Hakan Fidanın yeni planına “yaşıl işıq”: Azərbaycanla bağlı qərar dəyişdi - Ekspert danışır...“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fəallığını artırıb. Prezident Rəcəb Tayyib Ərdoğan da son çıxışında sülh müqaviləsinin önəmindən danışdı. Üstəgəl, xarici işlər naziri Hakan Fidan ötən günlərdə məsələni ABŞ-də müzakirə masasına yatırdı. Ankaranın artan fəallığını necə izah etmək olar?

- Türkiyənin Cənubi Qafqazda fəallaşması, Ermənistan yönündəki aktiv səyləri Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsindən sonra açıqlaması var idi ki, Azərbaycan artıq öz ərazilərini işğaldan azad edib, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Yəni bu o deməkdir ki, Türkiyə Azərbaycana boylanmadan Ermənistanla münasibətlərini normallaşdıra bilər. Buna baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyə sadiq qalaraq, bu məsələni Bakı ilə koordinasiya edir. Hakan Fidan ötən ilin dekabrında Bakıda olanda açıq dedi ki, Ermənistanla bağlı məsələlər Azərbaycanla razılaşdırılır.

Prezident Ərdoğan bu günlərdə keçirilən Antalya Diplomatiya Forumunda söylədi ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir. Bunun izahı belədir: Ermənistan ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir ki, Türkiyə ilə normallaşma prosesinə başlasın. Bununla yanaşı, Türkiyə Ermənistanla dialoqu davam etdirir. Təsadüfi deyil ki, Antalya Diplomatiya Forumuna Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da gəlmişdi. Türk həmkarı Sərdar Kılıç Rubinyana təklif etdi ki, növbəti görüş İrəvanda keçirilsin. Əslində, biz də bu təkliflə çıxış edə bilərik ki, başqa ölkələrdə görüşməkdənsə, növbəlilik əsasında təmaslar Bakı və İrəvanda davam etdirilsin.

Yeri gəlmişkən, Hakan Fidan Amerika səfərində müxtəlif mövzuları həmkarı Entoni Blinkenlə müzakirə etdi. Hakan Fidanın belə bir fikri də oldu ki, müxtəlif mövzularda fikir ayrılıqları olsa da, həmişə bunlar müzakirə olunmalıdır. Əslində, Amerikanın da fikri budur ki, Ermənistan sülh məsələsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Azərbaycan da, Türkiyə də bunu istəyir. Sadəcə Nikol Paşinyan bunun üçün reallığı qəbul edərək, Azərbaycanla çərçivə sazişinin imzalanmasını yubatmamalıdır.

- ABŞ sülh prosesi ilə bağlı Türkiyə ilə əməkdaşlıq edəcək, Hakan Fidanın Vaşinqton səfərində bu barədə razılaşma oldu. İndiyədək regionda əməkdaşlıqla bağlı Türkiyə ilə arasında məsafə saxlayan ABŞ niyə fikrini dəyişdi?

- Amerikanın Türkiyəyə ehtiyacı var. Çünki bilir ki, Ermənistan Rusiyanın caynağından qurtarmaq istəyirsə, böyük qonşusu Türkiyə ilə münasibətləri normal olmalıdır. Bəli, zaman-zaman ABŞ-Türkiyə münasibətlərində suallar yaranır. Bu sualları yaradan məsələlərə ABŞ-nin PKK terror təşkilatının Suriyadakı törəmələrini dəstəkləməsi, F-35 təyyarələrini Ankaraya verməməsi, FETÖ lideri Fəthullah Gülənə Pensilvaniyada sığınacağın verilməsi və sair daxildir. Bu, Türkiyədə narahatlıq, münasibətlərdə suallar yaradır. Amma buna baxmayaraq, əməkdaşlıq istiqamətində dialoq davam edir.

Amerikada onu da anlayırlar ki, artıq Türkiyə Cənubi Qafqazdadır, Azərbaycanla ittifaq var, türk dünyasının lider dövlətidir. Vaşinqtonda onu da başa düşürlər ki, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, sərhədlər açılarsa, bunlar Amerikanın da regional maraqlarına cavab verəcək.

