Kamaləddin Qafarov: “Azərbaycan COP29-u  Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”
“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəm kəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. . Cənab Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər zaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilata inteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək.”

K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbir iştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyada regionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək.”

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə həsr olunmuş tədbir həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir. Bu tədbir keçmiş SSRİ-nin, planetin quru ərazisinin altıda bir hissəsini əhatə edən super dövlətin o dövrdəki subyektlərinin hər birinin, yəni 15 respublikanın yaxın keçmişində baş vermiş önəmli hadisələrinin reabilitasiyasıdır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, BAM ötən əsrdə həyata keçirilmiş ən nəhəng logistik layihələrdən biridir. “Bu layihənin gerçəkləşməsində ilkin mərhələlərdə Azərbaycan SSR-in rəhbəri, 1982-ci ildən sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq Heydər Əliyevin müstəsna xidmətləri olub. Cənab Prezident İlham Əliyevin bu dövlət tədbirinə Rusiya Prezidentinin dəvətilə qatılması da Ümummilli Liderimizin bütün keçmiş SSRİ və əlbəttə ki, ilk növbədə, Rusiya xalqları qarşısında tarixi xidmətlərinin etirafıdır.”

Deputat öz fikirlərini davam etdirərək, Azərbaycan və Rusiya Prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüş zamanı etdikləri çıxışlarda bir çox vacib məqamlara dair önəmli açıqlamaların yer aldığını qeyd edib. K.Qafarov xüsusi olaraq vurğulayıb ki, dövlət başçılarının keçirdikləri istər geniş tərkibli, istərsə də təkbətək görüşlərin hər iki ölkə arasında, Azərbaycan və rus xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus özəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünkü səviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahid dövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları ilə şərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərin gələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralında Kremldə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə əsas siyasi sənəd olaraq ölkələrimiz arasında əməkdaşlığın əsas genişlənmə istiqamətlərini də müəyyən edir. İki dövlət arasında bu gün mövcud olan gündəlik kifayət qədər geniş olmaqla, özündə regional təhlükəsizlik və qlobal strateji əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat komponentlərini də ehtiva edir. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan və Rusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə, əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusilə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regional aktorlar da bununla hesablaşmalıdırlar. Eyni zamanda, Avrasiya məkanında gedən geosiyasi proseslərin əsas istiqamətini müəyyən edən amillər arasında ölkələrimiz arasındakı əməkdaşlığı, qarşılıqlı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Məhz bu amillərdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və bütün məsələlərin nizamlanması dövlətlərarası münasibətlərin prioritet istiqamətləridir. Nəzərə almaq lazımdır ki, ökələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar bu münasibətlərin inkişafında həlledici rol oynayır. Hazırda bütün bu amillər və tarixi şəraitin mövcud komponentləri çərçivəsində Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.”

 

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir.

Məlumatda deyilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkün olacaq.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

"Yol-xeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 28-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

Sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar.

Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevriliblər. Hər iki halla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, BDYPİ tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

 

 

“Lakin təəssüflə bildirirəm ki, yol-nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də sürücülərin diqqəti yayındıran hərəkətlərdən istifadə etmələridir. Bunlardan biri də mobil telefondur. Bəzi sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edirlər. Bu da sonda arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.

Qeyd edilən videoda avtobus sürücüsü tərəfimizdən aşkarlanıb, barəsində qanunamüvafiq tədbir görülüb. İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən, sürücüyə 50 manat dəyərində protokol tərtib edilib. Sürücülər nəzərə almalıdırlar ki, özləri ilə yanaşı, sərnişinlərin də həyat və sağlamlığını təhlükə altına atır. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər isə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

Digər yayılan videoda isə sərnişindaşıma qaydaları pozulub. Avtobus sürücüsü də buna ciddi şəkildə nəzarət etməyib. Hazırda həmin videodakı avtobus araşdırılır”.

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir:

"2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30% artaraq 7,6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir, ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir".

Millət vəkili bildirib ki, bütövlükdə, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir: "Azərbaycanın qeyri-neft ixracatının 25%-i məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır".

V. Bayramov qeyd edir ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər: "Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də, geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır".

Əmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır.

Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə çatmadıqda onun sosial ödənişlərinin taleyi necə olur?

Hüquqşünas Toğrul Şimiyev bu kimi suallarla bağlı “Ölkə.Az”ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi şərtlərindən biri də müəyyən edilmiş minimum pensiya kapitalına çatmaqdır:

“Şəxs əgər pensiya yaşına çatıbsa və 25 illik minimum əmək stajı yoxdursa, bu zaman ona pensiya təyin edilməsi üçün kapitala ehtiyacı var. Şəxs minimum pensiya kapitalını əldə edə bilmədikdə ona pensiya təyin edilmir. Bu zaman o, qalıq hissəni öz vəsaiti hesabına ödəyərək pensiya ala bilər.

Şəxsin müəyyən qədər pensiya kapitalı varsa, lakin o, pensiya yaşına çatmayıbsa, pensiya kapitalından istifadə edə bilməz. Sadəcə, şəxs vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər. Lakin bunun üçün də müəyyən şərtlər var. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ala bilmək üçün lazım olan pensiya kapitalının minimum həddi fərqli qaydada hesablanır”.

Ekspert deyir ki, xarici təcrübədə bəzi ölkələrdə şəxs öz pensiya kapitalının müəyyən bir qismini götürüb istifadə edə bilər. Lakin təəssüf ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmayıb.

Belə bir halın Azərbaycanda tətbiq edilib-edilməyəcəyinə gəlincə isə T.Şimiyev bildirib ki, hazırda bu, mümkün deyil:

“Bildiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsdir və o öz-özünü maliyyələşdirir. DSMF-nin büdcəsi isə əsasən şəxslərin sosial sığorta ödəmələrindən formalaşır. Hazırda DSMF özünü tam şəkildə maliyyələşdirə bilmir və dövlət büdcəsindən müəyyən yardımlar alır. Lakin hər il DSMF-nin özünü maliyyələşdirmə faizi artır və müəyyən vaxtdan sonra o, tam olaraq özünü maliyyələşdirə biləcək. Hesab edirəm ki, yalnız bundan sonra həmin məbləğin bir hissəsinin şəxsə müəyyən şərtlər altında geri qaytarılması məsələsinə baxılacaq”.

Ekspertin sözlərinə görə, müəyyən bir borc və digər səbəblərdən pula ehtiyacı olan şəxsin pensiya kapitalının bir hissəsinin ona geri qaytarılması mümkün deyil:

“Şəxs heç bir halda öz pensiya kapitalından təyinatdan kənar istifadə edə bilməz. Hətta vətəndaşlıqdan çıxma və digər hallarda belə həmin məbləğ şəxsə geri qaytarılmır. Hesab edirəm ki, bu barədə təbii ki, yeniliyə ehtiyac var. Yuxarıda da qeyd edildiyi kimi, bəzi Qərbi Avropa ölkələrində pensiya kapitalına şəxsin mülkiyyəti prinsipi ilə yanaşılır. Mülkiyyət isə bildiyimiz kimi, şəxsə məxsusdur və şəxs onun üzərində istədiyi kimi sərəncam verə bilər”.

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

"Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir", - məlumatda qeyd olunub.

Xəbər lenti