Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.

Müsavat.com əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətdən bildiriblər ki, hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qətlin hansı motivlə törədilməsi istintaqın gedişində müəyyən olunacaq. Dəhşətli olayla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.

80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib.

Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Musavat.com-a rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

 

Mötəbər qaynaqlardan aldığmız qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisi üzərində vurulub, rayonun Ağdağlar adlanan məhəlləsinə düşüb.

O da bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Musavat.com bildirir ki, xəbərin yayılmasından 1 saat sonra Azərbaycan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Biləcəridə özünü asan şəxsi xilas etdilər

Bakıda intihara cəhd olub.

Report xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb.

Lakin hadisə yerinə yetişən şəxslər onu xilas edib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Baş Prokurorluq Masazır gölü ilə bağlı araşdırmalara başladı

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən Masazır gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.
Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə məlumatda bildirilib ki, həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəlb edilməklə həmin əraziyə Baş Prokurorluğun qeyd edilən idarəsinin və Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

“Qeyd edilən gölün hazırkı ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, məlumatda bildirilib.

Xankəndidə azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür

1988-ci ilin sentyabrın 18-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən 32 il keçir.

"Report" xəbər verir ki, sonradan Ermənistan tərəfindən ərazilərmizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndində baş verən hadisələri bir qədər arxa planda qalıb.

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq tarixin bu qaranlıq səhfəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib.

"Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri" QSC-nin texniki dəstəyi ilə lentə alınan video çarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi talanları" kampaniyası çərçivəsində növbəti video çarxı təqdim edir. Bu video çarx Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edir.

Koronavirusun öldürdüyü jurnalistlər…

Dünyanın 1 nömrəli probleminə çevrilən koronavirus müxtəlif peşələrdə çalışan yüzminlərlə insanın həyatına son qoyub. Ölənlər arasında  jurnalistlər də var. “Press emblem campaign” (PEK) qeyri-hökumət təşkilatının hesablamalarına görə, virus martın əvvəllərindən sentyabr ayına qədər 47 ölkədən 366 jurnalistin həyatına son qoyub. Ölənlər arasında ən çox Peru (82), Ekvador (40), Hindistan (36) və Banqladeşdən (31) olan jurnalistlər yer alıb.

PEK-in məlumatına görə, Rusiyada 5, Azərbaycanda isə 4 jurnalist virusun qurbanı olub. Həyatını itirən azərbaycanlı jurnalistlər arasında foto-jurnalist Fərman Bağırov, AzTV-nin  İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə, İTV-nin redaktoru Əmrah Fəqanoğlu, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev var. (Modern.az)

Baş Prokurorluq gənc müəllimənin intiharı ilə bağlı daha bir məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 


Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən,  cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırkı mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.

“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”   - FOTO

Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.

“Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır: “Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal olurdu, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.

Həmin müddətdə döyüldükdən sonra qayınatam İdrak Həsənov məni özünün həkim işlədiyi “Diaqnoz” Tibb Mərkəzinə apardı. Orada iş yoldaşlarına dedi ki, hamamda ayağı sürüşüb və yıxılıb. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim.

2019-cu ilin mart ayında yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 mm hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb  Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bundan sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm. Nəriman bir neçə dəfə mənim üstümə bıçaq da çəkmişdi”.

Ü.Quliyeva qeyd edib ki, əri Nəriman Həsənov tərəfindən döyülərkən onun səsini də yazıb və bunları sübut kimi istintaqa versə də, müstəntiq buna fikir verməyib:

“Məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini dedim, o isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəm” kimi ifadələrlə məni döyməyə davam etdi. Döyülmüş vəziyyətdə ayağımın və qollarımın xəsarət alan yerlərini də telefon vasitəsilə fotosunu çəkmişəm. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir”.

Ü.Quliyeva deyib ki, döyülməsini sübut edən kifayət qədər sübutlar olsa da, Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərov cinayət işinin açılmasını rədd edib:

“Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə şəkillər olmasına baxmayaraq, heç bir mötəbər sübuta əsaslanmadan əsassız olaraq cinayət işinin başlanması rədd edildi. Müstəntiqin bu qərarından şikayət etdim, məhkəmə qərarı ləğv edib işi yenidən araşdırılması üçün prokurorluğa göndərdi. Keçmiş ərim Nəriman Həsənov polis olduğu üçün istintaqa təzyiq edərək araşdırmalara təsir göstərir”.

Qeyd edək ki, Nəriman Həsənov təhqiqat zamanı bildirib ki, həyat yoldaşı Ü.Quliyeva hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.

 

İntihar edən gənc müəllimə barədə məktəbin direktoru görün
121 saylı məktəbin direktoru Akif Abdullayev intihar edən ibtidai sinif müəllimisi 27 yaşlı Naidə İsayevanın intim fotoları ilə şantaj olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.

O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı yayılan məlumatların yalan olduğunu deyib.

“O, çox gözəl insan idi. Bu məktəbdə ondan tərbiyəli müəllim yox idi. Başıaşağı tərbiyəli bir qız idi. Bu xəbərlər əsassızdır. Bu xəbərləri yayanlar ... (qeyri etik ifadə işlədir)" 

Qeyd edək ki, 16 sentyabrda 27 yaşlı ibtidai sinif müəllimi Naidə İsayeva intihar edib.

Xəbər lenti