![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli sərgi və forum iştirakçıları!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən “Bakı Enerji Həftəsi”nin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
Əminəm ki, “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.
“Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir.
Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.
Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasətinin əsas istiqamətlərindən olan “yaşıl enerji”yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və “yaşıl enerji”nin ‒ hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir.
“Yaşıl enerji”nin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınması “Cənub Qaz Dəhlizi” kimi iri layihənin analoqu hesab olunan “yaşıl enerji dəhlizi” yaratmaq üçün mühüm fürsətdir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.
Enerji keçidində “Cənub Qaz Dəhlizi” layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir.
“Bakı Enerji Həftəsi”nin uğurlarının davamlı olmasını diləyir və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm!".
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubu təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev.
Sizə Bakı Enerji Həftəsi ilə bağlı ən xoş arzularımı çatdırıram. İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsinin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.
Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Təchizatın şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi silah kimi istifadəsinə son qoyulması baxımından əhəmiyyətlidir.
Mən, həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərinizi alqışlayıram. Bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaqdır. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən Cənub Qaz Dəhlizinin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir.
Ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması və maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləmişdir. Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcəkdir. Biz belə təşəbbüslərin bəzilərinin vacib elementlərini özündə əks etdirən yeni nəşri Bakı Enerji Həftəsi çərçivəsində təqdim edəcəyik. Nəşrdə enerji keçidi ilə bağlı müəyyən çağırışların öhdəsindən gəlmək üçün Britaniya şirkətlərinin Azərbaycana hansı köməyi göstərə biləcəyi işıqlandırılacaqdır.
Bu fürsətdən istifadə edərək, təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram.
Bakı Enerji Həftəsinin kifayət qədər uğurlu olacağına ümidvaram.
Hörmətlə,
Rişi Sunak
Böyük Britaniyanın Baş naziri”
***
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubu təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.
Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir.
Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik.
Hörmətlə,
Cozef R.Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.
Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Dövlət başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulanıb, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.
Dövlətimizin başçısı tədbirdə çıxış edir.
Cənubi Qafqazda sülh prosesinin növbəti mərhələsi yaxınlaşır. İyunun 1-də Moldova paytaxtı Kişinyov da Azərbaycan və Ermənistan liderlərinin daha bir yüksəksəviyyəli görüşünün keçiriləcəyi gözlənilir. Bəzi iddialara görə, Moldova görüşü Vaşinqton və Brüssel müzakirələrində əldə olunmuş anlaşmaların rəsmiləşdirilməsi baxımından, böyük əhəmiyyət daşıyır. Bununla belə rəsmi İrəvanın Kişinyovda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının mümkün olmadığını bəyan etməsi prosesin hələ bir qədər də uzana biləcəyini sezdirir.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan liderlərinin yüksəksəviyyəli görüşlərində əsas vasitəçi missiyasını öz üzərinə götürmüş Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də bu məsələ ilə bağlı ehtiyatlı optimizm nümayiş etdirir. O, bildirib ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini müzakirə etmək üçün Kişinyov görüşünü səbrsizliklə gözləyir. Ş.Mişel hesab edir ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiklərini növbəti dəfə təsdiqləmələri üçün bu görüş olduqca vacibdir.
Əslində, Şarl Mişelin ehtiyatlı optimizmi indiki halda, mövcud vəziyyətə də uyğundur. Çünki Paşinyan hakimiyyəti Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Yəni, bununla da əslində, yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl ortadan qalxmış olur.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçılar rəsmi Bakı ilə dialoqdan israrla yayınmağa çalışırlar. Rəsmi Bakı iki dəfə dialoq təklif etsə də, erməni separatçılar “beynəlxalq mexanizm” tələbi prosesi pozmağa üstünlük verirlər. Çünki bilirlər ki, rəsmi Bakı “beynəlxalq mexanizm” variantını yaxına belə, buraxmaq niyyətində deyil.
