|
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə ənənəvi qanvermə aksiyası baş tutub.
Qanvermə aksıyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədi ilə keçirilib.
Artıq 5-ci keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, Agentliyin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.
Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Sonda 22 fevral Azərbaycan Respublikası avtomobil yolları işçilərinin Peşə bayramı günü münasibətilə avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə, bir sıra media qurumlarına, həmçinin avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə, agentliyin bəzi əməkdaşlarına fəxri diplom, fəxri fərman və mükafatlar təqdim olunub, onlara iş fəaliyyətində uğurlar arzu edilib.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 12-ci ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, agentliyin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2661 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1316 ədəd körpü var. 90 körpü işqal olunmuş ərazilərdə yerləşir.
Fevralın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür. Yol-xeber.az-ın verdiyi xəbərə görə, bu gün bu münasibətilə Agentlik rəhbərliyi, vəzifəli şəxsləri və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar məzarın önünə gül dəstələri qoyaraq Heydər Əliyevi anıblar. Daha sonra Agentlik heyəti Şəhidlər Xiyabanını ziyarət edib.
Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması üçün artıq üç aydır işə başlanılıb:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcək. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq. Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".
“Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və rentabelli fəaliyyətin, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyətini, birgə iş çərçivəsində bu sahənin sürətli inkişafına nail olunacağını qeyd edib.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.
Bunu fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlət başçısı bildirib: "Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır.
Kürdəmir rayonunda son vaxtlar çox böyük dəyişikliklər oldu. Mən bu gün “ASAN xidmət” mərkəzinin açılışında dedim ki, Prezident kimi Kürdəmirə ilk dəfə 2005-ci ildə gəlmişdim. O vaxt işıqla bağlı problem var idi. Yollar demək olar ki, yox idi, qazlaşdırma yox idi, su da yox idi, iş yerləri də yox idi. Ona görə kompleks tədbirlərin görülməsi nəticəsində biz bütün bu məsələləri tədricən həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təminat, ondan sonra Kürdəmirin bütün kəndlərində qaz olmalıdır. Cəmi iki kənd hələ ki, qazlaşdırılmayıb. O da bu il və ya gələn il olacaq. Beləliklə, 100 faiz qazlaşdırma olacaq. Yolların da yarısı, 50 faizi təmirlidir. Qalan 50 faizini isə biz 2023-cü ilə qədər tam təmir edəcəyik. Kürdəmir şəhərində içməli su ilə bağlı problem 2013-cü ildə həll olunmuşdur. Kəndlərdə də modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 40-dan çox yeni qurğu da quraşdırılacaq. İş yerlərinin yaradılması ilə bağlı belə gözəl fabrik açıldı. İndi gedib baxarsınız, “ASAN Həyat” kompleksi, “ASAN xidmət” mərkəzi necə gözəldir. Orada həm 320 növ xidmət göstəriləcək. Eyni zamanda, orada gözəl kafelər, ictimai yerlər, kinoteatr, uşaq əyləncə yerləri fəaliyyət göstərəcək. Yəni, ictimai bir mərkəz kimi formalaşıb. Bu mərkəzin məhz Kürdəmirdə yaradılması rayona xüsusi münasibətin təzahürüdür. Çünki bu mərkəz altı rayona xidmət göstərəcək.
Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki siz də qeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.
İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq".