|
MSK qərarın gecikməsinə aydınlıq gətirməlidir; səbəb yeni qanun layihəsi göstərilsə də, COP29-dan sonra elan olunacağı gözlənilir
Yerli özünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir. Azərbaycanda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanun, 2003-cü ildən isə Seçki Məcəlləsidir.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur. Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər. Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə seçkilər ən gec 2024-cü ilin dekabr ayında keçirilməlidir. Bu, ölkəmizdə sayca 6-cı bələdiyyə seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilir. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bu ilin dekabr ayının 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.
Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir.
“Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası seçki gününü müəyyənləşdirməlidir və ona uyğun olaraq da seçkiyə start vermək olar. Bu günə kimi MSK bununla bağlı qərar qəbul olunmayıb. Bu seçki qanunun pozulması deməkdir”. Bunu Qaynarinfo-ya hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, bu günə kimi qərarın qəbul olunmaması qanun pozuntusu hesab edilməlidir. Qulamhüseyn Əlibəyli əlavə edib ki, seçkinin vaxtının dəyişib-dəyişməməsi ilə bağlı əsas olmalıdır: “Seçkinin vaxtının dəyişməsinin müəyyən qaydası var”. REAL Partiyasının sədri Natiq Cəfərli də vurğulayıb ki, aidiyyəti qurumlar bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərarın gecikməsinə aydınlıq gətirməlidir: “Konstitusiyada nəzərdə tutulmuş təyinat vaxtı keçib. Bunun səbəbləri nədir? Hansı səbəblərdən bu addım atılır? Bununla bağlı ictimaiyyət niyə məlumatlandırılmır? Bunun rəsmi səbəblərini öyrənmək hər birimizin haqqıdır. Təəssüf ki, seçki ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur”.
Qeyd edək ki, seçkilərin elan olunmasının gecikməsinə səbəb kimi bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi göstərilir. Qanun layihəsinə görə, Azərbaycanda 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2024-cü il 5 aprel tarixli Qanununa əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi variyyat, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Eyni zamanda birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Bu qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.
Qeyd olunan qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib və tezliklə qüvvəyə minməsi üçün digər prosedurlar icra edilir. Etibarlı mənbə deyib ki, seçkilərin vaxtı ilə bağlı qərarın COP29-dan sonra veriləcəyi gözlənilir.
“Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri mütləq keçirilməlidir. Seçkilərin təyin edilməsi barədə qərar səsvermə gününə ən azı 60 gün qalmış elan olunmalıdır. Hazırda səsvermə günü konkret müəyyən olunmayıb, amma dekabrın 23-də bələdiyyələrin səlahiyyət müddəti bitir. Yəni 5 il tamam olur. Buna görə də səsvermə günü artıq təyin olunmalıdır. Bələdiyyə seçkiləri hökmən keçiriləcək. Buna şübhə yoxdur”. Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a belə deyib. “Nəyəsə görə elan etmirlər... Mərkəzi Seçki Komissiyası diqqətli olmalıdır, qanunlara riayət etməlidir. Heç olmasa seçki keçirmək fikrindədirmi, bu barədə açıqlama verməlidir. Dekabrın 23-dən sonra seçki gecikəndə hesab edin ki, Azərbaycanda müəyyən müddət hüquqi bələdiyyələr olmayacaq. Nə qədər gec deyil, seçkilər elan olunmalıdır”.
“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı da qeyd etdi ki, 60 gün əvvəldən seçkilərlə bağlı qərar qəbul olunmalıdır: “Amma nədənsə yubadılır və heç bir söz deyilmir. Artıq noyabrın 1-dir və hər hansı məlumat verilməyib. Bəlkə vaxtını uzadacaqlar, hərçənd hakimiyyətin buna gedəcəyini gözləmirəm. Çünki beynəlxalq təzyiqlər artmaqdadır. Üstəlik, seçkiləri qabağa çəkmək təcrübəsi var, amma indiyə qədər gecikmə olmayıb. Ola bilsin ki, qanun layihəsi ilə bağlıdır, amma bütün hallarda qərarın verilməməsi başadüşülən deyil”.
