|
Sosial şəbəkələrdə ucuz qiymətə məktəbli formalarının satışı ilə bağlı məlumatlar yayılıb.
Bu məlumat cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Dərzinin sözlərinə görə, ucuz qiymətə satılan məktəb formaları Çin məhsuludur və keyfiyyəti nisbətən daha aşağıdır.
Ətraflı Baku TV-nin süjetində:
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yaranabiləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır. Belə ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.
Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.
8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.
Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub
ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir və bu sorğulara əsasən xidmət səviyyəsini yüksəldir.
Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.
Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.
Qeyd edək ki, ADY sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlində ümumilikdə 10 yeni sürətli sərnişin qatarının ölkəyə gətirilməsi Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə reyslərin təyin edilməsində önəmli dəstək göstərəcək.
Yaxın 10 ildə paytaxt Bakıda sökülən köhnə binaların sayı artdıqca və onların yerində yeni binalar tikildikcə ucuz kirayə mənzil tapmaq çətinləşəcək.
Bunu “açıqlamasında əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, tələbələrin kirayə mənzillə bağlı problemləri daha da ciddiləşəcək:
“Bir zamanlar Bakının bir sıra yerində ali təhsil müəssisələrinin yataqxanaları vardı. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin bir hissəsi həmin yataqxanalara sığındılar. Onların böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olundu. Həmçinin işğal altında olan torpaqlarımız azad olundu ki, orada da tikinti-bərpa işləri aparılır və məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına köçürülür”.
Ekspertin sözlərinə görə, həmin yataqxanalar artıq yaşayış üçün yararlı deyil və oraya tələbələrin yerləşdirilməsi mümkün deyil: “Lakin onların hər birinin böyük həyətyanı sahələri var. Düşünürəm ki, həmin torpaq sahələrində yeni, müasir tipli və hündür mərtəbəli tələbə yataqxanaları inşa olunarsa, tələbələrin böyük hissəsinin ev problemi həll olmuş olar. Məsələn, tələbələr 15 mərtəbəli yataqxanalara köçürülərsə, onların bir qismi bahalı kirayə mənzil problemindən yaxa qurtarar.
E. Fərzəliyev yataqxanaların bütün dünyada ödənişli olduğunu deyib: “Tələbələr minimal ödənişlə həmin yataqxanalarda kirayə qalarlarsa, bu, 4-5 il ərzində yataqxanaların tikintisinə yatırılmış sərmayənin geri dönməsinə səbəb ola bilər”.
“Hər il minlərlə tələbə bölgələrdən Bakıya üz tutur. Bu da minlərlə mənzilin sırf tələbələr tərəfindən kirayələnməsi deməkdir. Bu addım atılarsa, nəinki tələbələr, həmçinin paytaxt sakinləri və bölgələrdən paytaxta üz tutan vətəndaşlar kirayə mənzil tapmaqda çətinlik çəkməzlər. Problem həllini taparsa, kirayə mənzil bazarında da qiymətlərdə enmələr olar”, - deyə ekspert əlavə edib.
Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına nəhayət son qoyuldu. O, sentyabrın 1-də ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışır. Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.
Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-sədri idi. 27 il AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
AZAL-ın təyyarələri ilə uçan sərnişinlər daim bu şirkətin təyyarələrində biletlərin baha satılmasından şikayətlənib. //Modern.az
Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır:
“Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur. Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.
Yol-xeber.az" xəbər verir ki, Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.
Belə ki, yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
İntensiv yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, sözügedən yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN…
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanda sentyabrın 1-dən bir sıra dəyişikliklər qüvvəyə minib.
Həmin dəyişiklikləri təqdim edirik:
Bu gündən etibarən müharibə veteranları dövlət büdcəsi hesabına təhsil alacaqlar.
Rusiyanın bəzi heyvandarlıq müəssisələri bu gündən Azərbaycana məhsul ixrac edə bilməyəcək.
Elm və Təhsil Nazirliyi uşaq bağçaları üçün növbənin formalaşmasını sentyabrın 1-də başa çatdıracaq.
Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti bu gün bitir.
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.
"İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
"Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər".
Millət vəkili bildirib ki, prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
"Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək", - deyə V. Bayramov əlavə edib.