Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhainin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır.

Avtomobil satışı üzrə ekspert Sərxan Qədirov Lent.az -a verdiyi açıqlamada qiymətlərdə kəskin ucuzlaşma olduğunu dilə gətirib:

“Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır.

Ancaq yenə də, alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir. Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Ancaq sovet maşınlarının qiymətində heç bir enmə qeydə alınmayıb. Bu da həmin avtomobillərə olan tələbatdan irəli gəlir. Karantin günlərindən sonra alıcıların kütləvi şəkildə bazara axışı gözlənilir. Buna görə də qiymətlərin ən azı əvvəlki səviyyəyə qalxacağı qaçılmazdır. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaq. Sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir”.

Müddəti bitmiş avtomobillərlə bağlı Dövlət Gömrük Komitəsindən                    - ŞAD XƏBƏR
Karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər

Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələri ilə bağlı açıqlama yayıb. Yol-xeber.az-ın məlumatına görə, açıqlamasında bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Eyni zamanda, COVID-19 pandemiyası ilə əlaqədar 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb. Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqa, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Açıqlamada o da vurğulanır ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.

               Azərbaycanda benzin ucuzlaşacaq? - "Neftin qiyməti düşərsə..."                                     -SOCAR-dan AÇIQLAMA
Benzinin qiyməti zavodların imkanlarından da asılıdır

“Dünya bazarlarında yanacağın qiyməti daha da ucuzlaşarsa, ölkəmizə idxal olunan yanacağın qiymətində dəyişiklik oluna bilər”.

Bu barədə Cebhe.info-ya açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, benzinin qiyməti yalnız neft qiymətlərindən deyil, idxal edən zavodların imkanlarından da asılıdır:

 

“Benzinin qiyməti neft qiymətindən asılı olaraq dəyişir. Amma neftin qiymətinin benzinin qiymətinə hansı diapazonda təsir etməsinin dəqiq hesablaması hazırda yoxdur. Bu hər bir zavodun maya dəyərindən də asılıdır. Amma ümumilikdə neftin qiyməti daha da düşərsə, idxal olunan benzinin qiymətinin də azalacağı ehtimal olunur”.

Xatırladaq ki, martın 13-də neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “Euro-95” və “Super Euro-98” markalı benzinlərin qiyməti ucuzlaşıb.

Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.

“Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), “Super Euro-98” 1,4 manata (əvvəl 1,6 manat) satılır.

Beləliklə, “Premium Euro-95” benzini 20%, “Super Euro-98” isə 12,5% ucuzlaşıb.

Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir
Yolun 79 kilometri isə Türkiyə ərazisindədir

Ötən ilin ilk 100 günündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 20 futluq ekvivalentində götürdükdə 1 266 konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, epidemioloji durumun sabitləşməsi şərtilə ADY bu il BTQ ilə yükdaşımaların həcminin ötən ilə nisbətən 50% artacağını proqnozlaşdırır.

 

“Bu xətlə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək 2019-cu ilin ilk 3 ayında 611 vaqon – 40 min ton yük daşınmışdırsa 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb”, - ADY rəsmisi qeyd edib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Masallıda 10 ədəd subartezian quyusu qazılacaq
Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bakıda torpağın qiyməti ucuzlaşıb
Koronavirus pandemiyası Bakıda torpağın və ticarət obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində torpaq bazarında qiymətlər 0.9 faiz azalıb.

N.İbrahimov vurğulayıb ki, kommersiya obyektləri bazarında isə qiymətlər mart ayı ərzində 5.54 faiz ucuzlaşıb. Ekspert əlavə edib ki, ümumilikdə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.

Ekspertin sözlərinə görə, pandemiya səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.
Kənd təsərrüfatı sahəsində çalışanlara
Kənd təsərrüfatı sahəsində çalışan işçilərə gündəlik nağd ödəniş edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında müzakirə edilərək  qəbul edilib və baxılması üçün pelnar iclasa tövsiyyə edilib.

 “Nağdsız hesablaşmalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklik barədə deputatlara məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  ilk olaraq qanuna edilən dəyişikliyin  əhəmiyyətini  qeyd edib. Bildirib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.

Müzakirəyə çıxarılan   “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verən komitə sədri vurğulayıb ki, qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ arasındakı razılaşma çərçivəsində neft istehsalını 1,6 milyon barel azaltmağı qəbul edəcək.

Bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Rusiya Energetika Nazirliyinin adı açıqlanmayan rəsmisi 2020-ci ilin ilk rübü üçün bu azalmanın 14% olacağını bildirib.

Bu yenilikdən sonra neftin qiymətində yüksəliş gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC və Rusiya liderliyindəki bəzi OPEC+ ölkələri arasında ədalətli razılaşma əldə olunması üçün çağırış etmişdi. Bundan sonra ölkələr arasında 9 apreldə videokonfrans yolu ilə toplantı keçirilməsi planlaşdırılmışdı. (publika.az)

Elman Rüstəmovla bağlı qərar verildi
Milli Məclis Elman Rüstəmovu növbəti 5 il üçün Mərkəzi Bankın İH üzvü təyin edib.

Deputatlar ilk məsələ kimi  Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsini müzakirə etdi.

 Müzakirlərin yekunu olaraq deputatlar E. Rüstəmovu növbəti 5 il üçün Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediblər.

Prezidentdən fərman

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədin 1.1-ci bəndinə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilib.

Həmin bənddə yazılırdı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

Bundan sonra isə Agentlik müvafiq sahədə təminatlar da verəcək.

Sənədin 2.0.3-cü yarımbəndinə isə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə olunub.

Sənədin əvvəlki variantında qeyd olunurdu ki, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək Agentliyin fəaliyyət istiqamətidir.

Prezidentin fərmanı ilə edilən dəyişikliyə əsasən isə, 2.0.3 yarımbəndində nəzərdə tutulan kreditlərə təminat da verilməsi vurğulanıb.

Sənədə aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilib:

“Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək”.

Xəbər lenti