Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!

Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!

"Qrin kart" lotereyasının qalibləri sabah (4 may) elan ediləcək. Diqqət çəkən məqam bu lotereyanı qazanmaq üçün "Greencard Azerbaijan" şirkəti vasitəsilə qeydiyyatdan keçənlərin problem yaşamasıdır. Həmin şəxslər sözügedən şirkətlə əlaqə saxlaya bilmədiklərini deyirlər. Belə ki, "Greencard Azerbaijan" şirkətinin rəhbəri Rüfət Piriyev artıq 4 aydır həbsdədir.

Rəsm açıqlamada qeyd edilir ki, Rüfət Piriyev xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Maraqlıdır, "Greencard Azerbaijan"a pul ödəyən şəxsləri nə gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, həmin şəxslərin qrin kart almaq üçün kiməsə pul (rüşvət) verməsi məlumatı ABŞ mənbələrinə ötürülübsə, artıq onların qalib olma şansı yoxdur.

İqtisadçı deyib ki, o şəxslərin rüşvət və korrupsiya yolu ilə daha yaxşı sənədlər hazırlatmağa çalışması haqda ABŞ orqanlarında məlumat varsa, qalib olsalar da gedə bilməyəcəklər:

"Bununla bağlı məlumat əldə etmək o qədər də çətin deyil. Çünki qlobal siyahılar ABŞ Dövlət Departamentinin portalında da ayrıca elan edilir. Adı qaliblər siyahısında olan şəxslər müraciətlərini ABŞ səfirliklərinə edə bilərlər. Adları siyahıda olan adam rahat şəkildə qrin kart alıb, ABŞ-a gedə biləcəklər. Amma dediyim kimi, əgər səfirlik Azərbaycan orqanları tərəfindən məlumatlandırılıbsa və ya Dövlət Departamentinin müvafiq orqanlarına hadisə ilə bağlı detallı məlumatlar gedibsə, onlar hətta qalib olsalar belə, adlarının siyahıdan çıxarılması mümkündür. Demirəm, dəqiq belə olacaq, lakin burada korrupsiya və rüşvət ehtimallarını üzərlərindən atmaq üçün bu qərarı verə bilərlər".

“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada vətəndaşa düşən evin başqasına verildiyi iddiasına cavab verib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Qaçqınkom”dan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb:

"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb".

Məlumatda həmçinin vurğulanıb ki, ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Sus sakini püşkatma zamanı ona düşən evin başqasına verildiyini iddia edib.

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”
“Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlham Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma olduğunu təsdiq edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, dövlət başçısı Forumda müzakirə olunacaq mövzuların da əhəmiyyətini vurğulayıb. “ Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş Forumdan sonra ötən dövr ərzində dünya heç də təhlükəsiz olmayıb. Dünyada yeni münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin sayı artır. Əlbəttə ki, Bakı Forumundan bütün bu qlobal problemlərin həlli yollarının müəyyən edilməsi məsələsinə dəyərli töhfələrin veriləcəyi gözlənilir.”

K.Qafarovun fikrincə, qlobal təhlükəsizlik məsələlərinin həllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli rol oynayıb: “Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasını şərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bu müsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkə kimi uğurlu inkişafına zəmin yaradıb. Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda başlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə, cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcud olması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi, multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt, öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyat tərzimizdir.”

Prezident İlham Əliyevin nitqində yeni müstəmləkə tendensiyalarına qarşı yer alan fikirlərin əhəmiyyətini vurğulayan K.Qafarov daha sonra deyib: “Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi. Dövlətimizin başçısı açıq mətnlə ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya qarşı qəti şəkildə etirazını bildirərək, bu vəziyyətə ən qısa zamanda son qoymağın zəruri olduğunu bildirdi. Bu məsələnin mədəniyyətlərarası dialoq üçün vacib olduğunu diqqət mərkəzinə çəkən Prezident İlham Əliyev belə bir məqamla bağlı ikili standartların tətbiq edilməsinə yol verilməyəcəyini vurğuladı.”

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xalq qəzeti"nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır:

“Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, müntəzəm marşrutların açılmasına icazə verən qurumlar dəyişib.

Dəyişikliklə, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək.

Yoxlamanın nəticələri aktla rəsmiləşdiriləcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.

İndiyə qədər müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilirdi. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilirdi.