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, bələdiyyə seçkilərində iştirak edəcəklər: “Biz də qərarın verilməsini gözləməkdəyik. Dekabrın 23-də bələdiyyələrin müddəti başa çatırsa, seçkilər təyin olunmalıdır. Bugünlərdə elan olunacağını da istisna etmirəm. Əsas məsələ isə bələdiyyələrin səlahiyyətlərinin artırılmasıdır. Buna çox böyük ehtiyac var və Türkiyə modelinə keçməyin tərəfdarıyam”.
Qeyd edək ki, bu il Azərbaycanda prezident və parlament seçkiləri keçirilib. Dekabrda bələdiyyə seçkiləri baş tutarsa, bununla üçüncü seçki keçirilmiş olacaq. Bundan əvvəl bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilib. Bu dəfə isə Xankəndi və Şuşa olmaqla, bütün Qarabağda bələdiyyə seçkiləri keçiriləcək.
Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər; Azərbaycan Prezidenti danışıqlarda moderatorluq etmək istəyənlərə sözünü deyib və hələlik status-kvo dəyişməyib
Noyabrın 7-də Avropa Siyasi Birliyinin Macarıstanın paytaxtı Budapeştdə V sammiti keçiriləcək. Sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin imzaladığı dəvət məktubunda deyilir ki, görüşdə Ukraynadakı vəziyyət, Avropada yaranan təhlükəsizlik çağırışları, miqrasiya və iqtisadi təhlükəsizlik mövzuları müzakirə ediləcək. Miqrasiya üzrə sessiyada miqrasiyanın bütün aspektləri əhatə ediləcək, iqtisadi təhlükəsizlik üzrə sessiyada isə enerji, nəqliyyat, İT və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq. İclas çərçivəsində ikitərəfli və ya çoxtərəfli görüşlər üçün geniş imkanlar yaradılacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan tədbirdə iştirak edəcəyini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak edəcəyi gözlənilir. İkitərəfli görüşün keçirilib-keçirilməyəcəyi isə məlum deyil.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. Birliyin bundan əvvəlki iclasları Çexiya, Moldova, İspaniya və Britaniyada keçirilib. Londonda keçirilən sammitində Paşinyan İlham Əliyevlə görüşdən imtina etmişdi.
Bu yerdə Şarl Mişelin təşəbbüsü ilə yaradılan Brüssel formatını yada salmaqda fayda var. Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bir sıra vacib məqamlardan bəhs etmişdi. Prezident qeyd etmişdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan kimi yadda qalıb və həqiqətən orada mühüm irəliləyişə nail olunub. “Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.
Prezident İlham Əliyev vurğulayıb ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib bu cür yanaşma presedentinin ona məlum olmadığını söyləmişdi.
Dövlətimizin başçısı bir məqamı da xüsusi vurğulayıb ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Sitat: “Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk Qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsus ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir”. Dövlətimizin başçısı tövsiyəsini də səfirin diqqətinə çatdırmışdı ki, əgər mümkündürsə, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.
Prezident İlham Əliyev onu da qeyd etmişdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Sitat: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq".
Hələlik Aİ-nin Ermənistandakı casus şəbəkəsi regionu tərk etmək niyyətində deyil və son günlər şərti sərhədlərdə yenidən görünürlər. Belə bir durum isə təbii ki, Bakını qane etmir. Bəs bu kimi reallıqların fonunda Avropa Birliyi yenidən təşəbbüsü ələ ala bilərmi?
