Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.

Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Gəncədə yol-nəqliyyat hadisəsi olub, ağır yaralı var
Hadisənin təfərrüatları araşdırılır

Gəncə şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yol-xeber.az "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, baş vermiş nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən şəxsin kimliyi dəqiqləşdirilir.

 

Hadisənin təfərrüatları araşdırılır.

Yol polisi piyadaların keçiddə vurulması görüntülərini yaydı
Bakıda baş vermiş daha iki piyadavurma hadisəsi ilə bağlı Avtosfer.az və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təhlillər aparıb. Bu görüntülər bir çox sürücü və piyada üçün təsirli təbliğat vasitəsi ola bilər.

"Yol-xeber.az"ın Avtosfer.az-a istinadən məlumatına görə, həmin hadisələr Bakının Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəşisməsində baş verib. Hadisənin birində qadın piyada svetaforun qırmızı işığı yanan ərəfəsində keçidə daxil olur və hərəkətə başlayan avtomobillərin ikisinin sürücüsü onu görüb yol versə də, orta zolaqda hərəkət edən üçüncü sürücü görmür və qadını maşın vurur. Xoşbəxtlikdən qadın yüngül xəsarət alır və ayağa qalxaraq hərəkətini davam etdirməklə yoluna davam edir.

Digər piyadavurma hadisəsi günün qaranlıq vaxtında baş verib. Videodan da göründüyü kimi “Toyota” markalı avtomobil Üzeyir Hacıbəyov küçəsində düzünə hərəkət zolağında olduğu halda qəflətən svetaforun yaşıl işığı yanarkən sola - Azadlıq prospektinə dönür və təhlükəsizlik adacığının üstündə keçiddən keçən qadını vurur.

Bu kadrlarda sürücünün günahkar olduğunu görə bilərik. Yəni, o, düzünə hərəkət etdiyi halda qəflətən zolağı dəyişir və təhlükəsizlik adacığının üzərində hərəkəti davam etdirir. Digər tərəfdən, yol hərəkəti qaydalarına görə, yaşıl işıqda piyada keçidinə daxil olan və hərəkəti başa çatdıra bilməyən piyadaya sürücülər yol verməlidir ki, piyada keçə bilsin.

Svetaforda qaydalara uyğun şəkildə dayanan sürücülər həmin piyadaya yol versə də, hadisəyə səbəb olan sürücü sürətlə və kobud şəkildə hərəkət etməklə qəza törədir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür hadisələrin görüntüsünü təqdim etməklə və təhlillər aparmaqla əslində sürücüləri və piyadaları maarifləndirməyə çalışırlar:

“Məqsədimiz odur ki, həm piyadalar, həm də sürücülər bu cür hallarda diqqətli olsunlar. Və belə hadisələr bu daha təkrar olunmasın. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır. Artıq hadisələrə hüquqi qiymət verilib. Düşünürük ki, birbaşa hadisə videolarını yaymaqla, hadisə yerində təhlillər aparmaqla insanlarımızı maarifləndirə bilərik və bu da onların gələcəkdə edəcəkləri hərəkətlərə öz təsirini göstərmiş olacaq”.

Ölümə gedən velosiped sürücüsü kameraya düşdü - VİDEO
Velosipedlər yalnız sağ zolaqla hərəkət etməlidir

Bakıda velosipedlə təhlükəli hərəkət edən sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində hərəkət edən velosiped sürücüsü marşrut avtobusunun arxasıyca gedərək özünü təhlükəyə atıb. 
Bu cür təhlükəli hərəkət edərkən ani bir diqqətsizlik nəticəsində idarəetməni itirib qonşu zolaqlardakı avtomobillərə çırpıla bilərdi. 
Velosiped sürücülərinin təhlükəsizliyini nəzərə alaraq qanunvericilikdə qeyd olunub ki, velosiped sürücüləri yalnız yolun sağ kənar zolağı ilə hərəkət edə bilər.

 

Bakı polisi qadınla azyaşlının döyülməsi xəbərinə münasibət bildirdi
Faktla bağlı Yasamal RPİ 29-cu PŞ-də təhqiqat araşdırmaları davam etdirilir

"Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb".

Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, həmin şəxslər müəyyən olunaraq Yasamal Raron Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə (PŞ) dəvət olunaraq izahatları alınıb: "Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

 

Faktla bağlı Yasamal RPİ 29-cu PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə "Ağ çiçəyim" şadlıq evinin qabağında kişi qadın və onun yanındakı azyaşlını döyüb, daha sonra onları avtomobilə zorla salaraq ərazidən qaçırdığı barədə məlumat yayılıb.

Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb

Mingəçevirdə avtomobil qaçırılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. 

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb. 

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıb.

Bakıda “Prado” qaçıran şəxs Göyçayda saxlanıldı
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda avtomobil qaçıran Göyçay rayon sakini  yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.

Bakıda “KİA” reklam lövhəsinə çırpıldı: 2 nəfər öldü
Qəzadan sonra hadisə yerindən qaçan “Ford” sürücüsü saxlanılıb

Qaradağda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib.

Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüb. B.Bayramov hadisə yerini tərk edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda mühafizəçi qaçırdığı avtomobillə qəza törətdi
BMW markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirilib

Bakıda avtomobil qaçırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından BMW markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ötən gün yol qəzalarında - 6 ölü, 4 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və faktlar haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər dünyasını dəyişib, 4-ü isə xəsarət alıb.  

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Xəbər lenti