Azərbaycanda güclü partlayış oldu
Masallı rayonunda fərdi yaşayış evində baş verən partlayışda 2 nəfər vəfat edib.

"Report" xəbər verir ki, hadisə aprelin 16-da saat 07 radələrində rayonun Təzə Alvadı kənd ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış zamanı ev bütövlükdə dağılıb. Nəticədə İ.Qədiyev, arvadı Sevinc Qədiyeva, övladı Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Ümumilikdə xəsarət alan 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

İlkin ehtimala görə, partlayışa səbəb qazsızma olub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra İ.Qədiyev və arvadı S.Qədiyeva müalicə aldıqları xəstəxanda ölüblər.

Fakta görə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.

Bakıda 27-ci Polis Bölməsinin əməkdaşı cərimələdiyi şəxsi güclə poçta apardı
R.Aşurova hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" xidmətinə şikayət edib

Vətəndaş polisdən şikayətçidir. Bu barədə "Report"a Rasim Aşurov danışıb. O bildirib ki, bu gün Bakının İzmir küçəsində diş həkimindən evə piyada qayıdan zaman onu və bacısı Dinarə Aşurovanı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis nəfəri Fərid Sultanlı saxlayıb: "Diş klinikasından çölə çıxan zaman polis əməkdaşı bizi saxladı. Hər ikimizdə rəsmi icazə sənədi var idi. Lakin bu gün şənbə olduğu üçün bacımın iş günü deyildi. Amma sistemdə icazə göstərilib. Dinarə Aşurova isə 8103-ə SMS göndərməmişdi. Polis əməkdaşı bildirdi ki, bacım cərimə olunacaq. Biz də razılaşdıq. Lakin polis əməkdaşı qeyd elədi ki, biz cəriməni indi ödəməliyik. Yəni poçtda gedərək cərimənin ödənilməsini tələb etdi. Mən yerindəcə ödənilmənin olmadığını ona desəm də, razılaşmadı, işin məhkəməyə gedəcəyini söylədi və protokol tərtib etdi. Sonra bizi öz avtomobilinə mindirərək yaxınlıqdakı poçta apardı. Biz məcbur olaraq poçtda 100 manat cəriməni ödədik. Hətta biz poçta daxil olanda orada çalışan xanım zarafatla polisə bildirdi ki, "bu qədər şəxsləri cərimələmək üçün haradan tapırsan?" Mən həmin xanımın danışığından belə başa düşdüm ki, bizdən əvvəl bir neçə şəxsi də cərimələyib və bu qayda ilə poçta aparır".

 

R.Aşurov söyləyib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" xidmətinə şikayət edib.

“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var


Abşeron sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Həm qayda pozur, həm də  qapını açıb qışqırır- 99 DS 340 - VİDEO
Sürücü manevr qaydasını pozaraq təhlükə yaradıb

Bakıda qaydaları pozan sürücü digər avtomobilə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, aprelin 24-ü paytaxtın Lütfizadə küçəsində hərəkət edən 99-DS-340 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını kobud şəkildə pozaraq sol zolaqdakı avtomobilə təhlükə yaradıb. Videonu qeydə alan sürücü qəzadan yayınmaq üçün avtomobili dayandırıb. Bu zaman qaydanı pozan sürücü avtomobilin qapısını açaraq haqsız narazılığını bildirib.

 

Ağciyər İnstitutunda iki nəfər ölüb – TƏBİB təsdiqlədi


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) iki xəstə ölüb.

Vəfat edən şəxslərdən biri Gürcüstan vətəndaşı olub. Hər iki ölüm faktı aprelin 23-də qeydə alınıb.

Ölənlərdən biri – 1951-ci il təvəllüdlü xəstə ETACXİ-yə aprelin 11-i saat 00:15-də “İkitərəfli pnevmoniya, ürəyin işemik xəstəliyi, koronar stend, ikinci tip şəkərli diabet, insulin tələbli” diaqnozu ilə çox ağır vəziyyətdə daxil olub və I Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən reanimasion müalicə tədbirləri aparılıb.

Bütün səylərə baxmayaraq, ayın 23-ü saat 19:45-də “kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Kəskin tənəffüs çatışmazlığı, III dərəcə. Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz. Aorto-koronar şuntlama əməliyyatdan sonrakı vəziyyət. Ürək çatışmazlığı 3 f.s. Şəkərli diabet, ikinci tip, insulin tələbli. Diabetik nefropatiya” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Digər şəxs isə 1970 il təvəllüdlü Gürcüstan vətəndaşı olub. Xəstə ayın 23-ü saat 11.50 radələrində ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Dərhal müvafiq şöbəyə yerləşdirilərək zəruri müalicəsinə başlanılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23.25-də “Kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Ürəyin ritm pozgunluğu: paroksizmal ventrikulyar taxikardiya. İkinci tip şəkərli diabet. Sol aşağı ətrafların qanqrenasından sonrakı vəiyyət” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

TƏBİB faktı oxu.az-a təsdiq edib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı hər iki xəstədən “COVID-19”la bağlı götürülən test nümunələrinin nəticələri mənfi çıxıb.
Azərbaycanlı ər-arvad koronavirusdan öldü
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Baku.ws xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında deyib.

İfaçı lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir. 

Əməkdar atistin qardaşı həyat yoldaşının sifarişi ilə qətlə yetirilib?
Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova 1997-ci ildə evində qətlə yetirilən mərhum qardaşının müəmmalı ölümü ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa bildirib.

O, qətllə bağlı yeni təfərrüatları da açıqlayıb:

“Qardaşım öldürülən gecə həyat yoldaşı yanında olmayıb. O, 40 günlük körpəsi ilə həmin gün rayonda olub. Heç ərinin yasına da gəlməyib. Həmin ərəfədə anamın rəfiqəsinin oğlu qətli boynuna götürdü və həbsdən çıxandan sonra qatilin başqa adam olduğunu bildirdi. Biz o vaxt çaş-baş qaldığımızdan gəlinimizin bu işdə əli olduğundan şübhələnmədik. İndi şübhələnirəm. Niyə o, qardaşım öldürülən gün uşağı da götürüb rayona gedib, niyə yasa gəlməyib? Bir çox gizlin qalan məqamlar var, gec də olsa bu cinayət işinə yenidən baxılmasını istəyirəm. Karantinə görə qalmışam, başa çatan kimi hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edəcəm. İstəyirəm ki, qardaşımın qanı yerdə qalmasın, onu qətlə yetirən adam hər kimdirsə, tapılsın, cəzasını çəksin”.

Qeyd edək ki, bir neçə gün öncə aktrisa qardaşının illər öncə qətlə yetirildiyini açıqlayıb.

Azərbaycan-İran sərhədində atışma
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, 2020-ci ilin 22 aprel tarixində saat 15:30 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olun­ub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olma­yıb.

Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­findən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

AĞSUDA AİLƏ FACİƏSİ
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan rayon sakini, 1974-cü il təvəllüdlü Müslim Cəbiyev bacısı, 1967-ci il təvəllüdlü Arzu Cəbiyeva tərəfindən bıçaqlanıb. 

Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb. Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb. Hadisə zamanı A. Cəbiyevanın anası, 1938-ci il təvəllüdlü Maya Cəbiyeva da xəsarət alıb.

Azərbaycanda tibb bacısı faciəvi şəkildə öldü
Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.

Trend xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş. Həsənova Respublika Klinik Xəstəxanasının tibb bacısı vəzifəsində çalışıb.

Xəbər lenti