|
Yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
Yol-xeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, YPX avtomobili taksi fəaliyyəti ilə məşğul olan avtomobilə arxadan çırpılıb.
Hadisə nəticəsində taksi sürücüsü baş nahiyəsindən yaralanıb. Avtomobillərə ciddi zərər dəyib. Yol polisi avtomobilinin təhlükəsizlik yastıqları açılıb.
Görüntülərdən görünən odur ki, YPX avtomobili taksiyə yüksək sürətlə çırpılıb.
Hadisədən sonrakı görüntüləri təqdim edirik:
"Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən, öldürərəm". Yol-xeber.az xəbər verir ki, bu sözləri münaqişə zəminində oğlu Turalı qətlə yetirən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: "20 ildən artıq idi ki, qardaşım buna dözürdü. Anasını təhqir edirdi. Ata öz ailəsinin təhqir olunduğunu, söyüldüyünü görür və artıq ayrı yol seçə bilmədi. 20 il Turala yol axtardı. Amma alınmadı. Həmin gecə evə içkili gəlib. Oturub yeyib-içib, sonra anasını və atasını təhqir edib.
Ata baxıb ki, oğul bunu öldürəcək. Gedib öz yatağında yatıb. Tural atasını yerindən qaldırıb ki, yanıma gələcəksən. Deyib ki, gəlməsən, səni yatdığın yerdə öldürəcəm. Artıq bu təhqirlərə doymuş ata bir zərbə ilə oğlunu öldürüb".
Xatırladaq ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərov evində münaqişə zəminində oğlu Turalı qətlə yetirib. Hadisə fevralın 11-də saat 7 radələrində qeydə alınıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 37 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.
B. Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.
Fevral ayının 14-ü, saat 03:45 radələrində Sulutəpə qəsəbəsindən qaçırılan 50-DA-951 dövlət qeydiyyat nişanlı, “ZİL-MMC-4512” markalı yük avtomobili yol polisləri tərəfindən tapılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Belə ki, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən verilmiş məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb.
Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.
Zaqatalada 10 gün əvvəl itkin düşən yeniyetmə tapılıb. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov Bakı şəhər ərazisindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdi olan İ. Qardaşov fevralın 2-də yaşadığı evdən gedərək geri qayıtmamışdı.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi vəkil Bəhruz Bayramova görə 1000 manat cərimə edilib. Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, buna səbəb vəkilin sərxoş halda maşın sürdüyünə görə saxlanması haqda məlumatın, sərxoşluq müayinəsindən keçirildiyi görüntülərin saytlarda, telekanallarda yayılmasıdır. Bu barədə fevralın 12-də, Bakı Apelyasiya Məhkəməsində qərar çıxarılıb. Fuad Talışinskinin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, Yol Polisi İdarəsi bu məlumatları yaymaqla vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.
B.Bayramovun iddiası qismən təmin olunub. O, 300 min manat təzminat, həmin məlumatları yaymış media orqanlarında təkzib verilməsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ondan üzr istəməsini tələb edirdi. Təzminat hissəsində iddiası qismən təmin olunsa da, üzr və təkzib hissəsində iddia rədd edilib. Ona görə də B.Bayramov deyir ki, qərar onu qane etmir, qərardan Ali Məhkəməyə şikayət edəcək.
B.Bayramov məhkəməyə iddiasında da göstərib ki, restoranda ailə üzvlərindən birinin ad gününü qeyd ediblər. Az miqdarda spirtli içki qəbul etdiyinə görə restorandan çıxanda “Ayıq sürücü” xidmətindən sürücü çağırıb. Sürücü gəlib onun avtomobilini idarə edib, onu və yaxınlarını evə aparıb:
“Sürücü bizi ünvana çatdırıb gedəndə maşın məhəlləarası küçədə dayanmışdı. Evimə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda yol polisinin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Ona bildirdim ki, “ayıq sürücü” ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda, mətbuat orqanlarında biabır edəcəklər”.
Vəkil “Azadlıq” radiosuna bildirib ki, onu sərxoşluq müayinəsindən keçmək üçün tibbi məntəqəyə gətirib, orada videoya çəkiblər. Daha sonra həmin görüntülər müxtəlif telekanal və saytlarda “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanıb. “Videogörüntüləri hissə-hissə montaj edib, çəkilişləri yaymaqda məqsəd məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq olub”, - vəkil belə hesab edir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov isə bu məsələni şərh edərkən bildirib ki, vəkil B.Bayramov Yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır. B.Bayramovun sərxoş halda avtomobil idarə etməyə görə cəzalandırılması üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb. Sonda inzibati xəta ilə bağlı işə xitam verilib.
Qubada qanunsuz olaraq narkotik vasitə saxlamada şübhəli bilinən iki nəfər tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyev saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.
Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.
Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığı görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı isə həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalları qəbulu məntəqəsinə satdığının bildirib.
Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Əzizov Hüseyn Bayram oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
H.Əzizovun vəziyyətinin ağır olduğu bildirilir.