Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb.

Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da təmsil etdiyi orqanın ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumatına görə, belə tədbirlərdən biri kimi, Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olan material əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan Birliyin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olmuş Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində Birliyə işə qəbul edilmək üçün müraciət etmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş 121 min 520 manat maddi ziyanın 31 min 500 manat hissəsinin ödənilməsi təmin edilmiş, xüsusi müsadirəni təmin etmək məqsədi ilə məhkəmənin qərarı əsasında Zəfər Mamedova məxsus 34 min manat dəyərində qiymətləndirilmiş mənzilin üzərinə həbs qoyulub.

Fevralın 11-i saat 16 radələrində Gürcüstan Respublikasının vətəndaşı, Xəzər rayonu, Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən"Ölkə.Az"a verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müharibədən öncə oğurluqda təqsirləndirilən qazi həbs edilib

Sosial şəbəkələrdə Vətən Müharibəsində döyüşən qazi Aydın Ağazadənin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Geniş müzakirə olunan bu məsələyə görə vətəndaşlar verilən qərarla bağlı qınayıcı fikirlərini ifadə ediblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə tutulub.

Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.

O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib. Aydın Ağazadənin ayağına müəyyən edilən ərazini tərk etməməsi üçün GPS bazubənd də bağlanıb.

İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.

Hər iki cinayət işi ilə bağlı istintaq yekunlaşdırılaraq 2020-ci il fevralın 2-də iş materialları baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə prosesi davam etdiyi müddətdə Vətən Müharibəsi başlayıb. Aydın Ağazadə könüllü səfərbərliyə yazılıb və sentyabrın 27-dən döyüşlərə qatılıb. O, döyüşlərdə sağ budundan yaralanaraq müharibəni qazi kimi tərk edib.

Əsgər Aydın Ağazadə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

A.Ağazadə döyüşdən qayıtdıqdan sonra məhkəmə prosesi bərpa edilib və Cəlilabad rayon məhkəməsinin hakimi Elxan Əmirəliyevin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Aydın Ağazadə məhkəmə zalında həbs edilib.

Murad Əhməd

 

 
 
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub. 

 
 
 
Xaçmazda gizli toy edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.   
 
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
 
Məclis iştirakçılarından 19 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü

2009-cu ilin bu günü, fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini olan general-leytenant Rail Rzayev öldürülüb. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.

"Qafqazinfo" Yeni Müsavat-a istinadən xəbər verir ki, qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı yanında yalnız sürücüsü olub. General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Versiyalardan birinə görə, generalın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb. Sürücü maşından zibili götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşədən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib. Həmin gün Bakıda olduqca intensiv yağış yağıb və küləkli gün olub. Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Generalın ağzından qan gəldiyini görəndə yolda generalın adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsinə göstəriş verib. Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb, Rail Rzayevin qətlə yetirildiyini anlayıblar.

Rail Rzayev həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında qətlə yetirilib. Generalın ölümü ilə bağlı bir sıra versiyalar səsləndirilir. Ancaq bütün hallarda qətlin onun xidməti işi ilə bağlı olduğu vurğulanır.

Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə Prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu qətl onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib.

Üstündən 12 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.

Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də deyib. 

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.

Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir”.

Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.

Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. 

Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda bu sözləri demişdi: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərlərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik”.

Bunlar 12 ildir ki, general Rail Rzayevin qətli ilə bağlı ortada olan versiyalardır, nə qatil var, nə də sifarişçi. 

Fevralın 10-da Xəzər dənizində maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:48-də qeydə alınıb.

Zəlzələnin ocağı səkkiz kilometr dərinlikdə yerləşib.

Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Report" xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl rayonu İcra hakimiyyətinin başçısı olub.

Allah rəhmət eləsin!

DSX və polisdən  birgə narkotik əməliyyatı  - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Avtosfer.az-a bildirilib ki, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əmə­liy­yat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psi­xotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edil­ib.

Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diq­qəti cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq əra­­­zi­dən qaçmağa çalışarkən saxlanılıbr. Saxlanılan şəxsin öz hərəkətlərini mas­ka­lamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.

Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəy­yam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içəri­sində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkar olunaraq götürülüb.

Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağla­nıl­mış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasi­təyə oxşar maddələr aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti