Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb. Cəmiyyətin sədri bildirib ki, Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi mühüm layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır. Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmaq məqsədi daşıyan Şimal-Cənub dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruriləşdirir.

Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun fəaliyyətinə də diqqət çəkən Cavid Qurbanov qeyd edib ki, marşrut boyunca vaqonla daşınan 10-dan çox yük növünə 28 marşrut üzrə güzəştli tariflər, həmçinin konteyner  və vaqon daşımalarında vahid qiymət və texnologiya tətbiq olunur.

Bildirilib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün  işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə start verilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson isə Azərbaycanda dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq yükdaşıma istiqamətində mövcud dəhlizlər barədə verilən ətraflı məlumata  görə təşəkkürünü bildirib. Pandemiya şəraitinə baxmayaraq, hazırda Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin mövcud əlaqələrin daha da möhkəmlənməsi və bu sahəyə yeni şirkətlərin cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın digər perspektivləri ətrafında da müzakirələr aparılıb.



“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədi ilə dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib. 

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu sahəsinə diqqətin artırılması və aparılan islahatlar nəticəsində Cəmiyyətin maliyyə öhdəliyi optimallaşdırılıb, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsi istiqamətində işlərə başlanılıb və əməliyyat səmərəliliyi inkişaf etdirilməkdədir. O, həmçinin ölkənin iri dövlət qurumlarında korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılmış addımları vurğulayaraq, dəmir yolu sektorunun inkişaf etdirilməsində birgə səylərin vacibliyini deyib. 

Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması regional nəqliyyat axınlarına təsir imkanlarını genişləndirəcək və nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Videokonfransda məsləhətçi şirkətin nümayəndələri layihənin gedişatı barədə təqdimat edib. Dəmir yolu sektoru üzrə beynəlxalq ekspertlər tərəfindən bu sahədəki ən uğurlu təcrübə nümunələri təqdim olunub və müvafiq məsləhətlər verilib,  Cəmiyyətin strateji məqsədləri və digər məsələlər müzakirə edilib.  

Görüşdə ADY-nin kommersiya potensialının artırılması və qlobal yüklərin cəlb edilməsi, həmçinin regionda baş verən sosial-iqtisadi mövzuların dəmir yolu sektoruna təsiri məsələlərindən də danışılıb.




“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Almaniyanın Azərbaycandakı səfiri Dr.Volfqanq Maniqlə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa son dövrlərdə dəmir yollarında aparılan islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu, inkişaf strategiyası, beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları, iştirakçı ölkələrlə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu dəhliz  həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq və iqtisadi əlaqələri genişləndirəcək.

Cəmiyyət sədri bildirib ki, dəmir yollarında kontakt şəbəkəsinin yenilənməsi, rabitə-işarəvermə sisteminin, enerji təsərrüfatının layihələndirilməsi və yenidən qurulması işlərinin satınalınması məqsədi ilə tender prosesi davam etdirilir. Tenderdə Almaniya şirkətinin də iştirak etdiyi vurğulanıb.

Məlumat verilib ki, “Azərbaycan Dəmir Yolları” QSC Almaniya, İsveçrə, Avstriya kimi ölkələrin beynəlxalq nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.

Səfir Dr.Volfqanq Maniq isə “Alman Dəmir Yolu” SC-nin yaranma tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, ikitərəfli əlaqələrin genişləndirilməsində, alman şirkətlərinin Azərbaycanda dəmir yolu sahəsində gerçəkləşdiriləcək layihələrə investisiya yatırımında maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və mümkün istiqamətləri müzakirə olunub.

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.       

 

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.  

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

 
 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in Mətbuat Xidmətinin keçmiş rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.

“Report” məlumatına görə, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.

Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.

Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyətinin olduqca böyük olduğu barədə məlumat verilib. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.



“Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti ilə görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov gənc mütəxəssislərin dəmir yolu sahəsinə marağının artırılması üçün zəruri addımlardan söhbət açıb və bu sahədə iş prosesini yaxından izləmək üçün əlverişli şərait yaradılmasının mümkünlüyünü diqqətə çatdırıb. Görüşdə gənc kadrların bilik və bacarıqlarına daha çox tələbat olan istiqamətlər müzakirə olunub. Onların nəzəri biliklərini tətbiq etmələri üçün müvafiq ixtisaslar üzrə təcrübə imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılıb.

AzTU-nun rektoru Vilayət Vəliyev görüşdən əvvəl Bakı Dəmir Yolu Vağzalı, eləcə də digər stansiya və depolarda iş prosesi ilə yaxından tanış olduğunu bildirib. Qeyd olunub ki, universitet dəmir yolu nəqliyyatı və təsərrüfatı sahəsində kadrlar hazırlamaqda maraqlıdır. Əgər zərurət yaranarsa, bu sahədə tələb olunan mütəxəssislərin hazırlanması üçün ali təhsil ocağında yeni ixtisasların yaradılması da mümkündür. "Azərbaycan Dəmir Yolları" QSC-dən peşəkar və ixtisaslı mütəxəssislər dəvət olunaraq, tədris prosesinə cəlb edilə bilərlər. Həmin tələbələrin  öz ixtisasları üzrə iş prosesinə cəlb olunmaları onların gələcək fəaliyyətlərində səmərəli təcrübə əldə etmələrinə imkan yaradar.

Görüş tələbə və məzunların təcrübə imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam etdirilib.



"O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik".

 

Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

 
 


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb. 

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonda xatirə hədiyyələrinin təqdimatı olub.

Xəbər lenti