- Ermənistan mətbuatı bir neçə gündür Türkiyənin sərhədə hücum silahları göndərdiyi iddiasını tirajlayır. Sizcə, bu, nə qədər doğrudur, əgər belədirsə, nə ilə bağlı ola bilər?

- Ermənistandan gələn xəbərlərə bir az ehtiyatlı yanaşmaq lazımdır. Belə xəbərləri yayanları “Ermənistan mətbuatı” adlandırmaq olmaz. Bunları Paşinyana qarşı radikal mövqedə duran qüvvələr yayırlar. Məqsəd də Paşinyanın mövqelərini zəiflətməkdir ki, guya Rusiya sərhədçiləri ölkədən çıxarılsa, sərhədlər boş qalacaq, Türkiyə Ermənistana hücum edəcək. Bu, Paşinyan əleyhinə ortaya atılmış iddiadır. İddia Türkiyə tərəfindən təsdiqlənməyib.

Təəssüf ki, heç bir əsası olmayan bu xəbər Azərbaycan mediasında geniş yayıldı. Üstəgəl, Türkiyənin hüququ var ki, öz ərazisində istənilən hərbi əməliyyat, təlimlər keçirsin. Suriya və İraqda PKK-ya qarşı mübarizə davam edir. Bəzən Ermənistanla sərhəd yaxınlığında da belə hallar olur, burda da hərbi təlimlər keçirilə bilər. Bunlar Türkiyənin müstəsna hüququdur. İndi belə bir şeyin olub-olmadığı bilinmir, ən azı Türkiyə tərəfindən açıqlama yoxdur. Biz də strateji müttəfiqimizə inanmalıyıq, nəinki ermənilərin informasiyalarına.

Məncə, bu, Paşinyana qarşı yönəlmiş dezinformasiyadır. Çünki Paşinyan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq istəyir. Radikallar da onu qorxutmağa çalışırlar ki, rus sərhədçiləri Türkiyə ilə sərhəddən də çıxarılsa, nə edəcəyik. Açıq demək lazımdır ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Ermənistandakı Rusiya hərbi bazası kimə qarşıdır? Əgər Rusiya Azərbaycan və Türkiyəni özünə strateji tərəfdaş hesab edirsə, bu hərbi baza nəyə lazımdır? Ona görə də, hesab edirəm ki, Rusiya hərbi bazası və qoşunlarının Ermənistanı tərk etməsi Türkiyə və Azərbaycanın maraqlarına uyğundur.

- Ermənistan Baş naziri Nikol Paşinyan söylədi ki, Türkiyəyə təkcə qonşu ölkə kimi yox, həm də Azərbaycanla münasibətlər kontekstində baxılmalıdır. Hesab etmək olarmı ki, bu, İrəvanın Bakının sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsinin anonsudur?

- Əslində, Paşinyan bəzi reallıqları anlayır. Son mətbuat konfransında 4 kəndlə bağlı gah nala-mıxa vursa da, elə sözlər işlətdi ki, dolayı yolla bu ərazilərin Ermənistana aid olmadığını etiraf etdi. Yəni Azərbaycan o kəndlərə daxil olarsa, Paşinyan bununla razılşacaq.

Paşinyanın Azərbaycan kontekstində Türkiyə ilə bağlı dedikləri də reallığı əks etdirir. Paşinyan o reallığı da anlayır ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir.

“Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”. 

Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.

Məlumatı prezidentin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Bayram Beqay Azərbaycana XI Qlobal forumda iştirak etmək üçün səfər edib.

İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq.

Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Naxçıvan Muxtar Respublikası ilə İran arasında quru sərhəd yenidən açılacaq.

Axar.az xəbər verir ki, bunu İranın Naxçıvandakı baş konsulu Əzi Mənsuri deyib.

“Azərbaycan Respublikası ilə milli maraqları, iqtisadi və siyasi keçmişi nəzərə alaraq, Naxçıvan vətəndaşlarını qarşılamaq, İran cəmiyyətinin real və münasib imicini təqdim etmək üçün lazımi hazırlığımız olmalıdır”, - konsul bildirib.

