AzTV-dən araşdırma: DTX həbslərinin təfərrüatı
Azərbaycan Televiziyasının (AzTV) "Jurnalist araşdırması" verilişi DTX-nın həyata keçirdiyi son həbslər və onun təfərrüatlarına həsr olunub.

"Ölkə.Az" mövzunun aktuallığını nəzərə alaraq, həmin verilişi hit.az-a istinadən oxuculara təqdim edir.

Azərbaycanlı zabitimiz koronavirusdan dünyasını dəyişdi
"Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov, Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu."

Axeber.az xəbər verir ki, bu sözləri feysbuk statusunda general-mayor Qabil Məmmədov yazıb:

"Dəyərli Dostlar!

Bu gecə zabit yoldaşlarımızdan olan, ürəyi daima Vətən sevgisilə döyünən, Qarabağımızın azadlığı naminə hər zaman özünü fəda etməyə hazır olan Rəşad Həsənov, Sankt Peterburqda koronavirusdan dünyasını dəyişərək əbədiyyətə qovuşdu.

Rəşad, yaddaşlarda çox mərd, qorxmaz, ədalətsizliyə və haqsızlığa qarşı daima səfərbər, zəiflərə arxa, özünəməxsus prinsipial baxışları ilə digərlərindən seçilən bir ləyaqətli insan kimi yadda qalacaq. Onun ürəyi həyat sevgisilə çırpınır, Qarabağın azad olunacağını çox səbirsizliklə gözləyirdi. Azərbaycanımızın xoş gələcəyi naminə hər zaman ölümə atılmağa hazır idi...
Allah rəhmət eləsin! Valideyinlərinə, yaxınlarına Allah səbr versin, başımız sağolsun deyirəm!"

Allah rəhmət eləsin!

Nazirliyin sabiq əməkdaşı həbs edildi

Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs edib.

Bununla bağlı Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumatda deyilir:

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi ölüb.

Bu məlumatı Qarabağ separatçı-terrorçu rejimi yayıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Henrix Aramyan adlı hərbçi hərbi hissələrdən birində naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

“Azərbaycanda yaşayan əcnəbilərdən virusa yoluxanlar və karantinə yerləşdirilənlər olub”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, yoluxan şəxslərin sayı dəqiq bilinmir.

ATV-nin daha bir əməkdaşı koronavirusa yoluxdu
"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki , ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.

O, bu barədə məlumatı saytımıza təsdiqləyib.

Bununla belə, digər müxbir Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.

Vilyam Hacıyev həbsdən müqavimətə başlayıb
Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq icra başçısının şikayəti təmin edilməyib və Səbayel Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Mayın 6-da Səbayel Rayon Məhkəməsində V.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, V.Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməkdə,  vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda şübhəli bilinir.

Axtarış  zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.  Həmçinin V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair ittihamlar yer alır.

V.Hacıyevə verilən ittihamlar ağır olsa da, o, barəsində verilən qərara qarşı açıq etiraz mövqeyi tutub. İndiyədək həbs edilən sabiq icra başçılarından heç biri onlar barəsində çıxarılan həbs qərarına etiraz etməyiblər. Hər halda, belə bir fakt varsa da, mediaya sızmayıb. V. Haciyev isə evindən çıxan paçkalarla pula, rüşvət alması ilə bağlı əməliyyat çəkilişinə rəğmən barəsində hələ məhkəmə qərarı çıxarılanda buna etiraz etmişdi.

Belə ki, V. Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısını ailə üzvləri gözləyib. İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları V. Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirərkən sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq...” Bunlar istənilən bir adamın əli qandallı olarkən ailə üzvlərinə deyə biləcəyi sözlərdir. Amma V.Hacıyev həmin kateqoriyaya aid təqsirləndirilən şəxs deyil.

Əvvəla, onun suçlu olması ilə bağlı kifayət qədər faktlar toplandıqdan sonra DTX əməliyyat  qərarı verib. Yəni faktlar ortadadır. İkincisi,  bütün bu görünən sübutlara, tapılan külli miqdarda pullara baxmayaraq, sabiq icra başçısı özünün haqsız yerə cəzalandırıldığını düşünür.  Onun  “Haqq yerini tapacaq...” sözlərinin başqa izahı yoxdur. Nəhayət, V.Hacıyev bu düşüncəsinin davamı olaraq barəsindəki qərarın dəyişdirilməsini (və ya ləğvini) istəyir. Bu, artıq  V.Hacıyevi həbsdə olan digər sabiq məmurlardan  fərqləndirir, seçdirir. Bu halda, ortaya çox təbii bir sual çıxır: Vilyam Hacıyev  niyə müqavimət göstərir və  kimə arxayındır?

Əlbəttə ki, hər bir təqsirləndirilən şəxs barəsindəki qərarlardan şikayət verə bilər və bu, onun istisnasız  hüququdur. Amma yenə qeyd edirik ki, söhbət adi həbsdən deyil, Prezidentin birbaşa nəzarətində olan cinayət işindən gedir.  V.Hacıyev kimə arxayındır ki, şikayəti verir, suçsuz olduğunu  göstərməyə çalışır və sairə... Bu yerdə şəxsən bizim mediaya təqdim edəcək heç bir versiyamız yoxdur. Amma xatırladacaq bir mühüm  detal var. Prezident icra başçılarının həbsindən  danışarkən onların kimlərinsə köməyinə arxayın olduğunu tez-tez xatırladır. Və dəfələrlə qeyd edir ki, həm həbsdə olanlar, həm bəzi özünü  yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki  heç kimə belə şans verilməyəcək.  Bu mənada  V.Hacıyevin  həbsdən müqavimətinin mənası da qalmır, amma o isə...(musavat.com)

Qətlə yetirilən şəxs istirahət mərkəzində basdırıldı
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report” xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.

Azərbaycanda saxlanılan şəxs polis bölməsindən qaçdı
Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

Insan alverində təqsirli bilinən Lətifə Ağayevanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham edilən L.Ağayevanın məhkəmə prosesinə hakim Azər Paşayev sədrlik edəcək.

İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan 4 qadını- O.Ə.Məmmədovanı, F.O.İmamquliyevanı, A.M.Paşayevanı və X.E.Omarovanı Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.    /Yeni Sabah/

Xəbər lenti