![]() |
|
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.
Bu barədə qurumun tviterində paylaşım edilib.
“Hindistanda dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndi.
Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və Hindistan Respublikası xalqının və hökumətinin kədərini bölüşürük”, - başsağlığında bildirilib.
Bu gün Ermənistan və Qarabağdakı ermənilər dünyada baş verən prosesləri dəyərləndirib, ondan öz gələcəkləri üçün düzgün nəticə çıxarıb faydalanmaq əvəzinə, yenə də destruktiv mövqe sərgiləməklə bölgədə gərginliyin davam etməsi istiqamətində siyasət yürüdürlər.
Bunu açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, son aylarda Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi aktivləşsə də, İrəvanın sözdə bir, əməldə isə bölgədə sülhü pozan addımlar atması nəticəsində ciddi irəliləyiş əldə olunmur. “Ermənistan birdəfəlik anlamalıdır ki, dünyada baş verən geosiyasi proseslər onların ziyanına işləyir. Azərbaycanın isə beynəlxalq aləmdə hər ötən gün mövqeyi daha da möhkəmlənir və nüfuzu artır. Bu da Azərbaycana hədəflərinə nail olmaqda əlavə imkanlar yaradır. Azərbaycan bu gün artıq dünyanın yenidən şəkillənməsində ciddi aktor rolunu oynamaqdadır və bunu dünənədək Ermənistana hərtərəfli dəstək verən güclər də qəbul edir. Artıq onlar da reallığı dərk edərək, əvvəlkitək ermənilərə lazımi dəstəyi vermirlər, geri çəkirlər”, - o qeyd edib.
O əlavə edib ki, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində irəli sürdüyü təkliflər bu gün bir zamanlar Ermənistanı dəstəkləyənlər tərfindən də qəbul edilməkdədir: “Lakin təəssüflər olsun ki, Ermənistan reallığı dərk edib ona uyğun formada reaksiya vermək əvəzinə bölgədə fərqli gücləri toqquşdurmaq yolunu seçib. Amma onu da unudurlar ki, fərqli güclərin toqquşmasından ən ciddi ziyan çəkən tərəf məhz Ermənistan olacaq. Bu toqquşma sonda hətta Ermənistan dövlətçiliyinin varlığını sual altında qoyar. Odur ki, Ermənistan nə qədər gec deyil Azərbaycanın təklif etdiyi sülh şərtlərini qəbul edib, sazişi imzalamalıdır.
Ermənistan və Qarabağdakı separatçılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Laçında səsləndirdiyi amnistiya bəyanatından nəticə çıxarmalıdırlar. Onsuz da Azərbaycan nəyin bahasına olur-olsun qarşısına qoyduğu hədəflərə nail olacaq. Azərbaycan ərazi bütövlüyünü təmin edib və hazırda işğaldan azad olan bölgələrdə həyat asta-asta öz məcrasına dönməkdədir. İşğaldan azad edilən bölgələrdə sürətlə irimiqyaslı tikinti, bərpa-quruculuq işləri gedir. Bunu bütün dünya görür və Azərbaycanın hansı gücə qadir olduğunu dərk edir. Azərbaycan sərhədlərini möhkəmləndirir. İlk növbədə bundan Xankəndindəki separatçılar ciddi nəticə çıxarmalıdır. Nə qədər gec deyil onlar Azərbaycan Prezidentinin çağırışını düzgün qiymətləndirməlidirlər. Yox, anlamaq istəməyəcəklərsə, o zaman komandos gücləri onları başa düşdüyü dildə başa salmağı yaxşı bilir. O zaman isə hər şey gec olacaq. Kimsə onların imdadına yetişə bilməyəcək. bax onda həm separatçılar öz layiqli cəzalarını almış olacaq, həm də Qarabağda separatçıların əsirliyində yaşayan ermənilər onların girovluğundan xilas edilərək, normal həyata dönəcəklər. Xankəndində üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Buna kimsənin şübhəsi olmasın.