Bakıda 500 mindən çox sənədsiz evlərin olduğu deyilir. Sənədi olmayan mənzillərə çıxarış verilməsi problemi illərdir həllini tapmır. Evinə müxtəlif səbəblərdən çıxarış ala bilməyən vətəndaşların həmin mənzilləri daha ucuz qiymətə satışa çıxardıqları haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə və əmlak alqı-satqı platformalarında Bakının və Abşeronun kənar ərazilərində tikilən bu tip evlərin ucuzlaşdığı bildirilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, çox sayda həyət evinin satışa çıxarılması mövsümlə əlaqədardır:

“Həyət evləri üçün yararlı torpaq sahələri günü-gündən tükənir. Artıq fərdi həyət evlərinin tikintisi üçün Bakıda torpaq yoxdur, bunun üçün Abşeronun kənar ərazilərinə üz tuturlar. Torpaqlar iki hissəyə bölünür, sənədi olan, yəni çıxarışlı və çıxarışsız. Çıxarışı olan torpaqlar çox bahadır, çıxarışsız torpaqlara da çıxarış almaq mümkün deyil. Çünki onların təyinatı fərqlidir. 

Yəni yaşayış məntəqələri üçün nəzərdə tutulmadığı üçün qanunvericiliyə görə orada tikinti işləri aparmaq olmaz. Amma zamanında bu tip torpaqlarda ev tikiblər. İndi həmin çıxarışsız torpaqların da qiymətərinin ilbəil artdığını görürük. Tikinti materiallarının da qiymətində artım müşahidə olunur”.

Ekspert sadəcə yay mövsümü olduğu üçün evlərin kütləvi halda satışa çıxarıldığını vurğulayıb:

“Mövsümə görə həyət evi satmaq istəyən adamlar bu satışları isti aylara saxlayırlar. İsti aylarda alıcı qüvvəsi daha çox olur. Çünki torpaq sahəsi və həyət evi almaq istəyən adamlar istirahət və ya yaşamaq üçün daha çox onu yay aylarında almağa üstünlük verirlər. 

Satışa çıxan evlərin sayı çox olanda bir tərəfdən elə görünür ki, evlərə tələbat yoxdur, başqa bir tərəfdən isə bəzi ərazilərdə tıxac baxımından yaşamaq çətinləşib. Artıq Xırdalan, Masazır digər ərazilər var ki oradan şəhər mərkəzinə gedib gəlməyə bir saatdan artıq vaxt sərf olunur. Ona görə də mərkəzdə oxuyan, işini şəhərdə quran adamlar çalışırlar ki, adıçəkilən ərazilərdəki mənzillərini satıb mərkəzə daha yaxın ərazidən alsınlar”.

Ekspert əksinə olaraq bu ərəfələrdə həyət evlərinin qiymətinin artdığını bildirib:

“Ümumi götürdükdə ucuzlaşma yoxdur. Nəzərə almaq lazımdır ki, mövsüm başladığına görə həyət evlərinə tələbat artıb. Hər il may ayından avqust ayınadək bu tip ev və torpaqların qiymətində artım müşahidə olunur”.

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə GDT Hib Hep B İPV (Heksavaksin) peyvəndi əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyay keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Proses sentyabrın 1-dək davam edəcək.

Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

heyder-eliyev-fondunun-20-illiyine-hesr-olunan-konsert-kecirilecek

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır.

Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və insəcənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib. 

Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib. 

Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcək. 

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər. 

kim-isteyir-ne-isteyir-yozsun

“Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən işğal olunmuş Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Rasim Musabəyov öz feysbuk hesabında qeyd edib.

Deputatın sözlərinə görə, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan eksklavı (Ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region - red.) ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı (Bir dövlətin ərazisinin başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunması -red.) ilə müqayisə olunsa da, İrəvanı İranla birləşdirən yol Kərkidən, Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral isə Yuxara Əskəpardan keçir: “Başkəndin yalnız rayon yollarının kəsişməsində yerləşdiyi halda kəndlərimizin strateji əhəmiyyəti danılmazdır. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir”.

R.Musabəyov qeyd edib ki, bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmirdi: “Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, cəlbedici başlıq daha vacibdir”.

Deputat saytımıza da dediyi fikirləri təsdiqləyib: “Kim istəyir, nə istəyir yozsun. Əşşi gedib yozsunlar da mənim 74 yaşım var. Mənim heç vecimə də deyil o saytlar nə yazır”.

Xəbər lenti