|
Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, martın 25-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi yük avtomobilinə vurub.
Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba-Qonaqkənd yolunun Təngəaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini Ramil Adilovun idarə etdiyi UAZ markalı avtomobil, Rustov kənd sakini Seymur Nuriyevin “LADA Niva” avtomobili ilə toqquşub.
Hadisə nəticəsində xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət bir müddət dayandırılıb.
Qeyd edək ki, R.Adilov Muçu kənd ümumi orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən VAZ-21011 markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib.
Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Ətrafında aparılan araşdırmalar zamanı İ.Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib.
A.Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
Zərərçəkənlərin xəsarətləri ağır olmadığına görə onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, ötən gün Bakıda qalanan çərşənbə tonqalının ağacların yanmasına səbəb olduğu barədə də məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyindən əhaliyə bir daha müraciət edilərək, tonqal qalanarkən rezin və avtomobil şinlərindən istifadə edilməməsi, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, tonqalın sönənə qədər nəzarətsiz qoyulmaması tövsiyə edilib.
Ötən gecə saat 23:20 radələrində Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Bakı-Quba yolunun 11-ci kilometrliyində Quba rayon sakini, 1982-ci il təvəllüdlü Paşayeva Şəhla Nadir qızının sürdüyü 90 LB 037 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. Ağır xəsarətlər alan 35 yaşlı Ş.Paşayeva hadisə yerində keçinib.
Qeyd edək ki, hadisə barədə ilk olaraq ONA məlumat yayıb. Bildirilib ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş. Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.
Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi BMV markalı avtomobili yolun kənarında olan mağazanın divarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Daşkəsəndə əl qumbaraları tapılıb.
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Məlumata görə martın 7-də Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası tapdığını bildirib.
Faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.