Zəngəzur dəhlizi də açıqlacaq. Buna kimsənin şübhəsi olmasın. Əgər cənab Prezident bəyan edibsə ki, açılmalıdır və açılacaq, demələ elə də olacaq. Ermənilər bu coğrafiyada varlıqlarını sürdürüb, dövlətçiliklərini inkişaf etdirmək istəyirlərsə, o zaman Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalıdır. Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlər qurmalıdır. Və onlar buna məhkumdur.
Bir təklifim də ondan ibarətdir ki, ermənilər öz təhlükəsizliklərinin təminatını başqa dövlətlərdə axtarmasınlar. Ermənilərin və Ermənistan dövlətinin təhlükəsizliyinin ən yaxşı və etibarlı təminatçısı elə Azərbaycan və Türkiyə ola bilər. Bunun xaricində istənilən dövlət bundan ancaq və ancaq öz maraqlarını təmin etmək üçün istifadə edəcək. Deyərlər ki, coğrafiya qədərdir. Ermənistan da Azərbaycan və Türkiyənin arasındakı coğrafiyada qərarlaşıb. Onların təhlükəsziliyinin ən etirbalı təminatçısı da məhz bu iki ölkə ola bilər və başqası yoxdur”.
Bəli, bizim Rusiya Federasiyasının Prezidenti ilə ünsiyyətimiz çox gərgin olub. Amma intensiv əlaqəmiz davam etməkdədir.
Bu fikri Ermənistan baş naziri Nikol Paşinyan “CNN primanews”ə müsahibəsində Putinlə şəxsi münasibətlərinə aydınlıq gətirərkən deyib.
“Bu ay biz ən azı 2 dəfə görüşəcəyik. Və deməliyəm ki, bu, həm şəxsi, həm siyasi, həm də işgüzar təmasdır. Digər məqam ondan ibarətdir ki, bu görüşlərdə biz xüsusən ikitərəfli münasibətlərimizə və regional gündəliyimizə aid olmayan məsələləri çox müzakirə etmirik.
Mən sizə səmimi olaraq bir şeyi deyim: Ermənistanın daha geniş regionun və dünyanın bəzi hissələrinin yükünü öz çiyinlərində daşıya bilməyəcək qədər çox problemləri var. Təəssüflər olsun ki, bizim qayğılarımız kifayət qədərdir və Avropa İttifaqı, ABŞ və Rusiya ilə münasibətlərimizdə gündəmimizdəki problemləri həll etməyə çalışırıq. Gördüyünüz kimi, təəssüf ki, həmişə uğurlu olmur”, - Paşinyan qeyd edib.
Ermənistanın üzləşdiyi geosiyasi vəziyyətlə bağlı suala aydınlıq gətirən Paşinyan deyib ki, əslində, onlar çətin coğrafi vəziyyətdədirlər.
“Yəni bizim mürəkkəbliyimiz geosiyasətdən deyil, coğrafiyadandır, çünki dünyanın siyasəti necə dəyişsə də, coğrafiyamız dəyişməyəcək. Və buna görə də biz xalqımıza aşağıdakı siyasi baxışı təklif edirik: xarici siyasətimizin əsas məqsədi ilk növbədə yaxın qonşularımızla normal münasibətlər olmalıdır. Bunu dinləmək nə qədər çətin olsa da, tarix özü ilə çox mürəkkəblik, çoxlu mənfi yüklər gətirib”, - Paşinyan bildirib.
O əlavə edib ki, hakimiyyətə gəlməmişdən öncə üzləşdikləri durumun mahiyyətcə geosiyasi tələ olduğunu və dalana dirəndiyini düşünə bilməzdi: “Təbii ki, bu haqda çox düşünürəm və təbii ki, özümə suallar verirəm və birbaşa deməliyəm ki, hələ də bütün suallara özüm üçün cavab tapmamışam. İnsan təbiətcə nikbin olmalıdır. Baş nazir postunu tutandan sonra nə qədər çox şey öyrəndimsə, nikbinlik bir o qədər azaldı”.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.
İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.
Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk.
Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".
