Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat veriblər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.

Məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi iki dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Sonra dövlətimizin başçısına və birinci xanıma Azərbaycanda istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə məlumat verilib.

Onu da deyək ki, spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar da yerli istehsaldır. Hazırda 6 şirkət isə dezinfeksiyaedici məhlullar istehsal edir.

Sonra STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət edib: 

“Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.

Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.

Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”.

Azərbaycanda tibbi maska istehsalına başlanılması bir çox mühüm məqamları özündə ehtiva edir. İlk növbədə, bu addım Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Bundan başqa, bu müəssisənin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, eyni zamanda, idxaldan asılılığı azaltmaq, daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

14:02

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

 



Bu il dəmir yolu ilə konteyner daşımalarının həcminin proqnozlaşdırılan artımı əsasən Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.

Bunu "Report"a müsahibəsində "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.

Müsahibənin tam mətnini təqdim edirik:

- Ötən ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə  illik artımın 50%-dən çox olacağı proqnozlaşdırılır. Bu artım əsasən hansı ölkələrə daşımaların hesabına təmin olunacaq? Ümumiyyətlə, Azərbaycanın kontenyer daşımalarında əsas bazarı hansılardır?

- Son illər ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək, artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edildi.

Şirkət 2017-ci il avqustun 1-dən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti dövründə konteynerlərlə yükdaşımaların həcmi 2016-cı illə müqayisədə 4 dəfədən çox artıb. 2019-cu ildə 2018-ci illə müqayisədə idxalda 58%, tranzitdə 74%, ümumilikdə isə 61% artım qeydə alındı.

Konteynerlə yükdaşımaların həcminin artmasında bütün istiqamətlərdə təşkil edilən uzunməsafəli blok qatarların rolu böyükdür. Statistik məlumatlara görə, 2019-cu ildə ümumilikdə Çindən Avropa istiqamətində 600 mindən artıq konteyner daşınıb. Bu daşımalarda “ADY Konteyner”in də payı var. Belə ki, şirkət ölkəmizin ərazisindən keçən Orta koridor vasitəsilə (Çindən başlayaraq, Qazaxıstan və Azərbaycan üzərindən keçməklə) Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə Qara dəniz vasitəsilə Avropaya və ya BTQ dəmir yolu xətti ilə Türkiyəyə, oradan isə Avropaya dəmir yolu vasitəsilə konteynerlərlə yükdaşımalar həyata keçirir.

Digər marşrutlara nisbətən Orta koridorun üstün cəhəti geniş diversifikasiya imkanlarına malik olmasındadır. Çindən Avropaya həm “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan”, həm “Çin-Qazaxıstan - Azərbaycan-Gürcüstan-Türkiyə”, həm də Çin-Rusiya-Azərbaycan marşrutları ilə konteynerlərlə yüklərin daşınmasını həyata keçirmək mümkündür.

Orta koridorla daşınan konteynerlərin sayının ildə 100 min TEU-ya çatdırılması hədəflənir. Bunun üçün təkcə Azərbaycanda deyil, marşrut boyu yerləşən digər ölkələrdə də buraxılış imkanlarının genişləndirilməsi, daşımaların sürətini və həcminin artırılması istiqamətində böyük həcmdə investisiyalar yatırılıb, infrastruktur layihələri həyata keçirilib. Bu isə imkan verir ki, Orta koridorla Çindən Avropaya daşınan konteynerlərin sayı ildə 150-200 min TEU-ya çatdırılsın.

Şirkətimiz Avrasiyanın bir sıra aparıcı operatorları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə konteynerlə yükdaşımaların həcmini daim artırmağa imkan verir. 2020-ci ildə proqnozlaşdırılan 50 faizlik artımın, əsasən, Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.

- Konteyner daşımalarında müsbət tendensiya müşayiət olunsa da, bütövlükdə ölkədə konteynerləşmə səviyyəsi kifayət qədər aşağıdır. Bunun hansı obyektiv və ya subyektiv səbəbləri var?

- Burada əsasən subyektiv yox, obyektiv səbəblərdən danışmaq olar. Belə ki, konteynerlə daha çox hazır məhsullar daşınır. Hazır məhsulların maya dəyəri yüksək olduğu, istehsal müəssisələri müxtəlif yerlərdə yerləşdiyi və onların arasında dəmir yolu bağlantısı olmadığı üçün daşıma zamanı daha sürətli olan avtomobillərə üstünlük verilir.

 

 

Konteynerləşmənin səviyyəsinin artırılması üçün “ADY Konteyner” müəyyən addımlar atır. Məsələn, Gürcüstanın Poti və Batumi limanları istiqamətində vahid tariflərlə mütəmadi fəaliyyət göstərən blok qatarlar təşkil edilir. Bu proses konteynerləşmənin sürətlənməsinə şərait yaradıb. Məsələn, 2018-ci ildə bu istiqamətdə konteynerlərlə 24 505 TEU yükdaşınmışdısa, 2019-cu ildə bu rəqəm 35 895 TEU-ya çatdırılıb, il ərzində artım 46% olub.

Həmçinin Türkiyənin İstanbul, Mersin şəhərlərinə, Orta Asiyanın əsas şəhərlərinə, Qara dənizdən keçməklə Avropaya, Azərbaycan üzərindən keçməklə İrana, Orta Asiyaya, Rusiya və Çinə blok qatarlar təşkil edilir. Bu isə yük sahibləri üçün cəlbedici olduğundan konteynerlə daşımalara müraciətlərin sayı da müvafiq olaraq artır.

Bir məqamı da diqqətinizə çatdırım ki, postsovet məkanında, o cümlədən qonşu ölkələrdə uzun illər dəmir yolu ilə daşımalar əsasən vaqonlarla həyata keçirildiyi üçün konteynerləşmə prosesi zaman tələb edir. Bu baxımdan, Azərbaycanın tranzit potensialını artırmaq məqsədilə artıq konteynerləşmə prosesi yüksək səviyyədə olan bazarların Azərbaycan üzərindən digər ölkələrə tranzitlə keçməsi üzərində işləyirik. Məsələn, Şimal-Cənub marşrutu ilə Hindistan, Fars körfəzi ölkələrinin Azərbaycan üzərindən keçməklə Baltik dənizi ilə, Körfəz ölkələrinin Qara dəniz ölkələri ilə birləşdirilməsi prosesi gedir. Bu marşrutlar digər marşrutlara nisbətən daşıma müddətini bir neçə dəfə azaldır. Həmçinin Şərq-Qərb marşrutu ilə Uzaq Şərq ölkələrinin (dünyanın nəhəng iqtisadiyyatlarından olan Çinin, Yaponiyanın, Cənubi Koreyanın cəmləşdiyi region) Avropa ilə birləşdirilməsi davam edir.

- Bildiyimiz kimi, konteynerlər hər iki istiqamət üçün kirayələnir. Konteyner geriyə boş qayıdanda bu daşıyıcı üçün itkilərə səbəb olur. Bu faktorun neytrallaşması istiqəmətində hansı addımlar atılır?

- Təbii ki, hər iki istiqamətə yük olmadığı halda, dəmir yolu ilə konteyner daşımalarının cəlbediciliyi avtomobillərlə müqayisədə daha aşağıdır. Avtomobillə daşıma zamanı geriyə boş qayıtmasın deyə, maşın çox aşağı qiymətə olsa da, yük götürə bilir. Dəmir yolunda isə müəyyən öhdəliklər, vahid tariflər mövcuddur ki, ondan kənara çıxmaq çətindir. Avtomobil sahibləri isə dolu və ya boş getməsindən asılı olmayaraq qiyməti özləri tənzimləyə bilir.

Qurudan quruya daşımalar həyata keçirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC konteynerlər alıb və yaxın illərdə onların sayı daha da artırılacaq. Eyni zamanda “ADY Konteyner” MMC bu problemi tərəfdaş şirkətlərlə əməkdaşılıq çərçivəsində həll edir. Belə ki, dəniz xətlərində əməkdaşlıq etdiyimiz "Maersk", MSM, CMA/CGM kimi iri şirkətlərin özəl konteyner bazası var və kirayəyə ehtiyac qalmır.

- Mövcud konteyner terminallarının modernləşməsi nə dərəcədə əhəmiyyətlidir?

