Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb.

Məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir:

"Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”.

Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Nə ailə üzvləri bir-birinin avtomobilini etibarnamə olmadan idarə edə bilir, nə də dostlar bir-birinə bu sənədsiz maşını verə bilir. Beynəlxalq təcrübədə belə bir sənəd olmasa da ölkəmizdə mövcuddur.

Yeni veriləcək qərardan sonra Azərbaycanda da bu tələb götürülə bilər. Avtomobil sahiblərinin yaxınlarına maşınlarını həvalə edərkən tələb olunan etibarnamələr ləğv oluna bilər.

Artıq bununla bağlı Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul edib.

Ətraflı ATV-nin videomaterialında izləyə bilərsiniz:

Paytaxtın Binəqədi rayonunda yerləşən köşklərdən birində energetik içkilərin və suların günəş şüaları altında saxlanması narazılıq doğurub.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

"Azadlıq prospekti" metro stansiyasının çıxışında yüzlərlə su butulkasının nə üçün sərin yerdə və ya anbarda yox, məhz küçədə saxlanılması sual edilib.

Digər bir məsələ isə küçəyə yığılmış butulkaların insanların gəliş-gediş yolunu daraltmasıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Ölkə.Az-ın sorğusuna cavab olaraq müvafiq tədbirlər görüldüyünü deyib:

“Hazırda bu halın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür”, - deyə o əlavə edib.

Qeyd edək ki, ekspertlər sərin suların uzun müddət isti havada günəş şüaları altında saxlanılmasının insan sağlamlığına zərərli olması barədə xəbərdarlıq edir.

Bakıda "Kubinka" adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.

Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.

Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var.

"Kubinka"da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq.

Bundan başqa, əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 vəzifəli şəxsi sərəncama götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov,  Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik  Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev  və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb. 

Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.

Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.

 

 

 

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradacaq.
Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Məlumdur ki, Azərbaycanda moped sürücülərinin əksəriyyəti kuryer kimi fəaliyyət göstərir. Bəs yeni dəyişiklik kuryer bazarına necə təsir edəcək?

İqtisadçı ekspert Xalid Kərimli yeni dəyişikliklərin kuryer bazaraına təsirlərini şərh edib. O bildirib ki, yenilik moped sürücülərinin sayında azalma yaradacaq: “Kuryerlər çatdırılma zamanı əsasən mopedlərdən istifadə edirlər. Velosipedlərdən və digər iriqabaritli nəqliyyat vasitələrindən isə demək olar ki, çox az istifadə olunur. Bu baxımdan çatdırılma xidmətlərində əsas yük moped və motosikletlərin üzərinə düşür.

Yenilik moped sürücülərinin sayında azalma yaradacaq, lakin bu, qısamüddətli dönəmi əhatə edəcək. Moped istifadəsi rahat olduğundan bura kuryer kimi sürücü cəlb etmək asan olurdu. Artıq məhdudiyyətlərin tətbiq olunması bazara təsir edə və müəyyən qədər kuryer çatışmazlığı yarada bilər. Lakin zənnimcə, bu, qısamüddətli xarakter daşıyacaq və moped sürücüləri lazımi tələblərə cavab verərək bazara geri qayıdacaq”.

Ekspert qanuna edilən dəyişikliyin çatdırılma qiymətlərinə təsirindən də danışıb: “Qiymətlərə təsir rəqabətin səviyyəsindən asılıdır. İaşə sektorunda intensiv rəqabət olduğundan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik ciddi problem yaratmayacaq. Ərzaq qiymətlərində artımlar qeydə alındığından sahibkarlar çatdırılma qiymətlərini artırmaqda maraqlı deyil. Çünki rəqabət intensiv olduğundan sahibkarlar bu problemi özləri həll etməyə çalışır. Ümumilikdə, qanuna dəyişikliklərin bazara təsiri olsa da, qısamüddətli xarakter daşıyacaq”.

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.

"Report" xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.

Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.

"Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq", - deyə A.Rzayev əlavə edib.

"Parklanmaların ödənişləri yalnız nağdsız formada olacaq".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Anar Rzayev qeyd edib ki, qısamüddətli parklanmaya ehtiyacı olan vətəndaşlar mərkəz və maraq dairəsi olan ərazilərdə yer tapa bilmirlər: "Yeni "AzParking" mobil tətbiqi istifadəyə verildikdən sonra daha çox əhali qısamüddətli parklanmadan istifadə edə biləcək. Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında bölgü ədalətli nisbətdə olacaq. Əlbəttə, bütün proseslərin tam icrası üçün müəyyən zamana ehtiyac var".

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında danışıb.

O, bildirib ki, bunun üçün qanunvericilik bazası təkmilləşdirilir və aidiyyatı qurumlarla razılaşdırılma prosesi aparılır:

"Özəl pensiya fondlarına investisiyalar uzunmüddətli investisiyalar hesab olunur. Bu zaman həmin pensiya fondlarının dayanıqlılığına nəzarət olunması, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində onlara geri qaytarılması normativ bazada tənzimlənməlidir. Bu istiqamətdə biz qanunvericilik aktlarının təkmilləşdirilməsi və aidiyyatı qurumlarla razılaşdırılma prosesini aparırıq". 

Xəbər lenti