Qeyd edək ki, İran hökuməti Azərbaycan Respublikası ilə sərhəd şəhərlərdə siyasi-ideoloji təbliğatı gücləndirmək üçün əlavə qurumlar yaradıb, büdcədən vəsait ayırıb.

İlham Əliyev mühüm forumda iştirak edir

Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

Dövlət başçısı tədbirdə iştirak edir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Cənubi Qafqazda vəziyyət, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində fikir mübadiləsi aparıblar.

"Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli perspektivləri müzakirə edilib. Rusiya tərəfi bu kontekstdə ABŞ başda olmaqla Qərbə gərginliyi artırmağı dayandırmağın vacibliyini qeyd edib. Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlarda özünə qoyduğu qadağaları aradan qaldırması və yeni geosiyasi reallıqları qəbul etməli olduğu vurğulanıb”, - deyə bildirilib.

ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniyanın da dövrəyə girməsi, Fransanın Afrikadan sonra Cənubi Qafqazdan da qovulacağından xəbər verir... Ağ Ev isə həm Cənubi Qafqaza, həm də Orta Asiyaya nüfuz edə bilməsi üçün Türk İttifaqı ilə “ortaq fəaliyyət pəncərəsi” axtarmağa məcbur qalıb...

Cənubi Qafqaz uğrunda nəhənglərin savaşında artıq iki istiqamətin ortaya çıxmağa başladığı müşahidə olunur. Belə ki, bu region ətrafında cərəyan edən geopolitik proseslərdə maraq toqquşmaları ən yüksək həddə çatıb. Hətta son vaxtlar Cənubi Qafqaz uğrunda savaşda ortaq fəaliyyət və yaxud da müttəfiqlik əlaqələri belə, indi formal xarakter daşıyır. Bu baxımdan, regionda situasiyanın tamamilə fərqli məzmun və keyfiyyət daşıya biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, dünya nəhənglərinin regional mübarizənin əsasən Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasına hədəfləndiyi qətiyyən şübhə doğurmur. Ancaq ABŞ və Qərbin bu hədəfin reallaşdırılmasına hesablanmış strateji planlarının iflasa uğramaq üzrə olduğu da artıq müşahidə edilir. Çünki bu planlar Rusiyaya qarşı yönəlsə də, əslində, taktika tamamilə yanlış xarakter daşıyırdı. Yəni, Ermənistanın dəstəklənməsi və Azərbaycana təzyiqlər göstərilməsi taktikası Qərbin Cənubi Qafqaz planlarını böyük risk altına atıb.

Məsələ ondadır ki, rəsmi Bakı ABŞ və Qərbin Rusiya əleyhinə planlarında Azərbaycanın təzyiqlərə məruz qalan dövlətə çevrilməsi ilə barışmadı. Ona görə də, Qərbin regional sülh prosesinə müdaxilə imkanlarını maksimum səviyyədə məhdudlaşdırdı. Ardınca Ermənistanla danışıqlar prosesini məhz birbaşa təmaslar formatına keçirtdi. Bununla da ABŞ və Qərb Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün istifadə etməyə çalışdığı önəmli bir mexanizmi itirmiş oldu. Və geriyə yalnız Ermənistan üzərindən regiona nüfuz etmək variantı qaldı.

Ancaq çox tezliklə anlaşıldı ki, yalnız Ermənistan üzərindən ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsi və ya nüfuz edə bilməsi mümkün olmayacaq. Ona görə də, Rusiyanın regiondan çıxarılması hədəfində ortaq olan Qərb siyasi dairələrin Azərbaycana münasibətdə mövqelərində açıq ziddiyyətlər yarandı. Yəni, xüsusilə də, Ağ Evdə anladılar ki, Cənubi Qafqazda real geopolitik iradə Azərbaycana aiddir. Və rəsmi Bakı ilə münasibətləri normallaşdırıb, əməkdaşlıq etmədən, bu regionun coğrafiyasında geopolitik fəaliyyət məkanı açmaq mümkün deyil.