Məsələ ondadır ki, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı Azərbaycanın daxiili işi hesab etdiyi bu məsələni hər hansı beynəlxalq qurumla müzakirə etməyəcəyini dəfələrlə bəyan edib. Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hüquqlarının isə müəyyən prosedurlara əməl ediləcəyi təqdirdə, Azərbaycan Konstitusiyası çərçivəsində təmin olunacağını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara tərksilah və təslim olmağı təklif edib. Əks halda, Azərbaycan ordusunun hər an antiterror əməliyyatına başlaya biləcəyi barədə sərt xəbərdarlıq mesajı verib. Yəni, rəsmi Bakı bundan sonra erməni separatçılara daha dialoq təklif etmək niyyətində deyil. Və bu, erməni separatçı-terrorçular üçün zaman faktorunun həlledici xarakter daşıdığını göstərir.
Ancaq belə anlaşılır ki, erməni separatçı-terrorçular hələ də kimlərəsə ümid bəsləməkdə davam edirlər. Son vaxtlar Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni silahlı erməni terror dəstələri atəşkəsi pozmaqla diqqəti çəkirlər. Bəzi iddialara görə, bu, Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaqda maraqlı olan Rusiyanın təlimatı ilə edilir.
Digər tərəfdən, erməni separatçı-terrorçular arasında mövcud olan ziddiyyətlərin son vaxtlar kəskinləşməsi də Kremlin xüsusi planı əsasında baş verməkdədir. Belə ki, Kreml erməni separatçı-terrorçuların dialoq ehtimalını gündəmdən çıxartmaları üçün əlindən gələn hər şeyi etməyə çalışır. Rusiya sülhməramlılarının bölgəyə silah daşımaqda davam etdikləri barədə də faktlar mövcuddur.
Erməni mənbələrinin verdiyi məlumatlara görə, baş nazir Nikol Paşinyanın sülh sazişini imzalamağa hazır olmasını bəyan etməsindən sonra terrorçuların iki rəhbəri – Araik Arutyunyan və Samvel Babayan arasında qarşıdurma silahlı toqquşma həddinə çatmaq üzrədir. Bölgədəki baş terrorçusu Araik Arutyunyan Samvel Babayanın planlarına əngəl olmağa çalışır. İddialara görə, Samvel Babayan kütləvi etiraz aksiyaları ilə 2018-ci ildə Ermənistanda törədilmiş “inqilab ssenarisi”ni bu dəfə Xankəndidə təkrarlamaq niyyətindədir.
Halbuki, Ermənistan KİV-lərinin yaydığı məlumatlar da erməni separatçı-terrorçular üçün Azərbaycana təslim olmaqdan kənar xilas variantının qalmadığını göstərir. Belə ki, həmin məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan öz yaxın ətrafı ilə qapalı görüş keçirib, Moskva görüşünün bəzi detallarını açıqlayıb və Qarabağ separatçılarının gələcək taleyi ilə bağlı yalnız iki ssenarinin gündəmdə olduğuna eyham vurub.
“Hraparak” nəşrinin erməni baş nazirlə görüşün iştirakçılarından birinə istinadən verdiyi məlumatdan belə anlaşılır ki, Nikol Paşinyan Qarabağ separatçılarının “ordu”ya, silahlı dəstələrə malik olması artıq qeyri-mümkündür. Erməni baş nazir vurğulayıb ki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə olan bütün silahlı dəstələrin tərksilah olunmasında prinsipial mövqe tutur. Və bu mövqeyindən geri çəkilmək niyyətində deyil.
Baş nazir Nikol Paşinyanın fikrincə, indiki situasiyada proseslərin imkişaf istiqamətləri ilə bağlı iki mümkün variant var. Əgər, Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, o zaman prinsipcə gözlənilməz heç bir problem yaranmayacaq. Əks haldasa, “Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin etmək məcburiyyətində qalacaq”.
