|
Samuxda bıçaqlanma hadisəsi baş verib.
Yol-xeber.az-ın məlumatına görə, Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib.
1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.
İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar.
Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Azərbaycanda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələ yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 km şimal-şərqdə Ağstafa rayonunda qeydə alınıb.
Zəlzələ 3 maqnitudada baş verib. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
İyunun 22-də Şəmkir rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Yol-xeber.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Kür çayındakı adalarda kultivasiya edilərək yetişdirilən 14000 ədəd çəkisi 21 tona yaxın çətənə kolu aşkar olunub.
Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə məlumat daxil olub.
Baş İdarənin Bərdə və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin adada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ağdaş sakinləri Tayfun Məmmədov və həmyerlisi Çingiz Məmmədov saxlanılıb. Adaya baxış zamanı həmin şəxslər tərəfindən kultivasiya edilən yaş kütləsi 12 ton 270 kiloqram olan ümumilikdə 8 227 ədəd çətənə kolu, aqrotexniki qulluq vasitələri, 3 ədəd elektrik generatoru, narkotik tərkibli bitkilərin suvarılmasında istifadə edilən 500 metr boru xətti, 10 kiloqram gübrə, həmçinin, iş üçün əhəmiyyət kəsb edən sair vasitələr aşkar olunaraq götürülüb.
T. Məmmədov və Ç.Məmmədov ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.
Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən adanın yaxınlığındakı digər adaya da Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilmiş 8 ton 650 kiloqram olan 5780 ədəd çətənə kolu, həmçinin aqrotexniki qulluq vasitələri və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Ağdaş rayonu Pirəzə kənd sakini olan daha 10 nəfər saxlanılaraq istintaqa təqdim edilib.
Belə ki, tədbir nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Nahid Babayev, Hümbət Əməliyev, Nurlan Əməliyev, Sahil Əməliyev, Yadulla Əliyev, Rahib Babayev, Şöhrət Musayev, Azad Məmmədov, Məmməd Eminov və Ədilxan Ədilov saxlanılıblar. Bu şəxslərin üzərlərinə baxış zamanı əlavə olaraq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, saxlanılan 12 nəfər şəxsin hər biri Ağdaş rayonu Pirəzə kənd sakinləridir və bir mütəşəkkil dəstənin üzvləridirlər. Onlar ifadələrində Kür çayında yerləşən adalarda narkotik tərkibli çətənə kolları əkdiklərini etiraf ediblər.
Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
"Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndiirlən şəxslərin dindiriləcəyi gözlənilir.
Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Aparılan istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunmuş Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Lənkəranda ölümlə nəticələnən silahlı insident yaşanıb.
Yol-xeber.az-ın xəbərinə görə, hadisə dünən axşam saatlarında Havzava kəndində baş verib.
Belə ki, kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadə odlu silahdan açılmış atəş nəticəsində ölüblər.
Məlumata görə, hadisəni onların qohumu Seymur Şiriyevin törədib.
İlkin versiyaya əsasən, insident şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı baş verib.
Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb və S.Şiriyev saxlanılması istiqamətində istintaq aparılır.
Ötən gün Türkiyənin İstanbul şəhərində, Küçükçekmece ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər motosikletlə qırmızı işıqda dayan avtomobilə odlu silahdan atəş aşıb.
“Yol-xeber.az” Türkiuə KİV-inə istinadla xəbər verir ki, hadisə yerli saatla 22:00-da baş verib.
İddiaya görə motosikletlə gələn iki şəxs Yurtkur küçəsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşının idarə etdiyi 34 MM 4083 seriya nömrəli ticarət məqsədilə istifadə olunan maşına atış açıb.
Hadisə nəticəsində şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yaralanıb, həmin anda avtombildə olan qadın xəsarət almayıb.
Hadisəni törədən şəxslər qaçaraq ərazidən uzaqlaşıb. Sürücünün həyati təhlükəsinin davam etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu barədə Yol-xeber.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Novxanı bağlar massivində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qurban Sultanov saxlanılıb. Onun qeyd edilən ünvanda yaşadığı evin həyətinə baxış zamanı yaş vəziyyətdə çəkisi 112 kiloqram olan 2472 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Həmin şəxsin evindən isə ümumi çəkisi 34 kiloqram 500 qram qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarənin əməkdaşlarının Sabunçu rayonu Maştağa qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı paytaxt sakini Rahim Ağayevin yaşadığı evin həyətinə baxış keçirilib. Əməliyyat zamanı oradan 255 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri aşkar edilib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən sonuncu tədbir zamanı isə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Azər Süleymanov saxlanılaraq istintaqa təqdim edilib. Onun paytaxt ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin odlu silaha məxsus 35 ədəd patron aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.