Kişinyovda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmayıb. Mişelin bəyanatından aydın olur ki, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb.
Gündəliyin dəyişməməsi müsbət məqamdır, Fransanın olduğu masada hansısa yeniliyin olmaması da belə məqamlardan hesab oluna bilər. Hərçənd, növbəti beştərəfli görüşlə bağlı razılıq Bakı-İrəvan münasibətlərinin qurulması prosesində oyunçuların sayının çoxalması deməkdir və formatın böyüməsi maraqların da çoxalması ilə nəticələnəcək. İrəvan bunu prosesdən yayınmaq üçün manevr imkanı olaraq görür, lakin Bakı gündəliyin dəyişməsinə imkan verməsə, bunun üz tutduğu bütün masalarda qarşısına eyni məsələlərin çıxması baxımından Ermənistan üçün əks-effekti də ola bilər.
Nəticəsiz görüşlər həm sərhəddə, həm Qarabağda gərginlik vəd edir. İstisna deyil ki, Qarabağ məsələsini danışıqlar masasından kənarda saxlayan Azərbaycan müzakirələrə paralel olaraq, suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar atacaq.
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitinə gəlib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentini Moldova Prezidenti Mariya Sandu qarşılayıb.
Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel iştirak edir.
Qeyd edək ki, tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir.
Türkiyənin 13-cü prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk olaraq hansı xarici ölkəyə səfər edəcəyi bəlli olub.
Ölkə.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, artıq səfərə hazırlıq işləri gedir və ən yaxın tarixlərdə Türkiyə liderinin Azərbaycana səfəri reallaşacaq.
Bildirilib ki, cümə gün Ərdoğanın prezident kimi fəaliyyətə başlaması ilə əlaqədar andiçmə mərasimi keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin də andiçmə mərasimində iştirakı nəzərdə tutulub.
“Ərdoğan Türkiyənin 13-cü prezidenti kimi fəaliyyətə başladıqdan bir neçə gün sonra ilk xarici səfərini Azərbaycana edəcək. İş qrafikindən asılı olaraq gələn həftə Ərdoğanın Azərbaycana səfəri baş tuta bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev istər seçkiöncəsi Türkiyəyə səfəri zamanı, istərsə də seçkidən sonra qələbə münasibəti ilə Rəcəb Tayyib Ərdoğanı telefon danışığında təbrik edərkən Azərbaycan səfərə dəvət edib”, - mənbə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidəki separatçılar ilə bağlı verdiyi bəyanatın ABŞ tərəfindən müsbət qiymətləndirilməsi, erməniləri ciddi şəkildə məyus edib.
“ABŞ-nin bu bəyanatını belə şərh etmək olar: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı prezidentdən söhbət gedə bilər”.
Bunu erməni politoloq Edqar Elbakyan deyib.
Ekspertin fikrincə, bu, yalnız başlanğıcdır.
“Bunun ardınca Ermənistandan maliyyələşmənin dayandırılması, pasport məsələsi, dərslik məsələsi və sair. Proses geri dönməz xarakteri daşıyır. Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı andan onların heç bir rıçaqları qalmayıb”, - Elbakyan qeyd edib.
Elbakyan bunu Ermənistan hakimiyyətinin yürütdüyü klassik təslimçilik siyasəti adlandırıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.
Dövlət başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.
“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - Prezident bildirib.
Dövlət Departalemtinin sözçüsü Metyu Miller bununla bağlı olaraq deyib ki, ABŞ Prezident İlham Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışını dəstəkləyir.
O, Azərbaycan və Emənistan liderlərinin Kioşinyovda gözlənilən danışıqlarının konstruktiv olacağını gözlədiklərini bəyan edib. Əlavə edib ki, Prezident İlham Əliyevin amnistisiya ilə bağlı son bəyanatlarını alqışlayırlar.
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.
Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması və aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi və hava şəraitində bölmələrin və atəşin idarə edilməsi, eləcə də digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.
Təlim metodiki toplanışın gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.
Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.
Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.
Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.
Nazir, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.
Sonda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.