Nəticədə ABŞ və Avropa Birliyi, xüsusilə də Fransa arasında geopolitik ziddiyyətlər kəskin şəkildə ortaya çıxmış oldu. Çünki Ağ Evin başının növbəti prezident seçkilərinə qarışmasından istifadə etməyə çalışan rəsmi Paris Cənubi Qafqazda ABŞ-ın maraqlarını belə, zərbə altında qoymaqla, məhz Fransanın ön plana keçirilməsinə can atırdı. Bu səbəbdən də, ABŞ və Fransanın maraqları toqquşur, ziddiyyətlər dərinləşir.

Fransanın qərəzli davranışlarına sərt reaksiya verən rəsmi Bakının bütövlükdə kollektiv Qərbin üzünə regionun qapılarını qapatmağa çalışması indi ABŞ-da ciddi narahatlıq doğurmaqdadır. Ona görə də, Ağ Ev son vaxtlar ABŞ-ın Cənubi Qafqaz maraqlarını Fransa ilə ortaqlıq çərçivəsindən kənara çəkməyə üstünlük verməyə başlayıb. Ağ Ev bir tərəfdən, rəsmi Bakı ilə münasibətlərini normallaşıdrmağa çalışır. Digər tərəfdənsə, Cənubi Qafqazda artıq geopolitik oyunçu statusu qazanmış və Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyə ilə ortaq fəaliyyəti sınaqdan çıxartmaq niyyətinə düşüb.

Məsələ ondadır ki, Ağ Ev bu dəfə Cənubi Qafqaz maraqlarını daha doğru tərəfdaşlarla idarə etmək şansı qazanmış kimi görünür. Belə ki, ABŞ və Türkiyə arasında regional sülh prosesinə münasibətdə ortaq dəstək barədə anlaşma əldə onunub. Yəni, Fransadan fərqli olaraq, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məhz Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir. Və bu, onu göstərir ki, Ağ Evdə Türkiyənin yardımı olmadan ABŞ-ın Cənubi Qafqaza nüfuz edə biməyəcəyi qənaətinə artıq gəlinib.

Təbii ki, bütün bunlar Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqının nə qədər həlledici faktor olduğunu növbəti dəfə təsdiqləmiş olur. Onu da qeyd etmək lazımdır ki, Ağ Evin Cənubi Qafqaz üzərindən hələlik Rusiyanın və Çinin təsir dairəsində olan Orta Asiyaya da keçid etmək niyyəti mövcuddur. Ağ Evin bu niyyətə Türk İttifaqının strateji dəstəyini almadan çata biləcəyinə isə hazırda yalnız sadəlövhlər inana bilər.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın son vaxtlar Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalması qətiyyən təəccüblü deyil. Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsi əsasən Rusiyaya qarşı yönəlmiş olsa da, müəyyən dəyişikliklərə uğraya bilər. Böyük ehtimalla yaxın vaxtlarda bu region ABŞ və Fransa arasında kəskin ziddiyyətlərin əsas məkanına çevriləcək. Hər halda, Ağ Ev Fransanın Cənubi Qafqazda təkbaşına hegemonluq planları quraraq, Qərbin strateji planlarını pozmasına qətiyyən imkan verməz.

Ona görə də, bəzi ehtimallara görə, yaxın gələcəkdə Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ məhz Türk İttifaqına istinad etməyə çalışacaq. Buna paralel olaraq, Ağ Evin Ermənistanı da Fransanın təsir dairəsindən uzaqlaşdırmağa çalışacağı qətiyyən şübhə doğurmur. Hər halda, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətləri olan, Avropa məkanında ABŞ-ın ən yaxın müttəfiqi kimi diqqəti çəkən Böyük Britaniyanın da Fransaya paralel olaraq, Rusiya ilə qarşıdurmada Ermənistanı dəstəkləməyə hazır olduğunu bəyanlaması yeni geopolitik çağırışlardan xəbər verir. Və bu, o deməkdir ki, Fransa Afrikanın ardından, Ermənistandan da, yəni Cənubi Qafqazdan da tamamilə qovulmuş olacaq.

