buradan bütün dağıntılar yaxşı görsənir.

 

Təbii ki, Tuğ kəndinin sakinləri öz evlərini tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğun sakinləri öz doğma kəndlərinə qayıdacaqlar.

 

Görün, Azərbaycan necə də gözəldir. Qarabağ necə də gözəldir. Dağıdılmış bütün kəndləri, şəhərləri bərpa edəcəyik.

 

Dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində oldular.

 

Prezident İlham Əliyev: Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur. 

 

Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq.

 

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə yola düşdülər.

 

Dövlətimizin başçısı: Tuğ kəndindən çıxdıq, indi gedirik Azıx kəndinə. Azıx da qədim Azərbaycan kəndidir, qədim yaşayış yeridir. Buraların təbiəti də çox gözəldir.

 

Azıx kəndinə yaxınlaşırıq. Qarabağın gözəl mənzərəsi. Bura Azıx kəndinin ərazisidir.

 

Azıx mağarasına gedirik, hələ yolumuz uzaqdır.

 

Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.

 

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

 

Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buradan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.

 

 

 
 

Xəbər lenti