 - Konteyner terminallarından danışarkən bildirim ki, “ADY Konteyner” MMC fəaliyyətinə Keşlə Konteyner Terminalında başlayıb. Lakin qısa zaman kəsiyində yükdaşımaların həcmi artdığı üçün, bazarın tələbatına uyğun olaraq yeni terminallara ehtiyac yarandı. Azərbaycan hökumətinin dəstəyi ilə daha böyük sahəyə və imkanlara, müasir infrastruktura malik, məsələn Abşeron Logistika Mərkəzi kimi terminal yarandı. Artıq bir çox istiqamətlər üzrə daxil olan konteynerlər məhz bu terminalda aşırılır.

Hazırda "ADY Konteyner" şirkətinin balansında olan Sumqayıt terminalı önəmli nəqliyyat qovşaqlarından birinə çevrilib. “ADY Konteyner”in balansına daxil olanadək burada demək olar ki, konteyner daşımaları dayanmışdı. Bu gün isə aylıq orta hesabla Sumqayıt terminalından 300-dək konteyner yola salınır və bu rəqəm artmaqdadır. Paralel olaraq terminalın modernləşdirilməsi uğurla davam etdirilir. Bildiyiniz kimi Sumqayıtda bir sıra iri müəssisələr yerləşir. Bu müəssisələrdə istehsal edilən, xüsusən ixrac məhsullarının ölkə xaricinə daşınmasında “ADY Konteyner” şirkəti də iştirak edir. Məhz bu səbəbdən Sumqayıt terminalının tam müasir səviyyədə qurulması qarşıya qoyulan məqsədlərdən biridir. Bu, həm də terminaldan daşınan konteynerlərin sayının artırılmasına imkan yaradacaq.

Eyni zamanda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na uyğun olaraq, bölgələrimizdə yeni müəssisələr yaradılır. Bu, bizə əsas verir ki, bütün regionlarda konteyner meydançlarını hazır vəziyyətə gətirək. Ölkənin ixrac potensialına dəstək olaq.

 - “ADY Konteyner” yeni marşrutların yaradılması istiqamətində nə kimi addımlar atır?

 - Şirkətimiz, əsasən, beynəlxalq daşımalar üzrə ixtisaslaşıb. Onun yaradılmasında da əsas məqsəd beynəlxalq daşımalarda Azərbaycanın mövqeyini gücləndirmək və ölkənin tranzit imkanlarını genişləndirməkdir.

Biz dövlətimizin bir sıra xarici layihələrinin həyata keçirilməsində iştirak edirik. Əsasən, Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, həmçinin Avropa ölkələri, o cümlədən Ukrayna, Türkiyə, Rusiya, İran, Hindistan və digər ölkələrlə Şərq-Qərb, Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizləri, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması istiqamətində əməkdaşlığı genişləndiririk. Təsadüfi deyil ki, “ADY Konteyner” şirkətinin bu gün üçün şüarı məhz belədir - “Biz kontinentləri birləşdiririk”.

 

 

Həmçinin mövcud dəhlizlərlə yanaşı, yeni marşrutların yaradılması üzərində iş aparılır. Yeni marşrutlara Gürcüstan-Azərbaycan- Türkmənistan-Özbəkistan- Qırğızıstan-Çin istqamətini, həmçinin Uzaq Şərqdəki Naxodka limanını Azərbaycandan keçməklə Türkiyə və İranla birləşdirən istiqaməti göstərə bilərik.

Bununla yanaşı bu yaxınlarda "ADY Konteyner" tərəfindən həyata keçirilən Sian-Praqa konteyner qatarı qarşımızda yeni imkanlar açdı və mövcud marşrutların diversifikasiyasını mümkün etdi. Marmaray tunelindən konteyner daşımaları üçün ilk dəfə istifadə edilməsi və tunellə konteyner daşımaları həyata keçirmək üçün imkanların yaradılması bizə Avropa dövlətləri, o cümlədən Cənub-Şərqi Avropa ölkələri ilə fasiləsiz dəmir yolu əlaqələri qurmağa imkan verir. Bu istiqamətdə bir sıra Avropa ölkələrinin dəmir yolu şirkətləri ilə, o cümlədən İtaliyanın "Mercitalia", Avstriyanın "Rail Cargo", Polşanın "PKP", Bolqarıstanın BGZ, Rumıniyanın CFR və s. şirkətləri ilə danışıqlar aparılıb. Ən son görüşlər isə "Metrans" və “Rail Cargo” şirkətləri ilə keçirılıb.