Göründüyü kimi, Cənubi Qafqazda növbəti dəfə yeni situasiya yaranmaq üzrədir. Böyük ehtimalla bu situasiya daha çox Türk İttifaqının diqtə etdiyi şərtlərə uyğun olacaq. Hər halda, Ağ Evin tədricən Türk İttifaqı ilə yaxınlaşma xətti yürütməyə üstünlük verdiyi müşahidə edilir. Və bu, onu göstərir ki, ABŞ-ın Türk İttifaqına ehtiyacı var, hətta Ağ Ev onun dəstəyinə möhtacdır.

“Yeni Müsavat”

Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək - Görünəni odur ki...Avropa İttifaqı ilə Ermənistanın yaxınlaşmasında erməni xalqının fikrini nəzərə almaq lazımdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Baş nazir erməni cəmiyyətində Avropaya istəyin olması ilə bağlı ölkənin XİN rəhbəri Ararat Mirzoyanın açıqlamalarını da şərh edib. O, özünün Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər İttifaqla yaxınlaşmağa hazır olması barədə bəyanatını xatırladıb. Paşinyan həmçinin qeyd edib ki, həmin məsələdə erməni xalqının bu yaxınlaşmanı nə dərəcədə mümkün hesab etdiyini də nəzərə almaq lazımdır. Nikol Paşinyan onu da bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ermənistan İrana qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra etməkdədir. Analitikin sözlərinə görə, Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, paralel olaraq bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarır:
"ABŞ, Fransa və digər ölkələrin hərbi və kəşfiyyat təlimatçıları Ermənistanda yerləşməklə müxtəlif adlar altında Ermənistanda işini təkmilləşdirib, regionda fəaliyyətlərini genişləndirəcəklər. Ermənistanda Qərbin əsas hədəfi Rusiya və İrandır. Uzun illər Cənubi Qafqaz regionu Qərb üçün cəlbedici olub. Həmçinin İran və Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün region Qərb üçün əlverişli bir mərkəzdir. Ermənistan bu şəraiti onlar üçün yaradaraq öz siyasətini Vaşinqton və Parisə təslim edir. Ermənistan Qərblə Rusiya arasında yeni geosiyasi rəqabət plasdarmıdır. Bir müddətdən sonra İrana qarşı eyni rolu oynayacaq. Qərb Rusiyani Ukraynada yeni bir cəbhəyə çəkib. Bununla Rusiyanın geosiyasi mövqelərini zəiflədir".

Ekspert düşünür ki, Rusiya və İran eyni platformada yer alırlar və hər iki ölkənin zəiflədilməsi Qərbin strateji planında yer alıb:
"Qərb Ermənistan ərazisindən öz fəaliyyət imkanlarını genişləndirəcək. Bundan sonra İranın Ermənistan üzərindən fəaliyyəti tam nəzarət altında olacaq. Demək olar ki, Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək. Tehran rejimi uzun illər Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Zəngəzurda konsulluq açmaqla bunu həyata keçirdi. Hazırda Ermənistan İran əleyhinə Qərblə eyni cəbhədə yer almağa çalışır. Paşinyan hakimiyyəti Ermənistanda öz imkanlarını səfərbər edən Qərbin fəaliyyətini İrana deyil, Türkiyə və Azərbaycana qarşı olduğunu İran rəsmilərini inandırmağa çalışır. İrəvandan Tehrana səfər edən yüksək çinli rəsmilərə Tehran xəbərdarlıqla kifayətlənir".
M.Əsədullazadə qeyd edib ki, Ermənistanın uzun illər əsas strateji müttəfiqi olan Rusiyanı necə pat vəziyyətdə qoyduğunu Tehranda yaxşı görürlər: "Tehranın anti-Azərbaycan siyasəti hələ də Ermənistanda nə baş verdiyini görməyə imkan vermir. Vaxt və zaman isə İranın əleyhinə işləyir. Azərbaycan müstəqil siyasət apararaq regionda təhlükəsizliyin və sülhün yaradılmasına çalışır. Bir müddətdən sonra Tehranda Ermənistanın necə təhlükəli olduğunun fərqində olacaqlar. Tehran başa düşəcək ki, Zəngəzur dəhlizinin açılması məhz İranın təhlükəsizlik imkanlarına da cavab verir".

Xəbər lenti