Göründüyü kimi, bir tərəfdən, Rusiya Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların Azərbaycana qarşı qısamüddətli silahlı toqquşmalar törətməsində maraqlıdır. Halbuki, Kremlin bu “oyunu” yalnız erməni separatçı-terrorçular deyil, elə Rusiya üçün də təhlükələr törədə bilər. Çünki Azərbaycan ordusu hərəkətə gətirilərsə, onun yalnız Xankəndidə dayanacağı qətiyyən şübhə doğurmur. Bu haldasa, yalnız silahlı erməni terror dəstələri deyil, rus sülhməramlılar da bölgəni tərk etmək məcburiyyətində qala bilər.
Digər tərəfdən, Xankəndidə erməni separatçı-terrorçular arasında daxili qarşıdurma son həddə çatıb. Hətta bəzi ehtimallara görə, erməni terrorçular arasında silahlı toqquşmalar da qətiyyən istisna deyil. Əgər, bu, baş verərsə, bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Çünki Kreml üçtərəfli anlaşmanın Xankəndi və ətraf bölgədən silahlı qruplaşmaların çıxarılması ilə bağlı maddəsini yerinə yetirməyib. Üstəlik, rus sülhməramlılar erməni terrorçulara əlavə silah-sursat daşımaqla, üçtərəfli anlaşmaları kobud şəkildə pozub.
Nəhayət, rəsmi İrəvan artıq erməni terrorçuları himayə edə bilmir. Paşinyan hakimiyyəti də erməni terrorçuların tərksilah olunmasının qaçılmazlığı ilə artıq barışıb. Hətta onların geri Ermənistana aparılmasına da qətiyyən qarşı çıxmır. Bu isə antiterror əməliyyatlarına başlamaq niyyətini gizlətməyən rəsmi Bakının Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı tələbinə uyğundur.
Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalan ərazisində 32 il öncə qondarılmış separatçı-terrorçu rejimin keçmiş qondarma “baş komandanı”, general Samvel Babayan Xankəndində qarşıdurma və iğtişaşlar yaratmağa hazırlaşır.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Belə çıxır ki, Artsax prezidenti Arayik Arutyunyanın son fərmanları Samvel Babayanın planlarının qarşısını almaq üçün verilib” -Ermənistan nəşri belə yazır.
Xatırladılır ki, baş separatçı Arayik Arutyunyan mayın 26-da Xankəndi və ətrafında bütün kütləvi aksiyaların qadağan edilməsi barədə “sərəncam” verib. Arutyunyan qadağaları “hərbi vəziyyətlə əlaqədar tətbiq edilən məhdudiyyətlər”lə izah edib. “Qərara” görə yalnız “xalqın öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək məqsədi ilə” təşkil edilən aksiyalara icazə verilə bilər, “bayram və anım günlərinin” də keçirilməsi istisnadır. Amma bu aksiyalar da yalnız “artsax hökumətinin” icazəsi ilə mümkün olacaq...
Erməni qəzeti özəl mənbələrinə istinadla bildirir ki, separatçı rejimin “müvafiq orqanlarına Babayanın əhalini etiraz aksiyalarına sövq etmək, “dövlət idarə”lərinin girişlərini bağlamaq və Xankəndində “2018-ci ilin inqilabi ssenarisini təkrarlamaq niyyətində olduğu barədə operativ məlumat daxil olub”.
Mənbə onu da bildirib ki, bu addımlar Rusiya “sülhməramlı”larının məsləhəti ilə atılıb ki, “daxili sabitlik” pozulmasın...
P.S. Bəlkə də Samvelin qarşıdurma yaratması Azərbaycana Xankəndinə ordu yeritməyə əsas verə bilər...
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.
Bu barədə "Report" xəbər verir.
Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının xarakteristikasını, gələcəyə dair Bakının ata biləcəyi addımları təsvir edib.
İlham Əliyevin çıxışındakı parametrlər:
- Üç istiqamət və bu aspektlər üzrə vahid yanaşmada cəmlənir;
- Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyədəki prezident seçkisinin nəticələrinin aydınlaşdığı vaxtda diqqət çəkir.
Birincisi: Əliyev Azərbaycan-Ermənistan sərhədləri üzrə dövlətin yanaşmasını Laçının Ermənistanla sıfır nöqtəsində qurulan sərhəd-buraxılış məntəqəsi fonunda izah etdi və bu məntəqənin gələcək üçün presedent yaratdığına işarə verdi.