Elçin Mirzəbəyli
Deputat, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa Siyasi Birliyinin Macarıstanda keçirilməsi nəzərdə tutulan V toplantısı, həm məkan, həm də müzakirə olunacaq mövzuların spektri baxımından əhəmiyyətlidir: “Dövlətimizin başçısının sözügedən sammitdə iştirak edə biləcəyi ehtimalının yüksək olduğunu düşünürəm. Bunu əsaslandıran amillər, əsasən sammitin dost və qlobal proseslərə baxış bucağı Azərbaycanla üst-üstə düşən, həmçinin ölkəmiz üçün prioritet təşkil edən Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstanda keçirilməsi, Avropa İttifaqının Prezidenti Şarl Mişelin Aİ-nin digər təsisatlarının rəhbərlərindən və təmsilçilərindən fərqli olaraq, daha obyektiv bir yanaşma sərgiləməyə çalışması, həmçinin hazırda regional və qlobal siyasi dialoqa duyulan ehtiyacla bağlıdır. Şübhəsiz ki, Azərbaycan istənilən məkanda və platformada Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan prinsipləri və digər məsələlər ətrafında müzakirə aparmağa hazırdır. Çünki heç bir məkan, yaxud platforma dövlətimizin əsaslı, prinsipial mövqeyində dəyişikliklərə zəmin yaratmayacaq. Bu xüsusda bu və ya digər ölkənin, təsisatın rəhbərinin və ya təmsilçisinin Ermənistanla münasibətlərin tənzimlənməsində vasitəçi kimi yer almaq niyyətinin də ölkəmiz tərəfindən qəbul olunmadığını və olunmayacağını qeyd etmək istəyirəm”.
Belə hesab olunur ki, Azərbaycan Prezidenti ümumiyyətlə, COP29 hazırlığına görə Macarıstandakı tədbirə getməyə də bilər. Amma Azərbaycanla Macarıstan arasındakı, həmçinin Prezident Əliyevlə baş nazir Orbanın yüksək səviyyəli münasibətləri səfərin reallaşacağı barədə fikir söyləmək imkanı yaradır.
Bu barədə danışan E.Mirzəbəyli öncə Bakı-Budapeşt əlaqələrinə də diqqət çəkdi: “Bəlli olduğu kimi, Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edir. Cənab Prezidentin bu ilin oktyabrın 21-də baş nazir Viktor Orbana Macarıstanın milli günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alan fikirlər ikitərəfli əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Bütün bu məqamlar, həmçinin Azərbaycan Prezidentinin öz məktubunda Viktor Orbanla tezliklə görüşməyə ümid bəslədiyini qeyd etməsi, dövlət başçımızın Macarıstanda keçirilən zirvə toplantısında iştirak edə biləcəyi ehtimalını daha da artırır”. Deputatın fikrincə, şübhəsiz ki, əgər səfər baş tutarsa, baş nazir Nikol Paşinyanla keçirilməsi ehtimal olunan görüşdə Kazanda aparılan müzakirələrin davam etdirilməsi gözlənilir: “Amma sülh müqaviləsi ilə bağlı yekun qərarın qəbul olunması üçün Ermənistanın, təkrar sadalamağa ehtiyac duymadığım maneələrin həlli istiqamətində əməli addımlar atması zəruridir. Buraya ilk növbədə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı hüquqi-normativ aktların ləğvi də daxildir”.
Yeri gəlmişkən, Fransanın Ermənistandakı səfirinin son günlər yenidən “qaşınmayan yerdən qan çıxartmağa çalışması” Parisin patronajlığı altında olan Aİ missiyasının təxribatçı niyyətlərindən xəbər verir. COP29 konfransı ərəfəsində şərti sərhədboyu ərazilərə səfərlər Bakı-İrəvan danışıqlarını pozmağa daha çox xidmət edir, nəinki ikitərəfli formatda irəliləyişin əldə edilməsinə. Əgər Aİ rəhbərliyi Fransanın cızdığı plana qarşı çıxmağa cürət etmirsə, “özünü Fransa kimi aparmağa davam edirsə”, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan qətnamə qəbul edirsə, o halda Brüsselin hansısa təşəbbüsü dövlətimiz üçün cəlbedici ola bilməz...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına qatarlar barədə məlumat veriblər.
Bildirilib ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.
Diqqətə çatdırılıb ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.
Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
Dövlət başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxıb.
Qeyd edilib ki, yeni qatarlar nәzәrә alınmaqla Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Yol-xeber.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir.
Bu barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Baxmayaraq ki, ötən cümə günü Mirzoyan "Vətəndaş Müqaviləsi" fraksiyası ilə qapalı görüşdə "əsirlərin" geri qaytarılacağı təqdirdə Bakıya səfər edəcəyini açıqlayıb.
Nəşr yazır ki, "onlar geri qaytarılmasa belə, xarici işlər naziri həmin platformada bu məsələni gündəmə gətirməyin vacib olduğunu düşünür".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi.
Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır.
Bildirildi ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkının salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.