Bu yerdə vurğulamaq istəyirəm ki, Hamburq limanının törəmə şirkəti olan "Metrans" Avropadakı 15 terminalı vasitəsilə təkcə qitənin daxili bazarında 1 milyon konteyner daşıyır. "Metrans"ın bu kimi imkanları yüklərin ölkə ərazisindən tranzit keçərək Mersindən, İstanbuldan və Qara dəniz limanlarından Avropa sərhədlərinə və buradan Avropanın istənilən nöqtəsinin çatdırılmasında çox vacib rol oynayacaq. Bu istiqamətdə bir çox dəmir yolu şirkətləri ilə müxtəlif marşrutlar üzərində işlər aparırıq. PKP LHS Avroterminal, Grandpet şirkəti vasitəsilə Rumıniyanın Konstansa limanı ilə Gürcüstanın Poti və Batumi limanlarını, BGZ Karpo ilə həmçinin Varna limanını Batumi, Poti ilə birləşdiririk. Türkiyənin Kapıküllə stansiyasından Rumıniya, Bolqarıstan və Serbiya, Orta və Cənubi Avropa ölkələrinə yükadaşımaları Rail Сargo, Metrans şirkəti, İtaliyanın limanılarından isə MercitaliaTriyest limanı və Genuya limanından həyata keçirilməsində maraqlıyıq.

Mertrans şirkəti ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

O ki qaldı “Rail Cargo”ya, bu şirkətlə tarixi “Sian-Praqa” konteyner qatarının Avropaya çatdırılması istiqamətində əməkdaşlıq təcrübəmiz var. Bu yaxınlarda “Rail Cargo” şirkətinin iştirakı ilə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan İşçi Qrupunun növbəti iclası keçirildi. Qeyd edim ki, “ADY Konteyner” MMC-də İşçi Qrupunun üzvüdür. Bildirildi ki, bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır. “Rail Cargo Group” ilə əməkdaşlıq çərçivəsində 2020-ci ilin birinci yarısında, artıq Venlodan (Niderland) ilk sınaq qatarı Azərbaycan üzərindən keçməklə Çinə yollanacaq.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.

Prezident İlham Əliyev Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Füzuli rayonunun əhalisi 15373 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşüb.

Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəlib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.

Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.

Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşüb.

Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün, ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.

Dövlətimizin başçısı Novxanı dayanacağına gəlib.

Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.

Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısı burada dəmiryolçularla görüşüb.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev deyib:

“Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.

Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.

Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.

Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.

Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.

Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.

Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.

Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.

Cavid Qurbanov: “Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik”.

Prezident İlham Əliyev: “Sağ olun”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.







Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

 Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

İlham Əliyev Qazaxda yol açılışında — FOTO
İlham Əliyev Qazaxda yol açılışında — FOTO
İlham Əliyev Qazaxda yol açılışında — FOTO
İlham Əliyev Qazaxda yol açılışında — FOTO
İlham Əliyev Qazaxda yol açılışında — FOTO


Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.

Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb.

Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gedib.

Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.



22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə ənənəvi qanvermə aksiyası baş tutub.

 

Qanvermə aksıyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədi ilə keçirilib.

 

Artıq 5-ci keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, Agentliyin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. 

 

Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara   yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

 

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

 

Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır.

 
 


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının avtomobil yollarının tikintisi və istismarı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Səlimov Məzahir Yaqub oğlu

“Tərəqqi” medalı ilə

Abışov Mərdan Məşdi oğlu

Babayev Rafiq Rza oğlu

Əbilov İsmayıl Fəzi oğlu

Əliyev Qurban Əli oğlu

İmanov Hidayət Ədalət oğlu

İsmayılov Zaur Əziz oğlu
Qədirov Naməddin Cəlaləddin oğlu

Qəhrəmanov Məhəmməd Xanəli oğlu

Quliyev Fizuli Tofiq oğlu

Qurbanov Emin Telman oğlu

Mehdiyev Müslüm Abbas oğlu

Məmmədov Elçin Aydın oğlu

Mirzəyev Ataş Şahlar oğlu

Muradov Murad Mobil oğlu

Süleymanov İlham Şahbaz oğlu

Zamanov Vahid Bayraməli oğlu.

Xəbər lenti