Əliyev həmin sahə üzrə açıqlamasını sülh danışıqlarındakı delimitasiya paketi ilə bağlı yekun razılıq əldə edilməyəcəyi ehtimalı fonunda göstərdi.
Yəni Ermənistan sərhədlərin delimitasiyası üzrə Azərbaycanın şərtləri ilə razılaşmasa, o zaman sərhəd rəsmi Bakının istədiyi yerdən başlayacaq və yeni coğrafiyalarda sərhəd-buraxılış məntəqələri qurulacaq.
Bu, Azərbaycanın sərhədləri qorumaq üçün strateji təhlükəsizlik konsepsiyasını, danışıqlarla pozitiv nəticələr əldə edilməsə, Bakının güc tətbiqinin miqyasına dair verəcəyi qərarı təsvir etməyə imkan verir.
Sərhədlərin təhlükəsizliyi həyati əhəmiyyətlidir, Ermənistan təhlükəsizlik zonası ilə bağlı Bakının şərtlərini yerinə yetirməlidir, əks təqdirdə, bu, hərbi vasitələrlə təmin olunacaq.
İkincisi: Sərhəddəki təhlükəsizlik arxitekturası Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin də əlini-qolunu bağlayır.
Çünki artıq Laçın yolundan giriş-çıxış Azərbaycanın suveren nəzarəti altındadır və Qarabağdakı erməniləri silahla qidalandıran kanallar tamamilə bağlanıb.
Əliyev şərt qoyur – separatçılar da daxil erməni sakinlər Azərbaycan qanunlarına tabe olmalı, oradakı qondarma strukturlar ləğv edilməlidir. Bu, könüllü olsa, rəsmi Bakı separatçı ünsürlərin mühakiməsini güc tətbiqi olmadan həyata keçirəcək.
Yox, bu olmasa, Azərbaycan hərbi əməliyyat keçirərək onlardan müqavimət göstərənləri zərərsizləşdirəcək, sağ qalanları əliqandallı ədalət mühakiməsi önünə çıxaracaq və onların cəzası daha ağır olacaq.
Üçüncüsü: Azərbaycanın Naxçıvana yolu açılmalıdır, yəni Zəngəzur dəhlizi işə düşməlidir, Əliyev bunu sərhədlərin delimitasiyası və ədalətli, beynəlxalq şərtlər altında sülh müqaviləsinin təmin edilməsi çağırışı fonunda qiymətləndirib. Axırda isə: “Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar”, - deyib.
Kifayət qədər genişmiqyaslı şərtlər və çağırışlardır və Əliyev göstərir ki, bu məsələdə Azərbaycana beynəlxalq dəstək də mövcuddur.
Görünür ki, hələ Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir, çünki İrəvanın sülh üçün lazım olan çevrələrdən çıxmaq ənənəsi səngiməyib, həmçinin Bakının şərtləri mütləq mənada İrəvanda qəbul edilməyib.
PROQNOZ:
Türkiyədə prezident seçkisində Rəcəb Tayyib Ərdoğan qələbə qazandı, o, ölkəsinin Cənubi Qafqazdakı iştirak səviyyəsini qaldırmaq üçün yeni planları İlham Əliyevlə razılaşdıracaq.
Bu, ikitərəfli və Rusiyanın da iştirak etdiyi üçtərəfli formatda da canlanma yaradacaq, həmçinin Azərbaycan-Türkiyə-NATO, Azərbaycan-Türkiyə-İsrail, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq çərçivələrini genişləndirəcək.
Ermənistanla bağlı xəbərdaredici siqnallar həmin əməkdaşlıqlar fonunda yeni nəticələr meydana çıxara bilər. /oxu.az
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun geniş tərkibdə görüşü keçirilib.
Bu barədə xəbər verir.
***
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun geniş tərkibdə görüşü başlayıb.
Bu barədə xəbər verir.
"Sizin Azərbaycana səfəriniz tarixi səfərdir. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana səfər ürəyinizcə olacaq", - İlham Əliyev deyib.